ŞEİRİMİZDƏ QARABAĞ

 

ƏDƏBİ HƏYAT

 

(IV MƏQALƏ)

 

Müasir poeziyamızda öz fərdi dəst-xətti, deyim və duyum tərzi, yazı manerası ilə seçilən, fərqlənən şairlərdən biri də Əşrəf Veysəllidir. Bu yazıda mən zəngin yaradıcılıq yolu keçən, lakin nədənsə haqqında çox az danışılan, şeirləri ədəbi tənqidin diqqətindən kənarda qalan Əşrəf Veysəllinin yalnız Qarabağ mövzusunda qələmə aldığı şeirlərdən söz açacağam. O səbəbdən ki, Əşrəfin bu mövzuda yazdığı şeirlər öz poetik kamilliyi ilə diqqəti cəlb edir. Yəni bu şeirləri Qarabağ mövzusunda səriştəsiz qələm işlədənlərə nümunə göstərib demək olar ki, bax, Qarabağdan yazanda Əşrəf Veysəlli kimi yazın...

Ən əvvəl onu qeyd edim ki, Əşrəf Veysəlli ədəbiyyata altmışıncı illərdə gəlib. Onu qeydsiz-şərtsiz "altmışıncılar"ın bir nümayəndəsi hesab etmək olar. Amma öncə dediyimiz kimi az təbliğ olunub.

Əşrəfin beş il öncə çapdan çıxan "Ürəyim Allah evidir" şeirlər kitabında Qarabağ həsrətini, yurd itkisindəın doğan yanğını, ürəyə sığmayan qüssəni ifadə edən xeyli şeir var. Bu şeirlər ilk növbədə, poetik sanbalı ilə diqqəti cəlb edirlər. Şeirlərin əksəriyyəti Qarabağ yarası sinədə hələ isti-isti körüklənərkən yazılıb və o səbəbdən də təsirlidir, emosionaldır. Şair torpaq itkisinə dözə bilmir, onun təəssüf hissi təbiidir və günlərin birində fikirləşəndə ki, düşmən əlində nələrimiz qalıb, adamı dəhşət götürür:

 

Ürəklər kül oldu öz arzusunda,

Evin təki getdi, qoşası getdi.

Arana köçənlər yandı susuzdan,

"Ballıca", "Qırxbulaq", "Qoşasu" getdi.

 

Ayım bəd gətirdi, ilim nəs oldu,

Bu dərd ömrüm boyu mənə bəs oldu.

Bu yandan "Ərgünəş" görünməz oldu,

O yandan "Topxana" meşəsi getdi.

 

Ay Əşrəf, gülünclər qoy bizə gülsün,

Sızlayan ürəyinyansın, tökülsün.

Başına daş düşsün, yıxılsın, ölsün,

Kimin ki əlindən Şuşası getdi.

 

Qarabağ mövzusunun bir yöntəmi də İTKİdir. Əksər şairlərimiz əldən getmiş kəndlərimizi,şəhərlərimizi,dağlarımızı, çaylarımızı, göllərimizi, biçənəklərimizi, yamaclarımızı, öir sözlə, o torpaqlarda nəyimiz varsa...onu itki sayır və buna dözəmmirlər. Şairlərimizin şeirlərindəki həsrət və yanğı da elə o itkidən gəlir. Əşrəf Veysəlli də misal gətirdiyimiz şeirdə o itkidən söz açır. Başqa bir şeirdə:

 

O bir çinar, mən bir yarpaq,

Əfsus! Ondan düşdüm uzaq.

O torpaqda bulaq-bulaq,

Çeşmə-çeşmə neyim qaldı.

 

Dumanında, çisəyində,

Qayasında, kəsəyində,

Hər otunda, çiçəyində

Bir parça ürəyim qaldı.

 

Kövrəlmişəm bir saz kimi,

Arzu kimi, muraz kimi.

Ortalıqda Araz kimi,

Harayım, göynəyim qaldı.

 

Yada düşər ötən çağlar,

İçimdə bir kaman ağlar.

"Üzü bəri baxan dağlar,

Mənim sizdə nəyim qaldı".

 

İtki mövzusu Əşrəf Veysəllinin digər şeirlərində də nəzərə çarpır. Onun "Göynəyir" rədifli çox gözəl bir şeiri var və bu şeirdə Ə.Veysəlli öz poetik hünərini göstərə bilib (ötən yazılarımızın birində bu qoşma haqqında qısaca məlumat vermişdik). Göynəmək, hardasa elə itkidir ya da itkidən doğan məyusluqdu, qüssədi.

