Səhnədə keçən
ömür
Görkəmli
səhnə ustası, Əməkdar İncəsənət
xadimi, Azərbaycan Teatr Xadimləri Birliyinin üzvü,
"Qızıl Dərviş" mükafatı, Gəncə
Dövlət Dram teatrının rejissoru Vaqif Abdulla oğlu
Şərifovun 70 yaşı tamam olur.
İnsan
yaşa dolduqca dönüb keçdiyi yola,
yaşadığı onilliklərə nəzər salır və
öz-özünə sual edir: "Mən həyatı necə
yaşamışam, yaşadığım ömürdə
xalqım üçün nə etmişəm?" Təbii
ki, belə bir sualı Vaqif Şərifov da müəyyən
məqamlarda, müəyyən anlarda öz-özünə
verib və hər halda müsbət cavab alıb.
Bəli,
Gəncə Dövlət Dram teatrının rejissoru Vaqif
Şərifov ömrünün 50 ilə yaxın bir
vaxtını teatr sənətinə, Azərbaycan mədəniyyətinin
təbliğinə, tərəqqisinə həsr etmişdir.
O, 1967-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət
Teatr İnstitutunu rejissorluq sənəti üzrə
bitirmişdir və o vaxtdan da həyatını teatr sənətinə
bağlamışdır. O, müxtəlif illərdə
Sumqayıt, Ağdam və Gəncə teatrlarında
çalışmışdır, indiyə qədər 100-dən
artıq müxtəlif janrlı dram əsərlərinə səhnə
həyatı vermişdir. O, 1980-ci ildən bəri Gəncə
Dövlət Dram teatrında işləyir və söz
düşəndə deyir: "Məni yaşadan da
teatrdır, mənə əzab verən də, məni
öldürən də, elə məni dirildən də. Mən
yalnız teatrda mövcudam, teatrda Vaqif Şərifovam, kənarda
isə heç kiməm". Bu səmimi etirafda Vaqif müəllimin
sənətinə vurğunluğu, teatra
bağlılığı bir daha təsdiqini tapır.
Azərbaycan
mədəniyyəti tarixində Gəncə Dövlət Dram
teatrının öz yeri, öz çəkisi, sanbalı
vardır. Vaxtilə bu sənəd məbədində Abbasmirzə
Şərifzadə, Mərziyyə xanım Davudova, Ülvi Rəcəb,
Fatma Qədiri, Ələsgər Ələkbərov, Məmmədrza
Şeyxzamanov, Barat Şəkinskaya, Ələkbər
Şeyfi, Muxtar Afşarov kimi müqtədir sənətkarlar
çalışmışlar. Düzdür, V. Şərifov
bu sənətkarlarla işləməsə də, onların sənət
irsinə yaxından bələd olmuş və bir növ ona
yiyələnmişdir. Onun iş yoldaşları keçən
əsrin 40-50-ci illərində teatr səhnəsinə gəlmiş
Məmməd Bürcəliyev, Ələddin Abbasov, Sədayə
Mustafayeva, Zülfüqar Baratzadə, Rəmziyyə Veysəlova,
Əşrəf Yusifzadə kimi sənətkarlar olmuşdur.
Rejissor sənətdə
əldə etdiyi uğurlara görə sənət müəllimlərini
həmişə minnətdarlıq hissi ilə
xatırlayır. O, deyir: "Mən sənət müəllimlərimi
həmişə böyük qürur və fəxrlə
xatırlayıram. Mənim həyatda püxtələşməyim
və düzgün istiqamət tutmağım
üçün Adil İsgəndərovun, Mehdi Məmmədovun,
Rza Təhmasibin, Rza Sərrabskinin, İslam İbrahimovun
böyük əməyi olmuşdur".
