Qaranlıqdan
aydınlığa
"Yer üzərində elə
bir küfr yoxdur ki, içində iman olmasın; elə bir itaət
yoxdur ki, içində özündən daha böyük
güman olmasın; ibadət üçün elə bir təkliyə
çəkilmə (təcrid) yoxdur ki, içində hörmətsizlik
olmasın; elə bir məhəbbət iddiası yoxdur ki,
içində ədəbsizlik olmasın; Allah-Təala öz
qullarını onların gücünə görə yükləyir".
Mənsur Həllac
Dünyanı nahaq yerə ilana bənzətməyiblər. Zaman zamanı əvəzlədikcə dövran da dəyişir. Dəyişən dövran da ilan kimi qabığını dəyişir. Di gəl ki, təzə qabıqda köhnəsi kimi göz qamaşdıran naxışlar yaranır, adamı özünə çəkir, oxşayır. Min illərdi bu naxışlara aldana-aldana yaşayır bəşər övladı, ölüm-itim yoxmuş kimi ikiəlli bu dünyadan yapışıb bəlkə ölməyəcək, bəlkə dünya durduqca yaşayacaq deyə. Ölümün gec-tez gələcəyini görür, amma heç kim öz ölümünə inanmır... Axirət sözü son illər leksikondan düşmür. Dünyanın bu başından o başına qədər hamı axirətdən danışır. Bəlkə də ipə-sapa yatmayan təbiət hadisələri, daşqınlar, sel suları, qasırğalar-tufanlar, elmin, sivilizasiyanın qarşısında aciz qaldığı bu kimi hadisələr bizləri dünyanın sonu, axirət və bu kimi düşüncələrə, fikirlərə qapılmağı zəruri edir. Axirətin nişanələri haqda ulu peyğəmbərlər də söyləyib: "Övladlar ata-analarının üzünə qayıdacaq, böyük-kiçik bilinməyəcək, çobanlar uca binalar tikəcək..." Səhər nə baş verəcəyini, bizi nələr gözlədiyini haradan bilə bilərik ki?..
Bir səhər yuxudan durarsan, qardaş
Bilməzsən səhərdi,
ya axşam çağıg
Axar suların da
yolu dəyişib,
Görərsən əriyib Himalay dağıg
Yolların da sağı,
solu dəyişik
Suların altında qalıb qəbirlər
Sular da qəbrinin üstündən axır
Ruhun da göylərdən
qəbrinə baxırg
Baxarsan, elə hey
gözün axtarar
Amma
görərsən ki,
Nə bir
inni-cinni,
nə
bir can qalıb
Nə bəla,
nə xəta,
nə də
qan qalıb
Sularda
ovulub,
əriyib
hər şey
Nə səs,
nə bir səda,
g kiriyib
hər şey
Daşlar
ağac olub,
ağaclar da daşg
Sən
özün-özündə
batmısan, qardaş!
Nə nar
ağacları,
nə əncir,
üzümg
Nə alma, nə püstə,
nə
badam qalıb
Dünyanı
su basıb,
dünya
bir adag
Bu
kiçik adada
bir adam
qalıbg
Əllərinə
alıb,
başını tutub
Özünü
diricə
içinə udub
Nə
dizinə döyür,
nə
şüvən salır
Kandarda
İsrafil
surunu
çalırg
***
Hamıdan
Uca Allah deyir: "Ey Adəm övladı! Tövbə
edib günaha batanlardan olma... əlvan ümidlərlə
yaşayanlardan, heç bir xeyirxahlıq eləmədən,
Əbədi Həyat (Axirət) arzulayanlardan, sözdə
möminlərdən olub, ikiüzlülərin əməllərinə
sahib olanlardan olma.
