Azərbaycanın gözəl guşəsi
Laçın
İndi o Ağcabədinin
"Taxta körpü"
adlanan ərazisinə
sığınıb
(əvvəli
ötən sayımızda)
Taxta körpüdə bir sıra unudulmaz
görüşlər keçirən İlham Əliyev və
xanımı 552 ailəlik qəsəbənin rəsmi
açılışını reallaşdırmışlar. Sakinlərə səmimi təbriklərini
çatdıran prezident mərasimdəki
çıxışında laçınlılar haqqında
belə demişdir:
"Əziz dostlar,
siz Laçın rayon
sakinlərisiniz. Laçın Azərbaycanın gözəl guşələrindən
biridir. Laçınlılar bütün dövrlərdə
Azərbaycana, azərbaycançılıq
fəlsəfəsinə sadiq
olmuşlar. Bu gün də bu belədir. Laçının işğal altına
düşməsi təkcə
laçınlıların deyil, bizim hamımızın
böyük faciəsidir.
Çünki Laçının gözəl abidələri
indi dağıdılıbdır.
Bizim dini abidələrimiz dağıdılıbdır. Muzey eksponatlarımız talan edilibdir, evlər dağıdılıbdır. Laçınlıların evlərində indi
düşmənlər yaşayır.
Bu da bir
dərddir". Daha
sonra nikbinlik və inamla danışan İlham Əliyev və xanımı qəsəbədəki
360 yerlik məktəb
binasında yaradılan
şəraitlə tanış olmuşlar.
Məktəbin həyətindəki abadlıq işlərindən,
idman zalından, ümumən burdakı şəraitdən razı
qalan qonaqlar xatirə şəkli çəkdirməyi də
unutmamışlar. Laçından olan məşhur şəxsiyyətlər haqqında
məlumatları əks
etdirmiş stendə baxan prezidentə Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi
naziri Xosrov bəy Sultanov haqqında da ətraflı məlumat verilmişdir. 24 dekabr
2011-ci il Taxta körpüdə beləcə tarixləşib.
Göygöl rayonunda yaşayan
laçınlılardan biri -
Abdulla müəllim
Haqqında çox eşitdiyim, ancaq heç vaxt olmadığım Taxta körpüdə həyat öz axarı ilə davam edir. Kiçik bir
şəhərciyi xatırladan
bu qəsəbədə
hər şey yerində olsa da, sanki nəsə
çatmır. Əslində nəyin çatmadığını
axtarmaq da lazım deyil. Çünki işindən, tutduğu
mövqedən asılı
olmayaraq burdakı hər bir laçınlının
köçkün olduğu
hiss edilir, bilinir.
Onlar burda, bu qəsəbədə
dağlardakı kimi ərklə, hündürdən
danışmırlar, danışa
bilmirlər.
Laçın rayon İcra Hakimiyyətinin
inzibati binasında, yaşıllığa qərq
olunmuş geniş həyətdəki oturacaqlarda
xeyli adam
var. Onlarla söhbətdən
məlum olur ki, son vaxtlar hər gün bura müxtəlif məqsədlə üz tutanlara mütəmadi rast gəlmək olur. Respublikanın 58 rayon və şəhərinə
səpələnmiş laçınlılar
04 mart 2013-cü ildə rayona
yeni təyin edilmiş icra başçısı Akif
İsmayıl oğlu
Səlimovla daha sıx münasibət qurmağa maraqlıdırlar.
Əvvəllər Laçın
rayonunda polis rəisi olan, Qarabağ müharibəsində bir sıra şücaətlər
göstərərək neçə-neçə
həmyerlisini ölümün
ağuşundan alan Akif müəllimdən insanların
daha çox gözləntiləri olduğu
həmin andaca hiss edilir. Bir vaxtlar axarlı-baxarlı
Laçının Şamkənd
kəndində yaşayan,
indi isə Göygöl rayonunda məskunlaşan Abdulla müəllimlə
burda təsadüfən
qarşılaşırıq. Ötənlərin xoş xatirələrini
də birgə yaşayırıq. Həyat
və köçkünlük
onu xeyli dəyişsə də, əvvəlki kimi səmimi və mehribandır:
- Heç ağlımıza
gələrdimi ki, biz
nə vaxtsa öz torpaqlarımızda
köçkün həyatı
yaşayacağıq. İndi
Azərbaycanın çox
az rayonunda
laçınlıya rast
gəlməzsən. Daha çox
Taxta körpüdə,
sonra Abşeronda, Bakının Binəqədi,
Qaradağ, Xəzər
rayonlarında məskunlaşmışlar.