V.Şərifovun
quruluş verdiyi ən yaxşı tamaşalardan
aşağıdakıları göstərmək olar: Nazim
Hikmətin "Demokl qılıncı", H. Cavidin
"Maral", C. Cabbarlının "Almaz",
"Yaşar" pyesləri, Altay Məmmədovun "Dəli
Domrul", Anarın "Şəhərin yay günləri",
Mirzə Məhəmməd Axundovun "Qanın dəllalı",
Hüseynbala Mirələmovun "Vicdanın
hökmü", Elçinin "Qatil", S. S Axundovun
"Eşq və intiqam", A. Vampilovun "Böyük
oğul", İslam İbrahimovun "Anaların
divanı", Ə. Əbülhəsənin "Birinci atəş",
İ. Qasımovun və H. Seyidbəylinin "Böyük
ürək", Orxan Kamalın "Yad qızı",
İ. Şıxlının "Dəli Kür", Ə.
Haqverdiyevin "Bəxtsiz cavan", Hidayət Orucovun "Məhəbbət
yaşayır hələ", Fəridə Əliyarbəylinin
"Xan qızı" və b. əsərlər. Əlbəttə,
bu siyahını bir az da artırmaq olar. Yeni yaranan hər bir səhnə
əsəri rejissorun qəlbinin alovu ilə yanan sənət
eşqinin yadigarıdır. Vaqif Şərifovun quruluş
verdiyi hər bir əsərdə yeni obraz üzərində
işləmək də hər bir aktyorun arzusudur.
Çünki o daim yeniliyi sevən və obrazı yeni bir
baxışda səhnəyə gətirməyi bacaran bir
rejissordur.
Vaqif
Şərifovun rejissorluğa başladığı ilk illərdə
(1968) quruluş verdiyi ilk uğurlu tamaşa İslam
İbrahimovun "Anaların divanı" pyesi olub. Həmin
pyesin tamaşası o vaxt nəinki Gəncə ictimaiyyəti
arasında, eləcə də respublikamızda geniş əks-səda
doğuraraq ilin ən yaxşı tamaşalarından biri kimi
qiymətləndirilmişdir.
Rejissor
Vaqif Şərifov 2001-ci ildə Mirzə Məhəmməd
Axundovun "Qanun dəllalı" pyesinə verdiyi uğurlu
səhnə quruluşuna görə "Qızıl Dərviş"
mükafatına layiq görülmüşdür. İnsan mənəviyyatının
alçaldılması və hər zaman insan mənəviyyatına
qarşı edilən haqsızlıqlar bu əsərin əsas
leytmotivini təşkil edir. Quruluşçu rejissor pyesin
müəllif tərəfindən qoyulan ana xəttini saxlamaqla
onu bugünkü həyatımızla bilavasitə əlaqələndirməyə,
daha doğrusu, müasirləşdirməyə nail
olmuşdur.
Vaqif
Şərifovun Gəngə Dövlət Dram teatrında fəaliyyəti
təkcə rejissorluq işi ilə bitmir, o, həm də yeri
gəldikcə bəzi səhnə əsərlərində
aktyor kimi də çıxış edir. O, S.Vurğunun
"Vaqif" pyesində Əlibəy, Atəf
Zeynallının "Nəriman ata" əsərində
Qüdrət, İ.Əfəndiyevin "Mənim
günahım" pyesində Xansu, yenə İ.Əfəndiyevin
"Unuda bilmirəm" tamaşasında Cəmil və b.
obrazları məharətlə oynamışdır.
Rejissor
Vaqif Şərifov meydan tamaşaları, Nizami Poeziya
teatrında quruluş verdiyi əsərləri ilə də Gəncə
şəhəri əhalisi arasında böyük hörmət
qazanmışdır. Bayram günlərində, tarixi günlərdə
el şənliklərində, küçə və
meydanlarda, açıq səma altında onun meydan
tamaşalarına verdiyi quruluşlar hələ də
yaddaşlarda qalır.
Gəncə
xanı Cavad xanın məqbərəsi önündə
şair Məmməd Alimin ssenarisi əsasında "Cavad
xanın son döyüşü" adlı meydan
tamaşası da rejissorun uğurlu işlərindən
sayıla bilər. Meydan tamaşasında əsas rolları ifa
edən xalq artisti Alim Məmmədovun (Cavad xan), əməkdar
artist Ramiz Vəliyevin (Hüseynqulu ağa), aktrisa Sevda
Orucovanın (Məliknisabəyim) aktyor oyunlarını
tamaşaçılar maraqla qarşılayırlar.