Onlara nə verilsə də, onunla qane olmazlar. Onlardan nə
isə əsirgəyəndə isə səbirləri tükənər...g
Onlar xeyirxah əməllərdən danışarlar, özləri
isə heç nə eləməzlər. Onlar
pis olanları yasaq edər, özləri də həmin əməllərdən
çəkinməzlər. Onlar
yaxşı insanları sevərlər, özləri isə
onlardan olmazlar. Onlar ikiüzlülərə nifrət edərlər,
özləri isə onlardan biri olarlar... O kəslər elə
mətləblərdən danışarlar ki, özləri ona əməl
etməzlər və elə işlərə girişərlər
ki, onlara o buyurulmayıb. Onlar verilən
sözün əməl edilməsini tələb edərlər,
özləri isə dediklərinə əməl etməzlər".
"Hədis ül-Qüds"dən seçmələr.
Hamıdan Uca Allahın kəlamları barədə Məhəmməd
Peyğəmbərin (s.ə.) söylədikləri.
-
Xalıq, "bəylər" göstəriş verib ki,
camaatı yığıb avtobusla, maşınlarla rayon mərkəzinə,
mitinqə göndərəsən...
İcazəsiz-filansız, kabinetin qapısını
açıb, sağına-soluna baxmadan, içəridə
oturan ağsaqqallara məhəl qoymada salam-kəlamsız deyilən
söz Xalıq kişini tutdu. Elə bil açıq səmada qəflətən
ildırım çaxdı, hər tərəfə
qaranlıq çökdü, ürəyi şiddətlə
döyünməyə başladı, az
qala qəfəsdən çıxacaqdı. Dünənə
qədər kabinetin ağzını sümsük it kimi kəsdirən,
hər görəndə qarşısında ikiqat əyilən,
ayaqlarındakı ayaqqabıların tozunu belə əyilib
iki əllə silməyə hazır olan bu cüvəllağının
tərbiyəsiz hərəkəti Xalıq kişini
sarsıtdı.
Ağa, müəllim, ağsaqqal, əmi yox, məhz
Xalıq deyə müraciət etməsi heyrətə gətirdi,
silkələdi onu. Zatən mədəni, alicənab olmağıyla
yanaşı, Xalıq kişi daxilən
çox qürurlu, əyilməz adamıydı. Elə bu qürura görə də yaltaqlıq, məddahlıq
anlayışı yad idi Xalıq kişiyə.
İşlədiyi uzun illər boyu heç bir rayon rəhbəri
onu sındıra, əyə bilmədi, əksinə, özləri
sındı... Rəhbər işçilərdən
tutmuş adi fəhləyə qədər hamıyla mehriban,
"bəli, xeyir" deyə davranan, bir kimsənin ürəyinə,
şəxsiyyətinə toxunmayan, ömründə bircə
dəfə də olsa, artıq hərəkətə yol verməyən
Xalıq kişiyə iti xəncər kimi dəydi bu söz...
İçi göynədi, gözləri
dumanlandı, bədəni titrəməyə başladı.
Hamı, içəridəkilər
çaşqın vəziyyətdə qalmışdı.
Xəyal onu bircə anın içində uzaq keçmişə
apardı...
...Yağmurlu,
çiskinli bir havada Boradigahda kiçik bir bazarı
xatırladan, camaatın gur yerində üst-başı
nimdaş, ayaqqabılarının burnu deşilmiş, əyin-başından
dözülməz qoxu gələn, gedib-gələnə əl
açan birinə yaxınlaşdı: "Hardansan, bala?"
- deyə soruşdu".
Qızılavardan..." Arxasını eşitmədi, qəhərləndi,
gözləri doldu... "Keç otur
arabaya". Bu minvalla həmin gün doqquz,
on nəfəri arabaya oturdub kəndə gətirdi. Kolxoz
binasına girib mühasibi yanına çağırdı,
"onlara bir aylıq çörək pulu ver" deyib iş
otağına çəkildi, xeyli götür-qoydan sonra
aqronomla, mühasiblə həyətə çıxdı.
