Gecə ulduzlarla
söhbət edirəm,
Gündüz həmsöhbətim
Günəşdir mənim
SAÇLAR
Qapqara
saçların qara dönübdü,
Rəngi
qar kimidi, üşüdür məni.
Nəfəsim
gödəlir, ömrüm qısalır,
Enişlər-yoxuşlar
tövşüdür məni.
Onun da
yolu var, yolağası var,
Yol gedir həmişə qaradan ağa.
Qara tellərini
qoruya bilsən,
Nə var yük daşıyıb, daş
qaldırmağa.
Ağ
saç üz ağlığı, baş ucalığı,
Vaxtında oyanıb, vaxtında gəlsə.
Ağ
saç üz qarası, könül yanğısı,
Ağır xəstəliyin taxtında gəlsə.
HEYF
Heyif bu
torpağa, heyif bu daşa,
Heyif bu ağaca, heyif bu ota.
Heyif
göz oxşayan bu gözəlliyə,
Heyif bu ocağa, heyif bu oda.
Heyif bu
torpağın yaşıllığına,
Heyif bu daşların min-bir rənginə.
Heyif
ağacların verdiyi bara,
Heyif
ocaqların od çələnginə.
Heyif
yamacların çiçəklərinə,
Heyif dağ çayının
şırıltısına.
Heyif xəzəllərin
söz-söhbətinə,
Heyif yarpaqların pıçıltısına.
Heyif təbiətdən
aralı düşdüm,
Qırıldı yenə də içimdə bir sim.
İnsan
olmayanda yan-yörəsində,
Gözəllik yetimdi, təbiət yetim.
GƏLİR
Bu qoca
dünyaya hər doğulanla,
Nəfslər, iştahlar, tamahlar gəlir.
Cənnətdə
buğdaya gözümüz düşür,
Günahlar dalınca günahlar gəlir.
Hər
günah özüylə ağrı gətirir,
Cana min ağrılar, min ahlar gəlir.
Yerdə
də, göydə də Allahı danan,
Böyüklü, böyüksüz "Allahlar" gəlir.
Sağlamlıq
yerinə, sağlıq yerinə,
İnsanı öldürən silahlar gəlir.
Bütün
ağrıların əlacı kimi,
Nə
yaxşı gələcək açır qoynunu,
Nə yaxşı dünyaya sabahlar gəlir.
SÖZ
Gecə
ulduzlarla söhbət edirəm,
Gündüz həmsöhbətim Günəşdir mənim.
Yıxılan
da mənəm, yıxan da mənəm,
İş-gücüm söz ilə güləşdir mənim.
Gah mən
güc gəlirəm, gah o güc gəlir,
Görüş meydanında davamız olur.
Onu da, məni
də havalandıran,
Sözün içindəki havamız olur.
Gözdü
yerimizdən tərpədən bizi,
Bizim ruhumuzu oynadandı söz.
Ocaq da
ondadı, buz da ondadı,
Bizim içimizi qaynadandı söz.
Silahım,
səngərim, ordum, qoşunum,
Dəyər söz üstündə döyüşmək
üçün.
Duydu
yaxşıları, yaxşılıqları,
Sözə minnətdaram bu ürək üçün.
GÖZƏLDİ
Yağışın
səsidir, qarın səsidir,
Sellərin nəğməsi gözəldi, qardaş.
Zirvələr
həmişə zildən oxyur,
Yellərin nəğməsi gözəldi, qardaş.
Daşlar
da dil açıb gəlir həvəsə,
Can cana toxunur, nəfəs-nəfəsə.
Yaşılbaş
sonalar verir səs-səsə,
Göllərin nəğməsi gözəldi,
qardaş.
Alışıb
sönəni yadına salır,
Yaddaşa dönəni yadına salır.
Keçmişi,
dünəni yadına salır,
Çöllərin nəğməsi gözəldi,
qardaş.
Yorulmaz
ötməkdən nə dodaq, nə dil,
Əyil
bu qüdrətin önündə, əyil!
Min il oxusan da tükənən deyil,
Ellərin havası gözəldi, qardaş.
DÜNYADAN KÖÇƏN MƏNƏM
Beşikdən
qəbrə qədər
ağlayıram, gülürəm,
Ömrümü
ömürlərə
paylayıram, bölürəm.
