Azərbaycanın gözəl guşəsi
Laçın
İndi o Ağcabədinin "Taxta körpü" adlanan ərazisinə sığınıb
Bir neçə il qabaq Masallı meşələrində dostum Qanbay Muradovla bir gəzintini tez-tez xatırlayıram. Başdan-başa yaşıllığa bürünmüş meşəlikdə xeyli gəzsək də, heç birimiz yorulmamışdıq. Heç birimiz də bu müddət ərzində bir kəlmə belə danışmamışdıq. Hərə öz aləmində, axşamın qəribliyində uyuyan hündür ağaclara, yamaclardakı gül-çiçəklərə, aşağılarda nəğmə deyən Viləş çayına könül vermişdi. Əsrarəngiz gözəllik qarşısında ancaq susmaq olar.
Gəzintinin sonunda Qanbay müəllim ürəyimdən keçənləri gözlərimdən oxuyurmuş kimi dedi: "Dəqiq deyə bilərəm ki, indi nə fikirləşirsən. Fikirləşirsən ki, bu palıd, o vələs, yamacdakı çiçəklər Laçın dağlarındakından nə ilə fərqlənir? Bir sıra fərqləri var, ancaq ən böyük fərq ondadır ki, sənin sərbəst həyat fəaliyyətin, gəncliyin Laçınla bağlı olduğu üçün sənə görə ordakılar daha hündür, daha gözəldir".
Qanbay müəllim düz deyirdi, indinin özündə də elə fikirləşirəm ki, ən hündür ağaclar, ən sərt qayalar, ən gözəl çəmənlər, ən sıx meşələr, ən sərin bulaqlar məhz Laçındadır. Dünyanın ən gözəl guşələrində olan çox məşhur dağlar Laçın dağlarının yanında çox kiçikdir. Planetin heç bir yerində, hətta doğulduğum kəndin özündə belə insanlar belə mehriban, belə qonaqpərvər, belə şəffaf deyillər.
1835 kvadrat kilometr ərazisi, 1 şəhəri, 1 qəsəbəsi, 125 kəndi, 72500 nəfər əhalisi olan Laçın rayonu indi Ağcabədi rayonunun "Taxta körpü" adlanan ərazisinə sığınıb.
Laçınlılar burda yeni həyata başlasalar da, burda nə o hündür ağaclar, nə
o yamaclar, nə o sərin bulaqlar yoxdur. 1992-ci ilin 18
mayında erməni millətçiləri
laçınlıları o dağlardan terik - didərgin
saldı. Qarabağ uğrunda
gedən döyüşlərdə laçınlılar
267 nəfər şəhid verdi, 65 nəfər
itkin düşmüş
hesab edildi. 5 nəfər
laçınlı isə Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görüldü.
Bura rayon mərkəzi Taxta körpüdür
Dağlıq
Qarabağla Ermənistan arasında yerləşən
Laçın rayonu dediyim kimi indi əsasən Taxta
körpüdə məskunlaşıb. Rayon mərkəzi də
elə burda yerləşir. Qabaq-qənşər olan Heydər
parkı ilə Gənclər parkı burda kifayət qədər
geniş ərazini əhatə edir. Hər iki parkın
qovşağında Ulu Öndərin qürurlu heykəli qərarlaşıb.
Azərbaycanın
üçrəngli bayrağı burda əzəmətlə
dalğalanır. Laçın rayon İcra Hakimiyyətinin
inzibati binası da neçə il əvvəl burda inşa
edilib.
Sakinlərlə
söhbətdən məlum oldu ki, Heydər Əliyevin
adını daşıyan mədəniyyət və istirahət
parkında 13 mindən çox ağac və gül kolları
əkilmişdir. Parkdakı yaşıllıq
salınmamışdan əvvəl bura Qarabağ
torpağından - Ağdamdan 500 maşından artıq
münbit qara torpaq daşınmışdır.
13000
nəfərdən çox laçınlının məskunlaşdığı
Taxta körpüdə indi mavi qazdan istifadə edilir. Bu qəsəbədə
və ərazidəki Cağazür, Kamallı obalarında
artezian quyuları qazılmışdır.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Əhalinin Sosial Müdafiə Mərkəzinin, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin, Məşğulluq Mərkəzinin yeni inzibati binaları burda fəaliyyət göstərir. 250 yerlik rayon Mədəniyyət Evi, 25 çarpayılıq xəstəxana, 3 ümumtəhsil məktəbi, 2 uşaq bağçası da burdakı laçınlılara xidmət edir. Bu qəsəbədə inşa edilən Təhsil şöbəsinin yeni inzibati binasında isə son tamamlama işləri aparılır.
"Kapital Bank" ASC-nin rayon filialı da fəaliyyətini bərpa etmiş, müstəqil Elektrik şəbəkəsi müəssisəsi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın və Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2007-ci il, 21 fevral 2011-ci il tarixli sərəncamları ilə Dövlət Proqramına edilmiş əlavələrə uyğun olaraq Taxta körpüdə bütün infrostruktura malik 610 ailə üçün qəsəbə salınmışdır. Bu proses indi də davam etdirilir. İndi bu qəsəbədən obalara gedən mərkəzi yolun 3,5 kilometrinə asfalt örtük salınmışdır. Burda 512 nömrəlik yeni ATS tikilmiş, daxili xətlərin quraşdırılmasından ötrü tikinti işləri aparılır.
2014-cü ildə Taxta körpü ərazisində ağır məişət şəraitində yaşayan 6300 sakindən ibarət 1500 ailənin müvəqqəti yerləşdirilməsindən ötrü ayrılmış torpaq sahəsində evlərin tikilməsi nəzərdə tutulmuşdur.
Unudulmaz gün
- 24 dekabr 2011-ci il
Taxta
körpüdə yaşayan laçınlılar yəqin ki,
24 dekabr 2011-ci ili heç vaxt unutmayacaqlar. Söhbət ondan
gedir ki, həmin gün Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Ağcabədi rayonunun Taxta
körpü qəsəbəsində 552 ailə
üçün inşa edilmiş yeni qəsəbədə
laçınlı məcburi köçkünlərlə
görüşə gəlmişdi. Ölkə Prezidenti xanımı
Mehriban Əliyeva ilə əvvəlcə qəsəbənin
mərkəzində ucaldılmış Ümummilli Lider Heydər
Əliyevin abidəsini ziyarət etməklə
başlamışdır.
(ardı gələn
sayımızda)
Səxavət Məmmədli
Azərbaycan Respublikasının
Prezidenti yanında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun maliyyə
yardımı ilə
Ədalət.-2013.-6 iyun.-S.7.