"Bunlar bizim kəndçilərdi, hər birinə
ayrı-ayrılıqda torpaq sahəsi ayırın, kolxozun
hesabına ev tikdirin, hamısını da iş-güclə təmin
edin", - deyib evə yollandı... Ağır müharibədən
çıxmış ölkədə yaşamaq olduqca
çətin idi, ölkəni ayağa qaldırmaq
üçün illər gərək idi...
-
Xalıq müəllim, bəlkə eşiyə çıxaq?..
Səsə diksinən kimi oldu, elə bil ayıldı. Yenə
bayaqkı hadisəni xatırladı.
"Kəndə gətir, ev tikdir, iş-güc yiyəsi
elə, dünənə qədər himayədarlıq elə,
öz ailən kimi əzizlə, sevincinə-qəminə
şərik ol, axırı da belə. Nə
zülmlə böyüdüyünü, hansı səbəbə
bu mənsəbə çatdığını nə tez
unutdu bu tifil? - deyə
düşündü. - Yəqin özündən və
keçmişindən bixəbərdi bu zalm balası, ona
görə də mənəviyyatdan, əxlaqdan uzaq
düşüb. Atası öz taleyini ona anlatsaydı, bəlkə
də belə olmazdı, qanacaq yiyəsi olardı..."
Yadına
el misalı düşdü: "Yetimdən
soruşarlar, kimə daş atarsan, deyər, mənə
çörək verənə..."
Ayağa durdu, içəridəkilər də onunla bərabər
eşiyə çıxdılar. Kabinetin
qapısını açarla bağladı. Bu sovxoz binasını təzə tikdirmişdi.
Arxasına baxmadan həyətə
düşdü, bir neçə addımdan sonra ayaq
saxladı. Hamı üzünü yana
çevirib kirimişcə dayanmışdı. Çönüb idarəyə bir anlıq nəzər
saldı. Hamıyla sağollaşıb öz əliylə
tikdirdiyi yeni sovxoz binasından birdəfəlik
uzaqlaşdı...
Bir an tərəddüd elədi, bu vəziyyətdə
evə getmək istəmədi. Bu vaxtacan Tərcübənin
ruhunu belə incitməmişdi. Çölün
dərdini-sərini evə daşımazdı, nə olurdusa
da, çöldə qoyub evə dönərdi, özünü
həmişə heç nə olmamış kimi aparardı.
İşlədiyi dövrlərdə neçə-neçə
raykom katibləri görmüşdü, dəfələrlə
iş üstündə kəskin mübahisələri
olmuşdu, gərgin günlər yaşamışdı - evdə,
ailədə bircəciyini də hiss etdirməmişdi.
Bütün bu uzun illər boyu kənd camaatı
üçün, onlarn rifahı üçün
çalışıb-vuruşmuşdu Xalıq kişi. İşlədiyi dövrlərdə
nə mərdiməzarlıq bildi, nə də pislik... Ona görə də ürəyi rahat idi, camaat
içində başını dik tutub gəzərdi.
Üzünə
dəyən ilıq hava bir az onu oxşayan
kimi oldu. Gözünə ilk dəyən qənşərdəki
sıra dağlar oldu...
Tut əlimdən,
çək sinənə
Dərddaşım ol, dağlar, mənim.
Zirvən
baxar dünənimə,
Bu günümə ağlar, mənim.
Yaxanda
dönüm sal daşa,
Qalım səninlə baş-başa.
Gəl
ağlayaq, gülək qoşa
Səndə
ruhun çağlar mənim...
Qarabağda məşhur Topxana meşəsində ermənilərin
əliylə kəsilmiş bir ağaca görə
başlamış kütləvi etiraz dalğaları tədricən,
hiss olunmadan, yavaş-yavaş öz məcrasından
çıxmağa başlamışdı. Mitinqlər
hakimiyyət davasına, hakimiyyət dəyişikliyinə
doğru istiqamətlənirdi. Harada olmasından
asılı olmayaraq, istər ayrı-ayrı rayonlarda, istər
paytaxt Bakıdakı gur toplantılara görünməz bir əl
uzanır, onu istədiy istiqamətlərə yönəldirdi...
