Şumerlərin məskəni Oğuz

 

Bu yerlər ən qədim yaşayış məskənidir. Çünki ibtidai insanın yaşamasından ötrü 4 əsas təbii şərtin hamısı mövcuddur: Şirin su, giləmeyvə, ov heyvanları, təbii mağara - meşələr.

Meyvə, qoz, fındıq, şabalıd, eləcə də şirin su bulaqları, mineral sular cənnəti xatırladır. Çox koloritli və turizm cənnəti sayılan şimal-şərq bölgəsinin bir az kölgədə qalmış guşəsi olması sanki ona qarşı edilmiş haqsızlıqdır. Gəlin bu ölkənin kölgədə qalmış cənnət guşəsi ilə yaxından tanış olaq...

Oğuz rayonu Bakıdan 360 km-lik məsafədə yerləşir. Yevlax dəmiryolu stansiyasından 80 km, Şəki dəmiryolu stansiyasından uzaqlığı 48 km-dir. 1930-cu ildə rayon statusu verilib. Ümumi sahəsi 1216 kv.km-dir ki, bunun 36%-i meşələrdir. Şimaldan Dağıstan MR ilə, üç tərəfdən Qəbələ, Şəki və Ağdaş rayonları ilə həmsərhəddir. Böyük Qafqazın cənub yamacının şərq hissəsində yerləşir. Qafqaz dağları ərazini soyuq hava kütlələrinin təsirindən qoruyaraq kəskin soyumaların qarşısını alır. Ən yüksək zirvəsi Məlkəmud (3879 m) dağıdır. Üç iqlim növü müşahidə edilir: mülayim isti, yarımquru subtropik, soyuq. Zamanında əsas təsərrüfat sahəsi tütünçülük hesab edilsə də indi əhali maldarlıq və əkinçiliklə məşğul olur. Rayonun 35 kəndində türklər, ləzgilər, udilər, yəhudilər, Ahıska türkləri və ruslar yaşayır.

 

Oğuz toponimi və tarixi

 

Oğuz türk boylarının ümumi adıdır. 24 boy var. Oğuz ox kəlməsinin cəm halıdır. Oxlar mənasına gəlir. Ox əski türklərdə qəbilə, boy mənasında işlənirdi. Yay ilə atılan ox bağlılıq, qüvvə rəmzi olaraq qəbul edilirdi. Oğuz sağlam, möhkəm, güclü mənalarını daşıyır. Bu ada ilk dəfə Yenisey abidələrində (Rusiya Federasiyası, Tıva MR ərazisi) rast gəlinir. Rayonda "Avesta" ilə səsləşən kənd, dağ, dərə, bulaq adları bu ərazinin Zərdüşt vətəninin bir hissəsi olduğunu təsdiqləyir.

Rayonun Filfilli və Baş Daşağıl kəndlərinin şimalında yaşı bilinməyən, tədqiq olunmamış müasir qəbirlərdən öz uzunluğu ilə fərqlənən, "Kitabi-Dədə Qorqud" dastanındakı boylarda səsləşən oğuz qəbirləri bu günə qədər qalıb. A.Bakıxanov "Gülüstani-İrəm" adlı tarixi əsərində Xaçmaz mahalının və rayonun Tərkəş kəndinin adı çəkilir. Ziya Bünyadov "Azərbaycan VII-IX əsrlərdə" əsərində ərəb müəllifi Bəlazuriyə istinadən bu ərazilərdəki Filanşahlıqdan bəhs edir. Etnik əlamətlərə əsasən ərəb işğalları ərəfəsində Qafqaz Albaniyasının şimal əyalətlərindən biri olan Filanşahlığın ərazisinin bugünkü Filfilli kəndinin və onun yaxın-uzaq ətrafındakı kəndlərdən ibarət olduğunu qeyd edir.

Rayonda 39 arxeoloji və memarlıq abidəsi mövcuddur. Onlar haqqında ətraflı məlumat toplamaq üçün tarix-diyarşünaslıq muzeyinə getmək məsləhətdir. 1981-ci ildə yaradılan muzey XVIII əsrin birinci yarısına aid Alban ibadətgahında yerləşir. Oğuzda 7 alban məbədi mövcuddur. Bunlardan 3-ü rayon mərkəzində, digərləri Qarabulaq və Calud kəndlərindədir. Mərkəzdəki ibadətgah 1700-1750-ci illərdə inşa edilib. 1981-ci ildə tam bərpa edildikdən sonra muzeyin istifadəsinə verilib. Digəri rayon mərkəzi xəstəxanasının həyətində, üçüncüsü isə Xal-xal yolunun üstündəki təpədə yerləşir. Oğuzdakı Alban ibadətgahları hələ də tam tədqiq edilməyib.