Min illərdi
doğulur,
min illərdi
ölürəm,
Dünyaya
qonan məndim,
dünyadan köçən mənəm.
Dünya
nədir, həyat nə,
ötüb keçən an nədi,
Axşam
nədi, sabah nə,
cahan nədi,
can nədi.
Damarı
qarışdıran
ağ qan,
qara qan nədi,
Loğman
kimi öyrənib,
təbib
tək seçən mənəm.
Qarışır
torpaqlara
ahı,
tüstüsü, külü,
Puç
olan arzuların
bir də
açılmaz gülü.
Bir bədəndi,
bir kəfən
torpaqda
yatan ölü,
Dünyaya
qonan məndim,
dünyadan köçən mənəm.
Gəlir
qəbir qazanlar,
qəbir
yeri qazılır,
Kim
olmuşam dünyada
baş
daşına yazılır.
Yağış
döyür, qar vurur,
yazılanlar pozulur,
Dünyaya
qonan məndim,
dünyadan köçən mənəm.
Gah toyda,
gah yasdadı,
qəmli
keçir, şən keçir,
Ayaz,
şaxta, boz bulud
keçir, ömürdən keçir.
Ömür
yanır, qurtarır,
közdən, kömürdən keçir,
Dünyaya
qonan məndim,
dünyadan köçən mənəm.
Zəhəri
şərbət kimi
qaldırıb içən mənəm,
Əkən,
səpən, göyərdən,
zəmini
biçən mənəm.
Körpü
salan, yol çəkən,
körpüdən keçən mənəm,
Dünyaya
qonan məndim,
dünyadan köçən mənəm.
TORPAQ OL, YAŞA
Sükutdan
qaç,
Qəlbini
aç,
Nurunu
saç,
Ocaq ol
yaşa!
Sevsinlər
boyunu,
Çalsınlar
toyunu,
İçsinlər
suyunu,
Bulaq ol
yaşa!
Təhqir-töhmətdən,
Yersiz xiffətdən,
Kin-küdurətdən,
Uzaq ol
yaşa!
Süfrəni
bol aç,
Sevgiyə
qol aç,
Yolsuza yol
aç,
Çıraq
ol yaşa!
Yaşat
dünyanı,
Yaşat
cahanı,
Yaşat
insanı,
Torpaq ol
yaşa!
VAR
Mən mənbəs
görməmişəm,
Mən zindanda yatmamışam.
Ancaq
içimdə
Astanası
yaslı,
Kilidi,
açarı paslı,
Zindandar
var!
O zindanda
Qəlbindən
qanlar axan,
Gözü
yollara baxan,
İnsanlar
var!
Onların
başında faciələr,
Gözlərində
leysanlar var!
İnsanları
bir-birindən ayrı salan,
Ayrılıqlar,
həsrətlər,
Hicranlar
var!
Zindana
salan da,
Zindanda
yatan da bilməlidir,
Həyatda
inqilablar, tufanlar,
Üsyanlar
var!
SEVGİ
Sev bu
dünyanı sev, bu cahanı sev,
Nə var bu dünyada sevgidən gözəl.
Sevgidən
doğulan hər insanı sev,
Nə var bu dünyada sevgidən gözəl.
Ünvanı
yurd elə, yurdu sev, könül,
Dərmanı əzizlə, dərdi sev, könül.
İti
sev, atı sev, qurdu sev, könül,
Nə var bu dünyada sevgidən gözəl.
Əbədi
ünvanı ürəkdir, ürək,
Onsuz dada gəlməz nə duz, nə çörək.
Göyərib
daş üstə gül bitirəcək,
Nə var bu dünyada sevgidən gözəl.
Yerin
işığıdı, göyün nurudu,
Bütün
uğurların ilk uğurudu,
Tərtəmiz
bulaqdı, dumduru sudu,
Nə var bu dünyada sevgidən gözəl.
Sözün
gözəlidi, söhbətin xası,
Nurdu təbiəti, tanımaz pası.
Tarladı,
zəmidi düzü, dünyası,
Nə var bu dünyada sevgidən gözəl.
Sevgi bir
ovsundu, nazlı pəridi,
Kimlər vuruldusa yandı, əridi.
Allahın
ən böyük şah əsəridi,
Nə var bu dünyada sevgidən gözəl.
Çiçəkdə
şey olar, gül üstə arı,
Saflığı zirvənin bəmbəyaz qarı.