Ordan-burdan silah tapıb dəstə yaradanlar,
könüllülər formalaşırdı. Kimlərsə kütləvi xarakter almış
mübarizəni, xalqın haqq səsini damla-damla siyasiləşməyə,
tayfabazlığa, yerlibazlığa sürükləyirdi.
Xalq bir yox, bir neçə mərkəzdən
idarə olunurdu. Qarabağa
döyüş üçün yaradılmış,
könüllü dəstələr ayrı-ayrı
maraqların, ayrı-ayrı qrupların təsir dairəsində
idi. Ürəyi torpaq, Vətən
eşqiylə dolu dəliqanlı cavanlar özləri də
bilmədən siyasi oyunların qurbanına çevrilməyə
başlamışdı. Getdikcə şəhidlərin
sayı çoxalırdı. Heç bir hərbi
təlim keçməmiş, döyüş qaydalarına yiyələnməmiş,
mərd, Vətən uğrunda canından keçməyə
hazır olan bu gənclərin ölümü Adamı
ağrıdır, kədərləndirirdi. Bütün
bunları, baş verənləri anlayır, aydınca
görürdü Xalıq kişi.
İşdən-gücdən yayınanlar, idarə, müəssisə,
rayon, respublika rəhbərlərindən narazılar, incik
düşmüşlər ortada gəzib ara
qarışdırırdılar. Ağıllı, kamallı,
vətənpərvər ziyalıların, oğulların
mübarizəsinə, haqq səsinə kölgə
salırdı onlar... Ən qorxulusu isə - kim
bizdən deyil, düşməndi, - şüarı ortaya
çıxmışdı. Ziyalılara rus
casusu, partiya nökərləri kimi damğalar vurulur, kimi istəsələr
şərə tuş gətirirdilər. Xalıq kişi erməni məkrini, erməni hiyləsini,
erməni qəddarlığını müharibədə də
görmüş, eşitmişdi. 1942-ci ildə Kerçdə
gedən döyüşlərin birində cavan rus zabitinin
söylədikləri onu heyrətə gətirmişdi:
"Sizin azərbaycanlıların əksəriyyəti, kənd
yerindən, rayonlardan toplanıb orduya göndərilib. Heç sağa, sola dön əmrini də bilmirdilər.
Odur ki, hücum əmri veriləndə çoxu
yerində qalır, nə edəcəklərini bilmirdilər.
Ya da əksinə, "geri çəkil!" əmri
veriləndə düşmən tərəfə hücum
edirdilər. Hissədə olan erməni
zabit və əsgərləri bundan istifadə edib onları
avtomatla biçirdilər. Yerindən tərpənməyənləri
- döyüşdən boyun qaçırırlar, geri çəkilmək
əvəzinə hücuma keçənləri isə, -
düşmən tərəfə keçmək istəyirlər
deyə öldürürdülər. Komandirin
çəkməsini təmizləyən, komandirə
yaltaqlanan ermənilər yüksək adlara təqdim olunur, hətta
qəhrəman adı belə alırdılar. Onlar alman
faşistlərindən daha çox sizinkilərə güllə
atır, tələ qururdular..." Bütün bunları
Xalıq canlı adamdan, canlı sahiddən eşitmişdi...
Bunları
Müzəffərə danışmışdı Xalıq kişi... Qanı qanından,
canı canındanıydı Müzəffər. Hacı
Müzəffər ruhani, ilahiyyatçı bir adam
idi. Xalıq kişinin qardaşı, molla Cəbrayıl
da ruhani idi, Ərdəbildə təhsil almışdı.
Müzəffər də atasının yolunu
davam etdirirdi. Üzü Ay kimi nurlu, işıqlı bir adam idi. Olduqca savadlı, təmkinli, səbirli
bir adam olan Müzəffəri çox istəyirdi.
