Poetik yollar, üslublar və
meyllərin antologiyası
XX əsr artıq arxada qalmasına rəğmən,
dövrün poeziyası, inkişaf yolları, üslublar və
şəxsiyyətlər tədqiqat obyekti olaraq aktual
mövzulardan biridir. Xüsusilə əsrin 20-ci illərindən
başlanan poetik hərəkat, yenilikçilik (təəssüf
ki, proletar poeziyası da daxil olmaqla) şeirimizin mövzu və
problematikasını dəyişməklə yanaşı, həm
də yeni üslubların, yolların və meyllərin
yaranmasına gətirib çıxardı. 20-50-cu illəri əhatə edən poetik inkişaf
yolunda poeziyada yeni imzalar göründü, ədəbi
üslublar formalaşdı, yeni yollar və meyllər onun xəritəsini
daha da zənginləşdirdi. Dövrün
poeziyasının ən xarakterik xüsusiyyəti kimi zamanla,
dövrlə səsləşməsi və hadisələrə
adekvat cavab verməsi oldu. Lakin zaman
keçdikcə poeziyamızın bu mərhələsi ilə
bağlı verilən qiymətlərdə subyektivizm və
siyasi baxışlar da özünü göstərməyə
başladı. Buna səbəblərdən
biri, fikrimizcə, bu dövrün poeziyasının sovet ədəbiyyatşünaslığında
bütünlüklə proletar ədəbiyyatı olaraq səciyyələndirilməsi
idisə, digər səbəbi ədəbi nümunələrin
bu gün dərc olunmaması, eləcə də həmin
dövrün poeziyasına yanaşmada idi. 20-50-ci
illər poeziyasının yenidən
araşdırılması üçün həmin şeirləri
yenidən dərc etməklə yanaşı, həm də
yeni metodoloji meyarlarla araşdırmaq lazım gəlir.
Bu mənada AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunun "XX əsr Azərbaycan ədəbiyyatı"
şöbəsinin dövrün poetik inkişaf yolu ilə
bağlı nəşr etdirdiyi üç kitab ("XX əsr
Azərbaycan poeziyası antologiyası". 1 kitab.1920-ci illər
poeziyası. Bakı, Elm, 2009; 2 kitab. 1930-cu illər poeziyası. Bakı,
Elm, 2010; 3 kitab. 40-cı illərin
poeziyası. Bakı, Elm, 2011)
çağdaş ədəbiyyatşünaslığımız
üçün zəngin bir mənbə hesab oluna bilər.
Ədəbi
tənqidimizin az diqqət yetirdiyi bu məsələnin
üzərində dayanmağı ona görə vacib hesab
edirik ki, dövrün poetik inkişaf yolunu yenidən öyrənmək,
üslublar və yollara yeni metodoloji meyarlardan qiymət vermək
ədəbiyyatşünaslığımızın
qarşısında duran problemlərdən biridir. Bu dövrün poeziyası sonuncu dəfə ciddi tədqiqat
obyekti kimi 70-ci illərdə işlənildiyini nəzərə
alaraq həm ədəbi prosesin öyrənilməsi, həm də
poeziyanın keçdiyi inkişaf yolunun tədqiqi
baxımından bu cür kitabların nəşri yeni impulslar
verir. Çoxcildlik nəşrin layihə rəhbəri
və redaktoru filologiya elmləri doktoru, professor Şirindil
Alışanlı antologiyanın nəşrinin məqsədini
düzgün müəyyənləşdirərək
yazır: "Nizami adına Ədəbiyyat
İnstitutunun XX əsr (Sovet dövrü) ədəbiyyatı
şöbəsi hər on ilin ən dəyərli nümunələrini
antologiyalar şəklində çap etməyi planlaşdırarkən
əsl sənət nümunələrini üzə
çıxarmaq niyyəti güdür. Ən dəyərli
poetik məhsul ortada olandan sonra təhlil və qiymətləndirmənin
obyektivliyi üçün münbit zəmin yaranacaq".
Antologiyanın 20-ci illəri əhatə edən 1-ci
cildi dövrün poetik inkişaf yolunu, demək olar ki, tam əhatə
edir. Hammal,
M.S.Ordubadi, H.K.Sanılı, Ə.Nəzmi, S.Mənsur,
A.Şaiq, H.Cavid, B.Seyidzadə, Ə.Cavad, Ə.Vahid,
İ.Katib, C.cabbarlı, Ə.Fövzi, M.Rəfili, Ə.Nazim,
S.Rüstəm, S.Vurğun, İ.Hafiz, A.İldırım,
M.Rahim, A.Faruq, M.Müşfiq kimi şairlərin şeirləri
ilə təmsil olunan antologiya həm ədəbi prosesdə
bu şairlərin funksionllığını ortaya
çıxarır, həm də poeziyanın ümumi
inkişaf yolundakı mövqeyini göstərir. Kitabda bu şairlərin şeirləri verilməklə
poetik mənzərə tam aydınlaşmış olur, bu
dövrü proletar poeziyası kimi səciyyələndirən
sovet ədəbiyyatşünaslığından fərqli
olaraq tamamilə yeni bir poetik mənzərə ilə
qarşılaşırıq. Burada həm
milli ruhlu şeirlər də yazılıb, həm
dövrün sifarişinə adekvat cavab verən şeirlər,
həm də yeni poeziyanın əsasını qoyan poetik
nümunələrə rast gəlmək mümkündür.
