GÜNAH

 

Hekayə

 

 (əvvəli ötən şənbə saylarımızda)

 

O da unutmurdu bunu. Özlüyündə qəti qərara gəlmişdi ki, Ağababayevlə ehtiyatlı dolansın. Bu adamın dili bir, əməli başqadır. Odur ki, mümkün qədər gözünə görünməmək, arada müəyyən məsafə saxlamaq gərəkdir.

Ancaq rayonda gərgin, böhranlı vəziyyət yarananda ürəyi dözmədi, köhnə dostunun görüşünə getdi.

 

***

Başını əlləri arasına alıb fikrə getmişdi. O, içəri girəndə qımıldanıb yerindən tərpənmədi. Ağızucu salamını alıb handan-hana eyhamla:

- Nə əcəb səndən? - soruşdu.

Gözləmədiyi sualdan çaşıb qaldı. Heç vaxt belə qarşılanmamışdı. Deməli, gümanında yanılmamışdı.

- Nəsə olub?

- Daha nə olacaq? - Ağababayev əsəbi halda ona baxdı. - Olan oldu, özüm də qaldım meydanda tək.

- Tək niyə qalırsan, bəyəm mən ölmüşəm? - Atakişi hirsindən fısıldadı.

- Ölməyinə ölməmisən, amma diriliyin də bilinmir. Bir demirsən ki, bu istintaq, sorğu-sual nə yerdədi? Bəlkə başımda bir iş var, bəlkə kömək lazımdır, hə?..

- Düz deyirsən, haqlısan, intəhası səninçün bağlı qapı qalmayıb indiyəcən. Vallah heç ağlıma da gəlməyib ki, umacağın ola. Madam ki, belədir, mən hazır qulluğunda.

- Özümçün demirəm, rayonçun deyirəm. Mənə nə var, bu gün buradayam, sabah başqa yerdə. Qalan siz, camaatla üzləşən də siz olacaqsız. Nə eləsən də özünçündür. Ən pisi odur ki, Cəfərqulu bizi satır.

Atakişi bu gözlənilməz xəbərdən yerindəcə donub qaldı. Deməli, kələfin ucu ələ keçmişdi. Hər ay bir raport verib "qələbə" qazanan Cəfərqulu kimilər indi dəryanın dərinliyinə atılmış tora düşüb çabalayan balığa bənzəyirdilər. "Allah bu torun üzə çıxacağı gündən saxlasın", - Atakişi düşündü. Əgər iş möhkəm getsə, çox qapılar döyüləcək. Buna şübhə etməsə də, yenə ümid və təsəlli intizarı ilə soruşdu:

- Necə yəni satır?

- Daha bunun necəsi yoxdur ki, açır sandığı, tökür pambığı. Rayonda nə var, nə olub hamısını deyir.

Atakişinin gözləri yol çəkdi. Ürəyinə gələn başına gəlmişdi: müşkül məsələ idi. Cəfərqulu başçılıq etdiyi təsərrüfatdan yalan məlumat verib dövləti aldatdığına görə həbs olunmuşdu. İstintaqda "ağzını boş qoyub" Ağababayevin qarasınca o ki var demişdi.

- Heç inana bilmirəm ki, o, belə namərdlik eləsin.

Ağababayev qaşqabağını tökdü:

- Sabah səni də çağırıb sorğu-suala tutanda inanarsan. Namərd necə olar? Özü gedir, indi də rayonu dalınca aparmaq istəyir. Heç kişi yoxmuş. Ədə, kişi tanıyıram qanı boynuna götürür, gedib türmədə yatır. Bunlar o xarabanın qapısına çatmamış başlayırlar bir-birini satmağa.

Atakişi dərindən köks ötürüb heyfsiləndi:

- Ancaq o belə adam deyildi, - dedi. Fikrə gedib Ağababayevin gözünün içinə dik baxdı. - Vaxtında çox dedim, and-aman elədim, baxmadın düz sözə, heç eşitmək istəmədin, lap yalvarıb-yaxardım, xeyri olmadı, əllərini yelləyib bildiyini elədin, sinənə düzülən ordenlərin parıltısı gözlərini qamaşdırdı, həqiqəti görmədin, axırı da belə oldu.

- Necə yəni? - Ağababayevin hirsindən səsi titrədi,- deyirsən mən eləmişəm bu qələti? Yəni günahkar mənəm?