Axı qardaşının qoxusunu, ətrini
alırdı ondan. Oğlu Sübahirə də
Müzəffərin qızı Şəhlanı
almışdı, oğlu Sübahirin bu evliliyindən
çox məmnun və rahat idi. Övlad
izdivacından əminlik ata üçün çox şey
demək idi.
***
İçində fikirlər bir-birinə
qarışmışdı. Ha istəsə də, ona əzab verən
bir sözün acısından qurtula bilmirdi. Bir
gədanın "Xalıq" deyə saymazyana müraciəti
içində sağalmaz bir qara yaraya çevrilirdi.
Tikansız
gül olmaz, Xalıq
Əskidən tül olmaz, Xalıq.
Xətasız
qul olmaz, Xalıq
Olmaz
deyir, olmaz, Xalıq
***
Sözdən
ağır yükmü olar,
Yersiz
sözün ağırlığına
Dəvə
belə tab gətirməz
Suları
yada sal, Xalıq
Yüz
cür çirkab atsan da
Sular çirkab götürməz.
Bullanmaz
sular, Xalıq!
Bayaqdan sürücüsü maşını yolun bir kənarında
saxlayıb onu gözləyirdi. Hardansa yadına Hacı Müzəffərin
"Qurani-Kərim"dən sevə-sevə, tez-tez işlətdiyi
Allah kəlamları düşdü: "Əlinizdən
çıxan şeylərə görə təəssüflənməyin,
əlinizə gələn şeylərə görə də
fərəhlənməyin".
Ruhu işıqlandı, gözlərindəki bulanıq
sular axıb getdi, içini didən acı əriyib yox oldu. Əslində Xalıq kişi özü də qazandığına fərəhlənməmiş,
itirdiklərinə peşiman olmamışdı. Hər
şeyə: "Allah bilən məsləhətdi", - deyib
şükranlıq etmişdi. Bircə kövrək, incə
ürəyi ilə bacarmırdı Xalıq kişi,
o ürəklə ki...
Müharibənin ən şiddətli, ölüm
saçan günlərinin birində döyüş
yoldaşıyla birlikdə meşənin dərinliyinə kəşfiyyata
yollanırlar.
Çox mühüm tapşırıq imiş, hardasa, bəlkə
də lap yaxınlıqda düşmən kəşfiyyatı
fəaliyyət göstərirdi, yoxsa ki, yerləşdikləri
nöqtələri, istehkamları bü dəqiqliklə top atəşinə
tuta bilməzdilər. Onları zərərsizləşdirmək
lazım idi. Komandirləri Xalıqın cəsarətinə,
ağlına, dərrakəsinə bələd idi. Kiçik zaman içində Xalıq orduda nüfuz
sahibinə çevrilmişdi.
Meşənin içində hərəsi
ayrı-ayrı istiqamətlərə ayrılırlar. Bir az
getmiş Xalıq səs eşidir - yaxındakı
ağacın enli gövdəsi arxasında rabitə vasitəsi
ilə danışıb məlumat ötürən iki alman əsgərini
görür. Qəflətən avtomatı
tuşlayıb "əllər yuxarı" deyə
qışqırır Xalıq. Bu qəfil
pusqudan çaşqın düşmüş alman əsgərinin
biri avtomatı əlindən atıb qaçmağa
başlayır. O biri əsgər isə əllərini
qaldırıb almanca nəsə deyir Xalıqa. Onun
da qaçacağını düşünən Xalıq atəş
açıb onu öldürür, rabitəni ələ
keçirib hissəyə gətirir. Ələ
keçmiş xəritədən hər şey məlum
olur... Sən demə, ordunun yerləşdiyi ərazini, atəş
nöqtələrini onlar xəbər verirlərmiş...
