Bu dövrün teatr
priması mən olmalıydım
Bu günkü qonağımız Akademik Milli Dram
Teatrının ən güclü aktrisalarından biri xalq
artisti Bəsti Cəfərovadı. Müsahibəmiz yayıma
hazırlandığı vaxtda Bəsti xanımın on illik
pedaqoji fəaliyyətinin müqabilində professor adına layiq görülməsi xəbərini
aldıq. Həm bu ad münasibəti ilə, həm
də bu gün aktrisanın doğum günü olduğu
üçün qəzetimiz adından Bəsti xanımı təbrik
edir, ona can sağlığı və yeni nailiyyətlər
arzulayırıq.
-Bəsti
xanım, "Fedra”, "Afət”, "Xanuma” tamaşalarınızı
izlədikdən sonra məndə belə bir fikir yarandı ki,
məhz bu günkü teatr sənəti tarixində Bəsti Cəfərovanın
var olması zamanın tələbi idi. Sizin bu fikirə
münasibətinizi bilmək maraqlı olardı...
-Bilirsinizmi,
hər zamanın öz qəhrəmanı var. Mən fatalist insan
deyiləm. Ancaq belə fikirləşirəm ki,
hər bir yaradılışın öz missiyası olur və
yaşadığı dövr boyu da həmin missiyaya doğru
gedir. Kiçik yaşlarımdan arxeoloq da
olmaq istəmişəm, musiqi və rəqslə də məşğul
olmuşam. Amma heç vaxt deməmişəm
ki, aktrisa olacam. Aktrisa olmağım təhtəlşüur
formada baş verib. Həyat özü gətirib
məni bu sənətə, teatra çıxardıb.
Hələ
lap Hökümə Qurbanova zamanından götürsək, o
zaman da yaxşı aktrisalarımız olub. Amma ən
böyük Hökümə Qurbanova olub. Hökümə
Qurbanova adı o vaxtkı teatr üçün Ədil İskəndərov,
Mehdi Məmmədov, Tofiq Kazımov rejissorluğuna hər zaman
lazım idi.
Daha sonra yeni nəsil gəldi. Amaliya Pənahova, Şəfiqə Məmmədova
və.s. Onlardan da hansılarısa lider oldu, ola bilmədi,
yarı yolda teatrı tərk edənlər oldusa da həmin
teatr zamanında Amaliya xanım vacib oldu. Ola bilsin ki, 80-ci ildən
üzü bəri olan zamanın məkanında da mən vacib
olmalıydım ki, oldum.
-Hökümə Qurbanovadan söz
düşmüşkən, o illərin Akademik Milli Dram
teatrını necə xatırlayırsınız? Sizi necə
qarılamışdılar?
-Mən
ilk dəfə teatra 1978-ci ilə gəldim. Həmin illərdə
teatrda Hökümə Qurbanova, Nəcibə Məlikova, Ətayə
Əliyeva, Mirvari Novruzova, Sofa Bəsirzadə vardı. Onlar məni
çox gözəl, özlərindən biri kimi
qarşılamışdılar. Ola bilsin ki, mənim Ədil
İskəndərov məktəbini keçməyim, onun
teatrının romantizminin mənə hopması idi, ya nə
idisə mənmki birinci tamaşadan tutdu.
Bir məsələ
də var ki, o dövrlərdə teatrda yaxşı iş
gedirdi. Baxmayaraq 80-ci ildə teatrın baş rejissoru Tofiq
Kazımov yol qəzasında rəhmətə getdi. Uzun
müddət teatrımızda baş rejissor olmadı. Amma
Ağakişi Kazımov, Mərahim Fərzəlibəyov, Əşrəf
Quliyev kimi rejissorlar vardı.
İndi
bir təzə tamaşaya on gənc aktyoru daxil edirlər. Gənclər
isə teatrın ab-havasını tuta bilməmiş vəziyyətdə
çaşıb qalırlar. Amma o zaman bizi elə etmirdilər.