Hər bir şairin ömürlüyünün
ən vacib məqamlarının yer aldığı qısa həyat
tarixçəsindən sonra şairin o dövrdə
yazdığı və dərc olunan şeirlərinin yer
alması antologiyanın tərtib prinsiplərindən biridir.
Əlbəttə, 20-ci illər poeziyasında yuxarıda
ədəbiyyatşünasın qeyd etdiyi tendensiya yox deyildi və
yaxşı ki, ayrı-ayrı şeirlərdə bu
qabarıq şəkildə öz əksini
tapmışdır. Bununla belə poeziyaın digər
inkişaf istiqamətləri də eyni dərəcədə
burada təmsil olunurdu. Burada əsasən
yeni gənc qüvvələrin şeirlərini qeyd etmək
lazımdır; ancaq bunu da birmənalı şəkildə
qiymətləndirmək olmaz. Çünki
bu poetik nümunələr içərisində həm
poeziyanın forma, struktur cəhətdən inkişaf etdirənlər,
həm də ideya-bədii cəhətdən yeniləşdirənlərin
yaradıcılığı xüsusi yer tuturdu. Bu mənada antologiyada dövrün poeziyası
bütün zənginliyi ilə demək olar ki, əks
edilmişdir. Yaxşıdır ki, 20-ci illərdə
futurist şeir nümunəsi kimi ortaya çıxan, sonralar
isə sərbəst şeir olaraq qəbul edilən şeir
nümunələri də burada təmsil olunur. Dərc olunan şeirlərdən də
göründüyü kimi, ilk futuristlərdən olan Ə.Nazimin
"ilk qaranquş" şeirləri də həmin dövrdə
dərc olunub. Ənənəçi şeirlə
yanaşı Ə.Nazimin futurist şeirinin də dərc edilməsi
dövrün poeziyasının bütün reallığı
ilə əks etdirir:
Gecə
qara, dəniz qara, göy qara...
Gömülüyor qaranlığa gözlərim.
Qaranlıqdan
sanki aldı bir yara
Acı,
acı,
Pək
yaxıcı
Bir yara,
Bu yarayla
Sönməz,
yanar,
Öclə
qanar
Mənim könül gözlərim.
Dir ki, mən də öz günümü gözlərim
(1, 276).
Elə buradaca qeyd etmək lazımdır ki, sovet ədəbiyyatşünaslığının
20-ci illəri nacaq proletar ədəbiyyatı olaraq
tanıtması tendensiyası artıq dağılmaqdadır. Ədəbiyyatşünas
B.Əhmədovun "XX əsr Azərbaycan ədəbiyyatı
tarixi" kitabının 1-ci cildində (Bakı, 2010)
dövrün poeziyasının inkişaf istiqamətlərini
aşağıdakı şəkildə müəyyənləşdirir:
"Sənət və zamanın özünəməxsus
inkişaf qanunauyğunluqları var: ədəbi mühit
şair və yazıçıları doğurduğu kimi,
yazıçı və şairlər də ədəbi
mühiti formalaşdırır. 20-ci illərdə
isə ictimai-siyasi proseslər hər iki amilə təsir
göstərirdi. Proletar poeziyasının
poetik inkişaf prosesində ön cərgəyə
çıxması da məhz bu amillə bağlıydı.
Bu mənada poeziyanın inkişaf istiqamətlərində iki
tendensiyanın şahidi oluruq:
1. Poeziya
sənətinin yaradıcılıq prinsiplərindən
doğan yeni poetik təfəkkürün formalaşması;
2. Cəmiyyətin,
dəyişən həyatın ictimai-siyasi, iqtisadi proseslərini
inkişaf etdirən ədəbi poetik yol-proletar
poeziyasının yaranması.
Bu iki tendensiyanın çox zaman bir-birini izləməsi
və bəzən əvəzləməsi təkcə forma cəhətdən
deyil, həm də məzmun etibarilə bu üslubların
yaxınlaşması demək idi".