- Bəs kimdir? - köhnə dostu qıpqırmızı qızarıb üzünə durdu, - bəs eşitməmisən mərdi qova-qova namərd eləməzlər?! Sənsə elədin, kişiləri o qədər qovdun, yalana, yalançı vədə, nə bilim guya yüksəkdən də yüksək öhdəliyə, belə qısası, pripiskaya məcbur elədin, sözünə baxmayanları şərləyib damladın, axırı da belə oldu.

Ağababayev bunu gözləmirdi. Heç cür ağlına sığışdıra bilmirdi ki, Atakişi ona təsəlli vermək, kömək eləmək əvəzinə yeddi qatından keçən söz deyəcək. O, don vurmuş kimi kresloda hərəkətsiz qalmışdı. Donuq nəzərlərlə qarşısında durub hikkəsindən sifəti kömür kimi qaralan köhnə dostuna elə baxırdı ki, sanki əcaib bir şey görürdü. Getdikcə böyüyüb alnına çıxan bulanıq gözləri qeyzlə parıldayırdı. Birdəng Əllərini qaldırıb başına endirdi: "Kül mənim başıma, gör kimə dost demişəm!.. Deyirdim dostum var, arxam var, çətin günümdəg vay,vayg"

Atakişi pərt halda: "Özün yaxşı bilirsən ki, mən elə ağır günün dostuyam", - dedi.

Araya ağır sükut çökdü. Ağababayev ayağa qalxıb var-gəl eləməyə başladı. Atakişi qanıqara halda başını aşağı salmışdı. Kəskin danışıb kişini haldan çıxardığına peşman olsa da, ürəyini boşaldıb sakitləşmişdi. Bilirdi ki, Ağababayev çox susan deyil. Odur ki, birinci onun başlamasını gözləyirdi. Fikirləşdiyi kimi də oldu.

- O, elə bilir ağzına gələni deməklə, məni tələyə salacaq. Ay özü ölsün. Təntənəli yığıncaqlara, televiziyaya çağrılanda dördayaq qaçırdı. Onda da mən qovurdum?

O, sözünə ara verib nisbətən sakit tərzdə dərdləşməyə başladı:

- Atakişi, incimə. Bu rayonda çoxları vəzifədən, ad-sandan ötrü nəyə desən gedir. Az olmayıb ki, üzünə söymüşəm, heç ağzını da açmayıb. Təki işinə toxunma, vəzifəsini əlindən alma. Belələrini heç qovmaq da lazım deyil. Bunu sən məndən də yaxşı bilirsən, amma nə fayda? Üzümə elə durursan ki, guya rayonu qara günə qoyan mənəm. Bu gün sən deyəndə, sabah gədə-güdələr qalxacaq üstümə. Onsuz da son vaxtlar hiss edirəm, belə getsə axırı yaxşı olmayacaq. Yuxuda da görmüşəm. Allah bunu aşkarda göstərməsin.

Atakişi sual və təəccüb dolu baxışlarını ona zillədi:

- Nə yuxu, nə aşkar?

- Yuxu deyəndə ki, dəhşət. Elə bil cəhənnəmi öz gözlərimlə gördüm. Gördüm ki, bu kabinetdə, bax bu kresloda arxayın-arxayın oturub Gülayla söhbət edirəm. Qulağıma qəfil səs gəldi, əvvəl unamadım. Sonra o səs gücləndi, bayırda uğultu qopdu. Gülay pəncərəyə sarı qaçıb pərdənin arasından həyətə baxdı. Nə gördüsə, özündən getdi. Çaşbaş qaldım. Tez pəncərəyə atıldım. Nə görsəm yaxşıdır? Həyətdə o qədər adam var ki, iynə atsan yerə düşməz. Hamısı da bir ağızdan qışqırır: "Rədd olsun Ağababayev, rədd olsun! İstefa, istefa!..." O uğultu indi də qulağımdadır. Birdən qapı açıldı. İçəri kim girsə yaxşıdır? O məşhur demaqoq müəllimlə çoban Məmiş. Müəllim üstümə qolaylandı ki, bəs karsan, eşitmirsən xalqın səsini? Rədd olub getməlisən, sənin yerində çoban Məmiş oturacaq. Bir də gördüm Məmiş heç utanıb qızarmadan gəlib bu kresloya yayxandı. Ayağını ayağının üstünə aşırıb üzümə hırıldadı. Dedim, ay müəllim, mən bilirəm sən xalq adamısan, bu xalqa yazığın gəlsin, insaf yaxşı şeydir. Çoban Məmişdən də rayona rəhbər olar? Dedi, səndən olur, Məmişdən yox? Bu dəm qapı taybatay açıldı, adamlar içəriyə doldu. Ağız deyəni qulaq eşitmədi. Birdən onların yanında səni gördüm. Üzümü tutdum sənə ki, kömək eləyəsən. Sən heç mənə sarı baxmadın. Qaldım tək, köməksiz.

