Şirvan şəhəri - uğurlar ünvanı

 

Daha bir ilin yarısı arxada qaldı. Respublikanın bütün regionları kimi Şirvan şəhəri də bir sıra uğurlara imza atdı. 2013-cü ilin 1-ci yarısında Şirvan şəhərində "Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq abadlıq-quruculuq, tikinti işləri uğurla aparıldı.

Nazirlər Kabinetinin sərəncamına əsasən ayrılmış vəsait hesabına Bayramlı qəsəbəsindəki M.Ə.Sabir küçəsi 2 saylı ünvanda qəzalı vəziyyətdə olan 2 mərtəbəli, 12 mənzilli yaşayış binası sökülərək yerində elə həmin sayda mənzil tikintisinə başlanmışdır. Həmin küçədəki 6 saylı ünvanda yerləşən daha bir 2 mərtəbəli, 12 mənzilli yaşayış binasında bərpa-gücləndirmə işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlıq işlərinə başlanmışdır.

İcra Hakimiyyətinin sifarişi ilə Heydər Əliyev meydanında 12521 kvadrat metr sahəyə tamet döşənmişdir. 2 ədəd fontan isə əsaslı təmir edilmiş, 1850 metr beton səki daşları qoyulmuşdur. Naxçıvan küçəsində 2350 metr sadə, şəhərin giriş yolunda isə 396 metr mərmər səki daşları işlənmişdir. H.Əliyev prospektində bu işlərin həcmi 180 metr, "Salyan dairəsi"nə gedən yolda 437 metr, Şirvan şəhər Yanğından Mühafizə Dəstəsinə gedən yolda 594 metr olmuşdur. N.Nərimanov parkında 2408 kvadrat metr sahəyə tamet tavalar döşənmişdir. H.Əliyev prospektindəki 1 saylı binanın 174 kvadrat metr, 44 saylı binanın 485 kvadrat metr balkon məhəccəri mineral suvaqla, penoplast tavalarla üzlənmiş, 1540 metr divar səthi suvanmış, 1987 kvadrat metr divar səthi fasad boyası ilə rənglənmişdir. "Bayraq Meydanı"nda 20 ədəd müasir oturacaq qoyulmuş, ətraf ərazi yaşıllığa qərq edilmişdir. H.Əliyev prospektindəki 18, 22, 24, 26, 28 saylı binaların qarşısındakı nümunəvi məhəllələrdə abadlıq işləri aparılmışdır. Burada 2118 kvadrat metr sahəyə tamet tavalar qoyulmuş, 260 metr əraziyə beton səki daşları işlənmişdir.

 

Tikinti, abadlıq bir az da genişləndiriləcək

 

"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası istiqamətində Şirvan şəhərində də bir sıra təqdirəlayiq layihələr həyata keçirilir. Bu məqsədlə burda Gənclər evinin tikintisinə start verilmişdir. Şəhərin Naxçıvan küçəsində 3000 kvadrat metr ərazidə bu tikintiyə başlanmışdır. Tikinti müasir memarlıq üslubunda aparılmaqla yüksək sürətlə həyata keçirilir. Haqqında danışılan küçədə öz memarlıq üslubu ilə seçilən 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasının tikintisi aparılır. Artıq konstruktiv hissənin tikinti-quraşdırma işləri başa çatdırılmışdır. Şəhərin mərkəzindəki Telekommunikasiya qovşağının və Poçtamtın inzibati binalarında əsaslı təmir işlərinin son mərhələsidir. Onların dam örtüyünə metal keramit vərəqələr quraşdırılmış, fasad divarları "alkapon" üzlüklə üzlənmiş, plastik pəncərələr qoyulmuşdur. Hazırda burda əsaslı təmir işlərinin qızğın çağıdır. Leytenant İbrahimov küçəsi, 14 saylı binanın qarşısında nümunəvi məhəllənin tikintisi davam etdirilir. Şirvan Regional Referens Toksikologiya və Karantin Ekspertiza laboratoriyasının tikintisi aparılır. İsti yay günlərində buradakı işlərin sürəti azalmamışdır. Hal-hazırda H.Əliyev prospekti boyunca yaşayış binalarının fasad hissələri təmir edilir, binaların qarşısında nümunəvi məhəllələr salınır. Naxçıvan, G.Şıxbalaoğlu küçələrində abadlıq-quruculuq işləri səngimək bilmir.

