GÜNAH
Hekayə
(əvvəli ötən şənbə
saylarımızda)
- Özüm qəsdən ləngimişəm ki, ara soyusun, əl-ayaq çəkilsin, sakitlik olsun. O qədər göz-gözə duranlar var ki... Dedim işçilər dağılışsın, gəlim.
- Eh, nə qoyub nə axtarırsan. Elə bilirsən evə gediblər?! Ay-hay. Hamısını göndərmişəm təsərrüfatlara.
- Gecənin bu vaxtı?
- Əlbəttə! İncimə, deyəsən pis öyrədiblər sizi. Axşam oldu, hamı toyuq kimi hinə qaçır. Raykomun, icrakomun, idarə işçilərinin nə ixtiyarı var ki, hava qaralan kimi evə getsinlər?! Sağlığına nəfəslərini kəsmişəm, mənim iş üslubum belədir. Rayonda gecə-gündüz iş getməlidir. O biri rayonda işləyəndə gecəyarısı iclas çağırırdım. Elə öyrənmişdilər ki, mil kimi dururdular qabağımda. Burda da elə olacaq. Sən arxayın otur, söhbətini elə. Özgə adam yoxdur burda, bir köməkçidir, o da özümünkü.
Ağababayev yerindən qalxıb kabinetin baş tərəfində küncə qoyulmuş iri dəmir seyfin qapısını açdı. Oradan bir dəstə zərf çıxarıb stolun üstünə atdı.
Atakişi təəccüblə soruşdu:
- Olmaya
yazıblar? Pah atonnan, adə, yerini qızdırmamış?!
- Hə,
yerimi qızdırmamış. Gör nə qədərdir,
özüm də məəttəl qalmışam...
Atakişi
qarşısına səpələnmiş məktublara
gözucu nəzər salaraq, istehza ilə dedi:
- Bizim
rayonun köhnə şakəridir, təzə rəhbər gələndə
gözügötürməyənlər yazı-pozuyla rayonu
qarışdırmaq istəyirlər. Sonra görəndə
ki, bu gələn belə şeylərə baş qoşan
deyil, iş-güc adamıdır, otururlar yerlərində.
Ağababayev
köhnə dostunun nəyə işarə vurduğunu
başa düşərək, bic-bic onun gözlərinə
baxıb gülümsədi:
- Həə?
Atakişi
tövrünü pozmayıb cavab verdi:
- Hə, əlbəttə,
başqa cür ola da bilməz. Özü də nə
yazırlar axı, çevir tatı, vur tatı. Nə bilim
Atakişinin var-dövləti aşıb-daşır,
neçə illərdir, əlaltından rayona ağalıq
edir. Bütün qohum-əqrəbasını yuxarı vəzifələrə
qoydurub. Sonra da məktubun axırında böyük palıd
şəkli çəkirlər. Gövdəsinə mənim,
qol-budaqlarına qohumlarımın, kölgəsinə də
rayonun adını yazırlar. Guya bütün rayona kölgə
salıb öz qohumlarımdan başqa özgələrinin vəzifə
sahibi olmasına imkan vermirəm.
Ağababayev
əllərini bir-birinə vuraraq:
- Pah
atonnan, daha sənə sözüm yoxdur. Elə
danışırsan ki, guya yazanın yanında olmusan, - dedi.
Sonra Atakişinin üzünə mənalı-mənalı
baxıb pıçıldadı. - Deyəsən, bir yerini
yaddan çıxartdın axı? Ağacın
kökünü deyirəm...
- Hə,
ağacın kökü deyəndə ki, imzasını gizlədən
bu tülkü elə bil öz əliynən basdırıb
ora. Guya, dədə-babamdan qalma bir küp qızılı o
ağacın dibində basdırmışam.
- Deyirsən
yalandır?
- Niyə
yalan olur? Biz elə ata-babadan varlı-karlı olmuşuq.
Alıb-verməyin yerini bilmişik. Buna görə də bizə
batan olmayıb, it hürüb, karvan keçib.
O,
sözünü qurtarar-qurtarmaz sağ əlini qoltuğuna
salıb çıxartdı. Bir göz qırpımında
qarşısına - stolun üstünə qoyulan qızıl
kisəciyini görcək Ağababayevin gözləri
böyüdü. Atakişi qızıl ilan şəkli
naxışlanmış qədim kisəciyin ağzına
bağlanan tünd sarı bağın ilməyini
açdı. Qədim qızıl sikkələr
Ağababayevin stolu üstünə səpələndi.
- Bu nədi,
ə?!
- Xalis
Nikolay qızılıdır. Yuxarıdakılar yaxşı
tanıyırlar, lap kolleksiya düzəldirlər, bilmirsən
guya?
-
Canınçın bilmirəm.
- Ehg elə
bil bu dünyanın adamı deyilsən, ay rəhmətliyin
oğlu, onlarçın kağız pul elə kağız
kimi şeydir. Qızıl isə qızıldır, həmişə
qiyməti üstündə.