Misal üçün "Quşu uçan budaqlar”
tamaşasında teatrın ən yaxşı aktyorları olan
Həsənağa Turabov, Mirvari Novruzova, Şükufə
Yusupova, Yaşar Nuri, Səməndər Rzayev ilə
yanaşı yeni aktrisa kimi onların içərisinə bir
məni salmışdılar. Mən də həmin
böyük sənətkarlarla öz rolumu oynaya-oynaya püxtələşirdim.
Ona görə də tamaşadan sonra onlar artıq məni
özlərininki kimi qəbul etdilər.
-Bir çox aktyorlar var ki, uzun illər
səhnədə olsalar da istedad sarıdan yarımırlar. Bəlkə
onların olması da lazımdır ki, istedadlı insanlar
onların yanında daha parlaq və əzəmətli
görünsünlər?
-Bu fikirlə
razı deyiləm. İstedadlı insanın yanında
istedadsız insanın olması lazım deyil. Mən həmişə
sevmişəm ki, mənim tərəf müqabillərim
qüvvətli olsunlar. O aktyor ki, qüvvətli aktyorun,
aktrisanın yanında olmaqdan qorxur, deməli o yaxşı
aktyor deyil. Kimlərsə müəyyən dövrdə gəncliyinə,
fakturasına görə irəli gedir. Lakin sonra
alınmır...
Bizim sənət
zahirən çox gözəl görünür. Amma daxildə
çox ağır qanunlara tabeyik. Bu sənətdə həm
gözəl, həm istedadlı, həm işgüzar
olmalısan. Bütün bunlar cəm halında olanda sən
artıq dönüb olursan böyük aktrisa. Amma bunların
hansınısa əldə edə bilmədin, deməli sən
də yarı yolda qalacaqsan. Digər tərəfdən də
bayaq saydıqlarımın hamısını əldə etsək
də, aktrisanın ən gözəl çağı
qırx yaşına qədərdi. Əgər qırxdan sonra
onun emossional bazası varsa, o lap yetmiş yaşına qədər
gedib çıxa biləcək. Amma o baza olmasa, kimin qohumu,
sevgilisi, dostu olursan ol, dəxli yoxdu. Hər şey yarı yolda
qırılıb qalacaq. Və həmin adam da bunu daxilən
anlayacaq ki, o artıq teatrda yoxdu.
-Bəzən mətbuatda sizin
oynadığınız rollara qarşı həmkarlarınız
tərəfindən qəzəb dolu fikirlər də səslənir.
Sizə qarşı bu qıcığın, qəzəbin səbəbləri
nədən yaranıb?
-Rəhmətlik
Vaqif İbrahimoğlu bir dəfə mənə belə bir
söz demişdi ki, "istedadlı insandan qorxmaq lazım
deyil. O, öz qabındakını bilir və axır qədər
də gedir. İstedadsız insan da qorxulu deyil. Çünki,
elələrinin sözü heç vaxt söz olmur. Amma sənətdə
qorxmaq lazımdır ortabab insandan... Çünki, orta səviyyə
həmişə ortababları incidir”. Bunun üçün də
mənim yüksəkdə olmağım çox adamı
incidir. Mən onları həm başa düşürəm, həm
də başa düşmürəm...
-Bəlkə
bir az da aydınlıq gətirəsiniz...
-Bilirsinizmi,
hər insanın bir qismət payı var. Allah-təala birinə
var-dövlət, o birinə yaxşı həyat
yoldaşı qismət edir. Yaxşı toyla mağarla gəlin
köçüb ailə sahibi olanlar da olur. Mənə də
sənətdə yüksəlmək qismət olub. Misal
üçün mənim həyatda toyum olmayıb.
Bütün qızların arzusu olan gəlinlik libası geyinməmişəm...
Əgər mən onların malına puluna, səadətinə
paxıllıq etmirəmsə, onlar niyə mənim zirvəmə
"Afət”imə, "Fedra”ma, "Xanuma”ma paxıllıq
edirlər?!