Həmin
alman əsgərinin ölümünü heç zaman unuda
bilmirdi Xalıq kişi: "Görəsən,
o əsgər almanca ona nə deyirdi, bəlkə yalvarıb rəhm
etməsini istəyirdi. Bəlkə öldürmə məni,
ana-atamın tək övladıyam, bəlkə balalarım
var, bəlkə ailədə məndən başqa təkcə
anam qalıb deyə yalvarırdı...
Müharibənin öz qanunları olsa da, arada uduzan adi
insanlar olur.
Müharibəni öz məqsədləri üçün
kimlərsə başlayır, arada günahsız insanlar
ölür..."
Çay plantasiyaları yerləşən təpədən
Qızılavara, böyüyüb boya-başa
çatdığı kəndə xeyli tamaşa elədi. Doğrudanmı hər
şey bir rekviyem imiş?..
Doğulduğu
evdən,
uşaqlıqdan
bir də
ilk sevgidən başqa
hər
şeyi unudur adam...
O
çörəyə min şükür,
o suya
min şükür,
o sevgiyə,
o ocağa min şükür.
O ulu
torpağa min şükür.
Arpa-arpa
boy atdığım,
Qarğı
at oynatdığım,
Gözüm - o kənd torpağı.
Qucağında
dil açdığım,
bir
qıza könül açdığım
Çəpər
başında dolaşdığım
Canım o kənd torpağı.
Çəkib
qəriblikdən qopardı məni,
Çəkib
sinəsinə apardı məni,
Aldı
qucağına körpəsi kimi,
Qoydu beşiyinə körpəsi kimi.
***
Bir qərib sükutun içindən keçdim.
Qan
sızantək
qəm
sızdı gözlərimə.
Günlər
bürkülü - bürkürü
Qaldım
bükülə-bükülə...
Göy ilə
yer arasında
Yaxam
sökülə-sökülə...
***
Bir qərib
kədərin içindən keçdim,
Ayağı
yalın uşaqtək,
Ayaqları
yalın baxtım...
Başım
birdən dəydi daşa,
Heç bilmədim hara baxdım.
-
Gördüm
doğma
bilib üzümü söykədiyim
xatirələr arasında da yadam...
Doğulduğu
evdən,
uşaqlıqdan,
bir də
ilk sevgidən başqa
hər
şeyi unudur adam!
Asta addımlarla aşağı düşüb yola
çıxdı, bayaqdan onu gözləyən maşına
minib evə tərəf yollandı. Bəlkə də saatlar
keçmişdi, amma Xalıq kişi bu
saatlardan xəbərsiz idi. Xatirələr əlindən
tutub onu ötən illərə, yaxın keçmişə
aparmışdı. İki-üç ay bundan öncə
kabinetin pəncərəsindən aydınca görünən
çayxanaya, ora yığışmış gənclərə
baxıb: "Mənim bu çılğın uşaqlara
heyfim gəlir, onlardakı enerjini
yıxıb-dağıtmağa, boş-boş şeylərə
yox, dəyərlərə, mənəviyyata, qurub-yaratmağa
yönəltmək çox vacibdi, görəsən,
onların axırı necə olacaq? - deyə
kabinetdəkilərə ürək ağrısı ilə
söylənmişdi. - Nə gördüksə, yenə bizlər
gördük. Yaxşını pisdən
seçməyi, dəyərə qiymət verməyi, ata-anaya,
millətimə sevgi, hörmət-izzət bəsləməyi,
qulpundan yapışdığımız işi sona
çatdırmağı bacardıq. Sevgi, məhəbbət
hissləri əriyib yox olur, böyük-kiçik yeri bilinmir,
əlinə kitab alan, dastan, nağıl, bədii
kitablar oxuyan barmaqla sayılır, bəlkə də heç
yoxdur. Necə də qədrini bilmədik, necə
də gözəl, mənəvi bir dünyanı itirdik.
Görəsən, o dünya bir də geri
dönəcəkmi?" Xalıq kişi
elə hey düşünürdü. Kaş bir möcüzə
baş verə, kaş ki...