Bütün
sevənlərin həmdəmi, yarı,
Nə var bu dünyada sevgidən gözəl.
Yumşaldar,
əridər daşı mum kimi,
Öpər sahilləri qızılqum kimi.
Qara
torpaqları əkər şum kimi,
Nə var bu dünyada sevgidən gözəl.
Könüllər
mülkündə sultan olarsan,
Həm xaqan olarsan, həm xan olarsan.
İnsanı
sevərsən insan olarsan,
Nə var bu dünyada sevgidən gözəl.
MƏN KİMƏM
Bu gün
dünyadayam, dünya mənimdir,
Əslimə,
nəslimə adam, hörmətəm.
Dünənki
günlərin xatirəsiyəm,
Bugünkü günlərə şanam, şöhrətəm.
Sevincəm,
kədərəm, amanam, aham,
Hər dərdi çəkməkdə şah oğlu
şaham.
Sazda
"Kərəmi"yəm, tarda "Segah"am,
Şeirəm, nəğməyəm, sözəm,
söhbətəm.
Gözümdə,
könlümdə Nuhun tufanı,
Qəlbin fəryadıyam, ağlın üsyanı.
Yaddaşın
gücüyəm, zehnin dastanı,
Bir az möcüzəyəm, bir az heyrətəm.
Arzu
bağçasında açan çiçəyəm,
Xeyirxah niyyətlə çarpan ürəyəm.
Dostun
süfrəsində halal çörəyəm,
Şirinəm, şərbətəm, dadam, ləzzətəm.
Yurdun
torpağıyam, yurdun daşıyam,
Nə varsa yükünü gərək daşıyam.
Uca bir vətənin
vətəndaşıyam,
Hünərəm, dözüməm, gücəm, qeyrətəm.
Həmi
bölünməyim, həm bölməyim var,
Çoxlu
ağlamağım, az gülməyim var.
Həmi
doğulmağım, həm ölməyim var,
Təbiət qoynunda bir təbiətəm.
AZADLIQ VER İNSANA
Qoy
dolansın xəyalı
göyün yeddi qatını,
Qoy
tanıtsın dünyaya
öz əslini,
zatını.
Azadlıq
ver insana,
alsın
mükafatını,
Sökülsün
dan yeritək,
açılsın sabah kimi!
Buludlu
göylər kimi
boşalıb-dolar insan,
İstədiyi
olmasa
gül
kimi solar insan.
Azadlığı
verməsən
heç
bir şey olar insan,
Dodaqları
göyərdər,
dil
yandırar ah kimi.
Üzüyünə
qaş olsun
göylərin mavi rəngi,
Uduzmasın
savaşda
gedən
döyüşü, cəngi.
Dava
günü gələndə
paslanmasın tüfəngi,
Azadlıq
ver insana,
açılsın silah kimi.
Nə
iş görürsənsə gör,
orda ədalət
olsun,
Yamanlığa,
pisliyə
min dəfə
lənət olsun,
Azadlıq
ver insana,
yeri
ziyarət olsun,
Qiymətini
uca tut
ulu bir dərgah
kimi.
Düzü
dağa döndərsin,
dağları düz eləsin,
Bir ürəkdə
sevinci
artırıb yüz eləsin.
Qaranlıq
gecələri
nurlu
gündüz eləsin,
Azadlıq
ver insana,
hökm
etsin Allah kimi.
BUDUR
Ürəkdən
oxuyar, ürəkdən dinər,
Şairin çalğısı, rübabı budur.
Şeirdi,
nəğmədi, sözdü varlığı,
Çətin suallara cavabı budur.
Allahdan
haray yox, bəndədən kömək,
Həmişə meydanda tək qalacaq, tək.
Şair oxunmursa,
ölüdür demək,
Vicdanın ən böyük əzabı budur.
Daşıyar
möhnəti, çəkər ağrını,
Qəmlər kül eləyər qara bağrını.
Yazar həqiqəti,
yazar doğrunu,
Şairin ən düzgün hesabı budur.
Keçər
imtahandan, aşar çətindən,
Dönməz ölənədək sədaqətindən.
Füzuli
demişkən qəlbin ətindən,
Verər qonaqlığı, kababı budur.
Onu
susdurammaz nə dərd, nə azar,
Qəbrə köçəndə də gül
açar məzar.