- Axı,
deyilənə görə qızıl mirasdır, adamın
özünə qismət olmur.
-
Özünə qismət olmaz, balalarına, nəvə-nəticələrinə
qalar. Onlar da arxayın yaşayarlar, sənin kimi babaya rəhmət
oxuyarlar. Bəs necə? Yuxarıdakılar bunun qiymətini
yaxşı bilirlər.
Ağababayev
əlini yuxarı qaldırıb soruşdu:
- Deyirsən
hamısını ora verim?
-
Hamısını niyə? Böyüyün böyük payı
var, kiçiyin kiçik. Yuxarıya mütləq
çatdır ki, yerin möhkəm olsun, qalanı da
özüvün, halal xoşun. Ancaq bir daş altda, bir daş
üstdə. Amandır, bu rayonda sirrini heç kəsə
vermə. Qoyma əl-ayağına dolaşsınlar
cılız adamlar.
- Sən
ki xasiyyətimi yaxşı bilirsən, hər çatanı
yaxınıma buraxmıram.
- Lap
düz eləyirsən. Fikir verirəm, çoxları
marıta durub, fürsət gözləyir. Birini də həndəvərinə
buraxma. Elə ki, işlər öz yoluna düşdü, səndən
tük saldılar, gözütox bildilər, onda
"ağır oturub, batman gələn" beş kişinin
əlini verərəm əlüvə. Nə dil bilər, nə
dodaq.
-
Doğru deyirsən, buralarda sözübütöv,
sanballı adam azdır.
- Elə
bilirsən yuxarılarda çoxdur? Ay-hay! Oralarda özünə
dayaq bildiklərinə çox da arxayın olma. Bilməzsən
riskə gedərsən, pripiska-zad elətdirərsən hag
Ayıq ol. Onlar "dovşana qaç, tazıya tut" deyirlər.
Buradakı namərdlər də marıta durublar. Elə ki,
fürsət düşdü, gör nə qiyamət
qoparırlar. Bəlağətli danışan prokuror da,
yastı-yapalaq Balayev də, qapında əzilib-büzülən
"dişi iblis" dəg
- Dişi
iblis?!
- Hə də,
camaat Gülaya belə ad qoyub. Onunla çox da dərinə
getmək olmaz. Qoy həmişə əlində, dayazda, lap
üzdə qalsın, dərinə gedib sirrini bilməsin.Ona nə
var ki, köhnə gedəcək, təzənin boynuna
sarılacaq, ilan kimi haça dilini işə salacaq.
Ağababayev
fikrə getdi. Araya çökən sükutu Atakişi pozdu:
-
Neçə vaxtdır ürəyim alışıb
yanırdı. Köhnə dost kimi lazım bildiklərimi deyib
ürəyimi boşaltdım. Özün bilirsən,
dünyanın isti-soyuğunu, enişini-yoxuşunu
görmüşəm. Elə sən özün də mənim
kimi. Daha yaşımızın bu çağında qələt
eləyə bilmərik. Deyirlər, köhnə kişilər
köhlən atlara minib getdilər. Vaxtı çatanda gərək
biz də belə gedək: köhnə kişilər kimi!
Atakişi
sözünü deyib ayağa qalxdı. Sövq-təbii hiss
etdi ki, köhnə dostu ondan razı qalıb. Həm hədiyyəsindən,
həm də söz-söhbətindən.
Ağababayevlə
xudahafizləşib ayrıldıqdan sonra o özündə qəribə
bir yüngüllük hiss etdi. Öz "ənənəsinə"
sadiq qalmış, rayonun təzə rəhbərini bəri
başdan ələ almışdı. Köhnədən dost
olanda nə olar?! Yox, belə "zirvəyə"
qalxanın, xasiyyətinə bələd olduğu bu adamın
əvvəlki "salaməleykümünə" bel
bağlamaq sadəlövhlükdür. Atakişi adəti
üzrə yenə hamıdan ayıq tərpənmiş,
vaxtında "haqq-hesabını
çürütmüşdü". İndən belə
arxayın ola bilərdi: həm özü üçün, həm
də gözügötürməyənlərin nəhəng
palıd ağacına bənzətdiyi qohum-əqrəbası
üçün. Bu nəsil ağacı daha geniş qol-budaq
atacaq, bütün rayona kölgə salacaqdı.
Çünki kökünün, gövdəsinin mühafizəsi,
möhkəmliyi üçün vaxtında "tədbir"
görülmüşdü.
***
Zahirən
sakit, ağır təbiətli, bir qədər ləng
görünən Atakişi əslində narahat və
çevik adam idi. Heç kimə arxayın olmaz, hər
işə vaxtında əncam çəkər,
ehtiyatını əldən verməzdi. Zahiri hay-küydən
zəhləsi getsə də, adəti üzrə seyrək
gözə görünsə də, həmişə hadisələrin
mərkəzində peyda olardı. Zarafatla deyirdilər ki, Atakişinin
nağıllardakı kimi "sehrli güzgüsü" var.