 

Həll olunan mavi qaz qayğıları

 

Şirvan şəhər sakinlərinin müəyyən qisminin mavi qaza olan tələbatları da həll olunmaqdadır. Belə sakinlərin tələbatlarını ödəmək məqsədi ilə şəhər ərazisində "Azəriqaz" İstehsalat Birliyinin tikinti təşkilatı tərəfindən Şirvanın Köhnə şəhər, Bağ və Kənd evləri yaşayış massivlərində, Çılpaqlı və Bayramlı qəsəbələrində 23551 metr müxtəlif diametrli qaz kəmərləri çəkilmişdir. 46 ədəd yeni siyirtmə quraşdırılmışdır. Bayramlı qəsəbəsinin qaz təchizatı şəbəkəsinin yenidən qurulması başa çatdırılmışdır.

"Azəriqaz" İstehsalat Birliyinin vermiş olduğu mal-material və daxili imkanlar hesabına Şirvan Qaz İstismarı Sahəsi tərəfindən Bağ evlərinin Naxçıvan və M.F.Axundov küçələrində 1984 və 1756 metr yeni qaz xətti çəkilmişdir. 517 qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Daha 405 vətəndaşın mənzilinə qaz sayğacı quraşdırılmışdır. Sakinlərin qaz təminatını yaxşılaşdırmaq üçün 6 ədəd qaztəmizləyici, 12 ədəd siyirtmə quraşdırılmışdır.

 

"Cənub" Elektrik Stansiyası regionun ən böyük layihəsidir

 

Təməli 2007-ci il dekabrın 24-də Prezident İlham Əliyev tərəfindən qoyulan "Cənub" Elektrik Stansiyası regionun çox böyük bir tikintisidir. Tikinti-quraşdırma işlərini ölkədə ilk dəfə olaraq yerli "Azenco" şirkəti həyata keçirmişdir. Ərazisi 20 hektar olan elektrik stansiyasında 215 nəfər daimi işlə təmin ediləcək. Burdakı köhnə evlərin yerində 60 mənzilli 5 mərtəbəli bina, 2 mərtəbəli mehmanxana, 3 mərtəbəli qonaq evi, 14 fin evi, yeməkxana inşa edilmişdir.

Stansiyanın ərazisində böyük yaşıllaşdırma işləri həyata keçirilmişdir. Burda 30 min ağac, 60 mindən çox müxtəlif gül kolları əkilmişdir.

Gücü 780 meqavat olan stansiyada ən müasir avadanlıqlar quraşdırılmışdır. Burda hər birinin gücü 128 meqavat olan 4 qaz turbini, hər birinin gücü 135 meqavat olan 2 buxar turbini, məhsuldarlığı saatda 160 meqavolt amper olan 6 generator quraşdırılmışdır. Burdakı 4 qazan - utilizatorun məhsuldarlığı isə saatda 186 tondur. Bu nəhəng infrastruktur qurğusunun fəaliyyətə başlaması ilə ildə 780 milyon kub metr qaza, 650 min ton mazuta qənaət etmək mümkün olacaq. Elektrik stansiyasının faydalı iş əmsalı 52 faiz, 1 kilovat-saat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı isə 237 qramdır. Əvvəlki "Şirvan" Elektrik Stansiyasında isə bu göstəricilər müvafiq olaraq 26 faiz və 460 qram təşkil edirdi.

 

(ardı gələn sayımızda)

 

Səxavət Məmmədli

 

Ədalət.- 2013.- 17 iyul.- S. 3.