Xankəndindən
Şuşaya...
("Ya Qarabağ, Ya
Ölüm" filmindən doğan düşüncələr)
Filmin təqdimatından əvvəl
və sonra
Bu rayon təbiəti və adamları ilə
işğalda olan Qarabağa çox bənzəyir. Elə
Qarabağa həsr olunan filmin bəzi çəkilişləri
üçün məkan seçiləndə də
yaradıcı heyət bütünlüklə
İsmayıllının üstündə dayandı.
Ötən il çəkilişlər
baş tutdu və bir il sonra - 26 iyun Milli Ordu günündə
"Ya Qarabağ, Ya Ölüm" filminin təqdimatı ilə
əlaqədar İsmayıllıya gələsi olduq. Yol
uzanırdı və önümüzdə baş alıb gedən
yaşıl düzlər, sıx meşələr,
başımız üstübdə ağappaq buludlar, bir də
ancaq o buludların yanından görünə bilən
sevgimiz, sevincimiz və dərdimiz...
Əvvəlcə bu rayonun özünəməxsus tarixi
haqqında. İsmayıllı ərazisi e.ə.
dördüncü əsrdə Azərbaycanda mövcud olan
Albaniya dövlətinin tərkibində olub. Bir- beşinci əsrlərdə bu dövlətin
paytaxtı qonşuluqdakı Qəbələ şəhəri
idi. İsmayıllının ərazisi
2074 kv.km, əhalisi ötən ilki məlumatlara görə 82
000 nəfərdir. 1931-ci il noyabr
ayının 24-də rayon statusu alıb. Elə
təxminən həmin ildən "Yeni
İsmayıllı" adı ilə ədəbi-mədəni
mühitin formalaşmasında mühüm rol oynayan ilk rayon qəzeti
də çap olunmağa başlayıb. Sonrakı illərdə
"Zəhmətkeş", "Cavanşir yurdu",
"Girdiman" və s. adlarla nəşr olunsa da, bu rayon qəzeti
əvvəlki rolunu və nüfuzunu qoruyub saxlaya bilib. Bunu ona görə yada saldıq ki, burda -
İsmayıllıda elmə, maarifə, işığa meyl həmişə
yüksək olub.
İsmayıllı
rayonunda 1 şəhər, 2 qəsəbə və 105 kənd
var. Rayon ərazisində 46 tam orta, 22 ümumtəhsil orta və
13 ibtidai məktəb, 6 uşaq bağçası, 3 xəstəxana,
11 həkim məntəqəsi, 2 poliklinika, 23 tibb məntəqəsi
və bir gigiyena və epidemiologiya mərkəzi, 2 tarix-mədəniyyət
qoruğu (Lahıc, Basqal), 5 qala, onlarla digər tarixi abidə,
Heydər Əliyev Mərkəzi, 2 tarix-diyarşünaslıq
muzeyi, 1 mədəniyyət mərkəzi, 13 mədəniyyət
evi, 24 klub, 5 mədəniyyət və istirahət parkı, mərkəzi
kitabxana sisteminin əhatə etdiyi 49 kitabxana filialı, 1 incəsənət
məktəbi, 1 Peşə Tədris Mərkəzi fəaliyyət
göstərir. Bu yaxınlarda onların sırasına biri də
daxil olacaq: "Rayonumuza uzun illərə hesablanmış yeni
bir təhsil layihəsi gəlir. İsmayıllı
Dövlət Humanitar və Texnologiyalar kolleci
açılır". Bu barədə 26 İyun Milli
Ordu gününə həsr olunan bayram tədbirində
RİH-nin başçısı Mirdaməd Sadıqov məlumat
verdi. Kollec
açılmasını ictimaiyyət minnətdarlıqla
qarşıladı.
Qarabağdan uzaqda olsa da, İsmayıllı onun
qayğılarından uzaqda deyil. Rayonun müxtəlif
yaşayış məntəqələrində Dağlıq
Qarabağ və onun ətrafındakı rayonlardan məcburi
köçkün düşmüş 854 ailə (3396 nəfər)
müvəqqəti məskunlaşıb. Rayonda
125 Qarabağ müharibəsi əlili, 625 müharibə
veteranı, 139 şəhid ailəsi var.
Bütün bunlar acı tariximizdir və bunu gənc nəslin
bilməsi vacibdir. Bu mənada gənclərin
qayğıları, onların vətənpərvərlik
ruhunda tərbiəsi işi, hər yerdə olduğu kimi,
İsmayıllıda da çox aktualdır. Buna görə
müntəzəm olaraq rayonun sosial-iqtisadi həyatına, təhsilə,
mədəniyyət və turizmə, gəncliyə, idmana,
tikinti-quruculuq işlərinə, hərbi vətənpərvərlik
tərbiyəsinə, enerji resurslarından istifadə vəziyyətinə,
ideoloji və siyasi işlərin təşkilinə, kütləvi
informasiya vasitələrindən istifadəyə aid məsələlər
müzakirə olunur, qərarlar verilir.
