ALTMIŞINCILAR: ZAMİN MAHMUDOV

 

ALTIMIŞINCILARIN SIRA NƏFƏRİNDƏN BİRİ...

 

"Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında çatlayır. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir, dünyamızın altmışıncı illəri təkcə bizim məmləkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub. Məsələn, sevgili Türkiyə cümhuriyyətində ALTMIŞINCILAR adıyla bir dərnək də var. Həmişə könlüm keçib belə bir təşkilat və ya dərnək bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə ayrı. Hər zaman adları ortalıqda hallanan yazar və sənət adamları sonrakı nəsil tərəfindən heç də könül xoşluğu ilə qarşılanmayıb. Bir ucu da gəlib yetmişlərə və səksənlərə çıxan bu yaradıcılar kimlərdir? Mən sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.

 

***

 

Bu gün İnternetə də baxmayacam. Sabahın Danüzüdü. Havalar çox isti keçir. Hər yan işıqlaşıb, lap günorta kimidir. Doqquzuncu mərtəbədəki evimdən üzü Cənuba baxıram və doqquzuncu mərtəbədən bir də aşağı baxanda, axıb gedən yolun içində qəfil Zamin Mahmudovun asta-asta və bir qədər də yorğun silueti gözlərimin önündən keçir. Bir zamanlar bu siluet deyildi, canlı, dipdiri bir insan-idi - şair Zamin Mahmudov idi. Yenə də asta-asta və yorğun yerişlə keçmişdi gözlərimin önündən və qızımın (ifadəmə görə üzr istəyirəm) BALACA KİŞİ dediyi, heç bilmirəm hardansa elə mənim qədər sevdiyi və hətta bir az da heyran olduğu, bir az da yazıq kimi baxdığı, (amma bunun da səbəbini bilmirəm) şair Zamin Mahmudovu doqquzuncu mərtəbədən səsləmək istəyirəm və vaz keçirəm. Keşkə səsləyəydim. Olmadı. Biz hər zaman beləyik. Zamana buraxırıq hər şeyi. Hər şeyi zamana buraxırıq. Necə ki, indi çox böyük bir təəssüflə həmin anları xatırlayıram. Və acı-acı düşünürəm: Bakıdan bir qədər uzaqda, Salyanda qardaşının evində son dəfə gözlərini yuman şair və gözəl insan Zamin Mahmudovu o yerişlə, o ləngərlə bir daha görmək qismət olmayacaq.

Şair Zamin Mahmudovla bir-birimizə isti münasibətimizin tarixini heç cür xatırlaya bilmirəm, amma bu tarix indiki havayla desək çox əskilərə dayanır, çox əskilərə, yəni altmışlara, yetmişlərə və necə yarandığı da təxminən yadımdadı. Həmin illərdə ədəbiyyat dərnəkləri vardı, biz yaşıd olmasaq da, güman ki, o dərnəklərdə yaranmışdı bizim isti münasibətimiz. Daha sonralar bir bölgədən olduğumuz ortaya çıxdıg daha sonra mənim ona bir az şirin qısqanclığım yarandı: bu da ondan idi ki, mən Salyanlı ola-ola Salyandan olan Əliağa Kürçaylı və Ağacavad Əlizadə ilə heç cür yaxınlıq yarada bilmədiyim halda, Zamin Mahmudovun vaxtsız itirdiyimiz hər iki şairlə sıxı yaxınlığı vardı. Bu məni azacıq də olsa qəhərləndirirdi və onlarla necə yaxın olmağın üsullarını axtarsam da, tapa bilmirdim. Amma Zamin Mahmudov Əlağa Kürçaylının necə xoşuna gəlmişdisə (şeirləri nəzərdə tutulur təbii ki) Zaminə zamin olaraq onun şeirlərini o zamanlar üçün çox çətin yanaşıla bilən və ya əlçatmaz bir jurnal olan "AZƏRBAYCAN" jurnalında çap etdirirdi və mən də Zaminlə bir dərnəkdə olduğum üçün onun şeirlərinin onlara necə yol tapdığını düşünürdüm. Sonradan Zamin Mahmudovla çox yaxın olduq, çox yaxın ki, biz artıq sıxı görüşürdük. Daha sonradan "QOBUSTAN" jurnalında işləməyə keçdim və Zamin həmin illərdə toplu ilə əlaqə saxlamağa başladı.

