"ÖMÜR BİTƏR, YOL BİTMƏZ"

 

Laçınlı günləri xatırlayarkən

 

Qarşımdakı bu kitabın məllifi ilə dostlarımın vasitəsi ilə günün, ayın xoş bir məqamında tanış oldum. Həyat elə gətirdi ki, bu tanışlıq bizi bir-birimizə yaxınlaşdırmaqla yanaşı, həm də ailəmizə yol tapdı. Beləcə, Cəbrayıl müəllimin dünyasına bir az da yaxından bələd olmaq imkanı qazandım. Ancaq...g

Açığını deyim ki, onun bədii yaradıcılıqla məşğul olduğundan xəbərsiz idim. Sadəcə bildiyim bu idi ki, Cəbrayıl Qəhrəmanov elm adamıdı, pedaqoji sahədə çalışır, bir az da konkret desəm, pedaqoji elmlər üzrə fəlsəfə doktorudur. Uzun illər doğulduğu torpaqda, yəni Laçının Güləbird kəndində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olub. Laçının işğalından sonra o da Bakıya üz tutmaq məcburiyyətində qalıb. İndi paytaxtda da necə deyərlər, elmin, təhsilin içərisində laçınlı günlərin xatirələrini yaddaşından vərəqlərə köçürür.

Bir müddət bundan öncə yenə gözləmədiyim halda otağımın qapısı açıldı və Cəbrayıl müəllim dostumuz Etibarla birlikdə otağa daxil oldu. Bu gəliş təbii ki, dost gəlişi, doğma adamın təşrifi olduğu üçün mənim bir az qayğıların əlindən çəkib aldı. Bir xeyli söhbət etdik, işimizdən, ailəmizdən, dostlarımızdan danışdıq, işğal olmuş torpaqlarımızı xəyalən də olsa gəzib geri qayıtdıq. Ayrılıb gedəndə Cəbrayıl müəllim əl çantasından bir kitab çıxardı və xoş sözləri aftoqraf kimi yazaraq mənə bağışladı. Mən kitabın üstündəki müəllif adını görəndə ona təəccüblə baxdım. Baxışlarımla demək istədim ki, əzizim, sənin belə işlərin də varmış... Elə o da gülümsəməklə sanki bir səmimi üzrxahlıq etdi və mən dostumuzu yola saldıqdan sonra onun qoyub getdiyi kitabı dərhal vərəqlədi. 500 səhifədən artıq olan bu kitabda gördüyüm şəkillər, rastlaşdığım adlar, soyadlar məni əməlli-başlı Bakıdan alıb laçınlı günlərə apardı. Çünki bu adların, bu şəkillərin sahiblərinin bir çoxunu mən elə laçınlı günlərdən tanıyırdım. Sanki köhnə dost-tanışlarımla təkrar görüşdüm, təkrar qarşılaşdıq...

"Ömür bitər, yol bitməz" kitabı "Elm və təhsil" nəşriyyatında işıq üzü görüb. Kitabın elmi redaktoru AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Tahir Orucov, rəyçiləri tarix üzrə fəlsəfə doktorları Vaqif Abışov və Ramil Ağayevdir. Ədəbi redaktor Gülnarə İsgəndərova, nəşrin sponsoru isə Qəhrəman Qəhrəmanovdur. Kitab müəllifin ön sözü ilə başlayır. Həmin ön sözü oxuduqca bütövlükdə Zəngəzur mahalının, Qarabağın, xüsusilə güləbird kəndinin barəsində qısa bilgilər əldə etmək olur. Ən maraqlısı budur ki, Cəbrayıl müəllim oxuculara açıq şəkildə etiraf edir ki, o, bu kitabı elminə, obasına, doğulduğu kəndə bir söz abidəsi kimi, bir söz töhfəsi kimi ərmağan edir. Güləbird kəndi haqqında zaman-zaman yazılanları, deyilənləri toplayıb öz süzgəcindən keçirib onları çeşidləyir, xüsusi olaraq Güləbirdin toponimi haqqında, təbii coğrafi mövqeyi haqqında, abidələri barəsində, yaradıcı, elmi insanları haqqında, o cümlədən zorla qatıldığımız Qarabağ müharibəsində canından, qanından keçən şəhidləri barəsində oxucuya məlumat verir.

"Ömür bitər, yol bitməz" kitabında Laçının milli qəhrəmanları, ağır seyidlərindən Seyid Əliş ağaoğlu Seyid Əvəz ağa barəsində, Laçının əmək qəhrəmanları, adı dillər dastanı olan Sarı Aşığı barəsində ətraflı bilgilər verir. Apardığı araşdırmalar nəticəsində sübut edir ki, el arasında müxtəlif adlarla tanınan Sarı Aşığın əsl yurdu, ünvanı məhz Laçın rayonudu.

Bu kitabda Laçının, xüsusilə Güləbirdin məşhur nəsillərinin şəcərələri də, həyat yolları da, din adamları da oxuculara yığcam və faktlar əsasında təqdim olunub. Ümumiyyətlə, böyük əmək sayəsində araya-ərsəyə gətirilmiş bu kitabda müəllif güləbirdlilərin adət-ənənələrini, məişətlərini, qəhrəmanlıqlarını, söz sənətlərini, məktəb illərini, ekologiyasını, coğrafiyasını bir ustad dəqiqliyi ilə toplayıb və çap etdiribdi.

Düşünürəm ki, fəlsəfə doktoru, dəyərli ziyalı Cəbrayıl Qəhrəmanovun Güləbirdin bir yetirməsi kimi üzərinə götürdüyü işi layiqincə başa çatdırması heç də təsadüf deyil. Çünki bu insanın ruhunda, canında, qanında vətən sevgisi, Guləbird yanğısı hər gün alovlanır, hər gün atəşə çevrilir. Onunla hər təmasda bu odu-alovu görməmək, duymamaq mümkün deyil. Məhz bu mənada savab bir işə imza atmış Cəbrayıl müəllimi təbrik edir, güləbirdlilərin, laçınlıların, bütövlükdə azərbaycanlıların və ürəyində yurd sevgisi olan hər kəsin bu kitaba dəyər verəcəyini öncədən duyur və Cəbrayıl müəllimə yeni-yeni uğurlar arzu edirəm.

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.-2013.-13 iyun.-S.5.