Elə Sumqayıtda, Bərdədə, Şəkidə,
Tərtərdə, İsmayıllıda
da az
deyilik. Biz dağlarda
yaşadığımızdan çalışmışıq ki, imkan daxilində
Azərbaycanın dağ
rayonlarında məskən
salaq. Qaldı burda gördüyün
bu insanlara - bunlar həm burda yaşayanlar, həm də başqa yerdən gələn laçınlılardır.
Hərənin bir dərd-səri
var, bir xahişi, bir müraciəti var. Akif müəllim də gələndən qəbul
günlərinin vaxtını
ləğv eləyib.
Həftənin bütün günləri
burda qəbuldur.
Şənbə-bazar günləri də
Akif müəllim öz otağındadır.
İndi xeyli azalıblar, əvvəl lap çox idilər. Təzə başçımız hamını tanıyır,
hamı da ürəyindən keçənləri
onunla bölüşür.
Ona görə də belə vəziyyət alınıb. Sağ
olsun, biz ondan çox razıyıq, hər birimizə kömək etməyə,
dayaq durmağa həmişə hazırdır.
Hə, nə deyirsən, bəlkə mənimlə
gedək Göygölə?
Sabah səni yenə
qaytararam bura. Gedib-qayıtmağımızın cəmi 320 kilometr
mənzili var. Göygöl
Laçın olmasa da, orada özümə
babat güzəran qurmuşam.
Çalışmışam
ki, Şamkənd kəndində özün gördüyün
şəraitimə uyğun Göygöldə də bir
şey yaradım. Ancaq bunların heç biri
Laçınlı günlərin 1 saatına dəyməz...
Yaşı
altmışı haqlasa da, uşaq kimi kövrəlmişdi
Abdulla Cahangirov. Mən laçınlıları öz
yurdlarını belə sevən görmüşəm həmişə.
Onlar üçün Laçındakı adi bir daş
parçası dünyanın ən böyük, ən məşhur
şəhərlərindən qiymətlidir.
Ümid
sonda ölür
Axır
ki, vaxt tapıb görüşə bilirik. Laçın rayon
İcra Hakimiyyətinin icra başçısının
iş otağı hədsiz sadədir. İcra
başçısı Akif Səlimov yorğunluğunu gizlətməyə
çalışsa da, bu həmin andaca hiss edilirdi:
- Mən
başqa cür edə bilmərəm. Hamı məni
tanıyır, hamı da məndən diqqət, qayğı
gözləyir. Əslində bu onların haqqıdır. Mən
də hansı missiyanı üzərimə
götürdüyümü bilirəm. Mən möhtərəm
Prezidentimiz İlham Əliyevin etimadını necə olur-olsun
doğrultmalıyam. İşlərimiz pis getmir,
gün-güzəranımız da qaydasındadır. Bu
gün Laçın sakinlərində və fermer təsərrüfatlarında
34010 başa qədər iribuynuzlu, 199697 baş xırdabuynuzlu
mal-qara, qoyun-keçi var. Taxta körpüdəki
abadlıq-quruculuq işlərini də özün gəzib
görmüsən. Bu qəsəbədə 25 kilometr uzunluğunda
qaz xətti çəkilib, 5 kilometr içməli su xəttində
təmir-bərpa işləri aparılıb. Elektrik enerjimiz
daimidir. Ən böyük qayğımız hələ də
şəraitsizlikdən əziyyət çəkən
insanlarımızdır. Onların mənzil şəraitini
yaxşılaşdırmaq bizim ən ümdə vəzifəmizdir.
Əminəm ki, biz bunu da yoluna qoyacağıq,
torpaqlarımızı da qaytaracağıq. Ümidsiz,
inamsız yaşamaq olmaz ki. Ancaq buna şərait və vaxt
lazımdır. Elə bilirəm ki, buna lap az qalıb.
İnşallah, yaxın vaxtlarda sənin də
yaşadığın Laçın rayonunun Şamkənd kəndində
yenidən toy-düyünlər quracağıq.
...Qəbula
gələnlər hələ tükənmədiyindən mən
otağı tərk etmək zorundayam. Həm də xəyalən
Şamkənd kəndində yaşamaqdan gözəl nə
ola bilər ki?
Səxavət Məmmədli
Ədalət.-2013.-7 iyun.-S.7.