20-ci illər poeziyasının yenilikçi meyllərini
ifadə etmək üçün bu istiqaməti təmsil edən
şairlərin şeirlərinin də burada yer alması
yaxşı olardı. Bu mənada yenilikçi şeiri təmsil
edən İ.Hikmətin o dövrdə dərc olunan şeirlərinin
də burada olması onların gücünü
artırmış olardı. Belə ki,
İ.Hikmət bir ədəbiyyatşünas olmaqla
yanaşı, həm də bir şair olmuşdur. Onun bu illərdə dərc etdirdiyi şeirlər sərbəst
şeirin ilk nümunələri olmaqla, məzmun və
problematikasına, ifadə vasitələrinə görə də
yeni idi. Bu illərdə Azərbaycan mətbuatında
sıx-sıx dərc olunan və ilk şeirlər
kitabının "Günəşi içənlərin
türküsü" (Bakı, 1927) da burada dərc
olunması həm ədəbi prosesi, həm də
poeziyanın yeni inkiaf istiqamətlərini müəyyənləşdirmişdir.
Ona görə də bizə belə gəlir ki,
İ.Hikmət və N.Hikmətin də şeirlərinin
antologiyada yer alması onun məzmununu daha da tamamlamış
olardı. Antologiyanın bu cildində 30-cu
illər repressiyasının qurbanı Umgülsümün
milli ruhlu şeirləri də yaddan
çıxmışdır. Doğrudur, onun 20-ci illərdə
mətbuatda şeirləri çox az
çıxmışdır. Bununla belə, son
illərdə şairin dər olunan kitablarında 20-ci illər
şeirinin poetik mənzərəsinə zənginlik gətirən
şeirləri də burada verilsəydi poeziyanın inkişaf
meylləri tamlıqla əks olunardı.
Antologiyanın
2-ci kitabında 30-cu illərin şeirləri
toplanmışdır; belə ki, 20-ci illərdə
yaradıcılığa başlayan şairlərlə
yanaşı, ilk qələm təcrübələrini yazan
H.Əlizadə, İ.Soltan, M.Seyidzadə, R.Rza, H.Natiq,
M.Dilbazi, N.Rəfibəyli, Ə.Ziyatay, Ə.Cəmil, Z.Xəlil,
T.Əyyubov, B.Qasımzadə kimi şairlərin şeirlərinə
də yer verilmişdir. Kitabda dərc olunan poetik
nümunələr dövrün poetik mənzərəsinin
inkişaf istiqamətlərini bütün dolğunluğu ilə
əks etdirir. Bu mərhələdə artıq 20-ci illərdə
start götürən yeni bədii təfəkkürün
mövzu və problematika masştabı genişlənir. Aydındır ki, əvvəlki onilliklə 30-cu illər
poeziyası arasında zahirən oxşarlıq olsa da, hər
birinin özünəməxss inkişaf yolu olmuşdur. 30-cu illər poeziyası mövzu, problematika, forma və
bədii təsvir və ifadə vasitələrinə görə
fərqlənir. Əvvələn, 20-ci illərdə
yaradıcılığa başlayan gənclərin üslubu
sabitləşməyə doğru gedir, şeirdən şeirə
onların yaradıcılığında yeni çalarlar əmələ
gəlir. İkincisi, bu dövr Azərbaycan
poeziyasında sərbəst şeir özünü təsdiq
edir və hecaya münasibətdə tarazlığa nail olur.
Hətta bir müddət heca təmsilçiləri
belə sərbəstdə özlərini sınayırlar.
Bundan başqa dövrün repressiya ilə
müşaiyət olunduğunu nəzərə alsaq poetik
inkişaf yolunda proqressiv amillərin
çoxaldığını görmək olar. İfrat proletarlaşmanı getdikcə hadisələrə
siyasi-poetik münasibət əvəzləyir, bununla da siyasi
lirikanın imkanları genişlənir. "İnqilab"dan
uzaqlaşdıqca poeziyanın tələbləri də dəyişir,
bu mərhələdə "inqilabı" tərənnümlə
yanaşı onu dərindən anlamaq, parlaq bədii obrazlarla
yaşatmaq mərhələsi gəlir. Şüarçılıq
və protkultçuluq tədricən öz yerini poetik tərənnümə
verir. Siyasi cəbhələşmə ilə
yanaşı, forma (heca və sərbəst) cəbhələşməsi
də dərinləşir. Xüsusilə epik
poeziyanın imkanları artır; poema janrı çox az bir vaxtda poeziyanın aparıcı janrı
olur. S.Vurunun, M.Müşfiqin bir çox
poemaları ədəbiyyatın faktına çevrilir. Yaxşıdır ki, tərtibçilər
dövrün poeziyasının tamlığını qoruyub
saxlaya bilmişlər; 30-cu illərin ortalarından mühacirət
həyatı yaşamış A.İldırımın
şeirlərini də daxil etmişlər. Burada şairin Aşqabad və Dağıstanda dərc
olunan şeirlərilə yanaşı elaziğdə
yazdığı şeirlərinə də geniş yer
verilmişdir. A.İldırımın "Mənim
türküm", "Boğulmayan bir səs",
"Yaralı olmasaydı","Mənim protestom",
"Azərin duası", "Bakı", "Qafqaz",
"Əsir Azərbaycanım" və s. şeirləri
daxil olmaqla 30-cu illər poeziyasının inkişaf yolunda
mühacirət poeziyasının da varlığını əks
etdirir. Elə buradaca qeyd etmək lazım gəlir
ki, bu tendensiya 20-ci illər poeziyasını əhatə edən
cilddə də özüü göstərməliydi. O
zaman Azərbaycandan kənarda yaranan milli istiqlal duyğulu
şeirlər də burada əks olunardı. Söhbət
Gültəkin imzası ilə 20-ci illərdə İstanbulda
şeirləri dərc olunan Əmin Abidin mühacirət
şeirlərindən gedir. Əslində
mühacirət poeziyası nümunələrinin də kitaba
daxil edilməsi poeziyanın tamlığını bərpa
etmiş olur.
