Şəkidə
"İpək yolu" IV Beynəlxalq musiqi festivalının sədası dünyaya yayıldı
(əvvəli
ötən sayımızda)
Şəki
şəhərində "İpək Yolu" IV Beynəlxalq
musiqi festivalı çərçivəsində Türkiyənin
"Axşam səfası" TRT orkestri və solistlərinin
konserti olub.
Tarixi-memarlıq abidəsi "Aşağı Karvansaray" kompleksində keçirilən konsertdə Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərləri, Türkiyədən gəlmiş nümayəndə heyətinin üzvləri, festivala dəvət olunmuş xarici ölkə səfirliklərinin nümayəndələri, şəhər sakinləri iştirak ediblər.
Bildirilib ki, "Axşam səfası" TRT orkestri və xor qrupu uzun müddətdir fəaliyyət göstərir. Kollektivin adı yalnız axşamlar açan çiçəyin adından götürülüb. Xorun kollektivi dünyanın müxtəlif ölkələrində rəngarəng proqramlarla möhtəşəm konsertlər veriblər. Kollektivin repertuarında türk sənət musiqisi və bəstəkar mahnıları əsas yer tutur. Bu ilin mayında kollektiv Heydər Əliyev Sarayında möhtəşəm konsertləri ilə bakılıların qəlbini fəth edib.
Solistlərin 20 nəfərlik orkestrin müşayiəti ilə yüksək peşəkarlıqla ifa etdikləri türk pop və xalq sənət musiqisi, Azərbaycanın xalq mahnısı "Sarı gəlin", həmçinin "Əziz dost", "Sən gəlməz oldun" və digər mahnılarımız festival iştirakçılarının ürəyincə olub.
Cabbar Qaryağdıoğlu adına Azərbaycan muğam üçlüyünün - xalq artistləri Mələkxanım Əyyubova, tarzən Möhlət Müslümov və kamança ustası Fəxrəddin Dadaşovun çıxışı isə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konsert proqramı Türkiyənin bir neçə televiziya kanalı ilə canlı yayımlanıb. Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.
Şəki bələdiyyəsi ilə Türkiyənin Giresun bələdiyyəsi arasında qardaş şəhər və əməkdaşlıq haqqında protokolun yenilənməsinə həsr olunmuş mərasim keçirilib.
XIX əsrə aid tarixi-memarlıq abidəsi olan "Yuxarı Karvansaray" mehmanxana kompleksinin həyətində keçirilən mərasimdə şəhər icra hakimiyyətinin və Şəki bələdiyyəsinin rəhbərləri, Türkiyənin Giresun şəhərinin valisi, bələdiyyə başqanı və digər rəsmi şəxslər iştirak ediblər.
Qonaqlara məlumat verilib ki, indiyədək Şəki şəhəri ilə Ukraynanın Jmerinka, Bolqarıstanın Qabrovo, Belorusun Slutsk, Gürcüstanın Telavi, habelə Türkiyənin Giresun və Lapseki şəhərləri arasında qardaşlaşmaya dair ikitərəfli müqavilələr imzalanıb. Şəki və Giresun bələdiyyələri arasında müqavilə imzalanmasından artıq 11 il keçir. Bu şəhərlər arasında əlaqələri daha da möhkəmləndirmək üçün 2002-ci ildə imzalanmış müqavilənin yenilənməsinə, protokola yeni maddələrin əlavə edilməsinə ehtiyac yaranıb.
Mərasimdə Giresun bələdiyyəsinin başkanı Kərim Aksu çıxış edərək Şəkidə olmalarından böyük məmnunluq hissi keçirdiklərini bildirib. Azərbaycana ilk dəfə səfər etdiyini, bu yerlərin onlara çox doğma və yaxın olduğunu vurğulayan bələdiyyə başqanı bu qardaşlığın ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini söyləyib. Kərim Aksu protokolların yenilənməsinin çox əlamətdar bir hadisə - Şəkidə keçirilən "İpək Yolu" IV Beynəlxalq musiqi festivalı ilə üst-üstə düsməsindən məmnunluğunu dilə gətirib, bu festivala Giresun və Konya şəhərlərinin rəqs ansambllarının da qatıldığını diqqətə çatdırıb.