Oxuyan gəncliyə həmişə ehtiyac var. Bu mənada
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə
həyata keçirilən "Hər kəndə
kitabxana" layihəsi diqqətəlayiq hadisədir. Onu da qeyd edək
ki, Azərbaycan hökuməti, Mədəniyyət və
Turizm Nazirliyi layihəni bəyənərək maliyyə təminatı
baxımından onun həyata keçirilməsini yerli
özünüidarəetmə orqanlarına həvalə etməyi
məsləhət bilib. Kitabın ən az
oxunduğu, internetin mətbuatı üstələdiyi bir
dövrdə, həqiqətən, əlamətdar hadisədir.
Xeyirli, uğurlu olsun!
Rayonda təşkil
olunan tədbirlər bir-birindən maraqlıdır:
"Paytaxtdan bölgələrə" devizi altında
keçirilən silsilə tədbirlər buna bir nümunədir.
Artıq xeyli vaxtdır Mədəniyyət və Turizm
Nazirliyinin və Nar Mobile-nin birgə təşkilatçılığı
ilə Bakı Rəsm Qalareyasının nümayəndələri
"Paytaxtdan bölgələrə" adlı layihənin
icrası ilə bağlı regionlarda, eləcə də
İsmayıllıda silsilə sərgilər və ustad dərslərinə
start veriblər. "Cavanşir qalasına
yürüş" və "Mən idmanı seçirəm"
kimi tədbirlər də bu silsilədəndir.
Belə tədbirlərdən söz
düşmüşkən yaxınlarda rayonda təqdimatı
keçirilən "Əbədiyyət dastanı" əsərini
xatırlamaq yerinə düşər. Ümummilli
liderimiz Heydər Əliyevin böyüklüyünü,
dahiliyini, fenomenliyini əks etdirən xalq şairi Zəlimxan
Yaqubun bu əsəri tədbir
iştirakçılarının hamısında yüksək
əhvali-ruhiyyə yaradıb. Belə yadda
qalan tədbirlərdən biri də Aydın
Murovdağlının eyni adlı poeması əsasında Gəncə
Dövlət Dram Teatrının hazırladığı ədəbi-bədii
"Alın yazısı" kompozisiyası oldu.
Film qurtardı, davamız
başladı. Bu dəfə də ürəklərdə...
Elə günlər var ki, onlar respublikamızda önəmli
əhəmiyyət daşıyır, ümumxalq sevincinə,
bayramına çevrilir. 26 iyun - Silahlı Qüvvələrin
yaranması günü də məhz belə günlərdən
biridir. Həmin gün Silahlı Qüvvələrin
yaranmasının 95 illiyi münasibəti ilə
İsmayıllı Gənclər Mərkəzinin iclas
zalında bayram tədbiri keçirilirdi. Əvvəlcə
istefada olan polkovnik Əlaləm Babayev Silahlı Qüvvələrin
yaranma tarixindən, bu günədək keçdiyi inkişaf
yolundan danışdı, ordumuzun qüdrətlənməsində
ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri
olduğunu və Ali Baş Komandan İlham Əliyevin bu yolu
layiqincə davam etdirdiyini diqqətə çatdırdı. Tədbirdə çıxış edən
İsmayıllı Rayon İcra Hakimiyyətinin
başçısı Mirdaməd Sadıqov bu şərəfli
gün münasibəti ilə zalda əyləşənləri,
onların timsalında xalqın vətənpərvər
oğul və qızlarını təbrik edib, gənclərimizlə
qürur duyduğunu bildirdi. Onun sərəncamı ilə
vətənin müdafiəsində fərqlənən 8 nəfər
Fəxri fərmana, məktəblərdə hərbi-idman oyunlarının
təşkilində və keçirilməsində bacarıq
nümayiş etdirən 20 nəfər isə pul
mükafatına layiq görüldü.
Sonra "Ya Qarabağ, ya ölüm" filmi haqqında
fikir söyləmək üçün, eyni adlı filmin
çəkilişinə rəhbərlik edən Bəxtiyar
Qaracaya söz verildi. O, filmin ssenarisi, hazırlanması haqqında
zaldakılara qısa məlumat verdi. Çəkilişlərin Xocavənd rayonunun Nərgiztəpə
ərazisində, Bakı, Şamaxı və
İsmayıllı rayonlarında
aparıldığını bildirdi. Daha
sonra hamını filmi seyr etməyə dəvət etdi.