Şair məhəbbətdən,
sevgidən yazar,
Deyərlər kişinin kitabı budur.
BİLƏR
Baş nə
fikirləşir, ömür nə çəkir,
Onu bir can
bilər, bir ürək bilər.
Düzdən
nə danışır dağın zirvəsi,
Onu bir dağ bilər, bir külək bilər.
İnsana
dağların qarı nə deyir,
Rəngimiz olanda sarı, nə deyir.
Bülbül
nə danışır, arı nə deyir,
Onu bir gül, bir çiçək bilər.
Vaxtdan
qorxu görür, zamandan hədə,
Sağalmır ürəyə vurulan zədə.
Canın
zəifliyi nədədir, nədə,
Onu bir qol bilər, bir bilək bilər.
Kim harda təntiyib
tora düşəcək,
Kim harda çətinə, dara düşəcək.
Evin
ağırlığı hara düşəcək,
Onu bir dam bilər, bir dirək bilər.
Qorxudan
göylərin bağrı yarılır,
Göylər ildırıma, oda sarılır.
Qırılmaz
qanadlar niyə qırılır,
Onu bir quş bilər, bir lələk bilər.
Yellər
ağacların saçını yolur,
Gül kimi yanaqlar saralır, solur.
Üfüqlər
nə zaman boşalır, dolur,
Onu bir göy bilər, bir şimşək bilər.
Doğru
nə söylədi, yalan nə dedi,
Abad nə
var idi, talan nə dedi.
Gedən
hara getdi, qalan nə dedi,
Onu bir vaxt bilər, bir ələk bilər.
Haşa,
ağrıların əlindən haşa,
Oxumuz nə zaman dəyəcək daşa.
Ömrümüz
hansı gün çatacaq başa,
Onu bir bel bilər, bir kürək bilər.
Donur heyrətimdən
damarımda qan,
Hər
gün əzrayıla can verirəm, can.
Niyə xəstələndi
sağlam Zəlimxan,
Onu mən bilmərəm, bir fələk bilər.
YOXDU
Xeyli var
sazımı dilləndirmirəm,
Dindirən xəstədi, çalanı yoxdu.
Nə
kök sözə baxır, nə tel dillənir,
Sözümün yanlışı, yalanı yoxdu.
Dağda
çən dolanıb, dumanlar gedib,
Ümidlər, şübhələr, gümanlar gedib.
Dünyadan
nə qədər insanlar gedib,
Bir nəfər salamat qalanı yoxdu.
Nə qədər
sonalar gedib gölümdən,
Sözlər qaçaq düşüb şirin dilimdən.
Sevincim
quş kimi uçur əlimdən,
Qəmin dağılmağı, talanı yoxdu.
Hər
insan ömrünün şan-şöhrəti var,
Hər uca şöhrətin bir zəhməti var.
Həyatın
nə qədər naz-neməti var,
Ölümdən varlısı, kalanı yoxdu.
Ürək
yazdığını dərd ilə yazar,
Arxamda beşik var, önümdə məzar.
Gör
bir nə zamandı bağlanıb bazar,
Dərdimi satıram, alanı yoxdu.
ŞİRİN YUXU KİMİ
BAŞLANIR ÖMÜR
Atam yol
göstərib, anam yol verib,
Uzaqdan gəlirəm, bala, uzaqdan.
Dünyanın
üzünə təzə düşmüşəm,
Beşikdən, bələkdən, döşdən,
qundaqdan.
İllər
çoxaldıqca yaşlanır ömür,
Meyvə ağacıtək daşlanır ömür.
Şirin
yuxu kimi başlanır ömür,
Yüyrükdən, layladan qoldan, qucaqdan.
Gözəldən
gözəldi ömrün hər anı,
Sevgi qarşılayır axşamı, danı.
Öpüblər
bəlkə də saçımız sanı,
Çənədən, boğazdan, üzdən, yanaqdan.
Allah da
çox sevir o sevən kəsi,
Anadır dünyanın ən müqəddəsi.
Batıb
qorxusundan ananın səsi,
Səsim gəlməyəndə evdən, otaqdan.
Bir həyat
tapmışam hər təzə izdə,
Qüvvətim cəm olub biləkdə, dizdə.
Göl də
gözəllikdi, çay da, dəniz də,
Bulaqdan su içib eşqim, bulaqdan.
