Qədim və müasir
Salyan
2800
illik tarixi yubileyini qeyd etməyə hazırlaşan Salyan
rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən
biridir. Bir çox tarixi abidələri, mədəni ənənələri
olan Salyan həm də ticarət yolunun üstündə yerləşdiyi
üçün zamanında xeyli inkişaf etmişdir.
Şirvanşahların Muğan, Təbriz, İran şəhərlərində
ticarət əlaqələrinin bu ərazidən keçməklə
genişləndirilməsi yerli sakinlərin həyat tərzinə
xüsusi təsir göstərmişdir. XVII-XVIII əsrlərdə
isə İran, Şimali Qafqaz, Rusiya, Türküstan ticarət
yolları da uzun müddət bu yaşayış məskəninin
ərazisindən keçmişdir.
Bütün bunların məntiqi nəticəsində XX əsrin əvvəllərində Salyanda illik gücü 3-4 min tona çatan 3 pambıq təmizləmə məntəqəsi, 20 toxucu müəssisəsi, 200 dükan, 500 ticarət bankı, 3 karvansara, dəmir körpüsü, karantin gömrükxana, 11 mədrəsə fəaliyyət göstərirdi. Müstəqil Azərbaycan Respublikasının ən önəmli subyektlərindən olan Salyan rayonu bu gün də tarixi ənənələri yaşatmaqdadır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı əsasında həyata keçirilən tədbirlər, sahibkarlığın inkişafına verilən geniş meydan burda iqtisadiyyatın bütün sahələrinin uğurlarına rəvac vermiş oldu. İşsizliyi aradan qaldırmaq və iqtisadiyyatı yüksəltmək üçün yeni istehsal müəssisələri yaradıldı. Ümumi məhsul buraxılışının həcmi 2003-cü illə müqayisədə 2010-cu ildə 3 dəfə artırılaraq 141,3 milyon manata çatdırıldı. Sənayedə, kənd təsərrüfatında nəzərə çarpacaq irəliləyişlər əldə edildi. İndi Salyan rayonunda beynəlxalq normalara cavab verən 16-dan çox istehsal və emal müəssisələri fəaliyyət göstərir. Təbii ehtiyatları neft-qaz olan Salyan iqtisadiyyatının əsasını həm də kənd təsərrüfatı, ticarət və tikinti materialları təşkil edir.
Müasir tikililər
zamanın tələbidir
Bir
vaxtlar rayon ərazisində inşa edilmiş tikililər
dövründə müəyyən tələblərə
cavab verməklə tarixiləşdikləri təbiidir. Ancaq hər
dövrün öz tələbinin olması da təbiidir. Bu
baxımdan Salyan rayonunda aparılmış tikinti-abadlıq
işləri doğrudan təqdirə layiqdir.
Regionda
öz yeri olan Salyan rayonunda yenidənqurma, tikinti-abadlıq
işləri əsasən son illərə təsadüf edir.
Rayonun girişindən mərkəzə kimi uzanan yolun kənarlarında
aparılan tikinti və yaşıllaşdırma işləri
təəssüratın ilk çalarlarıdır.
Yaraşıqlı istinad divarları, müxtəlif növ
ağaclar, müasir işıqlandırma sistemi bunlara bariz
nümunədir. Çox böyük və geniş olan Heydər
Əliyev prospekti, küçələr indi öz görkəmini
tamam dəyişmişdir. Bu prospekt və küçələrdəki
inzibati, fərdi binaların dam örtükləri
başdan-başa yenilənmişdir. 5 mərtəbəli
binaların fasadları, giriş hissələri,
işıqlandırma sistemi müasir görkəmə
salınmışdır. Küçələrin
böyük əksəriyyəti asfaltlanmış, səkilər
kiçik bəzək daşları ilə yenidən işlənmişdir.
Son vaxtlar istifadəyə verilmiş və bir neçə yaşayış məntəqəsini birləşdirən Kürsəngi-Yolüstü avtomobil yolundan minlərlə insan istifadə edir. Prezident İlham Əliyevin xeyir-duası ilə qırmızı lenti kəsilən bu yol burda yaşayanlara ən qiymətli hədiyyədir.
Axırıncı 10 ilin məhsulu kimi Salyan rayonunda inşa edilən müasir binaların siyahısı xeyli böyükdür. Rayon mərkəzində tikilib istifadəyə verilmiş Uşaq Yaradıcılıq Mərkəzi körpələrin sevincinə səbəb olmuşdursa, bir sıra kənd məktəbləri ilə bərabər Qarabağlı və Yolüstü kəndlərində inşa edilmiş yeni məktəb binaları şagirdləri bir o qədər məmnun etmişdir.
Sevindirici
haldır ki, bu proses indi
də davam etdirilir. Salyan şəhərindəki Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında,
Heydər Əliyev Mərkəzində tikinti
işlərinin qızğın
çağıdır. Rayon Təhsil şöbəsinin
yeni binası da növbəti tədris ilinə hazır olacaq. Burda aparılan tikinti, abadlıq-quruculuq işlərinin
uğurla aparılmasının
nəticəsidir ki, bu gün Salyan
şəhəri öz
görkəmi ilə fəxr edə bilər.
Aqrar sahənin uğurları
Dediyimiz
kimi, XVII-XVIII əsrlərdə
İran, Şirmali Qafqaz, Rusiya, Türküstan ticarət yollarının bu ərazidən keçməsi
və həmin ölkələrə Salyandan
balıq, kürü,
tənbəki, ağ və zolaqlı bezin aparılması yerli sakinlərin həyatına təsirsiz ötüşməyib. Daha sonra
burda pambıqçılığa
və taxılçılığa
da xüsusi önəm verilib. Ötən əsrin axırlarında isə pambıqçılıq,
üzümçülük və maldarlıq iqtisadiyyatın əsas qolları olub. Kifayət qədər geniş ərazisi olan Salyan rayonunda əkinçiliyə göstərilən
diqqətin nəticəsində
bu sahədə xeyli nailiyyətlər qazanılıb.
Əkilmiş taxıl sahələrindən
hələlik 10 min hektarı
biçilmiş, nəticədə
31 min ton məhsul əldə
edilmişdir. Yüksək keyfiyyətli bu
məhsulun əldə
edilməsində meliorasiya
işçilərinin də
köməyi olmuşdur.
(ardı
gələn sayımızda)
Səxavət Məmmədli
Ədalət.-2013.-21 iyun.-S.7.