Söhbətin bu yerində Atakişinin hövsələsi daraldı:

- Bu lap nağıl oldu ki.

- Allah eləsin nağıl olsung Bilmirəm necə qışqırdımsa, yerimdən dik atıldım. Gözümü açanda gördüm arvad başımın üstünü alıb ki, sənə nə oldu. Dedim, yaxşı ki, yuxuymuş. Allah eləməsin, çin olsun.

Atakişinin ona yazığı gəldi. Həmişə yerində qaynayan, geniş kabinetinə sığışmayan, hay-küyü bütün rayonu başına götürən bu adamı heç vaxt belə miskin görməmişdi. Sanki əvvəlki Ağababayevin kölgəsi qalmışdı. Oturanda maşının bir tərəfini yatıran gövdəsi gen-bol kreslonun küncündə qaralırdı. Səsi elə bil quyunun dibindən gəlirdi:

- Tək özümə görə demirəm, zalım oğlu bütün rayonu güdaza verəcək.

Atakişinin dalağı sancdı. Onun eyhamı, hansı simə toxunduğu aydın idi. Cəfərqulu susmasa rayonu qarışdıracaq bir-birinə. Günahsız müqəssirlər - pambıqçı qız-gəlinlər, qadınlar şahidlik edəcək, məhkəmədə cavab verəcəklər. Yox, əsl kişi buna dözməz. Qətiyyən!

Atakişi namuslu, qeyrətli adam idi. Qız-gəlin ismətini, qadın şərəfini müqəddəs tuturdu. İndi heç vəchlə razı olmazdı ki, bir Cəfərquluya görə el-obanın başı aşağı olsun, qeyrət-şərəf tapdansın. Yox, bu namərdliyə dözmək olmaz!

Bayaqdan içində qovrulan Atakişi dalğın halda:

- Gərək belə olmasın, - dedi.

- Bunun tək bir çarəsi var.

Onun sual dolu baxışları bu sözü deyən Ağababayevə sancıldı.

Rayon rəhbəri yuxusuzluqdan və həyəcandan qan çəkmiş bulanıq gözlərini qırpmadan:

- Cəfərqulu susdurulmalıdır, - dedi,- elə-belə xoşluqla yola gələn deyil. Çox minnət eləmişəm, nələr boyun olmuşam, Allah bilir, xeyri yoxdur. Gərək susdurulsun, birdəfəlik, ömürlük.

Atakişinin çiyinlərinə elə bil dağ uçdu. Kişini tər basdı. Ağır, amansız qərar idi. "Bunun Mus, musg Mustafası bu imiş?! Allahsız oğlu Allahsız".

Onun ürəyindən keçənləri gözlərindən oxuyan Ağababayev: "Başqa çarə yoxdu", - dedi və bununla da sanki amansız hökmünə nöqtə qoydu.

Atakişinin üzü kölgələndi, gözləri kitab rəfinin qarşısındakı dolabın üstünə qoyulmuş içərisində solmuş çiçəklər olan büllur vaza zilləndi. Onu vaxtilə Cəfərqulu orden alması münasibətilə Ağababayevə vermişdi. Əsl "hədiyyəni" - bankda bağlanmış iri pul dəstini isə ona gizlicə əlaltı ötürmüşdü. O biri təsərrüfat-idarə müdirləri də rayon rəhbərini beləcə "təbrik" etmişdilər. Ağababayev evində arvadının gizli saxladığı pul çuvalının tən yarısını yuxarı vermişdi. "Qalanı da qara günümüzün", - xanımı ona pıçıldamışdı. "Qara gün" deyəndə ərinin və özünün ahıl vaxtlarını fikirləşirdi.