Zamin məqalə yazmırdı, yox, Zamin bir növ tarixi nəzmə çəkən, özü də istedadla nəzmə çəkən bir şair kimi qədim, əski, ulu qalalarımızı və tarixi abidələrimizin yaşı, yaranışı, xalqımızın tarixindəki yeri barədə şeirlər yazırdı. Sonradan da iri həcmli poemalar yazmağa başladı və mən də o zaman çox çətinliklə, yəni bir az da içimdən gəlməyən bir istəklə Zaminin yazılarını, daha doğrusu poemalarını və tarixi abidələr haqqında şeirlərini baş redaktorumuz Anar müəllimə təqdim etmək qərarına gəldim və içimdə bir narahatlıq vardı ki, Anar müəllim deyəcək: bu nədi, ay Tofiq?

Amma tamam başqa bir şey ortaya çıxdı.

Anar müəllim şeirləri oxudu, çox böyük bir ürək genişliyi ilə (sonralar poemalarını da çox hövsələ ilə) və mənim düşündüklərimin tam əksinə:

"Ədəbiyyata bu cür şeylər də lazımdır, yəni tarixin və tarixi abidələrin nəzmlə ifadəsi", - dedi

Və mən həqiqətən bir az heyrət içində başımı aşağı saldım və indi açıq etiraf edim ki, sevinə-sevinə: sənə şükürlər olsun Allahım, dedim. İçimin rahatlığı ilə Zaminə verəcəyim cavabın altında çıxdım.

Anar müəllimin uzaqgörənliyi və bir az da təmkini onun nə qədər insani olduğunun tam şahidi idi.

Və daha sonralar Zamin həmin silsilədən olan yazılarını bizə təqdim edəndə artıq mən çəkinmədən Anar müəllimə deyirdim. İnsafən də Zamin Mahmudov heç kəsin eləmədiyi bir şeyi eləyirdi. Biz sevgidən, məhəbbətdən, pambıqdan, kartofdan, bəzi insanlardan mədhiyyələr yazanda o, səyyah kimi Azərbaycanı dolaşır, onun qalaları, sədləri və tarixi abidələri haqqında poetik bir güclə şeir və iri həcmli əsərlərini yazırdı.

Mən bilən həmin şeirlər tarixçilər üçün bir bilgi mənbəyi olmaqdan çıxaraq, həm də poetik təfəkkürün malı kimi də, get-gedə öz dəyərini artırırdı və Zamin yalnız elə bu tipli şeirlər deyil, həm də Əliağa Kürçaylı kimi tələbkar və poetik savada malik bir şairin zövqünü oxşayan və zövqünə uyğun şeirlərlə də mətbuatda çıxışlar eləməyə başlamışdı.

Zamin Mahmudov mənim evimin yaxın adamı idi dedim, evimə çox az gəlsə də (evlərimiz bir-birinə yaxın idi) mən və daha başqa qələm sahibləri onlara daha çox gedirdik və yuxarıda yazdığım kimi qızım Günel onun zənglərinə cavab verəndə mənə deyirdi: "Ata, balaca əmi zəng etmişdi".

Yəni Zamin əmi zəng etmişdi başa düşürdüm.

Adama yaraşırdı o "balaca boy" ifadəsi, çox yaraşırdı və mən hər dəfə doqquzuncu mərtəbədən bizim eyvanın altından keçib gedən bu "balaca kişiyə" baxa-baxa düşünürdüm: ilahi, dünyada bu cür heç kəsin pisliyini istəməyən, bütün acıların və xoşlarını öz sakitliyi içində yaşayan, heç kəsdən heç nə ummadan Allahına şükür edib, yaşayan insanlara neyçin daha uzun yaşamağa yardım etmirsən. Yox, Zamin daha çox yaşasaydı da elə bu cür yaşayacaqdı: yəni səssiz, hay-küysüz, kimsədən nəsə ummadan və çox gərəkli bir ömür yaşayacaqdı.

