"SÖNMƏYƏ
QOYMARIQ SÖZ ÇIRAĞINI"
ƏDƏBİ
HƏYAT
Bu da bir
ömürdü verilib mənə,
Bu da bir
taledi mən yaşayıram.
Əllərim
bənzəyir quş dimdiyinə,
Halal
ocağıma dən daşıyıram.
Bu sətirlərin
müəllifi Ədalət Salmandır. Doxsanıncı illərin
başlanğıcında "Açın bu dünyanın
qapılarını" adlı ilk şeirlər
kitabını çap etdirən, sonrakı illərdə də
bir neçə şeir kitabı ilə oxucularını
sevindirən, respublika mətbuatında isə müntəzəm
çıxış edən və müasir poeziyada
kiçicik də olsa, öz bambalaca
cığırını açan bir şair. O, Cəlilabadda
yaşasa da, şeirlərinin səsi yurdun hər guşəsindən
gəlir. Söhbət həqiqi şeir xiridarlarından gedir və
əgər hansı bir kənddəsə lap bir şeir
vurğunu yaşayırsa, o, Ədalət Salman adlı
şairi tanımalıdır. 2002-ci ildə işıq
üzü görən "Məni tənha buraxma" şeirlər
kitabına Xalq şairimiz Xəlil Rza Ulutürk kiçik bir
müqəddimə yazmışdı. Onu olduğu kimi nəzərinizə
çatdırıram, əziz oxucular:
"Ədəbiyyat
və incəsənət" qəzeti redaksiyasının
şeir şöbəsində tanış olduğum gənc
şair Ədalət Salman dərhal yadımda qaldı.
"Vağzalı"
çalınır, dağlar bəy durar,
Boynundan
asılar ağ şəlalələr.
Yalnız
şair belə deyə bilər. Rəsul Rzanın gözəl
bir sözü var: qələm sahibi vur-tut bircə gözəl
şeir yaza bilsə, şair adlanmağa layiqdir. Bu o deməkdir
ki, o öz varlığındakı şeir
bulağının gözünü aça bilər.
Fitri
istedad ilkin şərtdir. Lakin hər şey məhz bundan sonra
başlanır. Fitri qığılcımı
alışdırıb mənəvi, əbədi məşələ
çevirmək üçün dəyanət, şair qəhrəmanlığı
tələb olunur. "Xeyirxah insanlar, əl verin mənə.
Sizə arxalanıb yola çıxıram". Mən əvvəl
istədim bu beytə irad tutam ki, şair heç kəsə
deyil, yalnız öz iradəsinə, yalnız öz mənliyinə
arxalanmalıdır. Sonra gördüm ki, Ədalət Salman hər
yetəndən deyil, yalnız xeyirxah insanlardan qayğı
umur. Nəcib diləkdir. Uğur olsun, Ədalət!"
Həmin
kitabda olan şeirlərə bir də, on bir il keçəndən
sonra diqqət yetirdim. O zaman böyük şairimizin Ə.Salmanın
şeirlərini əbəs yerə qiymətləndirmədiyinin
şahidi oldum. Ədalətin müxtəlif mövzularda
yazdığı, ancaq deyilmişləri,
yazılmışları təkrar etmədiyini, özünəməxsus
bir tərzdə yeni söz söylədiyini gördüm. Vətənə
aid minlərlə şeirlər yazıblar və bundan sonra da
yazacaqlar, amma Ədalət Salmanın doxsanıncı illərin
mürəkkəb, son dərəcə məşəqqətli,
faciəli hadisələrindən sonra qələmə
aldığı "Vətən" şeiri seçilir, fərqlənir:
Qaçqına,
köçkünə yardım adıyla
Əl
açıb yadları dilənən VƏTƏN.
El-el,
mahal-mahal sovrulub gedən,
Divlər
xəlbirində ələnən VƏTƏN.
Yetər
axıtdığın bu göz yaşları,
Ovxarla pas
atmış qan yaddaşını,
Öz
qızıl teştində qızılbaşları
Öz
qızıl qanına bələnən VƏTƏN.
Hayqır,
şahə qalxsın bədöy atların,
Silaha
sarılsın ər övladların.
Qırsın
qandalları qoy qanadların
Təbrizdən
Dərbəndə bölünən VƏTƏN.
Ədalətin
Vətənlə, Qarabağ müharibəsiylə, müharibəylə
bağlı şeirləri az deyil və bu şeirlər hiss
olunur ki, "hamı yazır, mən də yazım"
prinsipi ilə deyil, ürəkdən gələn şeirlərdir.
Nümunə gətirə bilərik onun Qarabağ əlillərinə
həsr etdiyi bir şeiri. Bu şeirdəki ağrı da,
yanğı da, qürur hissi də ürəkdən gəlir:
Hər
yoldan ötənə söz qoşuruq biz,
Yalan
sevgilərdən yazan da çoxdu.
Hər
şeydən yazsa da şairlərimiz,
İgid
oğullardan söz açan yoxdu.
Siz -
yurdun dayağı, yurdun sipəri,
Biz sizi
tanıda bilməmişik, yox.
Siz Allah, əfv
edin biz şairləri!
Siz ey sinəsitni
sipər edənlər,
Ölümün
üstünə mərd tək gedənlər,
Sarsılmaz
dəyanət gördüm mən sizdə,
Yarı
canınızı itirsəniz də!
