Ağdam yürüşü: ruhların, əsaların,
qazilərin görüşü... – REPORTAJ – VİDEO
Kəşfiyyatçılarla
bir gecə, köhnəlməyən nisgil, dəyişməyən
hədəf – QA-RA-BAĞ!
Lent.az-ın əməkdaşı,
keçmiş döyüşçü Rey Kərimoğlu
iyulun 23-də Ağdamda keçirilmiş yürüşdən
təəssürat yazısı ilə qayıdıb...
- Salam,
qaqa!
- Salam, salam! - deyə, cavab verdim.
Hündür boylu, pəhləvan cüssəli bir nəfər
mənə tərəf gəldi. Uzun illərin dostu,
qardaşı kimi qucaqlaşdıq.
- Məni
tanımadın, Rey?
-
Düzü, yox, vallah...
- Mənəm
də, Eyvaz! Şirin Mirzəyevin batalyonunda bir
yerdə döyüşmüşük.
Yenə
xatırlamadım, amma etika xətrinə "ə” hərflərini
uzadıb uzun bir "həəəəə” dedim.
- Səninlə Qaralar kəndində BRDM-də minaya
düşdük ey, yadına düşür?!
Hə, bax indi yüz faiz tanıdım. Eyvaz idi! Bir
batalyonda döyüşmüşdük onunla. 1992-ci ilin yayında BRDM-də minaya
düşmüşük. Onda taleyin
xoş təsadüfü nəticəsində hamımız
sağ qaldıq, mən açıq yara almamışdım.
Amma Eyvaz, Möhübbət və Söhbət adlı
döyüşçülərimiz al qana
boyanmışdı...
Yenidən qucaqlaşıb görüşdük. Bu dəfə
əsl döyüş dostları kimi.
Sonra Mahiri
gördüm! Saybalı Mahiri - Ağdam rayonun Saybalı kəndindən
olduğundan elə belə
çağırılar onu. Azərbaycan
ordusunun ilk mahnısını yaradan oğlandı Mahir. Bir ayağını Ağdərə istiqamətində
gedən döyüşlərdə itirmiş
xıdırlı Mahir də burdaydı. Batalyonumuzun
minaaxataranlar dəstəsinin əsgəri idi. Uzun illər Qarabağ Əlillər Cəmiyyətinin
Ağdam şöbəsinin sədri olub. Ağdam
qəzetinin baş redaktoru, döyüşçü dostumuz
Baxşeyiş Abbasoğlu ilə də
görüşdüm.
1992-ci il, avqustun 20-də Abdal-Gülablı kəndində
- Çıraqlı postunda ağır yaralanaraq
ömürlük əlil arabasına məhkum olmuş Fəxrəddini
gördüm orada - Fəxrəddin Rəhimovu.
Adını unutduğum, sifətini
yadırğadığım ağır günlərin onlarla
dostunu yenidən tapdım o gün. O gün adi gün deyildi. Amma həm
də Ağdamın işğal günü idi...
Kəşfiyyatçılarla
bir gecə
Əslində bizim hamımızı Ağdama -
Quzanlıya yığan bu lənətə gəlmiş
işğal faktı idi.
Hamı
bilir, iyulun 23-də Ağdam rayonunun Ermənistan Silahlı
Qüvvələri tərəfindən işğalından 20
il ötdü. Bununla
bağlı ilk dəfə olaraq Ağdam rayon İcra Hakimiyyəti
Quzanlı qəsəbəsində izdihamlı
yürüş-mitinq keçirilməsini
planlaşdırırdı. Döyüşçü
dostum, Qarabağ Qaziləri İctimai Birliyinin Ağdam rayon
şöbəsinin sədri Şamil Əbilov bunu mənə
demişdi. Amma Ağdam rayon icra hakimiyyəti
başçısı Nizami Sadıqovun adından onun
müavini Zülfü Qasımov zəng açıb rəsmən
yürüş-mitinqə dəvət etdi. Hər ikisinə
kədər qarışıq olsa da bu xoş anları
yaşadığıma görə minnətdaram...
Bakıdan döyüşçü dostum, Ağdərənin
Qazançı kəndində yaralanan kəşfiyyatçı
Rafiq Kərimovla yola düşdük. Axşam Ağdama
çatdıq. Gecə birbaşa
döyüşçü dostumuz Çingiz Hüseynovgilə
getdik. Həsən Mehdiyev də gələcəyimiz
bilib ora gəlmişdi. Rafiq kimi
Çingizlə, Həsənlə də kəşfiyyat dəstəsində
bir yerdə döyüşmüşdük. Dörd cəbhə dostu gecə yarıdan keçənə
qədər dərdləşdik. Söhbət
başımızı elə qatmışdı ki, heç
digər kəşfiyyatçı dostumuz, Bakıda yaşayan
Eldar Səmədova zəngimizin saat üçə işləmiş
olduğunun fərqinə də varmadıq...
