Diqqətin alternativi məsuliyyətdir, inkişafdır, uğurdur

 

Azərbaycan Prezidenti İlham Əliyev indiyə qədər Hacıqabul rayonuna 6 dəfə səfər etmişdir

Rayon mərkəzinə uzanan bu abad və kifayət qədər uzun, geniş küçəni şəhərin girişi də adlandırmaq olar. Əslində bu küçə deyil, prospektdir.

ÖzüUlu Öndər Heydər Əliyevin adını daşıyır. Bu giriş hissənin sağsolunda son illər inşa edilmiş bir-birindən baxımlı yaşayış evləri, inzibati binalar sıralanır.

Yeni salınmış bu massivdə rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin, Sosial Müdafiə Fondunun, Maliyyə şöbəsinin, "Kapital Bank"ın yerli şöbəsinin inzibati binaları bura xüsusi gözəllik verir. Heydər Əliyevin əzəmətli heykəlinin məskunlaşdığı park bu massivin ən gözəl guşəsidir. Ümumi sahəsi 260 kvadrat metrdən 1172 kvadrat metrə çatdırılmış Heydər Əliyev Mərkəzinin yenidən qurulmasından sonra burada ekspozisiya, kinokonfrans zalları, elektron kitabxana və digər guşələr yaradılmışdır.

Bir qədər aşağıda Dədə Qorqud abidə kompleksinin yerləşdiyi bağ, Mərkəzi Rayon Xəstəxanası, Uşaq Tibb Mərkəzi, rayon Polis şöbəsi, Daxili Qoşunlara məxsus inzibati bina, sonuncuya aid yataqxana bu massivin, eləcə də rayonun ən monimental tikililərindədir.

Hacıqabul şəhərinin köhnə yaşayış massivində də bu prospektin genişliyi, səliqəsi və gözəlliyi qorunub saxlanmışdır. Rayon Prokurorluğunun, Hacıqabul Dəmir Yolu xəstəxanasının, rayon İcra Hakimiyyətinin şəhər nümayəndəliyinin müasir binaları, rayon Mədəniyyət klubu, Dəmir Yolu Vağzalının qədim binası da bu prospektdə yerləşir.

Bakıya uzanan bu yolun hündür hissəsindən rayon mərkəzi Hacıqabul şəhəri daha gözəl görünür. Son vaxtlar inşa edilmiş bir-birindən böyük və yaraşıqlı fərdi evlər rayonun iqtisadi-sosial həyatından xəbər verir.

Bu uğurların davamı II rübdə də olacaq

Yəqin ki, bir neçə həftədən sonra II rübə də yekun vurulacaq. Və çox güman ki, 2013-cü ilin ilk rübündəki uğurlar bir az da inkişaf etdiriləcək.

Arxada qalan 2012-ci il kimi bu ilin ilk rübü də hacıqabullular üçün uğurlu olub. Rayon iqtisadiyyatının bütün sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 50,6 milyon manata çatmışdır.

Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında bu ilin məhsulu üçün 12236 hektar taxıl əkilmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 586 hektar çoxdur. 36 hektar ərazidə tərəvəz, 64 hektar ərazidə bostan bitkiləri, 38 hektar ərazidə kartof olmaqla 1040 hektar sahədə yazlıq əkin aparılmışdır.

Rayonda heyvandarlığa göstərilən qayğı da öz bəhrəsini vermişdir. Süd istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 224 ton artaraq 4723 ton, ət istehsalı 1562 ton, yumurta istehsalı 57 milyon 500 ədəd olmuşdur.

Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda əsaslı iqtisadi inkişafa nail olunmuşdur. Tikinti, quruculuq, abadlıq işlərinə geniş meydan verilmişdir.

80 şagird üçün Xilə kənd ümumi orta məktəb, 480 şagird üçün Abdulabad, 220 şagird üçün Şorbaçı, 260 şagird üçün Qubalı Baloğlan kənd tam orta məktəblərində inşaat işlərinin qızğın çağıdır. 340 şagirdi əhatə edən Navahı qəsəbə 1 saylı orta məktəbdə əsaslı təmir işləri aparılır.

Şirvan-Muğan qrup su kəməri, "Lalə" uşaq bağçası Hacıqabul rayonunda tikilməkdə olan obyektlər sırasındadır.

Qafqazın və Mərkəzi Asiyanın ən unikal layihəsi - seramik plitələr istehsalı zavodu

Hacıqabul rayonunda inşa edilən zavodun istehsal sahəsi doğrudan da böyük və unikaldır. 27 hektar ərazisi olan bu müəssisənin inşasına 2009-cu ildə başlanılsa da, 2013-cü ilin ilk rübündə başa çatmışdır. Zavodda dünyanın ən qabaqcıl şirkəti olan İtaliyanın "Saçmi" müəssisəsinin avadanlıqları quraşdırılmışdır. 500 nəfər sakinin məşğulluğuna xidmət edən zavodda 100 və 150 nəfərlik yeməkxana fəaliyyət göstərəcək.

Seramik plitələr istehsalı ilə məşğul olacaq bu müəssisədə bir il ərzində 1 milyon 815 min kvadrat metr döşəmə plitə, 1 milyon 798 min kvadrat metr üzlük plitə, 165 min paqonometr dekorativ plitə hazırlanacaq. 19,7 min kvadrat metr qapalı sahəsi olan zavodun yaradılmasına 40,2 milyon manat vəsait xərclənmişdir. Müəssisənin illik xammal tələbatı 80 min ton təşkil edir. Bu tələbatın da əsas hissəsi yerli xammal hesabına ödəniləcəkdir. İstehsal üçün müəyyən maddələr isə Türkiyə və Ukraynadan ixrac olunacaq.

Zavodun ərazisində inşa edilmiş 80 nəfərlik qonaq evində müsafirlərin və işçilərin istirahəti üçün bütün şərait yaradılmışdır. Müəssisənin həyətində abadlıq-quruculuq işləri görülmüş, idman meydançası yaradılmışdır.

Gilan Seramik Parkında inşa edilmiş bu istehsal müəssisəsində daha bir sahə - yeni geramaqranit zavodunun tikintisi - nəzərdə tutulmuşdur.

 

(ardı gələn sayımızda)

 

Səxavət Məmmədli

 

Ədalət.-2013.-11 iyun.-S.6.