ÇİÇƏKLƏR
AĞLAMASIN...
(AYAZ
ARABAÇININ ŞEİRLƏRİNİ OXUYARKƏN)
ƏDƏBİ
HƏYAT
Ayaz Arabaçı müasir ədəbiyyatımızın orta nəslinə mənsub yazarlardandır. Ədəbi nəsil etibarilə doxsanıncılara aiddir. Arabaçı təxəllüsünü o, kəndinin adından götürüb. Bir neçə şeir kitabı çapdan çıxsa da, mətbuatda şeirləri dərc edilsə də, hələlik Ayaz Arabaçının şeirləri xüsusunda elə bir araşdırıcı yazıya rast gəlməmişəm.
Bülbül azadlıqda var,
Girsə qəfəsə-yoxdu.
Bəxt dalınca yüyürdüm,
Düşdüm həvəsə - yoxdu.
Mənim yolum uzundu,
Mənzilim kəsə, yoxdu.
Etibar ömrə, cana,
Bir də nəfəsə, yoxdu.
Qapımı kimsə döyür,
Çıxıram səsə-yoxdu.
Hər
şey var, amma yenə,
Baxırsan, nəsə yoxdu.
Bu misralar Ayaz Arabaçının "Ümidlər
puça çıxır" şeirlər kitabının ən
axırıncı səhifəsinə həkk edilib. Doğrusu, həm kitabın
adı, həm də yuxarıdakı misralar kitabla tanış olmayan istənilən bir oxucuda
pessimizm havası yarada bilər. Amma bu dünyada
bütün möcüzələr, sirlər
açılmaqdadır, hətta gözlənilməz hadisələr,
olaylar da var və olacaq. "Ümidlər puça
çıxacaq"gilk baxışda bir şeir kitabı
üçün ad ola bilməz, amma
içəriyə, Ayaz Arabaçının
yaratdığı şeir ərazisinə daxil olduqda bu
adın heç fərqinə varmırsan.
Ayaz Arabaçının lirik qəhrəmanı onun
özüdür desək, - heç də səhv etmərik. Adətən,
hər bir şair özünü ifadə edir və həm də
bu özünüifadədə onun müasirlərinin də
duyğu və düşüncələri əks olunur.
Ayaz Arabaçının şeirlərində də
əksər hallarda bunun poetik təzahürü ilə
qarşılaşırıq. Təbii ki,
bunu tam mənada sevgi şeirləri barədə söyləyə
bilmərik. Çünki o hissləri, o
duyğuları şairin özü yaşayıb, bununla belə,
sevgi şeirlərində də oxucu öz ürəyinə
yaxın hisslərlə doğmalaşa bilir. Elə söhbətə Ayazın sevgi şeirlərindən
başlayaq.
Müasir dövrümüzdə poeziyada yenə də
mövzu etibarilə üstünlük sevgi şeirlərindədir. Hər gün, hər saat, bəlkə
də hər dəqiqə şairlərin qələmindən
nə qədər sevgi şeirləri çıxır, -
haqq-hesabı yox. Təbii ki, bu sevgi şeirlərinin
heç də hamısı əsl poeziya nümunəsi
sayıla bilməz. O şeirlərin əksəriyyəti
sevgi havasına yox, şeir havasına yazılır. Əsl sevgi şeiri yaşanılan hisslərdən
doğur və Ayaz Arabaçının bir çox şeirlərində
biz bunun şahidi oluruq. Budur,
alçaların gül açdığı bir yaz gecəsi,
Aşiq olan gənc üzünü sevgilisinə tutub ondan bu
baharı soruşur.
Həsrət
qoxusu var uzaq illərin,
Könlüm bu şəhərin yetim küçəsi.
Necədi
əllərin, isti əllərin,
Tellərin necədi bu yaz gecəsi.
Tək
qalan qu kimi batmışam yasa,
Ürək dözəcəkmi bu qəm xəncərə.
Necədi
başını qoyduğum masa,
Necədi nəfəsin dəyən pəncərə.
