Şəkidə "İpək yolu" IV Beynəlxalq musiqi festivalının sədası dünyaya yayıldı

 

(əvvəli ötən sayımızda)

 

"İpək Yolu" IV Beynəlxalq musiqi festivalı çərçivəsində XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanları sarayının həyətində Azərbaycanın tanınmış xanəndələri - Xalq Artisti Alim Qasımov və onun qızı, Əməkdar Artist Fərqanə Qasımovanın konserti olub.

Festivalın təşkilatçı qurumları rəhbərlərinin, musiqisevərlərin, şəhərin qonaqlarının iştirak etdikləri musiqi gecəsində ifalara başlamazdan əvvəl xanəndə Alim Qasımov belə bir möhtəşəm, bənzəri olmayan Xan sarayının qarşısında çıxış etməyin onlar üçün böyük şərəf olduğunu bildirib, tamaşaçılara xoş istirahət, festivalın işinə uğurlar arzulayıb.

Geniş diapazona, qeyri-adi səs tembrinə malik olan xanəndələrin tarzən Zəki Vəliyev, kamança ifaçısı Rauf İslamov, balabançı Rəfael Əsgərov və nağaraçı Cavidan Nəbiyevin müşayiəti ilə özlərinə məxsus üslubda ifa etdikləri muğamxalq mahnıları, ritmik muğamlar tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Konsert başa çatdıqdan sonra festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək öz səsi ilə demək olar ki, bütün dünyanı fəth edən Alim Qasımovun qızı Fərqanə ilə birlikdə təqdim etdiyi bu konsert proqramının Xan sarayına çox yaraşdığını bildiriblər. Qeyd olunub ki, bir müddət əvvəl 250 illik yubileyinin böyük təntənələrlə qeyd olunduğu, Şərq memarlığının nadir incilərindən hesab olunan Şəki xanları sarayının həyətində, yaşı beş yüzə çatan qoşa Xan çinarlarının altında keçirilən bu qeyri-adi konsert, şübhəsiz, "İpək Yolu" festivalının ən gözəl anlarından biri kimi hələ uzun illər yaddaşlarda qalacaqdır.

Sonda şəhər icra hakimiyyəti adından görkəmli xanəndəyə və qızına festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

Şəki şəhərindəki yay teatrında tamaşaçılar "İpək Yolu" IV Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan Respublikasının Əməkdar artisti Tünzalə Ağayevanın konsertini izləyiblər.

İfasına başlamazdan əvvəl müğənni Şəkidə ənənəvi "İpək Yolu" Beynəlxalq musiqi festivalının keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib, belə bir musiqi bayramında iştirak etdiyinə görə özünü xoşbəxt saydığını deyib, dəvətə görə festivalın təşkilatçılarına minnətdarlıq edib.

"Hicaz" qrupunun müşayiəti ilə müğənninin ifasında tanınmış Azərbaycan bəstəkarlarının əsərləri, məşhur türk müğənnisi Barış Mançonun, habelə dünyanın məşhur pop musiqisi ifaçılarının repertuarlarından mahnılar tamaşaçıların böyük marağına səbəb olub.

Tünzalə Ağayevanın özünün müəllifi olduğu "Mən Azərbaycanlıyam" mahnısını Şəki Musiqi Kollecinin tələbələri ilə birlikdə ifa etməsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Müğənni konsert proqramına Cəfər Cabbarlının sözlərinə, Asəf Zeynallının bəstələdiyi "Ölkəm" romansı ilə yekun vurub.

Şəhər icra hakimiyyəti adından müğənni Tünzalə Ağayevaya festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

Əməkdar artist Tünzalə Ağayeva müğənni kimi solo karyerasına 2001-ci ildə gənc ifaçıların "Bakı payızı" musiqi müsabiqəsində qalib gəldikdən sonra başlayıb. Müxtəlif illərdə o, Rusiyada, Ukraynada keçirilən beynəlxalq musiqi müsabiqələrinin qalibi olub.

Müğənni respublikanın ictimai həyatında, uşaqlarla bağlı xeyriyyə layihələrində, müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində, diaspor təşkilatlarının tədbirlərində, habelə bir sıra beynəlxalq layihələrdə fəal iştirakına görə fəxri diplomlaramükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "İpək Yolu" IV Beynəlxalq musiqi festivalı başa çatıb.

İyunun 28-də başlananbir həftə davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları və yerli sakinlər bir sıra xarici ölkələrin milli musiqi, rəqs, folklor nümunələri ilə yaxından tanış olub, Azərbaycanın musiqiteatr kollektivlərinin çıxışlarını izləyiblər.

XIX əsrə aid tarixi-memarlıq abidəsi "Aşağı Karvansaray" kompleksində festivalın təntənəli bağlanış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı və Şəki Musiqi Kollecinin xor kollektivi tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış ediblər.

Kollektivin bədii rəhbəri və dirijoru Xalq artisti, professor Ağaverdi Paşayevdir.

Qeyd edək ki, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 1938-ci ildə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə kollektivə Azərbaycan bəstəkarlarından Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov və başqaları rəhbərlik ediblər. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Afaq Məlikova və onlarla görkəmli rəqs ustaları yetişib. 2000-ci ildən ansamblın nəzdində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri fəaliyyət göstərir.

Festivalın yekun konsertinin proqramına Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Cəngi" və "Çənlibel xoru", Tofiq Quliyevin "İlk bahar", "Sənə də qalmaz", Cahangir Cahangirovun "Füzuli" kantatasından ikinci hissə, K. Heydərovun "Xalq Heydər söyləyəcək" və digər tanınmış bəstəkarların əsərləri, habelə xalq mahnısı "Qaragilə", "Gözəl Vətən" xoreoqrafik suitası, "Ay ləli" və digər xalq rəqsləri daxil edilib.

Konsert tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın keçirilməsində yaxından iştirak edən Şəki Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyinin rəhbəri Dünyamin Xəlilov çıxış edərək "İpək Yolu" IV Beynəlxalq musiqi festivalının Azərbaycanın mədəni həyatında çox mühüm hadisə olduğunu diqqətə çatdırıblar.

Bildirilib ki, 2013-cü il Azərbaycanın dahi oğlu, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlamətdardır. Təşkilat komitəsinin qərarı ilə festivalın yekun konserti Ulu Öndərin ölməz xatirəsinə həsr olunub. Məhz buna görə də konsert Ümummilli Liderin çox sevdiyi Üzeyir Hacıbəylinin "Koroğlu" operasının qəhrəmanının sədaları ilə tamamlanıb.

Firəngiz Əlizadə festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiklərinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda şəhər icra hakimiyyəti adından festivalın bədii rəhbəri Firəngiz Əlizadəyə, yekun konsertində çıxış edən kollektivin bədii rəhbəri və dirijoru, Xalq artisti Ağaverdi Paşayevə, habelə kollektivin solistlərinə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

Festival bayram atəşfəşanlığı ilə başa çatıb.

 

Şamxal ŞƏBİYEV

 

Ədalət.- 2013.- 27 iyul.- S. 4.