Ağdamdan
Qarabağa doğru!
Müxtəlif şüar və
çağırışlarla davam edən
yürüş-mitinqə Qarabağ əlilləri Quzanlı
təpəsinin yaxınlığından qoşulacaqdı. İcra
başçısı Nizamı Sadıqov əksəriyyəti
ayağından ağır yaralı olan qazilərimizin isti
havada uzun yol qət etməsinə qıymamışdı.
Mən də döyüşçü
dostlarımla orada görüşdüm.
Bakıdan da ağdamlı qonaqlar getmişdi
yürüşə. Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad
Əsədov, Azərbaycanın Milli Qəhrəmanı Fred
Asifin qardaşı, Qarabağ qazisi Ədalət Məhərrəmov,
şair-publisist German,
idmançı-döyüşçü Cabir müəllim.
"Qarabağ” qəzetinin baş redaktorunun müavini Sarvan
Ağayev, Ağdam adı gələndə hər yerdə sinəsini
qabağa verən Surxay Əlibəyli, media-hüquq eksperti
Ələsgər Məmmədli...
Ağdərənin Umudlu kəndində iki ay digər əsgərlərimizlə
birgə erməni mühasirəsində qalan
döyüşçü dostumuz, şirin mirzəyevçi
Rafiq Qarayev. Yeri gəlmişkən, Rafiq Umudlunu ən sonda tərk
edən 18 əsgərdən biridir. O əsgərlər
ki, ermənilərin mühasirəsindən çıxmaq
üçün 4-5 sutka Murovun qarlı
aşırımından aşaraq Kəlbəcərə
çatmışdılar. Acından ölməmək,
xilas olmaq üçün yolda ov tulasını kəsib yeyiblər.
Həm indiki həyatda, həm cəbhədə Rafiqin ən
yaxın dostu Mahir İbrahimov, Sənan və digər dostlar da
gəlmişdi Ağdama...
"Bu
gün Ağdamda 90 mindən çox insan yaşayır”
On mindən artıq insanın qatıldığı
yürüşün lap önündə əlil arabasında
Fəxrəddin Rəhimov gedirdi. Onun ardınca
sağında-solunda əli əsalı qazilərimizin tən
ortasında Ağdam rayon icra hakimiyyətinin
başçısı, rayonun müxtəlif idarə və
şöbələrinin rəhbərləri. Yol boyu səslənən müxtəlif
şüarlar adamın tükünü ürpədirdi,
bütöv Ağdama qayıdışa inam yaradırdı.
Yeri gəlmişkən, ən xırda detal da nəzərə
alındığı yürüş-mitinqdə hava isti
olduğundan yol boyu sərin sular qoyulmuş, təcili
yardım avtomobilləri dayanmışdı.
İnsan seli Quzanlı təpəsindəki şəhidlər
abidə kompleksinə yetişdi. Şəhidlərimizin adına ucaldılmış kompleksi ziyarət
etdikdən sonra mitinq oldu.
Ağdam
rayon icra hakimiyyətinin başçısı Nizami
Sadıqov çıxış etdi: "Öz
yaşadığı rayonun, uşaqlıq xatirələri ilə
dolu olan doğma kəndinin işğal gününü yad
etmək, xatırlamaq vətənini sevən hər bir insan
üçün olduqca ağırdır. Bugünkü
gün bizim həyatımızda həmişə acı bir
xatirə kimi qalacaqdır”.
Onun sözlərinə görə, 71 nəfər
Ağdamlı döyüşçü erməni
işğalçılarına qarşı vuruşmalarda cəsarət,
şücaət və misilsiz qəhrəmanlıqlar göstərdiklərinə
görə mükafatlandırılıb. Onlardan 16 nəfəri Azərbaycanın
Milli Qəhrəmanı Fəxri
adına layiq görülüb, 21 nəfər "Azərbaycan
Bayrağı” ordeni, 7 nəfər "Vətən
Uğrunda”, 7 nəfər ”İgidliyə görə”, 21 nəfər
"Hərbi xidmətlərə görə” medalları ilə
təltif olunub.
