16 yaşında müharibədə olan rəssam xanımın həyat hekayəsi
Pərinisə Əsgərova: “Rəssamlıq
mənim üçün sevgidir”
İstedadlı rəssam dostum Pəri (Əsgərova Pərinisə) görüşlərimizin birində diqqətlə üzümə baxandan sonra demişdi ki, "Sənin xarakterik cizgilərin var, bir gün rəsmini çəkəcəyəm”. Təbii ki, bu söhbəti unutmamışdım və istedadlı bir rəssamın obrazı olmaq mənə çox maraqlı idi. Pərinin rəssam emalatxanası olmadığı üçün, bu rəsm işinin yaranması ləngiyirdi. Eyni zamanda onun dünyasına yaxından bələd olmaq üçün onunla bir müsahibə etməyi də planlaşdırmışdıq. Amma bir türlü nə Pəri mənim rəsmimi çəkə bilirdi, nə də mən ondan müsahibə ala bilirdim.
Hər dəfə görüşmək üçün vədələşsək də, alınmırdı. Bu yaxınlarda söhbətləşəndə Pəri təsadüfən xəstələnməyimdən xəbər tutdu və görüşümüzün vaxtı tezləşdi. Pərinin "xəstə ziyarəti” hər ikimizin xeyrinə oldu. Yəni Pəri çəkmək istədiyi rəsmi çəkdi, mən isə almaq istədiyim müsahibəni almış oldum. O əlində qələmi və kağızı, mən isə diktafonum qarşı-qarşıya oturduq.
Bir sözlə sənətinə
hörmət etdiyim dostum,
miniatürçü rəssam Pərinisə
Əsgərova ilə müsahibəmi sizlərə təqdim
edirəm.
Maraqlı
və çətin yaradıcılıq yolu
"Əvvəllər
rəssam olmaq istəməmişəm. Yəni rəssamlıq
uşaqlıq arzum deyil. Amma anam deyir ki, 3 yaşım olanda
paltarlarımın, döşəkçələrin üzərindəki
rəsmləri kağıza köçürürəmmiş.
Çoxlarına qəribə gəlir ki, 3 yaşında bunu
eləmək mümkün deyil. O vaxtlar yadımda qalmayıb.
Ancaq ağlım kəsəndən nə isə çəkməyə
çalışırdım. Məsələn 11
yaşımda Tomrisi çəkmişdim. Təbii ki, o zamanlar
Tomrisin kim olduğunu bilmirdim. Amma böyük həvəslə
o rəsmi işləmişdim. Sadəcə inistikt olaraq
Tomrisi sevirdim. Bir də böyük vatman kağızda
Nizaminin "Xəmsə”ni yaratmışdım. Əmim həmin
vaxt bizim evi təmir edirdi. Çəkdiyim bu rəsmi
gördü və məni həvəsləndirdi ki, çox
gözəl iş bacarmısan. Sən gərək rəssam
olan. O gündən rəssamlığa həvəsim
yarandı. O vaxt televiziyada "Yurdum, yuvam, məskənimsən”
adlı veriliş gedirdi və bir neçə əl işimi
o verlişə göndərdim. Televiziyada rəsmlərim
göstəriləndə daha da həvəsləndim və qərar
verdim ki, rəssam olmalıyam.”
Qəribə
qanunauyğunluqlar və daxili istedad balaca Pərinisəni həvəsləndirir
və qərarının üstündə möhkəm
dayanır. Naxçıvanın uzaq bir kənddə
böyüyən balaca qızcığaz
yaşadığı muxtar respublikada rəssamların
olmasından xəbərsiz imiş. Çox sonralar unversitetdə
dərs deyən müəllimlərin birindən rəssamlıqla
bağlı müəyyən texnikalar öyrənir və
müəllimsiz, hazırlıqsız universitetə qəbul
olunur.
"
O vaxtlar Naxçıvanın işıqsız vaxtları idi.