 

O nədir-qəlbimi yandırıb-yaxan,

O kimdir-həsrətlə yollara baxan...

Ərləri şəhidlik taxtına qalxan

Cavan gəlinlərin saçı göynəyir.

 

Dünyanın özündən əzəl Qarabağ,

Düşmən tapdağında xəzəl Qarabağ,

Gözəl sözündən də gözəl Qarabağ,

Yanır, tüstülənir, uçur, göynəyir.

 

Hayandan başlayır, hardadır Vətən,

Gör neçə ildir ki, dardadır Vətən.

"Qarabağ" kəlməsi dilində bitən

Qardaş sızıldayır, bacı göynəyir.

 

Ay Əşrəf, taleyim hey döyür məni,

Dağılmış bir sahman gözləyir məni.

Atamın məzarı səsləyir məni,

Mənimçün burnumun ucu göynəyir.

 

Əşrəf Veysəllinin şeirlərində biz Azərbaycan türkünün son iyirmi-iyirmi beş ildə keçirdiyi hiss və həyəcanların poetik ifadəsini görürük. Füzulinin Veysəlli kəndindən Bakıya, ali təhsil almağa yollananda Əşrəf iyirmi yaşını yenicə adlamışdı. Ali təhsil illərindən sonra həyatını büsbütün Sumqayıta bağlayan Əşrəf Veysəlli üçün o zamanlar Veysəlli həsrəti ani idi, istəyəndə gedib öz doğma kəndini görə bilirdi. Amma indi nəinki Veysəlli, bir vaxt şeirlərində gözəlliklərini gözəlliklərini vəsf etdiyi Şuşa, Tərtər çayı, Ərgünəş də ürəyində həsrət dağına dönüb.

 

Gözəl Qarabağın acı həsrəti,

Ömrümü talayır, könlümü didir.

Orda uşaqlığım əsirlikdədir,

Burda qocalığım xəcalət çəkir.

 

Əşrəf Veysəllinin bir qarabağlı kimi keçirdiyi mənəvi əzabları biz də anlayırıq. Ona görə də şəxsən onu qınamaq olmaz ki, niyə Veysəlliyə gedə bilməməyini özünə dərd edimr, "Qayabulağ"ın yad əllərdə olmağına dözmür, "qaçqın" çözündən acığı gəldiyini gizlətmir. Bunu qarabağlı da ürəyindən keçirir, qarabağlı olmayan da...bu söhbətə kimsə rəng qatmasın, amma Əşrəfin hissləri bizə daha doğma görünür, çünki o torpaqların, o kəhrizlərin, o qayaların, o çayların, o meşələrin qoynunda boya-başa çatıb.

Onun şeirlərində gələcək qələbənin rəhni yolları da göstərilir. O da Birlikdir, xalqın bütün zümrələrinin, iqtidarlı-müxalifətli nümayəndələrinin bir araya gəlməsidir. Amma bu birlik baş tutmur.

 

Yenə fikirləri baş-başa gəldi,

Başı sağolmuşlar birləşə bilmir.

Bir doğma ananın iki övladı,

Ekizdoğulmuşlar birləşə bilmir.

 

Fikirli çağında, dərdli çağında,

Yanıb yaxın durmur dost da, yaxın da.

Güllə qabağında, top qabağında,

Küncəsıxılmışlar birləşə bilmir.

 

Öz eli, obası əlindən çıxan,

Torpağı,havası əlindən çıxan,

Öz yurdu-yuvası əlindən çıxan,

Eviyıxılmışlar birləşə bilmir.

 

Əşrəfin şeirlərini dərdli şeirlər də adlandırmaq olar. O dərd ki, hamımızın dərdidir və bir şair qələmində poeziyanın da dərdinə çevrilirsə, bunu şairin uğuru sayırıq. Amma hər dərdi, içində kədəri şahə qalxan şeir də poeziyanın dərdinə çevrilmir. Burda gərək poetik istedadın gücü, qüvvəsi bilinə.

Əşrəf Veysəli faciəmizin səbəblərini, köklərini də axtarır və bir şeirində yazır ki:

 

Axır Qarabağda günahsız qanım,

Səbri tükənibdir torpağın, daşın.

Mən yenə inanım? Yenə aldanım?

Gördüm vəfasını "Böyük qardaşın".

 

Günahkar özüməm, özüməm, bir də,

Qardaş dediyimin iyrənc əlidir.

Gözümüz qıpığa, sinəmiz dərdə,

Başımız qapaza öyrəncəlidir.