Arxanca,
saf su atmışam
Sularda
düşüb batmışam...
Mən
ki, gedib qayıtmışam,
Dünya, qayıt dünyamıza.
Bu bar
ayrılıq barıdı,
Gözəllər erkən qarıdı.
Yarıyan
sənnən yarıdı
Dünya, qayıt dünyamıza.
Tale bizi
yarıtmadı,
Yaramızı sarıtmadı.
Nəm
gözləri qurutmadı
Dünya, qayıt dünyamıza.
Daş da
dönüb oğul olub
Ərənlərin
nağıl olub...
Körpələrə
noğul olub
Dünya, qayıt dünyamıza.
Çəkdik
hər çəkilən qəmi,
Bu ömür-gün boş yerəmi?
Götür
Əslini, Kərəmi
Dünya, qayıt dünyamıza.
Torpağında
ah göyərər
Hər
atılan ox göyərər...
Dönməsən
günah göyərər
Dünya, qayıt dünyamıza.
***
Maşından
düşüb gülə-gülə həyətə girdi:
- Ay Tərcübə,
bu gündən vaxtımın çoxunu ev-eşikdə,
yanında olacam. İllər necə də tez gəlib
keçdi, iş-güc başımı o qədər
qatdı ki, səninlə heç əməlli-başlı,
diz-dizə oturub dərdləşməyə, olub-keçənləri,
şirin cavanlıq illərini doyunca xatırlamağa
vaxtım olmadı. İllər boyu səhərdən-axşama
qədər orda-burda, çöldə-rizdə keçdi
günlərim. Gec də olsa, buna da min
şükürlər olsun, Allahımdan çox razıyam bu
kəşmkəşli həyatda himayədarım oldu, məni
tək qoymadı. Oğul, qız tərəfdən də
nigarançılığım yoxdu, gözəl-gözəl
gül nəvələrim var. Bir az dincəlmək,
günümü onlarla keçirmək istəyirəm. Kənd
burda, torpaq burda, mən burda, sonrasına baxarıq, kim istəyirsə, kimi təyin edirlərsə,
gedib yerimdə oturar, işləyə bilər, indidən
halallığını da verirəm...
Sonrakı
günlər, sonrakı aylar çox minnətçi
düşsələr də, təkidlər olsa da, Xalıq kişi iş yerinə, o kabinetə bir daha
qayıtmadı. Çox səmimi, könüllü şəkildə
istefa ərizəsini yazıb qərarına birdəfəlik
son verdi...
***
O gecə
gözlərinə yuxu getmədi, yaşadığı
acılı-şirinli ömrü, keçdiyi kəşməkəşli
həyat yollarını səhifə-səhifə, bir-bir vərəqlədi.
Ömür necə də qısaymış, aşıq Veysəl
demiş: "Bütün ömür bir addımda..." Bu
bir addımlıq ömrü nələrdən keçmir
insan?.. Addım-addım Allaha
yaxınlaşır, son mənzilə yaxınlaşır...
Qopdum
odumdan, közümdən
Əllərim
qopdu dizimdən
Bir az da qopdum özümdən
Bir az da gəldim yaxına...
Keçdim
ilanlı yolları,
Daşlı,
tikanlı yolları
Bazar-dükanlı
yolları
Bir az da gəldim yaxına...
Bir az da qaçdım tamahdan.
Nəfslə
çəkdiyim ahdan...
Qurtuldum
bir az günahdan,
Bir az da gəldim yaxına...
Aldandım
dilə, dilçəyə
Qoca nəfsə
- ağ birçəyə!
Üz
çevirdim gül-çiçəyə,
Bir az da gəldim yaxına...
Dünya
şirə, şirələndim,
Hər pətəkdə girələndim.
Qəm xəlbirində
ələndim
Bir az da gəldim yaxına...
Çiynimdən
yükləri atdım
Hey
üzdüm üzü axına...