Çıraq işığında naturmotlar qurub onları
çəkirdim. Mədəniyyət və İncəsənət
universitetinə xüsusi müəllimim olmadan, özüm
hazırlaşıb qəbul oldum. Miniatür sənətini
Rafiq Əkbərovdan öyrənmişəm. Mən o müəllimimi
dahi hesab edirəm. Onun vurduğu rənglər hər zaman məni
heyrətləndirir. Biz də eyni rənglərdən istifadə
edirik, ancaq onun vurduğu rənglər daha gözəl, daha
maraqlı görünür. O rəssamlığın elmi ilə
məşğul olur. Mən
xalçaçılığın və rəssamlığın
ısas texnikalarını ondan öyrnmişəm. Ancaq tam
olaraq öyrənə bilmədim. Çünki Bakıda
evimiz yox idi və valideyinlərim də Bakıda qalmaq arzuma
qarşı çıxdılar. Öyrəndiyim sistem
yarımçıq qaldı. Naxçıvana dönməyim
mənə çox pis təsir etmişdi və demək olar
ki, tükənmişdim. Sonra
Naxçıvanda Məhəmmədəli müəllim
adlı bir rəssamla tanış oldum. Bakıda işlədiyim kiçik
işləri götürüb onun yanına getdim. O kiçik işlər mənə səbri, sevgini öyrətmişdi. Heyf
ki, mən sonacan
öyrənə bilmədim. Rafiq müəllimin
dörd-beş tələbəsindən sona yalnız mən qaldım. O incə xətləri
çəkmək doğurdan da çox böyük
səbr və sevgi tələb edir. Məmmədəli müəlim
mənim işlərimə baxdı və məni həvəsləndirdi
ki, əgər bu qədər
işi öyrənmisənsə bunu nəyə isə tətbiq elə. Ondan sonra Faiq
Əkbərovdan öyrəndiklərimi tətbiq eləməyə
başladım.”
"Yaxşı ki, rəssamlığı
atmadım”
Miniatür
sənəti ilə məşğul olmağa başlayan gənc
rəssam klassik miniatür sənətini yox, daha modern
üslubu seçir. Özü də etiraf edir ki, onun məşğul
olduğu sahə klassik miniatür deyil. O isə öz ürəyindən
keçən rəsmləri çəkməyə
başlayır. Miniatür sənətinin qaydalarına tabe
olmadan, öz daxili istəyinə uyğun rəsmlər
çəkir. Pərinisə düşünür ki, çəkdiyin
rəsm, yazdığın şeir səni
rahatlaşdırılmalıdır.
"Hərdən
absurd, qəribə rəsmlər çəkənləri
qınayırlar. Ancaq mən düşünürəm ki,
çəkdiyi rəsm rəssamı
rahatlaşdırmalıdır. Bu baxımdan mən rəsm
çəkəndə rahatlaşıram. Mən çox
kiçik ölçülü fırçalarla işləyirəm
və işim çox diqqət tələb edir. Ancaq rəsmdən
ayrılanda hiss edirəm ki, ətraf bom-bozdur. İşləyəndə hər
şeyi unuduram. O qədər tək qalmışam,
düşünmüşəm ki, özüm
üçün çox sualın cavabını
tapmışam. Rəssamlıq mənim üçün
sevgidir. Mənim üçün rəssamlıq həyatda
çox şeyi əvəz edir. Çox çətinliklərlə
üzləşsəm də, rəssamlıqdan ayrı
qalmadım, onu atmadım. Yaxşı ki, rəssamlığı
atmadım.”
"...mən
sadəcə çəkirəm”
Danışa-danışa
mənim cizgilərimi kağıza köçürür. Olduqca
səbrlə, diqqətlə işləyir. Ancaq özü
haqqında danışmağa başlayanda göz bəbəklərinin
dərinliklərinə hopmuş kədər özünü
dəhşətli dərəcədə qabarıq göstərir.
Səsində qəribə bir rahatlıq, hüzn var. Sakit və
səbrlə, asta səslə danışır. Barmaqları
ağ kağızın üstündə həvəslə gəzişir.
Hiss olunur ki, dünyanın kədəri, sevinci, nəşəsi,
dərdi onun umrunda deyil. Unutmadan deyim ki, onun istedadını
çoxları yüksək qiymətləndirsə də
olduqca təvazökardır. Sanki, təriflər onun
üçün deyilmir. Rəssamlığı bütün
varlığı ilə yaşayır və öz
dünyasını, öz ruhunu çəkdiyi rəsmlərə
hopdurur.
"Mənim
rəssamlıqdan heç bir gözləntim yoxdur. Bu
yaxınlarda sərgim keçirildi. Sərgi üçün
məndən daha çox dostlarım çalışdı.
Mənim üçün sərgi o qədərdə vacib
deyildi. Çünki mən sadəcə çəkirəm.
