"YADA
DÜŞDÜ"
Bəri başdan etiraf edim ki, son illərdə hər yeni nömrəsini səbirsizlik və maraqla gözlədiyim ədəbi-bədii dərgilər arasında "Yada düşdü"nün xüsusi yeri var. Bu da səbəbsiz deyil. Lap birinci səbəbdən başlasam, onda deməliyəm ki, bu ədəbi-bədii jurnal mənim nostalji duyğularımı kökdən düşməyə qoymur. Əksinə, bu jurnalla baş-başa qalanda özümün nə qədər uzaq bir keçmişdən bu günə gəldiyimi sanki bütün çılpaqlığım ilə hiss edirəm və öz-özümə heyrət və bir az da vahimə içərisində pıçıldayıram:
- İlahi, zarafat-zarafat, yarım əsirdən arıtq bir yol keçib gəlmişəm və bu yolda kimləri, nələri görmüşəm...
Bəli, doğrudan da insan ömrünün müəyyən məqamlarında nostalji duyğularla üz-üzə qalmağa daha çox meyl göstərir. Bax, dediyim bu birinci səbəblə yanaşı, jurnalda tanıdığım, şəxsən təmasda olduğum insalar barəsində oxuduğum fikirlər də məni özünə çəkir. Üstəlik, bu yazıların müəllifləri tanıdığım söz adamları olduğundan onları da izləmək mənə bir rahatlıq bəxş edir.
Bax, bütün bunlarla yanaşı, jurnala olan marağımın bir səbəbi də onun yaradıcı kollektivi, çox hörmətli baş redatkoru Nahid Hacızadə, onun müavini dəyərli dostum şair Zülfüqar Şahsevənli və bir də ki, bu jurnalın təsisçisi, obrazlı desəm onun nəfəsi, onun yükünü çəkəni, onu yaşadan şairə bacım Nəzakət Məmmədovadır. Belə bir yaradıcı mühitdə dünyaya gəlib, yəni doğulub oxucu auditoriyasına alnıaçıq daxil olmaq jurnalın, zənnimcə ən böyük uğuru, ən böyük qazancıdır.
Bu günlərdə növbəti nəşri işıq üzü görmüş "Yada düşdü"nün ilk səhifələri millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Heydər Əliyev" sənədli romanından bir hissə ilə üzümüzə açılır. Ulu Öndərin 90 illiyi ilə əlaqədar olaraq romandan bir parçanı oxucularına çatdıran "Yada düşdü" öz üslubuna sadiq qalaraq Ulu Öndərin həyatının müxtəlif məqamlarını özündə əks etdirən fotoşəkillərlə də oxucuları tanış edir.
Jurnalın bu sayında 100 yaşı tamam olan, incə ruhlu şairə Nigar Rəfibəyli barəsində də yaddaşlara hopa biləcək yığcam bir xatırlama və Nigar xanımın xalq şairi, ömür-gün yoldaşı Rəsul Rza ilə birlikdə fotosu da təqdim olunub. nostalji ardıcıllıqla oxucunu özünə çəkən "Yada düşdü"nün bizə xatırlatdığı dəyərli yazıçımız Mir Cəlal haqqında düşüncələrin müəllifi şair İlyas Tapdıqdı. Bu düşüncələri oxuduqca istər-istəməz böyük ədibin nə qədər sadə, səmimi, uzaqgörən bir insan olduğunu bir daha dərk etmək mümkün olur.
"Ədalət" qəzetinin dəyərli yazarlarından biri olan Əlövsət Bəşirlinin 75 illiyi ilə bağlı jurnalın təbriki, həmçinin onun "Uzaqda qaralan dağlar" hekayəsi oxucular üçün maraq kəsb edə biləcək bir təqdimatdır. Zənnimcə, həmin yazını Əlövsət müəllimin oxucuları böyük məmnuniyyətlə tapıb gözdən keçirəcəklər.
Jurnalın bu sayında Şəfəq Nasirin Manaf Süleymanov haqqında yazısı da mənim xüsusi diqqətimi çəkən məqalələrdən oldu. Bu səbəbsiz deyil. Mən bir oxucu kimi, Manaf Süleymanovun yaradıcılığına həmişə diqqətlə yanaşmışam, onu oxumağa, ondan öyrənməyə çalışmışam. Elə Şəfəq xanımın bu yazısı da mənə Manaf Süleymanovu bir az da yaxından tanıyıb öyrənmək imkanı verdi.
Jurnalın bu sayında poeziya həvəskarları da həmişəki kimi öz ərməğanlarını alıblar. Öncə Gəncədə yaşayıb-yaradan İnqilab İsaqın 60 illiyi ilə bağlı təbrik, sonra isə onun şeirlərindən olan nümunələr, Ağacəfərin poetik pıçıltıları, həmçinin Sona Vəliyevanın şeir çələngi maraqla oxunur. Sona xanımın "Qərib payız" şeirindəki notlar mənim üçün həmin o nostalji hissləri bir az da qabartdı:
Bu necə payızdı, bu necə Allah,
Budaqda saralan
min ümid ölür.
Yarpaq qırığına azğın
küləklər,
Bilmirsən ağlayır, bilmirsən
gülür.
Jurnaldan poeziya ərməğanı
içərisində Nəzakət
xanımın şeirlərinin
də öz yeri var. Təqdimatdan bəlli olur ki, həmin şeirlər müəllifin
çapa hazırlanan
kitabındandır. Nəzakət xanımın jurnalda oxucuya təqdim olunan ilk şeiri Azərbaycan ordusunun zabiti olan oğlu
Ramilə həsr olunub. Şeirdə deyilir:
Beşiyini atmışam,
gözüm tək qorumuşam,
Yuxusuz gecələri
gündüzlərə qatmışam.
Şirin-şəkər balama
həzin layla çalmışam,
Beşiyimə, laylama,
övladıma bağlıyam,
Mən zabit anasıyam!
Ümumiyyətlə, jurnalın bu sayında kifayət qədər oxunaqlı materiallar oxuculara təqdim olunur. Onların arasında
Salatın Əhmədin,
Teymur Əhmədoğlunun,
Qədir Tərtərlinin,
Tofiq Abdullayevin yazılarını xatırlatmaq
yerinə düşər.
Jurnalda uşaqlar üçün
ayrılmış səhifələr
və yeni nəşrləri oxuculara
çatdıran təqdimatlar
da mükəmməl hazırlanıb. Düşünürəm ki, "Yada düşdü"nün bu
sayı tezliklə oxucuların qapısın
döyəcək, onların
yaddaşını təzələyəcək
və necə deyərlər, hər şey yada düşəcək.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2013.- 11 iyul.- S. 4.