GÜNAH
Hekayə
(əvvəli ötən şənbə
sayımızda)
Telefon zəng çaldı. Dəstəyi qulağına aparan Ağababayevin üzü əvvəlcə mülayim, sonra sərt ifadə aldı:
- Təsərrüfat tamam-kamal yoxlanılmalıdır. O dikbaş cəzasına çatmalıdır.
Dəstəyi yerinə qoyub söhbətin kimdən və nədən getdiyini fəhmlə hiss edən Gülaya baxdı:
- Eşidirsən də, prokuror tərəddüd eləyir. Yox, mən heç kimə güzəştə getməyəcəyəm.
Bayaq stolun üstünə sərdiyi naxışlı kağız süfrəni yığışdırıb boş stəkanı götürən Gülay başını tərpətdi:
- Əlbəttə, - deyə adəti üzrə rəisinin sözünə qüvvət verdi, - belələrinə güzəştə getmək olmaz.
Sonra çox vacib sirri açırmış kimi pıçıldadı:
- Onlar çoxdanın yaxınıdırlar. Müdir prokuroru gen-bol yedirdir, cibini doldurur.
- Hiss edirəm, ancaq bu dəfə hiyləsi baş tutmayacaq, imkan verməyəcəyəm, mərkəzlə danışıb "ipini" kəsəcəyəm onun.
O, bu sözləri qəzəb dolu qətiyyətlə deyib köməkçisinə möhkəm tapşırdı:
- Heç kimi mənə qabaqcadan deməmiş yanıma buraxma. De ki, həftədə bir dəfə qəbul günü gəlsinlər.
Köməkçi qadın prokurorun zəngindən sonra əsəbiləşib sərtləşən "şefini" məhrəm nəzərlərlə süzüb yalnız onların ikisinə məlum "simə" toxunaraq ərklə dedi:
- Arxayın olun, sizdən icazəsiz kabinetinizdə heç "qızıl quş" da uça bilməz.
Sevimli qadının sözləri elə bil kişinin ürəyinə məlhəm oldu, hirsi soyudu, üzü işıqlandı.
***
Ağababayevin kabinetindən çıxan Gülay ümumi şöbənin qapısını açdı. Otağının pəncərəsindən aydın görünən qoşalaylı hündür qapıya sarı boylandı. Onun icazəsi olmadan heç kəs bu qapıdan rayon rəhbərinin qəbuluna düşə bilməzdi.
O, otağın küncündəki iri, tünd rəngli dəmir seyfin qapısını açanda telefon zəng çaldı.
- Bəli, eşidirəm, Abı müəllim,
sizsiniz? Nə
əcəb sizdən? Necə? Xeyr, zarafatla dedim. Siz həmişə zəng eləyib hal-əhval
tutursunuz, hədiyyəniz də öz yerində.
Çox sağ olun, razıyam. Kişi də yaxşıdır. Sizin keçən axşamkı
çıxışınızdan razı qalıb. Deyir yaxşı ki, təcrübəli prokurorum var, əsl
yuristdir. Hə, hə, elə belə də dedi, papam
canı. Bəli, müşavirə olacaq. Siz hardan bildiniz? Mən
özüm xəbər verəcəkdim. Onda
xahiş edirəm yoldaşlarınızla birlikdə gəlin.
Rəislə hakimi deyirəm. Sağ olun.
Dəstəyi yerinə qoyub fikrə getdi. Bu "hiylə"
həmişə onu qabaqlayır. Hər
şeydən hamıdan tez xəbər tutur. "Heç gözüm su içmir bundan. Kişinin üzünə gülür, tərifləyir,
içində tələ qurur. Mənə
belə gəlir, ürəyimə damıb. Camaat əbəs
yerə ona "hiylə" demir ki".
Otağın qapısının qəfildən
açılmasından səksəndi. Baş
makinaçı Zəhra özünü təngnəfəs
içəri saldı.
- Nə
olub, ay qız? Qorxutdun məni, elə qapı
açarlar? Nədi, xeyir ola?
- Lənət
şərə. Sağlığına
hamısını xırıd elədim. Zalım
oğlu zavxoz Saleh elə bil iy bilir.
Gülayın
şübhə ilə qoşalaylı qapıya sarı
boylanmağını görüb səsini içinə
saldı:
- Hardansa
öyrənib ki, rayona vneştorq malı gəlib.
Özü də hamısı xodovoy... Bir də özün
bilirsən də, xeyir işimiz olacaq, gəldim yağ,
düyü məsələsini yadına salım.
Gülay
arxayın-arxayın dəstəyə əl atdı:
- Alo,
Alışov, salam! Tanıdın?