Onu da qeyd
edim ki, Xocavənd Rayon İcra Hakimiyyətinin sifarişi ve təşəbbüsü
ilə çəkilən bu filmdə yaradıcı heyət
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Qarabağın bu gün düşmən tapdağında
olduğunu hər kadrda donə-donə xatırlamağa,
unutmamağa səsləyir.Bir fakti da qeyd etməyə dəyər
ki, filmin ideya müəllifi yaşadığı həyatda
Qarabağ faciəsinin acısını təmamilə
dadmış, vətən uçün qardaşları ilə
birgə vuruşmuş Xocavənd RİH-nin
başçısı Eyvaz Huseynovdur. Filmin
iştirakçıları da bu gün türk
dunyasının qəbul etdiyi, tanıdığı
insanlardır: yazıçı-publisist, sənətçi
Ahmet Şafak, xalq artisti Mənsum İbrahimov, Milli
Konservatoriyanın rektoru Səyavuş Kərimi, vətənpərvərlik
mahnılarının gözəl ifaçısı Şəmistan
Əlizamanlı, Muğam Müsabiqəsinin
iştirakçısı Səadət Cavadova. Çağdaş
ədəbiyyatımızda öz imzası və istedadı
ilə seçilən, Vətən, Yurd, Qarabağ
mövzusunda əsərlərin müəllifi Sona Vəliyevanın
filmdə səslənən şeirləri bizi düşmən
tapdağında qalan torpaqlarımıza səsləyir...
Filmin nümayişindən sonrakı dolan gözlər,
arası kəsilməyən tamaşaçı alqışları
bir çox həqiqətin - onun bədii gücündən,
yüksək keyfiyyətindən, ən əsası
tamaşaçı marağından, ehtiyacından xəbər
verirdi. Film bir daha sübut elədi ki, Qarabağdan nə qədər
danışsan, nə qədər çəkib göstərsən
azdır. Yaşlı da, cavan da bu söhbətlərin
həsrətindədirlər, çünki o yurdun, o
torpağın həsrətindədirlər.
Tanınmış
ziyalılardan şair-publisist Əbülfət Mədətoğlu
çıxışında öz qaçqın
ömrünü "şərti azadlıq" kimi dəyərləndirdi,
o yurd nisgilindən, Tuğda qapısı bağlı qoyub gəldiyi,
yadından və yuxusundan çıxmayan evindən söhbət
açdı. İsmayıllı Rayon İcra Hakimiyyəti
aparatının məsul işçisi Valeh Salehov belə
filmlərə olan tələbatdan söz açdı, fikirlərini
bölüşdü: "Belə filmlər əyani vəsait
kimi məktəblərimizdə istifadə
olunmalıdır"-dedi. Xocavənd Rayon İcra Hakimiyyətinin
şöbə müdiri Şaiq Aslanov,
iş adamı Gülnarə Əhmədovanın
çıxışlarında böyük qayıdışa
inam hiss olundu.
Hərbi
mahnıların gözəl ifaçısı Şəmistan
Əlizamanlının, "Niyal" ansambılının
müşayiəti ilə Aida Gülzar, Sahibə Abdullayeva,
Qalib Güləliyev, Kamilə Nəbiyeva və Samirə Məmmədovanın
oxuduğu mahnılar könülləri oxşadı,
aşıqların ifası alqışlarla
qarşılandı.
Xankəndində daşqınlar
İsmayıllı təkcə təbiətinə
görə deyil, insanlarına, yaraşıqlı. Gözəl kəndlərinə,
qəsəbələrinə görə də Qarabağa
oxşayır. Burda da Kəlbəcərdəki
kimi İstisu var, burda da Xankəndi var. Bunu artıq
İsmayıllıdan qayıtdıqdan sonra bildik.
Hamımızı araya alan gündəlik
qayğıların və işlərin arasında nədənsə
bu məlumat xüsusi diqqət çəkir: "May
ayının 30-da yağan leysan yağışlar selə
çevrilib. Xankəndinə... ziyan vurub. Daha çox yollar sıradan çıxıb. İmkan olan köməklik rayon İcra Hakimiyyəti
tərəfindən dərhal göstərilib."
Bəli, söhbət Xankəndindən gedir - Ismayıllıda yerləşən Xankəndindən. Bu ad bizi daha haralara aparmadı... Bizim illərdir yağış yuyan, gün qurudan əlimiz yetməyən Xankəndimiz, Şuşamız, Kəlbəcərimiz, İstisuyumuz üçün kaş belə bir gün olsun. O selin-suyun vurduğu ziyanın düzəltməyə, topun-tüfəngin açdığı yaraları sağaltmağa gedək...
Kəmalə Mirzəyeva
Ədalət.- 2013.- 26 iyul.- S. 4.