Şeir
beləcə səmimiyyətlə davam edir və sonda sevdiyi
qızla bağlı çox mətləbləri öyrənmək
istəyən gənc sanki ayılırmış kimi
soruşur ki: "Hər şeyi soruşdum, sən bir işə
bax, Bir yol soruşmadım özün necəsən?" Təqdim olunan sevgi şeirlərində ən
başlıca cəhət qarşılıqlı məhəbbətin
təsviridir, yəni iki insanın bir-birinə münasibəti
ön plana çəkilir.
Bu münasibətlərdə real hisslərlə romantik
duyğular müvazidir, bir-birini tamamlayır. Sevgidə
hicran motivləri həmişə dəbdə olub,
ayrılıq əzabını bütün şairlər əks
etdiriblər və bəzən bu, trafaret halına keçib.
Gizlətməyək, sevgi ilə bağlı hisslərində
nikbinlik halları çox cüzi yer tutur şeirimizdə.gAmma
Ayaz Arabaçı yazır ki:
Ürəyim
doludu, işıqla dolu,
Səndən axıb gəlir bu nur, duyuram.
Çalış
qırılmasın bu ömrün yolu,
Mən sənə sevgimlə qürur duyuram.
Ürək
dəniz kimi gizlədən deyil,
Min-min mirvarini, min-min incini.
İndi az qalıram günəşə dönüb,
Hamıya paylayım öz sevincimi.
Qışqırım
sevirəm, susum sevirəm,
Elə hər ikisi bir məna verir.
Sən
heç nə soruşma, özüm bilirəm,
Oduna yanmağım mənə nə verir.
Ayazın sevgi şeirlərini məhəbbətlə
dolu bir ürəyin tarixçəsi də hesab etmək olar. Bu sevginin
başlanğıcı və sonu barədə isə fikirləşməyəsə
dəyməz, çünki əvvəli də, axırı
da birdir - saf hisslərin, duyğuların sonu olmur, məhəbbət
bir anlıq, bir günlük deyil, əbədiyyəndir.
Ayaz
Arabaçı - gözəl sevgi şeirlərinin müəllifi
bir başqa şeirində yazır ki: "Çəməni,
gülşəni götürüb çayır, Qandallar bənövşə
ətiri yayır. Hər yetən
özünü Füzuli sayır, Sevgi şeirləri
yazmağa dəyməz". Bax, bu məqamda
mən Ayaz Arabaçı ilə qətiyyən
razılaşmıram. Deyim ki, lap elə Füzuli
dövründə də sevgi şeirləri qayət çox
idi, Füzulidən sonra da yenə həndəsi silsilə ilə
artdı, çoxaldı, amma yaşayan, nəsillərdən
nəsillərə, əsrlərdən əsrlərə
keçən elə Füzulinin qəzəlləri oldu. Yazırsan ki, ağrının içində,
ahın içində sevgi şeirləri yazmağa dəyməz,
gözəllər ucuzlaşıb, onlar bir ovuc paraya
satılırlar, bu məmləkətdə sevgilər qəhr
olub, qadınlar çörək dərdi çəkirlər,
ona görə də sevgi şeirləri yazmağa dəyməz.
Amma bütün bunların-sevginin, gözəlliyin
qəhr olunduğu bir zəmanədə yazılmalıdır
sevgi şeirləri. Bir də ki, Ayazın
özü bir sıra gözəl sevgi şeirləri yazıb
və durub deyəndə ki, "sevgi şeirləri yazmağa
dəyməz" - öz-özünü inkar etmirmi?
Ayaz Arabaçı bu günün, bu dövranın
şairidir və təbii ki, onun şeirlərində
zamanın küləklərinin səsini eşitməliyik, təzadlı
hadisələrinin, olaylarının, bir-birinə zidd mənəvi
münasibətlərinin şahidi olmalıyıq vəgoluruq. Budur, şair
vağzal kafesində bir aşığın pul qazanmaqdan
ötrü sazı sinəsinə baxıb oxumağına
yanır. Çörək imtahanı, ruzi
sınağı o aşığı öz sənətinin
zirvəsinin aşağı yumbaladıb. "Hönkürə-hönkürə
dağlar deyirsən, Dağlarda dağların şiri
olardın, sənə yiyə duran Koroğlu olsa".
