XALQIN SAĞLAMLIĞINA VƏ GƏLƏCƏYİNƏ HESABLANAN DÖVLƏT QAYĞISI

 

(mövzu əsasında VI yazı)

 

 (əvvəli ötən sayımızda)

 

Balakəndə dünya standartı

 

Son illər rayonda bu sahəyə tanınmış həkim bacarıqlı təşkilatçı olan Hacı Ömər Nuruyev başçılıq edir. Balakən mərkəzi rayon xəstəxanasının baş həkimi H.Nuruyevlə söhbətimiz zamanı ümumi fəaliyyət fonunda bir sıra məqamlar da diqqət çəkdi.

Xüsusilə rayonda tikilib istifadəyə verilmiş geniş gözəl görünüşlü müasir xəstəxana binasındakı şərait, bu gözəl səhiyyə ocağına müraciət edən rayon əhalisinə göstərilən yüksək səviyyəli tibbi xidmət bu söhbətin leytmotivi oldu. Çox demirəm, 10 il bundan qabaq bu ucqar dağ rayonunda belə bir unikal binanı, eyni zamanda az vaxt ərzində tamam yeniləşən tibbi xidməti xəyal etmək mümkün deyildi. Baxmayaraq, Balakən rayonu hələ mövcud potensiallarla o vaxtlar da əhaliyə tibbi xidmətdə fərqlənirdi. Burada çalışan həkim tibb işçilərinin peşəkarlığı rayon sakinlərini qane edirdi. İndi tamam ayrı bir şəraitdə, ayrı bir aurada imkanlardan daha üstün şəkildə istifadə olunur.

 

Baş həkim nikbindir

 

Baş həkim məlumat verərək bildirir:

- Balakən mərkəzi rayon xəstəxanası bu struktura aid tibb müəssisələri öz işlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tələbləri səviyyəsində qurmaqla, gigiyena epidemiologiya mərkəzi ilə əlbir fəaliyyətin nəticəsi olaraq rayondakı epidemioloji şəraitə nəzarəti lazımınca həyata keçirir. Mən buradaca söhbətimi rayon mərkəzi xəstəxanası strukturunda birləşən ümumrayon səhiyyə müəssisələri haqqında davam etdirməliyəm. Balakən rayonundakı tibb müəssisələri ümumilikdə 212 çarpayı təşkil edir. Təbii ki, əsas qüvvə 187 yerlik yeni mərkəzi xəstəxanada cəmlənir. Söz düşmüşkən qeyd edim ki, bundan başqa 25 yerlik Qabaqcöl qəsəbə xəstəxanası, 14 həkim məntəqəsi 15 tibb məntəqəsi əhalinin sağlamlığına xidmət göstərir. Rayonun səhiyyə sistemində 1000 nəfər tibb işçisi fəaliyyət göstərir. Bunlardan 145 nəfəri ixtisaslı həkim kadrlarıdır. Yeni mərkəzi xəstəxanada yaradılan yüksək səviyyəli şəraitə uyğun söbələrin sayı fəaliyyət intensivliyi artmışdır. Mərkəzi xəstəxana poliklinika, qəbul, təcili yardım, uşaq, cərrahiyyə, doğum, ginekologiya, reanimasiya, burun, qulaq, boğaz xəstəlikləri, terapiya, yoluxucu xəstəliklər, şüa diaqnostika, fizoterapiya, laboratoriya aptek şöbələrindən ibarətdir. Sizin görüb tanış olduğunuz kimi, buradakı avadanlıqlar, xəstələr üçün yaradılan şərait ən müasir xidmət predmetləridir. Həkimlərimiz müasir tələbatla ayaqlaşmağa, peşəkarlıqlarını daha da yüksəltməyə çalışırlar. Bunun nəticəsidir ki, hələ keçən ilin nəticələrinə diqqət yetirsək irəliləyişin müntəzəm xarakter aldığının şahidi olarıq. Keçən il xəstəxanalarımızda 3395 nəfər müalicə olunmuş, ambulator-poliklinika müəssisələrinə 352693 nəfər müraciət etmiş, təcili tibbi yardım çağırışları isə 10759 olmaqla, 10751 nəfərə təcili tibbi yardım göstərilmişdir. İl ərzində ümumilikdə 943 cərrahi əməliyyat keçirilmişdir. Keçən il rayonda ana ölümü qeydə alınmamışdır. Yəni doğuş zamanı ya doğuşdan sonrakı müddətdə 1 körpə ölümü qeydə alınmışdır ki, bunun da səbəbi doğuşdan sonrakı ev şəraitində körpənin qəfil pisləşərək həkimə müraciətin gecikdirilməsi olmuşdur.

 

Profilaktikanın müasirliyi səhiyyənin uğur faktorudur

 

... Aparılan profilaktik tədbirlər nəticəsində uzun illərdir ki, rayonda qızılca, parotit, məxmərək, göy öskürək, qara yara, difteriya, tetenus, bruselloz, malyariya kimi xəstələnmələrə rast gəlinməyib...

Rayon rəhbərliyi məsələyə ciddi münasibətdədir

 

Öyrənirik ki, əhalinin sağlamlığının qorunması məsələsi rayon rəhbərliyinin daimi diqqət mərkəzindədir. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev tez-tez tibb müəssisələrində olur, görüş söhbətlər zamanı əhaliyə səhiyyə xidmətinin daha da yüksəltməyin vacibliyindən danışır. Bu görüşlər zamanı rayon sakinləri onlara göstərilən tibbi xidmətdən dövlət qayğısından razılıq edirlər.

Qeyd etmək lazımdır ki, təkcə keçən il rayonun səhiyyəsinə dövlət büdcəsindən 2.284.982 manat vəsait ayrılmış xərclənmişdir. Həmin vəsaitdən 231.095 manatı dərman preparatlarının alınmasına sərf olunmuşdur.

Bu ilin beş ayı ərzində qəbul olunan xəstələr 1633 nəfər olmuşdur. Həmin müddət ərzində 311 cərrahi əməliyyatlar keçirilmişdir. 2013-cü ilin beş ayı ərzində rayonun ambulator-poliklinika müəssisələrinə 115947 dəfə müraciətlər olmuşdur. İlin əvvəlindən iyun ayına kimi təcili tibbi yardım üçün çağırışların sayı 4643, tibbi yardım göstərilən xəstələrin sayı 4631 nəfər qeydə alınmışdır.

Göründüyü kimi, Balakən rayonunda əhaliyə tibbi xidmətin səviyyəsi bütün istiqamətlər üzrə inkişafdadır. Təbii ki, bəzi hallarda yüksək peşəkarlıq məsələsi xüsusi əhəmiyyət kəsb edir. Səhiyyə Nazirliyi bu məsələnin həllinə çalışır. Həkimlərin ixtisaslaşdırılması, təcrübə mübadilələri digər tədbirlər bu məqsədə xidmət edir. Əsas odur ki, kənd səhiyyəsi ildən-ilə inkişaf edərək müasirləşir, əhalinin sağlamlığı yolunda ciddi addımlar atır. Biz bu cür yüksəlişi müasirləşməni Balakən rayonunun timsalında gördük söhbət açdıq.

 

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2013.- 16 iyul.- S. 3.