Mən bir yarpağı çəkmək üçün dəfələrlə
cəhd edirəm. Halbuki kiçik bir yarpaqdakı səhvi
ancaq böyüdücü şüşə ilə baxıb
tapmaq olar. Mən öz işimə bu cür məsuliyyətlə
yanaşıram. Rəsmi sona çatdıranda hiss eləsəm
ki, hansısa yarpaq alınmayıb. Yenidən o yarpağı
işləyirəm. İş prosesində işimi çox
sevirəm. Ancaq rəsmi çəkib qurtarandan sonra o mənim
üçün maraqlı olmur. Onun hansı qiymətə
satılacağı isə məni heç narahat etmir. Mən
dəfələrlə rəsmlərimi çox ucuz qiymətə satmışam. Elə
olub ki, hədiyyə vermişəm. Məni buna görə
qınayanlar da olub. Amma mən bundan narahat deyiləm. Bizdə
bu sənətə maraq yoxdur. Hələ də evdən
xalça asmağı xoşlayırıq. Hətta öz
qohumlarım mənim miniatürlərimi anlamır. Onlar
üçün dağ, su içən ceyran çəkmək
əsil rəssamlıqdır. Düzdür, sifarişlə
işlədiyim işlər də olub. Amma miniatür mənim
üçün çox doğmadır. Miniatür çox
incə sənətdir və bütün miniatürlərin təməli
var. Mənim üçün Şərq və Şərq sənəti
çox maraqlıdır. Mən gördüm ki, Qərb
özü də Şərqi öyrənir. Modern olmağa,
Avropalı olmağa gərək yoxdur. Şərq mənim
üçün hər zaman hər zaman maraqlıdır.
Qarşımda seçim olsa məmnuniyyətlə Şərq
ölkələrində yaşamağı seçərəm.
Biz heç nə ilə Qərbdən geri qalmırıq.”
"...ilahi ədalət yoxdur”
Xüsusi
olaraq sevdiyi rəssam olmasa da, müəllimi Rafiq Əkbərovu
dahi hesab edir. Onun işlərinə marağı çox
böyükdür. Klassiklərdən də bəyəndiyi
çox rəssamlar var. Rəssamlıqla musiqinin harmoniyası
onun üçün daxili tələbatdır. İşləyərkən
müxtəlif musiqilər dinləyir. İşləyərkən
hökmən ovqatına uyğun musiqilər seçir. Bəzən
bir musiqini dəfələrlə dinləyir. Mütaliə
onun həyatının ayrılmaz hissəsidir. Bəzi
kitabları dəfələrlə oxuyur. Sufizmə ciddi maraq
göstərir.
"Sufizm
çox çətin və məşəqqətli yoldur. Bildiyim
qədər osmanlı sultanlarının bir çoxu sufizmin o
çətin yollarından keçib. Bu yolu keçən
hökmdar mütləq ədalətli idarəçi
olmalıdır. Amma "Möhtəşəm yüz il”
serialında Osmanlı hökmdarları ələ
salınıb. Mən hər zaman ədalət
axtarışındayam. Amma təəssüf ki, o ilahi ədalət
yoxdur. Ədaləti tapa bilməsəm də ümidimi itirmirəm.
Hər zaman bu ədaləti axtarıram. Sevinirəm ki,
içimdə ədalət hissi var. Mənim stimulum sənətə
sevgimdir. Ətrafda anlayan insanlar olmalıdır. Nə
yaxşı ki, mən rəssamlığı sevmişəm.
Heç vaxt böyük rəssam olmağa iddialı deyiləm.
Rəssam olmağın gözəlliyi odur ki, müəyyən
anları özəlləşdirə bilirsən. Bəzən
günəşin qürubu, çəkdiyim səmazən və
ya hansısa portiret mənim özümünki olur. Mənim
qürubum, mənim səmazənim yaranır. Mənə elə
gəlir ki, çəkdiyim rəsmlər sevdiyim Bir şeydən
aldığım paydır.
Emalatxanamın olmaması, rəsmlərimin
satılmaması mənim üçün
problem deyil. Sənətə
görə heç nə gözləmirəm.
Sərgim də mənim üçün çox xoş bir hadisə idi. Kimə isə
mənəvi zövq yaşada
bilmişəmsə, bu xoşbəxtlikdir.
Bu yaxınlarda sərgi
düşünmürəm. Daha fərqli
bir sərgiyə hazır olanda
üzə çıxaracam. Tamam fərqli
bir şeylər düşünürəm.
Həyatdan hərdən sürpriz gözləyirəm.
Artıq heç nədən qorxmuram və yaşadıqlarım məni
gücləndirib. ”
"Bir
ay səngərdə oldum...”
