O YERDƏ Kİ, İNAM VAR...

(əvvəli ötən sayımızda)

Abadlıq işləri kəndlərə ayaq

İmişlidə ötən yazımızda qeyd etdiyimiz kimi, elə bir möhtəşəm işlər görülür ki, bu işlərə baxanda adam sevinir. Rayon mərkəzindəki Heydər Əliyev parkında, Heydər Əliyev prospektində, Əzizbəyov, Ağamalıoğlu və 20 Yanvar küçələrində aparılmış abadlıq və quruculuq işləri çoxlarının təəccübünə və sevincinə səbəb olub. Demək olar ki, zaman-zaman artıq abadlıq və quruculuq işləri rayonun qəsəblərinə və kəndlərinə ayaq açıb. İndi bir çox kəndlərə asfalt yollar çəkilib və orda yeni sosial obyektlər inşa edilərək əhalinin istifadəsinə verilib. İlk növbədə kəndlər və qəsəbələr gözəlləşməklə yanaşı, həmin yaşayış məntəqələrində lazımi iş yerləri də açılıb.

İndiki kəndlərdə demək olar ki, bir çox infrastrukturlar yenidən qurulub. Yaşayış məntəqələrinin bir çoxunda müasir standartlara cavab verən rabitə sistemi fəaliyyət göstərir. Elektron və avtomat rabitə sistemləri öz müasirliyi və eləcə də dəqiqliyi ilə seçilir. Əlbəttə, kəndlərdə abadlıq, quruculuq və tikinti işlərinin görülüməsi insanları bu yurda daha ürəkdən bağlayır.

YENİ MƏKTƏB BİNALARI

Rayonda təhsilin inkişafına böyük önəm verilir. İlk növbədə ona çalışırlar ki, nəinki İmişlinin mərkəzində, hətta ucqar kəndlərdə belə ən müasir tələblərə cavab verən yeni məktəb binaları inşa edilsin. Əlbəttə, tədrisin səviyyəsinin yüksəldilməsində, vətənpərvər gənclərin yetişməsində yeni məktəb binalarının istifadəyə verilməsi çox böyük önəmli əhəmiyyət kəsb edir. Yeni istifadəyə verilən məktəblər həm də ən müasir texnika və texnologiya ilə təchiz edilir və həmin kompüter sistemi internet şəbəkəsinə qoşulur.

Böyük Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində rayonun Hacıbabalı kəndində dövlət vəsaiti hesabına inşa edilən 180 yerlik ikimərtəbəli məktəb binasının təntənəli açılışı olub. Həmin açılışda rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər. Elə açılışı da rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev edib. İcra başçısı çıxışında qeyd edib ki, prezident, cənab İlham Əliyev regionların inkişafına böyük qayğı və kömək göstərir. Elə yeni məktəb binasının tikilib istifadəyə verilməsi də bu qayğının bariz nümunəsidir.

MÜHARİBƏ VETERANLARI...

Bütün rayonlarda olduğu kimi, İmişlidə də Böyük Vətən Müharibəsi illərində faşizmin üzərində qələbənin qazanılmasında müharibə iştirakçılarının böyük əməyi olub. Belə ki, həmin dövrlərdə, yəni 1941-1945-ci illərdə rayondan cəbhəyə 4546 nəfər göndərilib. Onlardan ağır döyüşlərdə 648 nəfəri həlak olub, 1218 nəfər isə itkin düşüb, 2657 nəfər isə döyüşlərdə yaralanaraq əlil olub və ordudan tərxis edilib. 23 nəfər qadın isə könüllü olaraq cəbhəyə yollanıb. Müharibə zamanı yaralanaraq əlil olmuş oğul və qızlardan 2638 nəfəri vəfat edib, 19 nəfər isə hal-hazırda sağdır.

Prezident İlham Əliyevin 1941-45-ci illər Böyük Vətən Müharibəsində qələbənin 68-ci il dönümü münasibətilə "1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barəsində" 23 aprel 2013-cü il tarixli sərəncamın imzalanması müharibə veteranlarının ürəyincə olub. Rayonun müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları şurasının sədri Camal Vəliyev bildirir ki, ölkə prezidentinin bu qayğısını və diqqətini heç vaxt unutmayacaqlar. Çünki bu çətin zəmanədə cənab prezident İlham Əliyev vaxt tapıb bizim barəmizdə sərəncam imzalayıb və bu sərəncamla da hər bir müharibə iştirakçısına və onun ailəsinə maddi kömək göstərilib.

ARAZIN VADİSİNDƏ PARK OLACAQ

Bu fikri rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev söylədi. Vilyam müəllim dedi ki, artıq həmin parkın layihəsi də hazırdır. Yaxın gələcəkdə Arazın vadisində çox möhtəşəm bir park inşa ediləcəkdir.

Təbii ki, bu parkın inşa edilməsi ilk növbədə rayonun daha da gözəlləşməsinə xidmət edəcəkdir. Eyni zamanda, hər bir park, xiyaban, seyrangah tikiləndə fikirləşirlər ki, insanlar bu gözəl məkanlarda istirahət edəcəklər.

Aydındır ki, rayonda görülən hər bir abadlıq, quruculuq işi məhz imişlilərin yaxşı yaşayışı və istirahəti üçün hesablanıb.

Əlbəttə, bu parkları və xiyabanları tikmək o qədər də asan deyil. Həmin parkları və xiyabanları inşa etmək nə qədər çətindirsə, onları qorumaq, mühafizə etmək və səliqəli saxlamaq ondan da çətindir. Çünki hər hansı bir yaşıllıq salınırsa, ağac əkilirsə, ona mütəmadi olaraq qulluq göstərilməlidir. Vaxtlı-vaxtında bu ağaclara su verilməli və eyni zamanda, qarşıya çıxan çətinliklər aradan qaldırılmalıdır.

Göründüyü kimi, İmişlidə abadlıq və quruculu işləri çox böyük sürətlə davam edir. Çünki ölkə prezidenti cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə bağlı bütün məsələləri yüksək səviyyədə həll edir. Təbii ki, belə olanda da yerlərdə prezidentin səlahiyyətli nümayəndələri öz işlərinə daha məsuliyyətlə yanaşır, abadlıq və quruculuğa xüsusi diqqət yetirirlər.

Faiq QİSMƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

Ədalət.-2013.-5 iyun.-S.7.