 

Yəhudi məhəlləsi

 

Tarixən bu coğrafi məkanda yəhudilər də yaşayıb. Hal-hazırda da, yəhudilər yerli əhali ilə qaynayıb-qarışıb və yaşayırlar. Yerlilər yəhudilərin yaşadığı yerə "Cuğutlar məhəlləsi" deyirlər. Şəhərin cənub- qərbindəki yəhudi məhəlləsində 2 sinaqoq fəaliyyət göstərir. Onlardan biri tarixi əsər statusu daşıyır. 1849 -cu ildə inşa edilən bu sinaqoq iki mərtəbəlidir.

Digəri nisbətən yenidir. Oğuz tatdilli dağ yəhudilərinin keçmiş nəsilləri Şəki xanlığının ərazisinə XVII əsrin II yarısında gəliblər. Zalam, Mücü kəndləri və rayonun "Yuxarıbaş" məhəlləsində yaşayırlar. Azərbaycanda dağ yəhudiləri arasında Oğuzda yaşayanlar özlərini "şəkiyi", Şamaxıda yaşayanları "şirvoni", Qubada yaşayanları "ğubeyi" adlandırır.

 

Oğuzun Şumerlərə bağlılığı

 

M.F.Axundovun "Hekayəti - Molla İbrahimxəlil kimyagər" əsərindəki hadisələr Xaçmaz dağında baş verir. Pyesdə bəhs edilən məkanın dəqiq adı Balaşumdur. Xaçmaz kəndindən 3-4 km içəridə dağın ətəyində, meşənin içində Balaşum qədim yaşayış yeri var. M.F.Axundovun əsərin süjet xəttini təşkil edən gümüş və misin qızıla çevrildiyi yer də məhz buradır.

Balaşum yaşayış məskəni Xaçmaz kəndinin 5 km şimal-şərqində, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Hər bir kəndin qışlağı, yaylağı olub.

Balaşum da qışlaq yeri sayılır və qədim şumerlərlə bağlıdır. "Bir az balaca, kiçik, odlu, yer, yurd-kənd" anlamındadır.

Bu yaşayış yerinin adından göründüyü kimi, Oğuz ərazisinin şumerlərlə də tarixi bağlılığı vardır.

 

Fiy aşırımı və Surxay qalası

 

Fiy aşırımı tarixi aşırım hesab olub. Dağıstanda yerləşən Fiy kəndinin adından götürülüb. Filfilli kəndinin şimalında, Dağıstan ilə sərhəddə yerləşir. Fiy aşırımı və bu aşırımdan keçən yollar orta əsrlərdə hərbi cəhətdən daha əlverişli olub. Hündürlüyü 3100 metrdən çoxdur. Son illərə qədər rayon əhalisi Fiy aşırımı ilə Dağıstanla əlaqə saxlayıb. Oğuzdakı digər aşırımlara nəzərən daha geniş, əlverişli və işlək olub. Hazırda burada dövlət sərhəd məntəqələri yerləşir. Aşırım və ona gedən yol turizm məqsədi ilə istifadə olunur.

Surxayxan qalası (XVIII əsr) Filfillidən piyada təxminən 40 dəqiqəlik məsafədədir. Qazıqumuqlu Surxay xan tərəfindən tikildiyi bildirilən bu qala rayon mərkəzindən 55 km şimal - şərqdə, Filfillinin şimalında, Xaçmaz keçidində, Qalaçayın sağ sahilindədir. Talanın ortasında, yaşıllıqların arasında itib. Qalanın üstünü kol - kos basıb. Qalanın ətrafında mövcud olan yaşayış evlərinin qalıqları Surxayxan qalasının son orta əsrlərə aid qala-şəhər olduğunu bildirsə də abidə tədqiq edilməyib. Nadir şah Əfşarın Qazıqumuqlu Surxay xanla döyüşü məhz bu ərazilərdə baş verib.

 

Muxas kəndi, Uğan mağarası

 

Muxas sözü "maz", "mazis" sözündən götürülüb. Böyük, azman, dəstə və s. mənalar daşıyır. Mərkəzdən qərbdə, Daşağılçayın sol sahilində, Oğuz-Şəki şose yolundan 3 km sağda, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Dəniz səviyyəsindən 754 metr yüksəklikdə yerləşir. XIX əsr aid məscid kənd mərkəzindədir. Digər tarixi abidə bir qədər aralıda yerləşir.