Rayonda nə baş verdiyini hamıdan tez bilir, özünü
çatdırırdı. Hadisələr az-az olurdu, aylar, illər
sakit-sakit ötürdü: küləklər yatır, sular
durulur, durğunluq yurd salırdı.
Əlbəttə,
bu ümumi sakitlik, arxayınlıq içində Atakişini
rayon rəhbəri və onun hərəkət xətti
maraqlandırırdı. O bilirdi ki, rayonun maddi və mənəvi
ab-havası da bundan asılıdır. Təzə
başçı özü ilə birlikdə rayona bir soyuqluq
və durğunluq gətirmişdi. Bu soyuqluq və durğunluq
çoxlarını "dondurub" müqəvvaya döndərmişdi.
Elə bil heç beyinlər də işləmirdi.
Ağababayev hamıya hazır qəliblər verirdi. Beləliklə,
kadrlar getdikcə ondan daha çox asılı olurdu. İdarə-təsərrüfat
rəhbərləri onunla razılaşdırmadan heç
sıravi işçinin də əmrini verə bilməzdilər:
birdən icazə verməz, deyər Cəfəri yox, Səfəri
filan işə götür, beləcə, aylar illəri
qovurdu. Sakitlik, durğunluq idig
Atakişi
həm də açıq-aşkar görürdü ki, vaxt
ötdükcə rayonda köhnə dostunun çoxmərtəbəli
söyüşləri ayaq tutub yeriyir, hələ deyirlər,
əsəblərini cilovılaya bilməyəndə əl-qolunu
da ölçür, ürəyi soyumayanda rayonun məsul
işçisini təhqir edir, üzünə ağ
olanları, öz sözünü demək istəyənləri
şərləyib ağır cəzalandırır, həbs
etdirir.
"Daha
bu ağ oldu, - Atakişi öz-özünə deyinir, hirsindən
nə edəcəyini bilmirdi. - Zalım oğlu lap zırrama
olub. Elə bil ağlını itirib, yolunu azıb. Camaatı
söyür, döyür, saxta göstəricilərə
sövq elətdirir. Rayonun təsərrüfatlarında yalan
ayaq tutub yeriyir. Gör işin harasıdır ki, Allahın Cəfərqulusu
guya rekord məhsul götürürgYox, rayon lap korlanıb,
yağ şora qarışıb. Belə getməz, gərək
xəlvətə salıb açıq danışam,
sözümü deyəm, çəkindirəm onu".
Təsadüf elə gətirdi ki, dostlar pambıq tarlasında görüşdülər. Atakişi fürsətdən istifadə edib sözünü dedi, ürəyini boşaltdı:
- Hərbə-zorba gəlib camaatı məcbur etməknən məhsulu artırmaq olmaz axı. Hər şeyin həddi, qədəri var. Rəqəm, pambıq, şar deyil ki, üfürüb şişirdəsən. Vallah-billah axırı zibili çıxacaq bu işləring
Ancaq Atakişi sözünü bütün kəskinliyi, ürəyinin ağrı-acısı ilə desə də, mübahisə etməyin mənasız olduğunu görüb susdu.
İlk vaxtlar görüşüb söhbət edəndə ona elə gəlmişdi ki, köhnə dostu heç dəyişməyib, elə əvvəlki adamdır. Zahiri görkəmi də, səmimiyyəti və xoş hay-küyü də buna dəlalət edirdi. Ancaq sonralar vaxt keçdikcə o hiss etdi ki, ilk təəssüratında yanılıb. Ağababayev xeyli dəyişmişdi. Həm zahirən - saçı çallaşmış, vaxtilə dolu ətli sifəti qırışıb sallanmışdı, həm də daxilən. O özünü səmimi göstərməyə çalışsa da, aşkar duyulurdu ki, əvvəlki adam deyil. Təcrübəli zərgər həqiqi qızılı parıldayan qəlp sikkədən asanlıqla ayırdığı kimi, Atakişi də zahiri səmimiyyət donlu saxtalığı beləcə aydın seçirdi. Üstünü vurmasa da, bu hal onu möhkəm sıxırdı.
Köhnə dostunun bütün səmimiyyəti, and-amanı boğazdan yuxarı idi. Atakişi onun içini görürdü, gözlərindən ürəyini oxuyurdu: "Mən əvvəlki kimi deyiləm, ola da bilmərəm. İndi böyük bir rayona rəhbərlik edirəm. Adi təsərrüfat başçısı olduğum zamanı unut. Aramızdakı fərqi isə heç vaxt unutma".
(ardı var)
Əlövsət
BƏŞİRLİ
Ədalət.-2013.-8-10 iyun.-S.12.