Gəzdim
səyyah kimi uca dağları,
Özümə bənzətdim yaşıl
tağları.
Ömrümün
sevilən-sevən çağları,
Şeirim söhbət açdı dildən-dodaqdan.
Məni
öldürəmməz nə qəm, nə qəhər,
Təzə duyğularla açılıb səhər.
Yazda
gül olmuşam, payızda bəhər,
Çəkmişəm şirəmi kökdən,
budaqdan.
Qorxudan
qorxunun gözü dörd olub,
Gördüyüm kişilər mərddən mərd
olur.
Atam ocaq
olub, anam yurd olub,
Almışam gücümü oddan, ocaqdan.
Belədi
Tanrının verdiyi fərman,
Canım ocaq olub, sinəm də xırman.
Məni
qorxutmadı nə dərd, nə drəman,
Üzüağ çıxmışam hər cür
sınaqdan.
Söhbət
mən olmuşam, ad mən olmuşam,
Dünyada
ən şirin dad mən olmuşam,
Ocaqlar
yandıran od mən olmuşam,
Gözlərim
od alıb şamdan, çıraqdan.
Yamanlar
günümü eləyib qara,
Varlığım
neçə yol çəkilib dara,
Bəzən
çəkilmişəm qaranlıqlara,
Uzaqda durmuşam gözdən, qulaqdan.
Bədxahlar
üstümə gəldikcə gəldi,
Bəd nəzər, bəd xəbər
bağrımı dəldi.
Mətləb
uzandıqca ömür gödəldi,
Aldılar vaxtımı haqdan, nahaqdan.
Dərdimi
bir qələm, bir dəftər bilir,
Ürək dediyini dil əzbər bilir.
Atanı
özünə peyğəmbər bilir,
Yoxdu şikayətim oğul-uşaqdan.
Torpağa
peşkəşdi ömrün qalığı,
Görüb dərk etmişəm o ucalığı.
Nə
ölümü yoxdu, nə qocalığı,
Allahdı ucada başdan, papaqdan.
Başımda
həyatın min bir oyunu,
Gördüm matəmini, gördüm toyunu.
Uddum
havasını, içdim suyunu,
Gözlərim doymadı qara torpaqdan.
Kökdən
ayrılanda quruyar budaq,
Kəsməz bir kəlməni nə dil, nə dodaq.
Dünya ev sahibi, mən qərib qonaq,
Nə var istənəsi qərib qonaqdan?!
HƏYAT DA, ÖLÜM DƏ SƏNDƏN
ÖTRÜDÜ
Ömür
göz qırpımı, fındıq qabığı,
Ömür bir ocaqdı, yandı, qurtarır.
Dünənə
əl çatmır, sabaha imkan,
Fındıq qabığıdı, sındı
qurtarır.
Hər
gün korun-korun yanan bir ocaq,
Hər gün tüstülənən hisli bacasan.
Doğulmaq
ölməkdi, ölmək doğulmaq,
Üçüncü qapı yox gedib açasan.
Həyat
da, ölüm də səndən ötrüdü,
O da
düz, bu da düz, əyrisi yoxdu.
Səni
aparmağa, rahatlamağa,
Ölümdən, qəbirdən qeyrisi yoxdur.
DUALARIN QƏBUL OLSUN, AY ANA
Ömrün
keçsin nur içində nur kimi,
Duaların qəbul olsun, ay Ana.
Qadir Allah
ürəyini qırmasın,
Duaların qəbul olsun, ay Ana.
Tüstüsünü
heç kəsməsin bacalar,
Ucaldıqca qoy ucalsın ucalar.
Yaradana
yaxın olur qocalar,
Duaların qəbul olsun, ay Ana.
Hikməti
var göyə qalxan əllərin,
Qüdrəti var Allah deyən dillərin.
Haqq səsini
qoy eşitsin ellərin,
Duaların qəbul olsun, ay Ana.
Namazında
yerlə-göyün vəhdəti,
Orucunda qəlbin nuru, şəfqəti.
İnsan
ilə ilahinin söhbəti,
Duaların qəbul olsun, ay Ana.
Dua
sözü şəkər kimi yeyilər,
Yaradana pıçıltıyla deyilər.
İnsan
olan dualara əyilər,
Duaların qəbul olsun, ay Ana.
Zəlimxan YAQUB,
Xalq şairi
Ədalət.-2013.-8 iyun.-S.8-9.