Kişisindən çox razı olan qadının qanını ara-sıra Gülay qaraldırdı. Özündən xeyli cavan köməkçi xanımın telefonda səsini eşidəndə əsəbindən bütün vücudu əsirdi. Ancaq ərini "əlipullu" görəndə sevincək ürəyi atlanırdı. Ona elə gəlirdi ki, həmişə belə olacaq, heç kim kişini uzun illər mindiyi vəzifə atından sala bilməyəcək. İstəməyəni, düşməni çox olsa da, heç vaxt büdrəməyəcək. Ancaq qadın unudurdu ki, düşmən saydıqları uzaqda deyil, elə kişinin öz daxilindədir, onu rahat buraxmayan, gözünü doydurmayan içindəki nəfsidir. Köhnə kişilər əbəs deməyib ki, insanın ən rəzil düşməni nəfsidir. Bu məsələdə arvad da ərindən geri qalmırdı, pul çuvalının dibi görünmürdü. Axır ki, ataların sözü göyərdi, kişi nəfsinin badına getdig

Bu, sonralar olacaqdı. Hələ ki, Ağababayevin vəzifə atı çapırdı, yuxarıda dayaqları laxlamamışdı. Özü də kreslosunda yayxanıb son vaxtlar aralarından soyuq yel əsən dostuna baxırdı. Gözlərini büllur vazdan çəkməyən Atakişinin dərin fikrə dalmağı onun diqqətini cəlb etmişdi. Vaxtilə hədiyyə kimi qəbul etdiyi nəfis naxışlı vazdan Gülayın xoşu gəlirdi və hər gün ona su töküb içinə tər çiçəklər düzürdü. Axır vaxtlar baş qarışdığından çiçəklər dəyişdirilməmiş, saralıb solmuşdu.

Cəfərqulunun kabinetə ərkyana girib onu təbrik etməsi, öz əli ilə bu qiymətli büllur qabı qutusundan çıxarıb dolabın üstünə qoyması, öpüşüb-görüşmələri yadına düşdü. Bu, məhbəsdə ömürlük susdurulmasına rəvac verdiyi adamın yadigarı idi. Yox, bunu daha kabinetində saxlaya bilməzdi. Əks halda hər dəfə ona baxdıqca sahibinin səsini eşidəcəkdi: "Kimdir mənim qanıma bais?!" Yox, o bu səsi eşitmək istəməz, suala cavab verə bilməzdi. Lazım deyildi ona belə yadigar. Zəngin düyməsini basdı. Gülay içəri girdi.

- Çay gətir bizimçün, - dedi,- nə vaxtdan Atakişi burdadır. Heç soruşmursan ki, çay lazımdı, ya yoxg Apar bu vazı da.

- Suyunu, güllərini dəyişib gətirərəm.

- Mənə gərək deyil daha.

- Başa düşmədim, bağışlayırsız?

- Madam ürəyindən keçir, qurbandı sənə.

Gülay sevincək büllur vazdan qoşaəlli yapışıb tələskən xırda addımlarla kabinetdən çıxdı.

 

***

Bir həftə sonra rayona sarsıdıcı xəbər yayıldı: "Cəfərqulu türmədə ölüb".

Mərhumun cənazəsini gətirib dəfn etdilər. Müəmmalı ölümlə bağlı bitib-tükənməyən söz-söhbətlər Ağababayevin də, Atakişinin də qulaqlarına çatsa da, özlərini o yerə qoymurdular. Amma xalqın gözü ovçu idi. Heç bir şey el gözündən yayınmırdı.

Atakişinin qaş-qabağı açılmır, dərdli adam kimi fikirli gəzir, elə bil hansı ağrısa onun içini ovur, üzüb əldən salırdı. Açıq-aşkar hiss olunurdu ki, nəyinsə fikrini eləyir, əzab çəkir.

Ağababayevin isə kefi kök, damağı çağ idi. Sifəti durulmuş, xırıltılı, boğuq səsi rayonu başına götürmüşdü. Qəzəbli, kinli baxışları ovunun nəfəsini kəsən qurd gözü kimi parıldayırdı.

Lakin o, özünün ova dönüb nəfsinin tələsinə düşəcəyindən xəbərsiz idi...

 

Əlövsət BƏŞİRLİ

 

        Ədalət.-2013.-15 iyun.-S.12.