"Bu o
deməkdir ki, Vətəninə bağlı olan
ağdamlılar Vətəni sevməyi, onun yolunda şəhid
olmağı bacardılar, Ağdam uğrunda gedən
döyüşlərdə 5 min nəfərdən çox
insan şəhid olmuşdur. Təəssüflər olsun ki,
havadarlarının köməyi sayəsində Ermənistan
silahlı qüvvələri Ağdam rayonunun 77,4 faizini, o
cümlədən Ağdam şəhərini, 1 qəsəbə
və 82 kəndi işğal etdilər. 143 min nəfər
Ağdamlı, məcburi köçkün vəziyyətinə
düşərək Respublikanın 62 şəhər və
rayonunda müvəqqəti məskunlaşmışlar.
İşğal
olunmuş ərazidə 34600 yaşayış evi, 27 sənaye,
29 kənd təsərrüfatı, 57 rabitə, 120 səhiyyə,
108 mədəniyyət obyekti, 114 tədris, 59 məktəbəqədər
tədris, 11 nəqliyyat, 32 tikinti müəssisələri, çoxlu sayda abidələr, muzeylər
və sairə qalmış, rayona 17 milyard manatdan çox ziyan
dəymişdir.
Ağdamın işğalı təkcə
Ağdamlıların faciəsi deyil, bütün Azərbaycanın
faciəsidir, ağrısıdır. Bu faciəni dəyərləndirən
Ümummilli Liderimiz Heydər Əliyev əbəs yerə deməmişdir:
"Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz!”
Bu gün hər bir Ağdamlının qəlbində
bir təəssüf hissi yaşayır. Bu təəssüf
hissi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə
qayıdışının bir qədər gec
olmasıdır. Belə ki, Ulu Öndər siyasi hakimiyyətə
6 ay tez gəlsəydi Azərbaycan böyük itkilərə məruz
qalmazdı və torpaqları işğal olunmazdı”.
N.Sadıqov
çıxışında dedi ki, bu gün Ağdamın qan
bahasına işğaldan qorunan ərazisində 90 min nəfərdən
artıq əhali yaşayır. Burada məcburi
köçkünlər üçün 17 müasir tipli qəsəbə
salınıb.
"Biz doğma torpaqlarımıza qayıtmaq ümidi
ilə yaşayırıq və buna möhkəm əminik. İnanırıq
ki, Ulu Öndərin layiqli davamçısı cənab
İlham Əliyevin apardığı uğrulu daxili və
xarici siyasət, ordu quruculuğundakı son nailiyyətlər
bu qələbəni daha da yaxınlaşdırır. Biz ölkə Prezidentinə və Azərbaycan
ordusunun gücünə inanırıq. Bu il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin
95 illiyinə həsr olunmuş hərbi parad bu inamı bir daha
artırdı.
Azərbaycanın regionda lider bir ölkəyə
çevrilməsi, beynəlxalq qurumlarda öz
sözünü deməsi, iri miqyaslı neft-qaz layihələrinin
hazırlanması və həyata keçirilməsindəki
aparıcı rolu torpaqlarımızın azad edilməsinin
etibarlı zəmanətidir.
Bu yolda xalqımıza və dövlətimizə
uğurlar diləyirik!”
"Qa-ra-bağ”
sədaları yayıldı ətrafa...
İşğal
günündə Qarabağla bağlı kitabların sərgisi
keçirildi
Ondan sonra Xocavənd rayon icra hakimiyyətinin
başçısı Eyvaz Hüseynovun çıxış
etdi.
Yürüş mitinq Ağdam Mədəniyyət evində
davam etdi.
Burada diqqətimi çəkən ən önəmli məsələ
Qarabağdan yazılan kitabların sərgisi oldu. 70 adda 250 kitab
nümayiş olunurdu. Kitabları
Silahlı Qüvvələrə İctimai Nəzarət
Birliyinin sədri Emin Həsənli toplayıb təqdim edib.
Məncə, işğal günündə kitab
sərgisinin təşkili çox vacib bir məsələdir.
Sonra rayon
ictimaiyyətinin, qonaqların iştirakı ilə şəhidlərimizin
ruhuna dualar oxundu, onların adına ehsan
verildi.
P.S. Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı neçə müddətdir öz işini bərpa edib. Yeni təmirdən çıxmış Ağdam Mədəniyyət Evində müxtəlif tamaşalar qoyulur səhnəyə. Qismət olsa mütləq gedib orada tamaşalara baxacam.
Həmin yürüş-mitinqdən Ağdam
Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan
"Böyük Ağdama qayıdışın addım səsləri
” adlı video roliki sizlərə təqdim edirik:
Ədalət.-2013.-31 iyul.-S.3.