"BÖYÜK
GÜNAH"
Bir kitabın təqdimatından notlar
Barəsində söz açdığım bu kitabı hələ əlyazması şəklində olarkən oxumuşdum. Üstəlik, bu kitabdakı bir çox yazılar da "Ədalət" qəzetində işıq üzü görmüşdü. Amma indi onu bütöv bir kitab kimi sizə təqdim edirəm. Bu da səbəbsiz deyil. Çünki "Böyük günah" özü-özünü ötən həftənin son iş günündə ədəbi ictimaiyyətə bir növ təqdim etdi.
Ötən həftənin cümə günü AYB-nin Natəvan klubunda yenə maraqlı bir anlar yaşanırdı. Bu anların səbəbkarı da yazıçı-püblisist, beynəlxalq "Rəsul Rza" mükafatı laureatı Oqtay Əliyevin "Böyük günahı"ı idi. Öncə onu xatırladım ki, yazıçı-publisist Oqtay Əliyevin çox-çox uzaq illər öncə, yəni hələ sovetlər birliyinin mövcud olduğu illərdə dövrü mətbuatdakı yazıları ilə tanımışdım. Həyat elə gətirmişdi ki, onunla birlikdə Füzuli rayonunda çap olunan "Araz" qəzetində birlikdə işlədik, bir-birimizi necə deyərlər, yaxından tanıdıq, özümüzə-sözümüzə bələd olduq. Qaçqınlıq illərində Oqtay müəllimin bir neçə kitabını oxudum, onun "Seyid Əşrəf müqəddəsliyi", "Zakir Zeynalov fenomeni", "Boş qalan papaqlar", "Təzadlı dünya" və digər kitabları ilə yaxından tanış oldum. Elə bu gün də "Seyid Əşrəf müqəddəsliyi" kitabı yazı masamın üzərindədir, demək olar ki, o kitabı hər gün gözdən keçirirəm.
Bəli, iyun ayının 7-də AYB-nın Natəvan klubunda imza günü keçirilən "Böyük günah" kitabı həm də ədəbi-ictimaiyyətə təqdim edilirdi. Mətbəə qoxusu hələ canından çəkilməmiş, nəfis və mükəmməl nəşriyyat məhsulu olan bu kitabın redaktoru Məmməd Əlizadədir. Yazıçı-publisist Məmməd Əlizadənin "Vətəndaş mövqeyi" adlı redaktor sözü ilə başlayan kitab elə həmin sözlə də oxucunun əlindən tutub oxucunu kitabla həmsöhbət olmağa dəvət edir. Bir-birindən maraqlı novellalar, esselər, hekayələr, satirik qələmin məhsulu olan tənqidi fikirlər günümüzün reallığını müxtəlif personajların dilindən məharətlə oxucuya çatdırılır.
Təqdimat mərasimində çıxış edən AYB-nin katibi, xalq şairi Fikrət Qoca kitabın əsas məziyyətlərindən danışarkən birmənalı şəkildə vurğuladı ki, Oqtay Əliyev öz oxucularına bədii sözün gücündən istifadə edərək real tabloları təqdim edib. Həcm cəhətdən yığcam olan bu bədii nümunələrdə həyat, onun problemləri, onun sevinci, kədəri, eləcə də insan amili ön plana çəkilib. Təbii ki, bu da əsəri daha oxunaqlı, daha məzmunlu edibdi.
Təqdimat mərasimində söz alan kitabın redaktoru yazıçı-publisist Məmməd Əlizadə, professor Əsədulla Qurbanov, filologiya üzrə fəlsəfə doktoru Nəcəf Nəcəfov, yazıçı-publisist İmaməddin Zəkiyev, kulturoloq Aydın Xan, həmçinin Füzuli rayon icra hakimiyyətinin başçısının müavini Vidadi Tağıyev, yazıçı-publisist Mirkazım Seyidov, "Yeni nəşrlər" jurnalının baş redaktoru Fazil Kərimov, şair Mahmud Qacar kitab barəsində, eləcə də Oqtay Əliyevin yaradıcılığı haqqında öz ürək sözlərini söyləmiş, müəllifə yeni yaradıcılıq uğurları arzulamışlar. Bu tədbirdə ən yadda qalan məqamlardan biri də Bakı şəhər 6 saylı məktəbin şagirdi Fərəh Əhmədovanın yazıçı Oqtay Əliyevin məsum şeirlərindən parçaları əzbər söyləməsi oldu.
Təbii ki, hər bir əsər yazıldığı ana qədər müəllifin himayəsində, müəllifin əhatə dairəsində olur. Elə ki, kitab işıq üzü gördü, oxucu auditoriyasına yol tapdı, artıq onun əsas həyatı, yaşayıb-yaşamayacağı hökmünün veriləcəyi anların ilk işartıları meydana gəlir. Mən Oqtay Əliyevin yaradıcılığına bələd olan bir oxucu kimi onun "Böyük günahı"nın öz auditoriyasını tapacağına, öz oxucusu ilə baş-başa qalacağına inanıram. Bu inamın da kökündə təbii ki, müəllif səmimiyyəti dayanır. İstənilən səmimi söz, səmimi fikir ortada qalmır. Bu mənada qələm dostumu "Böyük günah" münasibəti ilə təbrik edir və onun bütün günahlarının məhz yazıb-yaratmaq olmasını istəyirəm.
Stolumun üzərindəki "Böyük
günah"ın hər səhifəsində yurd
həsrətinin, Füzulili günlərin
hənirini duymaq nə qədər düşündürücü olsa da, mən bu düşüncələrin növbəti kitablarda qələbə müjdəli
olmasını bir əminlik hissi ilə qəlbimdən
keçirirəm. İnanıram ki, Oqtay müəllim bu gün üzərində işlədiyi digər
əsərlərinin imza günlərini
Füzulidə, lap elə "Araz" qəzeti redaksiyasında keçirməyi
ən böyük arzularından biri kimi ürəyində
yaşadır. Tanrı arzularımızı çin etsin!
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2013.-11 iyun.-S.6.