Mən Afət
rolunu oynayarkən, inanırsınızmı tamaşanın
rejissoru Mehriban Ələkbərzadəyə nə qədər
təyziqlər olmuşdu?! Lakin, o bu təyziqlərin heç
birinə getməmişdi. Bir də bizim rejissorlarımızda
belə bir qorxu da var ki, birdən rolu güclü aktrisaya verərəm,
əsər qüvvətli alınar. Tamaşa da məhz həmin
aktrisanın adı ilə yadda qalıb, rejissoru kölgədə
qoyar. Mehriban xanım da belə bir tərəddüd
olmamışdı. Və o, Afəti mənə həvalə
etmişdi. Üstəlik mizanları da elə qurmuşdu ki,
tamaşaçıya çox yaxın... Elə yaxın
mizanlarda tamaşaçını aldatmaq mümkün deyil.
-"Xanuma” tamaşası
üç saatdan artıq davam edir. Tamaşanın uzunluğu
sizi qorxutmamışdı ki, birdən tamaşaçı
sona qədər baxa bilməyib zalı tərk edər?
-Komediya
janrını tamaşaçı çox sevir. Bir də ki, hər
tamaşanın öz tamaşaçısı var. Məsələn,
son oynadığım "Kuraj ana və uşaqları”
tamaşası o qədər uzunluqda olsaydı, hə o zaman
tamaşaçı yorulardı. Amma "Xanuma” nın
janrında musiqi, rəngarəng geyimlər siz dediyiniz
halların baş verməsinə imkan verməzdi. Birdə ki,
mənim uzun tamaşalarım çox olub. Götürək
elə "Fedra”nı üç saata qədər davam edib. Və
sona qədər heç bir tamaşaçı zalı tərk
etməyib.
-Siz Oqtay Mirqasımın
"Günaydım mələyim” filminə də çəkilmisiniz.
Həmin filmdə teatrda baş verən hadisələr
çox açıq aydın şəkildə göstərilib.
O filmə çəkilməkdən ehtiyat etmədiniz?
-Həmin
film 2008-ci ildə çəkilib. Ondan əvvəl də mənə
çox qəşəng bir filmin təklifi gəlmişdi. Həmin
filmə çəkilməyi çox istəyirdim. Lakin, sonra
buna imkan vermədilər. Mən də ondan sonra film təkliflərindən
imtina elədim. Amma "Günaydın mələyim” filminə
çəkilməyimi Oqtay Mirqasım çox istədi.
Sınaq çəkilişlərinə getdim.
Düşündüm ki, bu filmə çəkilməyimə
də kimlərsə maneçilik törədəcəklər,
təsir göstərəcəklər... Sonradan bildim ki, mən
təsdiq olunmuşam. Açığı o filmdəki rolum mənə
bir az çatmır. Çünki, mən ki,səhnədə
böyük ağır rollar oynayıram. Sonradan elə rollar
məndə bir az qəribə gəlir, elə bilirəm ki,
heç nə eləməmişəm. Nə isə
yarımçıq qalıb... Bu baxımdan mən deyə
bilmərəm ki, o filmdə mən böyük nəsə
yaratdım.
Ancaq filmdəki
rolum siz dediyiniz kimi məndə heç bir ehtiyat, qorxu hissi
yaratmadı. Çünki, bir tərəfdən yaxşı
oldu ki, Oqtay məni həmin dövrdə bir daha teatrın
priması kimi möhürlədi. Deməli bu dövrün
teatr priması mən olmalıydım ki, rejissor da məhz həmin
rola məni çəkdi, başqasını yox.
-Mehdi Məmmədov
1969-cu ildə "Mənim həyatım” adlı kitabında
yazırdı ki, "öz tamaşaçısı ilə əlaqəsini
itirmiş teatrın kollektivinin aqibəti uğursuz olur, o,
insanların arzu və amallarına soyuqqanlıq göstərir,
xidmət etdiyi şəxslərin qəlbində əks-səda
tapa bilmir”. Sizcə Akademik Milli Dram Teatrınin hal-hazırda
tamaşaçıları ilə olan əlaqəsi hansı
durumdadır?
