Şirvan şəhəri - uğurlar ünvanı

 

(əvvəli ötən sayımızda)

 

"Araz" Telemexanika zavodlarının daha bir uğuru

 

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki "Araz" zavodunda daha bir uğurlu layihəyə imza atılmışdır. Belə ki, bu zavodda döyüş sursatlarının utilizasiya mərkəzi fəaliyyətə başlamışdır. Çünki hərbi bazalarda saxlanılan istifadə olunmayan bütün növ döyüş sursatları istehsalçı tərəfindən verilən zəmanətli saxlama müddəti bitdikdən sonra yararsız vəziyyətə düşür. Bu səbəbdən onların utilizasiya edilməsi zərurəti yaranır.

Zavodda həmçinin döyüş sursatlarının doldurulması mərkəzi yaradılmışdır. Burda müxtəlif çaplı artilleriya minaları, presləşmə, şnekləşmə aviabombalar əritmə üsulu ilə doldurulacaqlar. Minalar aviabombalar partlayıcı maddələrlə doldurulduğu üçün mərkəz xüsusi təhlükəli istehsal sahələri kateqoriyasına aiddir.

Polşanın "Yakuş" şirkəti ilə birlikdə yaradılan mərkəzin ümumi sahəsi 12 hektardır. Mərkəz xüsusiyyətlərinə görə bir-birindən təhlükəsiz məsafələrdə yerləşdirilmiş 24 obyektdən ibarətdir. Burada utilizasiya prosesini həyata keçirmək üçün bütün təhlükəsizlik imkanlarından istifadə edilmişdir. Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki Telemexanika zavodunda iri çaplı patronların istehsalı mərkəzi fəaliyyətə başlamışdır. Burada il ərzində 3 növbəli şəraitində 7 milyon patron istehsalı nəzərdə tutulmuşdur. Mərkəzdə quraşdırılmış 106 dəzgahın çox hissəsi Avropa ölkələrində hazırlanmış xüsusi texnoloji avadanlıqlardır. Burda 264 nəfər ixtisaslı mütəxəssisin işlə təmin edilməsi nəzərdə tutulmuşdur.

 

İndi şirvanlıların ixtiyarındadır

 

Təməli 2010-cu ilin aprelində Prezident İlham Əliyev tərəfindən qoyulmuş Şirvan Olimpiya İdman Kompleksi indi şəhər sakinlərinin ixtiyarına verilmişdir. Burda müasir idman qurğuları ilə təchiz edilmiş trenajor, cüdo, güləş, boks zalları, sauna bilyard otağı fəaliyyət göstərəcək. İdman zalında 980 nəfər tamaşaçı yeri inşa edilmişdir. Zalda idmançılar mini-futbol, voleybol, basketbol ilə məşğul ola biləcəklər. Təqdirəlayiq haldır ki, burdan istər yerli, istərsə beynəlxalq əhəmiyyətli idman tədbirlərində istifadə etmək mümkün olacaq. 50 metr uzunluğu olan üzgüçülük hovuzu da müasir tələblərə cavab verir. Kompleksin həyətində 1020 yerlik futbol stadionu, mini-futbol, basketbol meydançası inşa edilmişdir.

 

Ən uca bayraq - bizim bayraq

 

Şirvan şəhərinin girişində salınmış Bayraq Meydanı daha möhtəşəmdir. Meydanın ümumi ərazisi 1,3 hektar, bayraq dirəyinin hündürlüyü 76 metrdir. Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himninin mətni, dövlət gerbi əks olunmuşdur. Bu tikintidə Azərbaycan memarlıq məktəbindən geniş istifadə edilmişdir. Meydanda böyük abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır. Burda 6 minə yaxın ağac, müxtəlif növ gül, bəzək kolları əkilmişdir. 5 min kvadrat metr sahədə çəmənlik salınmış, mərmər plitələr döşənmiş, müasir oturacaqlar qoyulmuş, orijinal işıqlandırma sistemi yaradılmışdır. Burada sakinlərin və müsafirlərin istirahət etmələri üçün hər cür şərait yaradılmışdır.

 

Prezident İlham Əliyevin Şirvan şəhərinə gəlməsi buradakı uğurların məntiqi nəticəsidir

 

Ölkə Prezidenti İlham Əliyevin 2013-cü il 01 iyulda Şirvan şəhərinə tarixi səfəri burdakı uğurların məntiqi nəticəsidir. Son vaxtlar Şirvan şəhərində aparılan tikinti, abadlıq-quruculuq işləri regionların sosial-iqtisadi inkişafının bir hissəsi olmaqla, həm də İlham Əliyevin qayğısının təzahürüdür.

Prezident səfərinə Ümummilli Lider Heydər Əliyevin Şirvan şəhərindəki abidəsinə gül qoymaqla başlamışdır. Şirvan şəhərinin inkişafında böyük zəhməti olan icra başçısı Mərdan Camalov abidə ətrafında görülmüş işlər barədə ölkə rəhbərinə məlumat vermişdir. Sonra İlham Əliyev Şirvan şəhərində "Cənub" Elektrik Stansiyasının istismara verilməsi mərasimində iştirak etmişburda böyük nitq söyləmişdir. Ölkə Prezidenti Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsi mərasimində də eyni sevinc hissini yaşamışdır. Şəhərdəki Olimpiya İdman Kompleksinin qırmızı lentini də hörmətli qonaq kəsmişdir.

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki "Araz" və Telemexanika zavodlarında yeni mərkəzlərin açılışında daha yaxından iştirak edən İlham Əliyev burdan xoş təəssüratla ayrılmışdır. Daha sonra Bayraq Meydanında olan Azərbaycan Prezidenti burdakı şəraitlə tanış olmuş və məmnun qalmışdır. Bu səfərdə ölkə Prezidentini Müdafiə Sənayesi naziri Yavər Camalov, "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev, Gənclər və İdman naziri Azad Rəhimov, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov müşayiət etmişlər. Bu rəsmilərin hər biri öz sahələri üzrə prezidentə ətraflı məlumat vermişlər.

Dəfələrlə Şirvan şəhərində olduğunu bildirən və bundan məmnun olan İ.Əliyev elə həmin tarixdə - 01 iyul 2013-cü ildə Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün Prezident Şirvan şəhər İcra Hakimiyyətinə 2 milyon manat vəsait ayırmışdır.

İlham Heydər oğlu Əliyevin Şirvan şəhərinə gəlməsi, bir sıra obyektlərin açılışında iştirak etməsi, şəhərin sosial-iqtisadi inkişafı üçün əlavə vəsait ayırması bu şəhərə diqqət və qayğısının nəticəsidir. Bu isə həm də çox böyük məsuliyyət deməkdir.

 

Səxavət Məmmədli

 

Ədalət.- 2013.-  18 iyul.- S. 3.