Ola bilməz, sən başqalarını,
özünə xeyirliləri tanıyarsan. Kişi elə doğru deyir ki, Alışov yox,
Alımovsan. Nəə? Səni biabır eləməyim? Eləyərəm,
o yana da keçərəm. Bəs
sən vneştorqun malını gizlədəndə
yaxşıdı? Nə, təzə gəlib,
heç anbara yığılmayıb? Deyirəm
axı, Alımov, vay bağışla, Alışov məni
yaddan çıxarmaz. Yaxşı-yaxşı,
and-aman eləmə, sənin o belibükük kaftar katibənin
canıyçun inandım. De görüm
yağın, düyün, qəndin var? Bizim
Zaranın xeyir işi olacaq, ona görə soruşuram. Yox, mənə lazım deyil. Belə
xırda-xuruş şeylərdən ötrü
özümçün ağız açmaram. Sağ
ol!
Zəhra
sevincək Gülayı qucaqladı:
- Ay sənə
qurban olum, Gülya. Allah səni
başımızın üstündən əskik eləməsin.
Gülayın barmaqlarını qoşalayıb
dodağına tuşlayaraq "sss..." elədiyini
görüb səsini xırp kəsdi. Araya ani
sükut çökdü. Gülay ona mənalı-mənalı
baxıb soruşdu:
- Bəs
başqa xəbər-ətər yoxdu bu boyda rayonda?
- Niyə
yoxdu?! - deyə qulağına
pıçıldadı: "O məsələni öyrənmişəm".
Gülayın gözləri qəribə bir maraqla
alışıb yandı. Ona elə gəldi ki, Zəhra
qulağına adi söz pıçıldamır, bir-birindən
qiymətli brilyant sırğalar taxır...
- Yenə
nə pıçhapıçdır!..
Balaş
Balayevin daz başı qapı ağzında
işıldadı:
- Deyirəm,
pıçhapıç olmasa görən qadınlar necə
yaşayarlar?
Söhbətin şirin yerində qanını qaraldan
Balayevə Gülayın acığı tutdu. Ona əsəbi halda
bozardı:
-
Qadınlar yox, indiki kişilər yaşaya bilməzlər!
Balaş
Balayev gözləmədiyi "həmlədən"
çaşıb tez özünü
yığışdırdı: "Bu zalım qızı əsəbləşəndə
üzünü görmə, düz deyirlər, "dişi
iblis"dir, özündən nə desən uydurub kişiyə
başqa söz deyər məndən..."
Qadın
Balayevin karıxıb özünü itirdiyini hiss etdi. İlk dəfə görürmüş kimi onun tava
cücəsi kimi qızarmış ətli sifətinə, tərdən
puçurlanan iri, daz başına qəribə nəzərlərlə
baxdı, hirsi soyudu, dodağı qaçdı.
Kişinin ürəyi yerinə gəldi:
-
Gülay xanım, vallah, mən elə-belə zarafatla dedim o
sözü...
Hirsi
soyusa da, qadın geri çəkilməyib sözündən dönmədi:
- Ancaq mən
zarafat-zad eləmədim, olanını dedim.
Özünəməxsus
yumşaq, yayxanmış xırda addımlarla ona yaxın gəldi:
- Xətrinə
dəyməsin, köhnədən bir-birimizi
tanıyırıq. Neçə illər rayonun
kəndlərində müəllim yoldaş olmuşuq. Burada da neçə vaxtdı işləyirik. Mən həmişə rayonda birincinin köməkçisi,
söz deyəni olmuşam, sən də təsərrüfata
baxan katib.
- Elədir,
bir yerdə işləyib xətir-hörmətlə
dolanmışıq.
- Bəli,
elədir ki, var. Ancaq dediyi sözü danan, bağışla
məni, yay kimi əyilib düzələn, orda-burda onun-bunun
qeybətini qıran, "dostu"nun üzünə
gülüb qarasına danışan, yerli-yersiz "mən
kişiyəm" deyənləri də az görməmişik.
O, nəfəsini
dərib Balayevə zənlə baxaraq
gülümsündü:
- Əlbəttə, bayaq dediyim sözün sənə dəxli
yoxdur. Özün bilməmiş olmazsan xətrini necə
istəyirəm, lap çox.
- Xətrin
əziz olsun, Gülay xanım. Onu da deyim ki,
vallah sənə qanıqaralıq yaraşmır. Bax, beləcə gülümsəyəndə
adın kimi özün də gözəl olursan.
-
Doğrudan?! Onda icazə ver, sənin komplimentinə
lətifə ilə cavab verim. Lətifəsi
səndən uzaq olsun. Bir nəfər
güzgüyə baxıb görür ki, başında cəmi
üç tük qalıb. Birini arxaya,
yerdə qalanın hərəsini bir tərəfə
darayıb işə gedir. Ertəsi gün
görür ki, iki tük qalıb. Hərəsini bir yana darayıb evdən çıxır. Nəhayət görur ki, bir tükü qalıb.