-Bilirsinizmi,
teatra sevgi uşaqlıq illərindən, məktəb
yaşlarından aşılanmalıdı. Bizdə bir zaman elə
bir dövr oldu ki, məktəblərə teatr biletlərinin
satılmsına qadağa qoyuldu. Daha sonra teatr uzun müddət
təmirə dayandı. İncəsənətdə bir
çox qanunlar yarandı ki, onlar teatrda özünü
doğrulda bilmədi. Teatr zamanın nəbzini tuta bilmədi.
Və tamaşaçı teatrdan uzaq düşdü. Bu
problem əslində tək bizdə yox, dünya teatrlarında
da yaşanmaqdadır. Bizim teatrımıza da
tamaşaçılar gəlirlər. Amma 80-ci illərin
tamaşaçıları indi yoxdur. Buna internetin də,
televiziya kanallarının da öz təsiri oldu. Məncə
Mehdi Məmmədovun bu sözləri hardasa bu gün bir az
yerinə düşür. Amma Mehdi Məmmədov çox
müdrik insan idi. O, bu sözləri deyərkən çox
güman ki, öz dövrünün teatr
tamaçılarını nəzərdə tutub söyləmişdir.
-Ananıza
çox bağlı bir övlad olmusunuz...
-Bəli,
mən anamı çox sevmişəm çünki, onun həqiqətən
də əzablı taleyi olub. On dörd yaşı olanda
anasını itirib. Üstündən illər keçsə
də həmişə anasını xatırlayanda
hönkür-hönkür ağlayardı. Atamın da acı
taleyi olub. O əmisi qızının nişanını
qaytarıb anamla ailə qurduğuna görə anası rəhmətə
gedəndə onun dəfnində iştirak edə bilmədi...
Anam
övladları üçün çox narahat ana idi.
Uşaqlıqda mənim epilepsiya xəstəliyim vardı. Mənə
əsəbləşmək qətiyyən olmazdı. Sonralar
da həkimlər mənə həyəcanlanmağı
qadağan etmişdi. Bunun üçün də anam pis bir
hadisə baş verəndə bacılarıma deyərdi ki,
"Bəstinin xəbəri olmasın”. O, mənim
övladımın, özümün qayğımı
çox çəkdi. Məndə ona yaxşı övlad
oldum.
-Bəsti xanım,
oynadığınız bütün rollarınızda
qadın, insan tənhalığı daha qabarıqdı.
İçinizdə bir tənhalıq qorxusu var?
-Mənim
bir qızım, çoxlu qohumlarım, yaxşı
dostlarım var. Xüsusilə dostluqda çox səaqətli
insanam. Sinif yoldaşlarımla uzun illərdi dostluq edirəm.Onlar
mənim pimyeralarımın hamısına gəlirlər...
Ona görə gəlmirlər ki, mən xalq artisti Bəsti Cəfərovayam.
Ona görə gəlirlər ki, mən bir vaxtlar onlarla
küçədə oynayanda yıxılan, dizim
sıyrılan balaca Bəstiyəm... Həmişə ürək
keçməm olanda onlar qaçıb mənə
şirinçay gətirərdilər, əllərimi
ovuşdurardılar. İndi də mən onlar
üçün həmin qızcığazam. Yəni mənim
ətrafım çox təmiz insanlarla əhatələnib.
Bircə arzum bu olub ki, mənim doğmalarıma,
yaxınlarıma nəsə pis bir hadisə üz verməsin.
Amma tənhalıq məni qorxutmayıb. Çünki,
yaradıcı insan üçün tənhalıq onun ruhunu
qidalandıran bir mənbədir. İnsan özü ilə
baş-başa qalanda onda özünü anlama,
özünü dərk etmə daha güclü sürətdə
baş verir.
Hər
aktrisanın öz mövzusu olur. Kim ki, öz mövzusunu tapa
bilir o, əsl aktrisa olur... Mənim də səhnədə
oynadığım rolların əsasını qadın tənhalığı
və daxili əzab təşkil edib. Çünki, bu yerlərə
çox əziyyətlərlə gəlib
çıxmışam. Heç nə havayı olmayıb.
Amma hər nə olubsa da əllərimin zəhməti,
alnımın təri ilə olub.
Samirə Əşrəf
Ədalət.-2013.-13
iyun.- S. 8.