İSA MUĞANNA YENİ TƏQDİMATDA

 

Bu gün cəmiyyətimiz ücün ən ümdə məsələlərdən biri də milli kimlik, milli şüur məsələləridir. Lakin onlar haqda o qədər gəlişigözəl sözlər deyilib ki, artıq bu ideyalar sanki "özündəşey"ə çevrilib və əməli işlə öz bağlılıqlarını faktiki olaraq itirib.

Bu mənada "Hədəf Nəşrləri" tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, yaşayan klassikimiz, hələ sovetlər dönəmində öz yaradıcılığı ilə şüuraltı təsirlərlə, milli təfəkkürə yol tapan xalq yazıçısı İsa Muğannanın altı məşhur əsərini - "İdeal", "Məşhər", "İsahəq, Musahəq", "Qəbiristan", "Gurün" və "Cəhənnəm" romanlarını çap etdirərək ictimaiyyətə təqdim etməsi çox mühüm bir missiyadır. Təbii ki, hər işin əsasını ideya təşkil edir. Əməl ideyadan, düşüncədən qaynaqlanır. Adı çəkilən işin də, ideyanın da müəllifi "Hədəf" Nəşrlərinin təsisçisif.ü.f.d., dosent Şəmil Sadiqdir. Kitabların elə redaktoru da Şəmil müəllim ozüdür.

Hər bir hadisə kimi İsa Muğannanın əsəsrlərinin yenidən çap edilməsinin də əsl dəyəri mövcud şərait ücün aktuallığı prizmasından təhlil edilərkən daha aydın görünür. Belə ki, bu gün cılızlaşan, fərdiyyətçiliyə yuvarlanan cəmiyyətimizdə milli dəyərimiz olan böyük qələm adamı İsa Muğannaya, onun fəlsəfəsinə, sözunə verilən ən böyük dəyərdir. Bu nəşrlər İsa Muğanna yaradıcılığı orta və yaşlı nəslə təbii ki tanışdır, lakin onların oxuduqları kitablar artıq köhnəlib və onların arasında qurudulmuş bir çiçək və ya yarpaq vizual informasiya dövründə formalaşan gənclik üçün o qədər də cəlbedici görsənmir, nə tərtibati ilə, nə də formatı ilə... Bu baxımdan yeni kitabların funksional dizaynın tələblərinə cavab verməsi çox müsbət bir haldır. Bax bu elə "uçan", "dağılan" körpülərin bərpası deməkdir... Dünənimiz bu günümüz, ənənə və müasirlik arasında olan körpülərin.

Görülən işin kulminasiya məqamı isə şəhərimizin gözəl, möhtəşəm məkanlardan birində, elm, fikir, sənət ocağı olan Atatürk Mərkəzində yazıçının 85 illiyinə və kitabların təqdimatına həsr olunmuş məclis oldu. Şərqdə Məclis çox ali bir anlayışdır. Məclisin yuxarı başı və aşağı tərəfi anlayışı var. Lakin İsasevərlərin Məclisi dəyirmi masa ətrafında keçirilirdi və məclisin zirvəsi məhz elə İsa Muğanna idi. Məclisdə iştirak edən dəyərli ziyalılarımız Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Atatürk Mərkəzinin rəhbəri professor Nizami Cəfərov, xalq şairləri Fikrət Qoca, Zəlimxan Yaqub, yazıçı Müşfiq XAN və digərləri cıxış edərək dahimizin yaradıcılığından danışdılar, fikir bölüşdülər... hər bir çıxışda da İsa Muğanna dühasının qatqısı, işığı duyulurdu. Bu duyulmaya da bilməzdi, çünki o gün məclis iştirakçılarının hər biri, sosial statusundan asılı olmayaraq İsa Muğanna fitrətinin təsiri altındaydı...

Maraqlı çıxışlardan biri də kitabların redaktoru Şəmil Sadiqin cıxışı oldu. Təbii ki, prosesində Şəmil müəllim yazıçı ilə dəfələrlə görüşmüşdür, söhbət etmişdir. Lakin bu məclisdə onun İsa Muğanna ilə bağlı çıxışı saf, təmiz, səmimi bir gənclik həyacanıyla cəlbedici və ecazkar səsləndi. Bəli, sözü duymaq, onu yaşatmaq naminə əməli görmək üçün insanda əzmkarlıq və fədakarlıq olmalıdır ki, bunlar da Şəmil müəllimdə olmasaydı, belə nəticə əldə olunmazdı...

Söz-sözü tamamlar, bu məclisdə İsa Muğanna işığından doğan, ilhamlanan Xəlil Rza sözü də, yəni şairin "İdeal" romanından təsirlənərək yazdığı "Sən mənə bir silah verdin" poeması gozəl bir ifada iştirakçılara ərmağan edildi. Bu əsərin hər bir sözü qızıl dəyərindədir bu gün, onların hər birində Vətən sevgisi, millilik, türkçülük kimi ideyalar əks-səda ilə ətrafa yayılırdı, işıq saçırdı.

Bu hisslər simfoniyasını canlı klassikimizin dərin, fəlsəfi cıxışı tamamladı. O təşəkkürlərlə kifayətlənə bilərdi, lakin kifayətlənmədi. Bu cür dəyərli sözə, nəsihətə nə cür susadığımızı bilirdi, duyurdu... içimizdə yaşayan səssiz iniltilərimizi, Qarabağ dərdimizi, 18 may tarixi ilə bağlı olan Laçın adlı itkimizi duyur və yaşayır Sənətkar. Onun nəsihətləri ahəngində gözlərim önündə Laçınımızın gözəl dağları, dərələri, igid bəyi Soltan bəy, Soltan bəyin xanımının sovet çinovniklərinə qarşı göstərdiyi cəsarət, Laçın məktəblərinin birinin məktəbimizdə yerləşdirilməsi, jurnalistimizin Laçından çıxan əsgərlərimizə "Geri dönün" hayqırması....

...Bir gün İsa Muğanna bəhs etdiyi duman çəkiləcək... və o zaman Vətənimizi bütöv, insanımızı dürüstsivil, ustadlarımızı isə layiq olduqları yerdə görmək istərdim...

Bəli, 18 may 2013-cü il tarixinin əsas qayəsidə, məncə, elə budur - Laçına zamanında sahib çıxa bilmədik deyə, indi o bizdən uzaqdadır. Bu gün çox şükürlər olsun ki, heç olmasa dahimizə sahib çıxa bildiyimizi sübut etdik. Hədəf Nəşrləri tərəfindən böyük söz ustası İsa Muğannanın kitablarının yenidən son əlavə və redaktələrlə çap olunması böyük mədəni və mənəvi hadisədir.

 

Dürdanə Tahirova

 

Ədalət.-2013.-1 iyun.-S.7.