Əvvəlki kitablarda olduğu kimi, 3-cü kitabda da
40-cı illərdə yaşayıb-yaratmış, müxtəlif
nəslə və üsluba malik şairlərin şeirlərindən
seçmələr təqdim olunmuşdur. Burada əvvəlki nəslin
nümayəndələri ilə yanaşı, C.Xəndan, T.Əyyubov,
B.Azəroğlu, N.Gəncəli, Ə.Tudə, A.Babayev,
B.Vahabzadə, H.Billuri və başqa şairlərin şeirləri
ilə tanış olmaq
mümkündür. 40-cı illər
poeziyasının ən başlıca xüsusiyyətlərindən
biri-Cənub mövzusu, istər-istəməz antologiyada
genişliyi ilə təmsil edilir. S.Rüstəmin Təbrizdə
yazdığı rəmzlərlə dolu "Dəymə"
şeiri siyasi lirikanın nümunəsi kimi bu gün də
özünün bədii təsir gücünü
saxlayır:
Mən sənin
dilinə dəymirəm, sən də
Gəl mənim bu ana dilimə dəymə.
Sənin
də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə.
Həsədlərlə baxdın çəmənimə
sən.
Gör bir nələr etdin vətənimə sən.
Yan deyib od vurdun bədənimə sən.
Altında atəş var, külümə dəymə
(3. 57).
İran
irticaçılarının Azərbaycan dilində olan
kitabları məhv etməsi S.Vurğunun da etirazına səbəb
olmuş və "Yandırılan kitablar" şeirində
cavab vermişdir:
Cəllad!
Mənim dilimdədir bayatılar, qoşmalar,
De, onları heç duydumu sənin o daş ürəyin?
Hər gəraylı
pərdəsində min ananın qəlbi var...
Hər
şikəstəm övladıdır bir müqəddəs
diləyin;
De onları heç duydumu sənin o daş ürəyin?
Söylə sənmi xor baxırsan mənim şeir dilimə?
Qoca şərqin
şöhrətidir Füzulinin qəzəli!
Sənmi "türkəxər" deyirsən ulusuma,
elimə?
Dahilərə
süd vermişdir Azərbaycan gözəli...
Qoca Şərqin
şöhrətidir Füzulinin qəzəli! (3, 81)
40-cı illər poeziyası nümüyəndələrinin
bir kitabda təmsil olunması, dövrün poetik inkişaf mərhələsini,
eləcə də üslublar və yollarını aydın
şəkildə ifadə edir. Hər onillikdə Azərbaycan
şeirinin dilinin, ifadə vasitələrinin, mövzu və
problematikasının dəyişməsi həm də
poeziyanın ümumi inkişaf yolunu müəyyənləşdirirdi.
Bu mənada antologiyanın çapı həm
dövrün poeziyasının yeni nəslə təqdim edilməsi,
həm də ədəbiyyatşünaslığımızda
araşdırma baxımından vacibdir. Bu işi yerinə
yetirən "XX əsr Azərbaycan ədəbiyyatı"
şöbəsinin əməkdaşları filologiya üzrə
fəlsəfə doktorları H.Hüseynova, X.Məmmədova,
A.Rüstəmzadə, G.Qarayeva və elmi işçi
Y.Mehdiyevanın da zəhmətini xüsusi qeyd etmək
lazım gəlir. Ədəbi prosesi öyrənmək
baxımından da son dərəcə əhəmiyyətli
olan bu layihə inanırıq ki, sonrakı onilliklərin
poeziyasını da əhatə edəcəkdir.
Gülşən Ağabəy,
filologiya üzrə fəlsəfə doktoru
Ədalət.-2013.-5 iyun.-S.5.