Neftçala yeni inkişaf mərhələsində

 

Şimaldan Salyan, şimal-qərbdən Biləsuvar, qərbdən Cəlilabad, cənub-qərbdən Masallı, cənubdan Lənkəran rayonları ilə əhatə olunmuş Neftçala rayonu Azərbaycan SSRİ- inzibati rayon kimi 1940-cı il fevralın 11-də təşkil olunmuşdur. 24 yanvar 1939-cu ildən 1 il müddətində Xıllı rayonunun tərkibində, o vaxta kimi isə Salyan rayonunun tərkibində fəaliyyət göstərmişdir. Neftçala rayonu sırf Salyan rayonu kimi təşkil olunmaqla, kənd inzibati əraziləri isə Xıllı rayonuna tabe edilmişdir. Xıllı rayonu 1959-cu il sentyabrın 24-də ləğv edilərək Neftçala rayonunun ərazisinə qatılmışdır. Dəfələrlə inzibati tabeliyi dəyişdirilən Neftçala, nəhayət, 1973-cü il aprelin 27-də edilən növbəti dəyişiklikdən sonra bir daha müstəqil rayon statusu almışdır. Rayonda 18 inzibati ərazi nümayəndəliyi ilə bərabər 27 bələdiyyə fəaliyyət göstərir. İnzibati mərkəzi Neftçala şəhəri Kür çayının dənizə töküldüyü məkanda yerləşir.

Neftçala toponimi neftçala sözlərindən ibarət olub "neftli çala" mənasındadır. XX əsrdə Neftçala rayonunun ərazisində böyük neft yataqları aşkar edildikdən sonra burda fəhlə və qulluqçular üçün trest, qəsəbə adlı iri yaşayış məntəqələri salınmışdır. 1952-ci ildə rayona Neftçala adı verilmişdir.

Rayon ərazisinin səthi düzənlikdir. Cənub-şərqi ŞirvanSalyan düzü, qismən də Muğan düzündə yerləşir. Ərazisi dəniz səviyyəsindən 22 metr aşağıdadır.

Şirvan Milli Parkının 1325 hektar sahəsi rayon ərazisinə düşür.

Kür çayı rayon ərazisində delta əmələ gətirərək Xəzər dənizinə tökülür. Bala Kür kanalı, Muğan-Salyan kollektoru rayon ərazisindən keçir. Rayonun heyvanat aləmi zəngin və rəngarəngdir. Burda ceyran, sığır və nərə balıqlarına qədər müxtəlif canlılara rast gəlmək olar. Nərə balıqlarının yetişdirilməsi ilə məşğul olan Kür Təcrübə Zavodu burda yerləşir. Qızılağac qoruğunun ərazisinin əksər hissəsi bu rayonda yerləşir.

Neftçala rayonunda hazırda 80390 nəfər əhali yaşayır. Rayon əhalisinin 48,8 faizini kişi, 51,2 faizini isə qadınlar təşkil edir.

 

Rayonun aqrar həyatı

 

Neftçala rayonu əkinçilik və maldarlıqla məşğul olan kənd təsərrüfatı rayonudur. Heyvandarlıqla məşğul olan əhali mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə 11 özəl süni mayalandırma məntəqəsi yaratmışlar. 2013-cü ilin yanvar-iyun aylarında 1114 baş heyvan süni mayalandırılaraq 656 baş yeni cinsli buzovlar alınmışdır. Quşçuluğun inkişaf etdirilməsi ilə bağlı "Qaraqaşlı Broyler" ASC tərəfindən 2012-ci ildə saatda 4 min quş kəsib emal edən kəsim sexi, 200 ton ət saxlamaq üçün soyuducu anbar, hər biri 25 min quş saxlaya bilən 6 ədəd quş sexləri tikilib istifadəyə verilmişdir. 2012-ci ilin 6 ayında kəsim sexinin tullantılarını emal etmək üçün 20 tonluq ət-sümük unu istehsal edən sex tikilib istifadəyə verilmişdir. Damazlıq yumurta istehsalı üçün hər birinin tutumu 5 min baş olmaqla 6 ədəd quş saxlamaq üçün damların, işçilərin sanitar-gigiyenik şəraitini yaxşılaşdırmaq üçün 2 ədəd buraxılış məntəqəsinin tikintisi aparılır. Rayon üzrə 42944 hektar sahəyə taxıl, 712 hektar sahəyə pambıq, 118 hektar sahəyə kartof, 137,4 hektar sahəyə tərəvəz, 104,1 hektar sahəyə bostan məhsulları əkilmişdir.

01 iyul 2013-cü il tarixə kimi Neftçalada iribuynuzlu mal-qara 42062, xırdabuynuzluların sayı 134555 olmuşdur. Diri çəkidə 4752,5 ton ət, 9672,3 ton süd, 2842 min ədəd yumurta, 253,3 ton yun istehsal olunmuşdur. 2012-ci ilin eyni dövrü ilə müqayisədə mal-qaranın sayı 683 baş, xırdabuynuzluların sayı 4393 baş, ət 1941,8 ton, süd istehsalı 112,2 ton, yumurta istehsalı 505 min ədəd, yun 16,7 ton artmışdır.

"Neftçala-Taxıl" ASC-nin bərpası işlərinə 2011-ci ildən başlanmış və ötən illərdə bu işlər bir qədər də sürətləndirilmişdir.

 

Meliorasiya işləri unudulmayan sahədir

 

Rayonun ərazisində olan torpaqların suvarılması üçün meliorasiya işlərinin vaxtlı-vaxtında aparılması çox vacib şərtdir. 2013-cü ilin yanvar-iyun aylarında 160,7 min kub metr həcmində 4,9 kilometr məsafədə mühafizə bəndləri təmir olunmuşdur. 120 kub metr həcmində betonla sahil bərkitmə işləri görülmüşdür. Ümumilikdə 2009-2012-ci illərdə rayonun Kür çayı ətrafındakı kəndlərində çayın sağsol sahillərində 1903,6 kub metr həcmində 102,3 kilometr məsafədə bənd təmir olunmuşdur. 85,3 min kub metr həcmində, 5,5 kilometr məsafədə dayaqkəsmə, 479 kub metr həcmində betonla və 2320 kub metr həcmində maşınla sahilbərkitmə, daşqın və sel sularından mühafizə məqsədi ilə 627,9 min kub metr torpaq tökmə işləri görülmüşdür. 120 kilometr məsafədə mühafizə bəndləri möhkəmləndirilmişdir.

Ötənlərə nəzər salsaq görərik ki, bu işlər daim nəzarətdə saxlanılmışdır. 2010-cu ildə Bala Kürün məcrasının təmizlənməsi istiqamətində 1967 min kub metr həcmində təmizləmə işləri aparılmışdır. 2011-ci ildə bu rəqəm 2600-ə çatdırılmışdır.

Kür çayının dibini və məcrasını təmizləyəcək gəmilərin yan alması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza - xilasetmə bazasının tikilməsi məqsədi ilə 2011-ci ilin sentyabr ayında Neftçala rayonunun I Qaralı və Kürqarabucaq kəndləri ərazisində, Kür çayının sahilində daimi istifadəyə 5 hektar torpaq sahəsi ayrılmışdır. 2013-cü ilin ilin yanvar-iyun aylarında bazanın tikinti-quraşdırma işləri davam etdirilmişdir. Hal-hazırda bu istiqamətdə işlərin sürəti bir az da artırılmışdır.

 

(ardı var)

 

Səxavət Məmmədli

 

Ədalət.- 2013.- 30 iyul.- S. 3.