Fikirləşir ki, necə etsin, hansı tərəfə
darasın bu tək tükünü. Birdən
hirslənib darağı yerə çırpır. Arvadı soruşur ki, nə olub? Deyir:
"Heç bundan sonra saçımı daramayacağam".
Gülay öz lətifəsinə qəhqəhə
çəkib güldü. Zəhra da ona
qoşuldu. Balayevin gülməyi gəlməsə
də qadınların üzünə irişdi. Cibindən
dəsmal çıxarıb daz başının tərini silə-silə
Ağababayevin qoşalaylı qapısına tərəf
baxdı:
- Kefi
yaxşı olsaydı, səhər vaxtı gedib ilham
alardım.
- Kefinə
nə gəlib, get ilhamını al!
Qadının sözündən ürəklənib
qoşalaylı hündür qapıya yaxınlaşdı. Dərindən
nəfəs ala-ala dayanıb pencəyinin düyməsini,
qalstukunun düyününü yoxladı, əlini dəstəyə
atıb canlı mötərizəyə döndü. Bir anlığa beləcə quruyub qaldı, sonra
qorxa-qorxa qapını özünə tərəf çəkdi.
Otağının pəncərəsindən onu görən
Gülay istehza ilə boyalı dodağını
büzdü:
- Ala ey...
Arvadı da deyir, kişimin vəzifəsi var.
Zalım oğlu qapıya da yaltaqlanır.
Zəhra
onun sözünə qüvvət verdi:
- Eh, arvad
özü nəmənədi, yapalağın biri, pivə
boçkasına oxşayır.
Gülay əda
ilə özünü əsdirib dedi:
- Elə
gülüm olanın, başına külüm olar.
* * *
Ağababayev
kandarda fikirli halda dayanıb sual dolu baxışlarını
ona zilləyən köməkçisindən soruşdu:
- Nə olub?!
- Heç... yanınıza gəlmək istəyən
var. Deyirəm sabah vaxtlı gəlin, indi gecdir, israr eləyir.
- Kimdir
o?!
-
Atakişi...
-
Atakişi?
O, ani
olaraq fikrə gedib alnını ovuşdurdu. Və birdən
üzü işıqlandı, itirdiyini tapmış kimi səsləndi:
-
Kişini qapıda gözlətmə, qoy gəlsin!
Gülay
getmək istərkən birdən ayaq saxlayıb tərəddüdlə:
-
Demişdiniz yadınıza salım. Ondan şikayət var, -
dedi. Sonra məsələnin nə yerdə olduğunu bildirmək
üçün əlavə etdi:
- Sizə
vermişəm şikayət məktublarını, seyfinizə
qoymusunuz.
Kişi səbrsiz
halda əlini yellədi:
- Dəxli
yoxdur, de gəlsin!
Ortaboy,
tökməbədən, qalın bığlı, çal
saçlı, qarabuğdayı dolğun sifətli kişi ləngərli addımlarla kabinetə
daxil oldu. Ağababayev dərhal ayağa qalxıb köhnə
dost kimi gülər üzlə onu qucaqlayıb öpdü:
-
Maşallah, səndə də hövsələ var. Neçə
vaxtdır buradayam, gəlib çıxmırsan. İclaslarda görsəm də, üstünü
vurmuram ki, başqaları duyuq düşər. İstəmirəm bilsinlər ki, biz köhnə
dostlarıq.
- Hə,
onda cavan idik. Başqa rayonlarda işləsək də,
Bakıda iclaslarda görüşürdük, bir-birimizin kəndinə,
təsərrüfatına gedib-gəlirdik, məsləhətləşirdik,
çətinliyimiz olanda köməyimiz dəyirdi bir-birimizə...
- Gör
yadıma nə düşdü: bir dəfə
qışın oğlan çağı tövlədə
yem-ot qurtardı. Dağdan düşdüm
arana, düz sənin yanına boş maşınlarla gəldim.
Gördüm maşallah, ot tayaların
sıralanıb. Sən də əlüstü
maşınları yüklətdirib yola saldın məni.
- Elə
bil dünən olub. Ömür necə keçir... Ancaq sən
mənim kimi yerində saymamısan, maşallah, vəzifə
pillələrində qalxmısan: idarə müdiri, icrakom sədri,
neçə illər rayonlarda birinci. Axır ki, gəlib bizim
rayona çıxdın...
- Mən
də gözləyirəm ki, Atakişi nə vaxt gəlib
görüşəcək, təbrik edəcək...
(ardı var)
Əlövsət BƏŞİRLİ
Ədalət.-2013.-1 iyun.-S.12.