 

Başqa bir şeirində-"Məni qoymadılar sözümü deyəm"- Əşrəf Veysəlli reallıqda, gerçəklikdə çəkdiyi mənəvi əzablardan söz açır. Həyat çox mürəkkəb və təzadlıdır, şair bu təzadların insan taleyində yaratdığı çarpaşıq, ziddiyyətli dönəmləri qələmə alır. Şairin təsvir etdiyi lirik qəhrəman (əslində, şairin özü) məmləkətdə, yaşadığı mühitdə, cəmiyyətdə baş verən mənfi olayların birbaşa onun həyatından yan keçmədiyini dilə gətirir:

 

Bir yanıq kamanam, bir qırıq sazam,

Köksü dağım-dağım dağlanan neyəm.

Məni qoymadılar şeirimi yazam,

Məni qoymadılar sözümü deyəm.

 

Nə vaxtdır çarmıxa çəkiblər məni,

İri düşmənlərim, xırda dostlarım.

Bizi Qarabağda qırır erməni,

Yıxıb sürüyürlər burda dostlarım.

İsitmək qüdrətim çatarmı mənim,

Donuq vicdanları, soyuq qanları.

Üzü qara olsun bu zəmanənin,

Xəcalət eylədi qəhrəmanları...

 

Ə.Veysəllinin "Qarabağnamə"sində (bu mövzudə yazdığı şeirləri şərti olaraq belə adlandırmaq mümkünsə) təkcə həsrət, qəm və nostalgiya hissləri deyil, həm də nikbinlik, qələbəmizə inam hissi də öz əksini tapır. "Əsgər atasının məktubu", "Əsgər atasıyam", "Vətən dardadır" şeirləri hərbi vətənpərvərlik ruhunda qələmə alınıb və hiss olunur ki, Ə.Veysəlii bu şeirlərdə özünü zorlamır, yəni təbliğat xatirinə deyil, müharibənin bizim qələbəmizlə başa çatacağına böyük inam hissi ilə oxucuya üz tutub.

Çağırış ruhu "Vətən dardadır" şeirində daha parlaq şəkildə öz təcəssümünü tapır: "Gözümün odudur o yurd, o işıq, O mənəm-yıxılan vüqar dağından. Bəsdir əsrlərlə yatıb qalmışıq, Bəsdir! Çıxmalıyıq fil qulağından. Bu daşlar, qayalar dönsün qılınca, Qarlı zirvələrdən qoy keçsin yolum. Məğlub bir ölkənin şahı olunca, Qalib bir ölkənin şəhidi olum!".

"Əsgər atasının məktubu" və "Əsgər atasıyam" şeirlərində isə çağırış harayı daha gur səslənir. Bu şeirlərdə inam hissi, qələbə arzusu ön plandadır.

 

Ürəyim çırpınmaz, nəbzim döyünməz,

Mənim sizin kimi arxam olmasa.

Kiçik bir zəfər də üzümə gülməz

Böyük qələbəyə inam olmasa!

 

Ölmərəm, gözlərəm o günü qardaş-

Bayrağım Şuşaya sancılan günü.

Bu bağlı yolların düyünü qardaş,

Atəş xətlərində açılan günü.

 

Söhbətimizə Əşrəf Veysəllinin "Başına daş düşsün, yıxılsın, ölsün, Kimin ki, əlindən Şuşası getdi" nisgilli bir şeirlə başlamışdıq. Şuşa bizim mədəniyyətin beşiyi olan məkan idi. Biz onu müvəqqəti də olsa, itirdik.Amma yenə qayıdacağıq o gözəl-möcüzəli şəhərə. Bilmirəm, yad tapdağında olan Şuşa möcüzəsindən bir əsər-əlamət qalacaqmı? Amma onu bilirəm ki, lap fantastik bir arzu da olsa, Əşrəf Veysəlli ilə birgə olacağıq o şəhərdə və Əşrəfin 1969-cu ildə Şuşaya həsr etdiyi şeiri də yeni onun dilindən eşidəcəyik:

 

Dolanıb belimə əyri yolları,

Seyrinə çıxmışam bir məmləkətin.

Qolları-

Bir doğma ana qolları,

Yolları-

Bir ömrün yolundan çətin.

 

Yayın qızmarında, qışın qarında,

Gözəllik sərgisi açar bu yerlər.

Qızıl nəğmələrin qanadlarında

Qızıl ulduzlara uçar bu yerlər.

 

Ömrünü-gününü hey zaman-zaman,

Şərqilər ömrünə qatar bu dağlar.

Nəğmə işığında qalxar yuxudan,

Nəğmə işığında yatar bu dağlar.

 

Vaqif YUSİFLİ

 

Ədalət.- 2013.- 27 iyul.- S. 13.