Adam Yazarlar Birliyin üzvi idi, onu heç zaman gözə soxmadı, ondan heç zaman keyfi üçün istifadə etmədi. Bu uzun illər ərzində bir dəfə də olsun öz Yazarlar Birliyinin üzvi çinindən istifadə edib kimsənin qanını qaraltmadı. Böyük bir ŞÜKÜRLƏ yaşadı. Vallah, kiley etmirəm, amma Yazarlar Birliyi onun YETMİŞ yaşını da keçirmədi. Halbuki Yazarlar Birliyi məhz bu cür yazar və insanlar üçün daha məlhəm bir yer olmalı. Sahibsiz və heç bir vəzifə sahibi olmayan yazarlar üçün bir təsəlli yeri olmalı. Olmadı bunlar. Nə demiş böyük Nazim Hikmət:

 

Təsəllisiz yaşamağı bacardıq

Təsəllisiz ölməyi də bacararıq.

 

Zamin Mahmudov təsəllisiz yaşamağı bacardığı kimi, təsəllisiz də bu dünyadan köçdü.

Zamin Mahmudov heç kəsdən küsmədi və heç ora gedib bir kimsəyə xatırlatmadı. Xatırlatmadı ki, hamınız bu yaşa gələcəksiniz. Bu təşkilatın balaca klubunda balaca bir yaşam öyküsünü anladan bir məclis keçirmək böyük bir təsəlli idi onun üçün mən bilən.

Yox, getmədi, demədi.

İddiasız yaşamaq böyük bir ƏSƏB, böyük bir İRADƏ, böyük bir KİŞİLİK, MƏRDLİK istəyir. Və heç kəsin qoltuğuna sığınmadan, heç kəsə boyun əymədən ədəbiyyatımızın sıra nəfəri olaraq yaşamaq və son ana qədər kimsəni incitmədən, kimsədən gileylənmədən yaşamaq özü də çox böyük bir qəhrəmanlıqdır məncə.

Ancaq bir çoxu kimi onun da haqqı vardı, bəzi şeyləri istəməyə və hətta Yazarlar Birliyindən heç təqaüd də istəmədi. Yaşamağa davam etdi. Kimsəni minnətçi göndərmədi. Son günə qədər sakitcə Yazarlar Birliyinin binasında yerləşən redaksiyalara gəlib, xüsusiylə köhnə adətiylə "QOBUSTAN" toplusuna və "AZƏRBAYCAN" jurnalına gəlib: "Mən şeir gətirmişəm" - deyərək təqdim edər və sakitcə çəkilib gedərdi.

Necə ki, özünə doğma saydığı, amma orada doğulmadığı Salyana getdi və qardaşının evində gözlərini bu dünyaya yumdu.

 

***

Ədəbiyyatımız bir sıra nəfəri itirdi. Dostları tərəfindən uzun zaman unudulmayacaq şair Zamin Mahmudovu itirdi. Onun son dərəcə sakit və mütəvazi həyatı yaxşı dostlarının gözündən heç vaxt yayınmadı və şair Babək Aruslu illər öncəsi yazdığı QALALAR adlı şeirində belə ifadə etmişdi bu həyatı.

 

Sən ona, o sənə verdi qəlbini

Ömrünü ömrünə qatdı qalalar.

Qanadı üstündən qartal təbinin,

Ucaldı göylərə çatdı qalalar.

 

Qala soraqlıdır hər arzun, kamın

Elə axtarırsan əlində şamın.

Daşı da dindirir axır ilhamın,

Sükutun daşını atdı qalalar.

 

Varlığı Vətənin eşqi, həvəsi,

Səsidir qəlbinin döyünən səsi,

Ulu babaların odlu nəfəsi,

Əbədi atəşdir, oddur qalalar.

 

Həyat sınaq üçün yaratdı zəmin,

Sənə öz ilhamın dayandı zamin

Əzmin iradənlə qalasan Zamin,

Səni doğma sanır odur qalalar.

 

Babək də gizlətmir öz heyrətini,

Sanır ki, gəzirsən səadətini,

Yazıb qələm etdin öz qeyrətini,

Vətənə şöhrətdir, addır qalalar.

 

Tofiq Abdin

 

Ədalət.- 2013.- 20 iyul.- S. 15.