Baş Daşağıl kəndinin girişində, Uluçayın qərb tərəfində, nəhəng qayaların altında yaranmış təbii mağaradır. Qədim türklərdə müqəddəs, ulu hesab edilən dağ-qaya toteminə sitayiş edilib. Uğan mağarası ibtidai insanların ilk sığınacaq yerlərindən sayılır. Bura ilə bağlı əfsanələr çoxdur. Toponimi iki cür izah edirlər. Uğ və ya günəşin əsas rəngidir. Günəşi təmsil edir. Ucalığı bildirir. Digər ehtimala görə isə uğultu, qulağa gələn sürəkli səs, an isə cəm şəkilçisidir. Uğan uca, müqəddəs yer, mağara mənasını daşıyır.

 

Xaçmaz kəndi

 

Rayon mərkəzindən 40 km şərqdə, Nəzərçayın sağında, Qalaçayın solunda yerləşir. Oğuzun ən çox əhalisi olan kəndidir. Adıl körpüsü (XIX əsr), Cümə məscidi (XIX əsr) Xaçmaz məscidi (XIX əsr), Daşüz - Hacı Rəşid körpüsü (XIX əsr) kimi tarixi abidələri var.

Xaşmaz toponimi müxtəlif mənalarda işlənir. Xaç tərkibli toponimlər Azərbaycanda geniş yayılıb. Xaçmaz Alban tayfa ittifaqına aid, qədim türk qəbilələrindən birinin adıdır. Bəzi tədqiqatçılar bu sözü od, atəş, Günəş anlamında yozurlar. IV -VII əsrlərdə Azərbaycanda xristianlıq geniş yayılsa da, xaçın tarixi bundan daha əvvəlki tarixlərə gedib çıxır. Atəşpərəst olan əski türklər- oğuzlar Günəşə səcdə edərkən yerdən çıxan qazın, odun önündə əlləri köksündə durarkən xaç şəkli alırdılar. Xaçmaz sözündəki "maz" hissəciyi - "maq" sözünün dəyişilmiş formasıdır. "Maq" da tayfa, qəbilə adıdır. Xaçmaz və "xaçmataqlar" od nişanlı oğuzlar kimi izah edilə edilir. Eyni zamanda bu toponimi "xaçı inkar edənlər" kimi də izah edirlər.

 

Filfilli kəndi

 

Rayon mərkəzindən ən uzaq məsafədəki bu kənd eyni zamanda Oğuzun ən yüksəkdə yerləşən son yaşayış məntəqəsidir. 1160 metr hündürlükdə yerləşir. Xaçmaz kəndinin 10 km şimalında, qədim Xaçmaz keçidində, Qalaçayın sağ sahilində, Qafqaz silsiləsinin cənub ətəyindədir. Oğuzun ən ucqar dağ kəndinin əsas sakinləri ləzgilərdir. Kəndin içərisindən çıxan Lanqır bulağının ətrafında kababxana var. Kəndə gəlib-gedən çox az olsa da kəndin olduqca qonaqpərvər camaatı var. Dağıstanla sərhəddə yerləşən kənddə civə, qızıl yataqları olduğu söylənir. Filfilli heç də ilk anlaşıldığı kimi fil məskəni deyil. Çox mübahisəli toponimdir. Ərəbcə "filfil" sözündən götürülüb, yabani istiot mənasını verir. Klassik aşıq ədəbiyyatında "fülfül" gözəlin yanağında qara istiotu andıran xala deyilir, epitet kimi işlənir. Ən son ehtimala görə isə "fil", yaxud "filfil" tayfa adıdır. Filfil tayfa adamlarının olduğu yer, məkan mənasını bildirir. "Filfilli" ərəbcədən sakit, təmkinli insanların yaşadığı yer kimi də izah edilir. Ərazidə Qalabaşı yaşayış yeri (XVII-XVIII əsrlər) və kənddən 2 km şimal-şərqdə isə qədim qəbiristanlıq-nekropol aşkar edilib. Kəndin şimalında erkən orta əsrlərə aid qədim Oğuz qəbiristanlığı var. Şimal-şərqdə, XVIII əsrə aid Surxayxan qalası var ki, bunların içərisində kəndə ən yaxın məsafədə və ən asan yerdə olanıdır.

Doğma yurd yerimiz olan Oğuz haqqında çox geniş yazmaq və geniş danışmaq olar. Bu yerlərin təbiəti, turizm imkanları haqqında çox az yazılıb. Ümid edirəm ki, bu yazıdan sonra Oğuza, qədim Zərdüşt və Şumer məskəninə maraq daha da artacaq....

 

Cəlil Cavanşir

 

Ədalət.- 2013.- 11 iyul.- S. 4.