Pəri
həm də Qarabağ döyüşlərində
iştirak edib...Bəli, bəli...Səhv oxumadınız! Uzun
müddət israr edəndən sonra bu barədə
razılaşır. Həyatının bu dönəmini
qabartmaq istəmir. Fikirləşir ki, bu məsələdən
danışsa onu düzgün anlamazlar. Amma dostunun da qəlbini
qırmır, mənim inadlı israrımdan sonra Qarabağ
xatirələri çözələnir...
"Şuşanın
işğalı günü televizora baxırdıq. Qəfildən
o kadrları gördüm və hönkürüb
ağlamağa başladım.
Anam çox narahat oldu. Əvvəlcə elə bildilər
ki, ailəmizdən kiməsə nə isə olub. Sonra biləndə
ki, Şuşaya görə ağlayıram, anam əsəbləşdi.
Atamın əmisi oğlu Naxçıvanda komandir idi. O mənə söz verdi ki, məni
aparsın. Hərbi paltar tapmışdım və həvəslə
hazırlaşırdım. Bir dəfə
hazırlaşdım, əsgərlərə sovqat
hazırladım amma alınmadı. Anam imkan verməmişdi.
O vaxt anamın rəsmini çəkmişdim. Mənə mane
olduğu üçün əsəbləşib o rəsmi
cırdım. İkinci dəfə qohumumuz gələndə məni apardı.
Bir ay səngərdə oldum və Naxçıvan
televiziyası da məni çəkdi. Heyf ki, o vaxtlar
işıqlar yox idi və mən həmin verilişə baxa
bilmədim. Sonra kiçik bir kitabda mənim haqqımda bir
yazı çıxdı. O vaxt məndə qəribə bir
narahatçılıq var idi. Ona görə Bakıya
oxumağa gəldim ki, burdan Qarabağa gedə bilim. Həmin
vaxtlar mənimlə tanış olmaq istəyən
oğlanlara deyirdim ki, "Siz səngərdə,
döyüşdə olmalısınız.” Sonra Roza Əliqızına
məktub yazdım, ondan Qarabağa getmək üçün
kömək istədim. Sonra bir jurnalist oğlan məni Roza Əliqızının
çalışdığı redaksiyaya apardı. Hamı mənə
təəccüblə baxırdı. Sonra çox çətinliklə
Şəmistan Əlizamanlı ilə görüşdüm.
Bütün gücümlə cəbhəyə getmək
üçün yollar axtarırdım. İndiki gənclikdə
o ruh yoxdur. Amma gəncləri də qınamaq olmur,
çünki gənclər Qarabağ nə olduğunu bilmir.
Keçən 20 ildə qerətlə aramızda böyük
uçurum yaranıb. İndi də müharibə olsa
düşünmədən gedirəm. Ürəyimdə o
sevgi hələ də var. O
günlərdən çoxlu ağ-qara şəkillər
və hərbi formam qalıb. İndi də onları qoruyuram.
Güllə atmağı çox yaxşı bacarıram. Hətta
səngərdə olarkən ermənilər tərəfə
atdığım güllər bir erməni kəndlisini
öldürmüşdü və həmin gün ermənilər
bizim postdakı əsgərlərdən birini qisas
üçün vurmuşdular. Bunu uzun müddət məndən
gizlətsələrdə, sonradan öyrəndim.”
Söhbətimiz
sona çatanda, Pərinin çəkdiyi rəsm də
tamamlanır. Özünün dediyi kimi, gözlərimdəki,
üzümdəki kədəri çəkə bilib. Alıb
diqqətlə baxıram və mənə elə gəlir ki,
həyatımdan hansısa bir an bu rəsmdə donub....
Pərnin vətənpərvərliyi, millət sevgisi heyrətamiz dərəcədə böyükdür. O günlərdən danışanda gözündəki parıltıdan başa düşmək olur ki, dediyi sözlər boğazdan yuxarı, söz xatirinə deyilmir. Nə qədər duyğusal olsa da, bir o qədər də cəsarətlidir. Bizim bir neçə saatlıq söhbətimizin çox az hissəsini sizlərə çatdıra bildim. Ona olan böyük hörmətim və sevgim hər şeyi bütün xırdalığına qədər yazmağa mane oldu. Düşündüm ki, kimsə ağız büzməsin ki, "Cəlil dostunu reklam edir”. Amma əminəm ki, sizlər də onun sənəti ilə yaxından tanış olduqca, düşüncələrinin kodlarını açdıqca, onu anladıqca sevəcəksiniz. Mən isə, dostum Pəriyə yəni, istedadlı rəssam Pərinisə Əsgərovaya bol-bol uğurlar arzulayıram! İnandıqların səni qorusun, dostum!!!
Ədalət.-2013.-21 iyun.-S.7.