Rejissorun
teatrda quruluş verdiyi son işlərindən biri Elçinin
"Qatil" psixoloji dramıdır. Pyesdə cərəyan
edən hadisələr günümüzün
reallığını əks etdirməklə bərabər,
insan taleyindən, həyat məngənəsində
sıxılanacı talelərin gətirmiş olduğu bədbəxtliklərdən
və sonda həyatın özündən belə, insanı
amansızcasına qatilə çevirməsindən bəhs
edir.
Vaqif
Şərifov həmişə hazırladığı
tamaşalarda gənc aktyor heyətinin qüvvəsindən bəhrələnməyi
sevir. Bu da onun bir rejissor kimi geniş
dünyagörüşündən, seçdiyi sənətə
rəğbətindən, sevgisindən irəli gəlir.
Rejissorun
yaradıcılıq məkanı təkcə Gəncə
Dövlət Dram teatrı ilə məhdudlaşmır, o, eyni
zamanda Ağdam və Qazax rayonları Dram teatrlarının
aktyor heyəti ilə də yaradıcılıq əlaqələri
saxlayır və həmin teatrlarda da bir çox pyeslərə
quruluş verir.
Haşiyə:
Vaqif Şərifov ata şəcərəsi tərəfdən
savadlı, təhsil görmüş bir nəslə mənsubdur.
Doğru demişlər ki, "Ot bitər kökü üstə,
əsli nə isə, Yovşan bəsləməklə çəmənzar
olmaz" (Xəstə Qasım). Onun ata babası Molla Mustafa əfəndi
Şərif oğlu XIX əsrin axırlarında Türkiyədə
dini təhsil almış, XX əsrin əvvəllərində
isə Tiflisdə Qafqaz müsəlmanları müftisi,
görkəmli Azərbaycan maarifçisi və din xadimi
Hüseyn əfəndi Qayıbova şəriət elmlərindən
imtahan verərək Qazax nahiyəsinin İncə dərəsi
bölgəsinə axund təyin olunmuşdur. XX əsrin 30-cu
illərinin repressiya basqıları Molla Mustafa əfəndidən
də yan keçməmişdir. O, həbsolunma təhlükəsindən
qurtarmaq üçün ərəb dilində olan bir çox
əlyazma, cüng və kitablarını
yandırmışdır. Vaqif müəllimin Gəncədə
böyüyüb boya-başa çatdığı ev də
zaman-zaman görkəmli ziyalıların qonaq-qara yeri
olmuşdur. Türk dünyasının böyük şairi
Nazim Hikmət, xalq yazıçısı Mehdi Hüseyn, xalq
şairi Osman Sarıvəlli, ağdabanlı aşıq Şəmşir,
xalq şairi Hüseyn Arif, yazıçı-jurnalist Əvəz
Sadıq və b. sənətkarlar ayrı-ayrı vaxtlarda
Abdulla Şərifovun qonağı olmuşlar.
İllər
ötür, insan yaşa dolur, qocalır, hər şey zamandan
asılı olduğu halda, zaman heç bir şeydən
asılı olmayaraq, öz axarı ilə gedir. Görkəmli
səhnə ustası Vaqif Şərifov da ömrünün
müdrik çağlarını yaşayır. Ömrünün
müdrik çağında onu narahat edən bir məsələ
var: Teatrda tamaşaçı problemi.
Böyük
dramaturq M. F. Axundovdan üzü bəri görkəmli şəxsiyyətlər
teatrı tərbiyə vasitəsi, tərbiyə evi
adlandırmışlar. Bu proses artıq başa
çatmışdır. Elmi-texniki tərəqqi, müxtəlif
video aparatlar, qurğular, televiziya kanallarının
çoxluğu, internet saytları, innovativ texnologiyalar və
s. öz sözünü deyir. Bütün bunlar teatra
marağı azaldır, müəyyən mənada onu
sıxışdırır, lakin buna baxmayaraq, xalqın mənəvi
yüksəlişində yenə teatr sənətinin, teatr mədəniyyətinin
öz yeri var.
Aydın Nağdalıyev,
Filologiya elmləri namizədi,
Dosent
Ədalət.- 2013.- 30 iyul.- S. 4.