Addım-addım
gəlib çatdım
Bir az da gəldim yaxına...
Doğmalarım
döndü yada,
Evim oldu qərib
ada...
Dolaşıb
payi-piyada
Bir az da gəldim yaxına...
İçim
yalan, çölüm yalan,
Bu daş
dərddən ölüm yalan
Çat verdi tikdiyin qalan
Bir az da gəldim yaxına...
Gözlərimi
bağla, Tanrım
Adəm
olan bağlamasın...
Ağla mənə,
ağla, Tanrm,
Məni bəndə
ağlamasın!..
***
Səhəri dirigözlü açdı. Həyətə
çıxıb bir az
bağça-bağı dolaşdı. Çay-çörəkdən
sonra qəbiristanlığa, atası İsmayıla baş
çəkməyə yollandı.
Aldandıq
çiçəyə, gülə
Biz
göylərdən aralandıq
Dünyanı
dost, qardaş sandıq...
Arxada
qaldı nə varsa,
Arxada
qaldı ev, eşik
Gəlib
çatdıq son mənzilə
Bu da qəbr
evi, son beşik...
***
Aldana-aldana
gəldik,
Dünyanın
əzablarına
Qatlana-qatlana
gəldik
Hər
addımda deyə, gülə
Atlana-atlana
gəldik
Gəlib
çatdıq son mənzilə...
***
Duz
çəkən dizlərim,
Ulduz çəkən sözlərim.
Dünyanın
qəmlərini
Yalqız
çəkən gözlərim
Və bir
də
Tək
Allahım,
tək
günahım,
Yaşadığım
ömür
bir də
mən
bir də
ölüm...
Qaldıq
baş-başa
Yandım
şam kimi
Yana-yana əridim
Ağladım...
kiridim...
Bu da
ömür türküsü...
Bu da qəbr
evi,
Bu da son
qapı...
Bu da sirat
körpüsü...
İndi
keç görüm
...o nazik sapı...
İlahi
bir sükut, yatmış dövran, bum-buz zaman... Baş daşının önündə dayanıb
atasına, İsmayıl kişiyə səsləndi "Ata!
Sənə layiq övlad olmağa
çalışdım. Hər tikəmi,
qazancımı insanlarla bölüşdüm. Tək ailəmə, özümə qapanmadım,
dilimə "mən" kəlməsi gəlmədi, kimsənin
bostanına daş atmadım. Hamının
sevincinə sevindim, qəm-qüssəsinə şərik
oldum. Hamıdan Uca Allahdan başqa bir kimsənin
qarşısında əyilmədim. Nə
qazandımsa, öz zəhmətim, öz əməyimlə
qazandım. Arxasıza arxa durdum,
yıxılana əl uzatdım. Namuslu,
şərəfli, təmkinli, səbirli gəlinin Tərcübə
ilə baş-başa oğullarımı, qızlarımı
böyütdüm. Gözləri dolusu
böyütdüm, ata!.. Nəvələrin
Tahir, Şair, Mahir, Fədahir, Sübahir, Məlahət, Xatirə
ali təhsil aldılar, ev-eşik yiyəsi
oldular. Övladlarımdan nigaran deyiləm, ata,
çox razıyam. İsa Məsihin müdrik kəlamlarını
uca tutduq: "İnsana kənardan təsir edən heç bir
şey onu çirkləndirə bilməz. İnsan yalnız
öz içindəkilərdən çirklənər..."
İçimizi də,
çölümüzü də təmiz saxladıq. İnşaallah, qismət olsa, görüşərik,
ata!"
Dilinin ucunda Fatihə surəsinin oxuyub, salavat
çevirdi, bütün məzar əhlinə rəhmət
oxuyub, asta addımlarla qəbiristanlıqdan aralandı. Çiyinləri kimi,
içi də yüngülləşdi, dup-duru duruldu Xalıq
kişi...
Zakir Fəxri
Ədalət.- 2013.- 20 iyul.- S. 8-9.