Daha bir təzad: Koroğlu Keçəl Həmzənin kabineti
qarşısında növbə gözləyir, yaxın silahdaşı
xan Eyvaz on ildən çoxdu ki, iş axtarır. "Bu
gün ömrümüzün Şuşa
günüdür" şeirində isə məmləkətin
böyük dərdi əks olunur:
Bu gün
ömrümüzün Şuşa
günüdü,
İşğal tarixidi, biliklənirik.
Bu gün
ömrümüzün şüşə günüdü,
Təzədən qırılıb çiliklənirik.
Biz axı
düşmənə kin bəsləyənik,
Bəs
niyə alammır o kin Şuşanı,
Siyasi rəssamlar
sözdən qurtarın
Zəfər meydanına çəkin Şuşanı.
Hanı o
siyasət, hanı o dahi,
İllərdir ərimir, ərimir bu qar.
Görən
nə düşünür millət, ilahi,
Axı lüğətində "kişi"
sözü var.
Qeyrət
qışqırıram kar qulaqlara,
Tənə eləyirlər, ələ salırlar.
Oturub hərə
bir isti otaqda,
Torpaq əvəzinə rüşvət alırlar.
Yosun
bığ deputat efirə sığmır,
Dağıdır
hər yana tüpürcəyini,
Vətən
satılandan, torpaq gedəndən,
Düzəlib geyimi, başı, əyini.
Hərə
bir tərəfdə baş girələyir,
Söz
alır, söz satır gəlib-gedənlər,
Qəsrlər
ucalıb buluda dəyir,
Piylənir qarınlar, şişir gödənlər.
Bu, əsl publisistik şeirdirgQəzəbli, sərt,
çılğın hisslərin ifadəsidir. Həqiqət
deyir hər misrası.
Ayaz
Arabaçının həyatı müxtəlif anlarını,
çalarlarını, nüanslarını tutan şeirləri
də az deyil.
Onun fərdi poetik üslubu hər mövzuda
yazdığı şeirdə özünü təsdiqləyir. Qəzəbli
də olur, sakit də, həyəcanlı da, duyğulu da,
nostalgiyaya qapılanda da, sabaha inamla boylananda da. Hansı pozada olursa-olsun, Ayaz Arabaçının
poetik səsini tanıyırsan.
Kitabının adını "Ümidlər puça
çıxır" qoysa da, Ayazın şeirlərində
işıqlı məqamlar kədərli duyğulardan qat-qat
çoxdu.
Şəxsən mənim üçün Ayaz
Arabaçının "Çiçəklər necə
ağlayır" şeiri daha doğmadır. Zərif bir
şeirdir bu, çünki "küləklər
ağlamır ki, mələklər ağlamır ki,
çiçəklər ağlayanda". Çiçəklərin zərif qoxusunu, rahiyəsini
duymuşam, amma hıçqırıqlarını eşitməmişdim.
Onu da Ayaz Arabaçı yazdı "Bir çiçəyin
gözünü silmək min-min günaha bəsdi".
Kitabda cəm olan şeirlərin heç də
hamısı haqqında fərəhlə danışmaq
mümkün deyil və bu da təbiidir. Yaxşı
şeirlərlə bir sırada Ayazın ortabab şeirləri
də var. Amma bir məqamı qeyd edim ki, səviyyəsindən
asılı olmayaraq Ayaz Arabaçının şeirlərinin
hamısında səmimiyyət duyulur. "Dünya yalan
dünyadı" deyən Ayaz Arabaçı eyni zamanda bu
misraların da müəllifidir:
Olur bəzən
ümidimi daşa vururam,
Olur bəzən ürəyimi yeyirəm, bilin.
Mən
ömrümü oğul kimi başa vururam,
Mən
sözümü kişi kimi deyirəm,
bilin.
Kiməm,
nəyəm, əks etdirər yazdığım şeir,
Zaman çırpar, silkələyər, nə isə
qalar.
Ulu
xalqım, qiymətimi bircə özün ver,
Elin gözü tərəzidir deyib babalar.
Uğurlar
arzulayıram, Ayaz!
Vaqif YUSİFLİ
Ədalət.-2013.-1 iyun.-S.13.