Deyirlər
ki, şairlər dərddən çox yazırlar. İstər
sevgidən olsun, istərsə də həyatda rast gəldikləri
digər məsələlərdən (hansı ki, bunlar dərdli
hadisələrdir), onlar, necə deyərlər göz
yaşlarını misra-misra sətirlərə
axıdırlar. Amma yuxarıda misal gətirdiyimiz şeir
müqəddəs dərdin ifadəsidir və Ədalət
Salmanın daha dərdli şeirləri də var. O, bir
şeirinə bu sözlərlə başlayır:
""Bizə qaçqın adı yaraşmır", -
Bir qaçqın qadın belə dedi".
Haqq
sözünün qabağında,
deməyə
sözümüz yox,
qaçqın
bacım,
Baş
qaldırıb
üzünə
baxmağa
üzümüz
yox,
qaçqın
bacım.
Qaçqın
adı
yaraşmır
bizə, -
bunu da
yaraşdırdıq
özümüzə.
Çox
şükür!
Görən
çoxmu daşıyacağıq
Bu
adı, bu yükü!
Zavallı
xalq kimi
Tanısın
dünya bizi,
Nümayiş
etdirdik
dərdimizi.
Ədalət
Salmanın istənilən mövzuda yazdığı
şeirlərində sözü, fikri, ifadəni təzələmək
çırpıntıları duyulur. Bu, şairlik
üçün başlıca şərtlərdən biridir.
Məsələn, anasının xatirəsinə həsr
etdiyi şeirlərində Ana məhəbbəti ritorik məzmunla
yox, obrazlı, təzə poetik ifadələrlə diqqəti
cəlb edir. Ən ümdəsi də odur ki, səmimiyyət
bu şeirlərin canına, qanına hopur: "Sən mənim
yolumda ömür çürütdün, Mən sənin
yolunda ölmədim, anagTorpaq soyuq olar, alım qoynuma, Qoy
çalım mən özüm, laylanı, ana!.. İzn ver, mən
sənin baş daşın olum, Həmişə yanında
dayanım, ana". Təbiətin ən gözəl fəsli
bahar haqqında da yazdığı şeirlər fikrin təzəliyi,
ifadələrin gözəlliyi ilə seçilir: "Təbiət
qoynunda min büsat qurar, Yenə düzümlənər qədəh
lalələr. "Vağzalı" çalınar,
dağlar bəy durar, Qoynundan asılar ağ şəlalələr.
..Toy günü ağlaya analar kimi, Bulaqlar göz yaşı
olar, süzülər. Tənha bənövşələr kənd
qızları tək, Utancaq-utancaq gendən baxarlar!"
Qışın da öz gözəlliyi var və bu fəslin Ə.
Salmanın şeirlərində özünəməxsus poetik
təfsirini görürük: "Dağlar qış
kürkünü atıb çiyninə, Saçına dən
düşmüş qocaya bənzər. Təpələr
örpəkli gəlin düzlərin Ovcunda örtüklü
xonçaya bənzər. Yoxsul dərələrin varı
qardımı, Yoxsa xurcununa gümüş pul
yığıb?! Yol üstə ağaclar yolçulardımı,
Qışa ehtiyatı yadından çıxıb?!"
Ədalət
Salmanın şeirlərində günümüzün,
gerçəkliyimizin ab-havası öz əksini tapır və
məsələ burasındadır ki, müəllif həyatın
müxtəlif ziddiyyətlərini, ictimai-siyasi hadisələri,
müasir insanın Vətənlə, yurdla bağlı
duyğu və düşüncələrini çılpaq və
ritorik şəkildə deyil, öz içindən keçirərək
təqdim edir, yəni şair ürəyinin dalğaları
dünyanı, məmləkəti, insanlıq aləmini tuta
bilir. Bu mənada həyatda, yaşadığı mühitdə
adi bir hadisə də şairi təsirləndirir.
"Anasının ümidinə qalan uşaq" şeirini
götürək.
Anasının
ümidinə qalan uşaq,
gözlərin
niyə yaşarıb?
Bir ana
ahı,
bir ata
günahı görürəm
göz
yaşının arxasında.
Anasının
ümidinə qalan uşaq,
içinə
qısıla-qısıla
boylanma
atan gedən yola.
Elə
buradaca şeiri bitirmək olardı və bu şeir
anasının ümidinə qalan uşağın
atasızlıq dərdinin ifadəsi olardı. Amma şair
şeiri bitirmir və uşağın göz yaşlarındə
başqa mənalar da axtarır:
Ağlamaqla
ümid
çiçəkləsəydi, -
qəlbimizdən
Təbrizə
uzanan körpünü
Arazın
üstündən salardıq.
Ağlaya-ağlaya
dünyadan
kamımızı
alardıq.
Yetər,
öz
içindən qırıla-qırıla
gözlədiyin
səbr qınında,
öz
ümidinə sığın,
yaşa
ümidinin
işığında!
Ədalət
Salmanın lirik duyğulu qəhrəmanı sevgi şeirlərində
də səmimidir, hisslərinin saflığı ilə diqqəti
cəlb edir. Doğrudur, onun bir çox sevgi şeirləri zəif
işlənib ("Sinəmə mən sıxıb bərk-bərk",
"Sənin təbəssümün", "Bir qızı
yarıtmadım", "Xoşbəxt ol"), amma
yaşanılan hisslərin poetik ifadəsi güclü olan
şeirləri də az deyil ("Bağışla",
"Bu gecə bu yağış xətrimə dəyir",
"Sən mənim nəyimi sevirsən axı", "Bəsimdi"
və s.).
Ədalət
Salmana - artıq dörd ildən sonra yaşının
altmışına gəlib çatacaq bu gözəl şairə
yeni yaradıcılıq uğurları arzulamaqla bu yazıya
nöqtə qoyuram.
Vaqif YUSİFLİ
Ədalət.-2013.-8 iyun.-S.13.