Sonra Şəki və Giresun şəhərləri arasında qardaş şəhər və əməkdaşlıq haqqında protokolun yenilənməsinə dair sənədlərin imzalanması mərasimi keçirilib. Sənədləri Şəki bələdiyyəsinin sədri Fikrət Cəfərov və Giresun bələdiyyə başqanı Kərim Aksu imzalayıblar.
Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun və Giresun şəhərinin valisi Dursun Əli Şahinin də iştirak etdikləri imzalanma mərasimi başa çatdıqdan sonra tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
Daha sonra şəhərin mərkəzində, Xalq Şairi Bəxtiyar Vahabzadənin büstünün qoyulduğu parkda Konya və Giresun şəhərlərindən gətirilmiş torpaq şəhər rəhbərliyinin və Türkiyədən gəlmiş nümayəndə heyətinin iştirakı ilə rəmzi olaraq Şəki torpağına qovuşdurulub.
Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "İpək Yolu" IV Beynəlxalq musiqi festivalı musiqisevərləri, şəhərin qonaqlarını maraqlı və rəngarəng konsert proqramları ilə sevindirib. Şəki Musiqi Kollecinin konsert salonunda kollecin tələbələrinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.
Konsertdən əvvəl məlumat verilib ki, 1958-ci ildən fəaliyyət göstərən bu musiqi ocağında indiyədək 5 minə yaxın orta ixtisas təhsilli musiqiçi hazırlanıb. Kollecdə 6 şöbə - fortepiano, orkestr alətləri, xalq çalğı alətləri, xanəndəlik, xor dirijorluğu və musiqi nəzəriyyəsi şöbələri fəaliyyət göstərir. Hazırda kollecdə 403 tələbə musiqi təhsili alır. "İpək Yolu" Beynəlxalq musiqi festivalında fəal iştirakına görə kollecin kollektivi 2010-cu ildə təşkilatçılar tərəfindən diplomla mükafatlandırılıb. Sonra kollecin xor, xalq çalğı alətləri orkestri və kamera ansamblı geniş konsert proqramı ilə çıxış ediblər. Tamaşaçılar orkestrin ifasında Müslüm Maqomayevin "Radio marşı" əsərini, xor və orkestrin ifasında Qara Qarayevin "Xoşbəxtlik mahnısı" kantatasını, İsmayıl Əliyevin "Bir əlində qanun, birində Quran" odasını, kamera ansamblının ifasında Üzeyir Hacıbəylinin "Aşıqsayağı" və "Arazbarı" əsərlərini dinləyiblər. Konsertdə, həmçinin ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş Gənc ifaçıların II respublika müsabiqəsinin diplomantları, kollecin tələbələri Türkan Məmmədli, Xəyal Bəkirov, Leyla Əliheydərli, Nuranə Bəkirova və Allahverdi Abdurəhimovun ifasında klassik Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib. Konsert alqışlarla qarşılanıb.
Festival çərçivəsində həmçinin Yay Teatrında Şəki ilə qardaşlaşmış Türkiyənin Giresun və Konya şəhərləri rəqs ansambllarının konserti olub. Konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, Türkiyənin Giresun və Konya şəhərlərindən gəlmiş geniş tərkibdə nümayəndə heyəti, musiqisevərlər, şəhər sakinləri iştirak ediblər.
Türkiyədə keçirilən "Yetenek sizsiniz" yarışmasında finala qədər gəlib çıxmış, yekunda dördüncü yeri tutmuş Konya şəhərinin "Kaşıks" rəqs qrupunun təqdim etdiyi bir-birindən maraqlı, oynaq, şux rəqslər tamaşaçıların böyük marağına səbəb olub. Giresun şəhər bələdiyyəsi konservatoriyası orkestri solistlərinin ifa etdikləri türk xalq musiqisi nümunələri, habelə Azərbaycan xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertdən sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festivalda çox fəal iştirak etdiklərinə görə qardaş Türkiyədən olan musiqi kollektivlərinin üzvlərinə təşkilatçılar adından minnətdarlığını bildirib.
Türkiyədən gəlmiş nümayəndə heyətinin rəhbərliyinə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.
(ardı gələn
sayımızda)
Şamxal ŞƏBİYEV
Ədalət.- 2013.- 26 iyul.- S. 3.