PROYEKTİMİZƏ
DAVAM EDİRİK: ALTMIŞINCILAR
TANINMIŞ
JURNALİST ŞAKİR YAQUBOV – 2
"Altmışıncılar"
dedikdə adətən yazıçıları nəzərdə
tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər
zaman onların başında olur. Bunun nədən olduğunu
mən araşdıran deyiləm, amma bunu bilirəm ki,
ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin
bütün sahələrində özlərini göstərməkdə
idi. Və mənə elə gəlir ki, dünyamızın
altmışıncı illəri təkcə bizim məmləkətdə
deyil, başqa məmləkətlərdə də eyni anlamda
intibah illəri kimi yaddaşlara həkk olunub.
Məsələn, sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR adıya bir dərnək də var. Həmişə könlüm keçib belə bir təşkilat və ya dərnək bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə ayrı. Hər zaman adları ortalıqda hallanan yazan və sənət adamları sonrakı nəsil tərəfindən heç də könül xoşluğu ilə qarşılanmayıb. Bir ucu da gəlib yetmişlərə və səksənlərə çıxan bu yaradıcılar kimlərdir? Mən sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.
- Bax görürsüzmü, demək, heç də hər şey itib-batmır.
- Bax, bütün bunları mən özlüyümdə dəyərləndirərək, bu qərara gəlirəm ki, necə deyərlər, atılıb-düşməyin yeri deyil, biryolluq bilmək lazımdır: indi hamı yorğanı öz üstünə, ya da vəzifədə olan, yaxud vəzifəli qohumu olan cənabların-xanımların üstünə çəkir. Bir ayrı misal çəkəcəyəm. Təxminən 10-12 il qabaq, unudulmaz qələm qardaşımız Adil Qaçayoğlu işsiz olan çağlarda söhbət əsnasında dedi ki, bu gün filankəslə - o, konkret ad-soyad söylədi - rastlaşdım, köhnə tələbə yoldaşı və həmkar kimi harada, nə işlə məşğul olduğunu soruşdum. Dedi ki, konkret iş yerim yoxdur, amma ildə 3-4 kitab yazmaqla (!?) başımı dolandırıram... Sonra Adil həmin "kitab"ların birini göstərib oradan bir parçanı oxudu: tikinti idarəsinin rəisi olan qəhrəman iş otağına girən kimi katibəni çağırıb ərazidə səliqə-sahman yaratmaq barədə əmrin mətnini ona diktə edir və ən kustar formada olan bu savadsız mətn "kitab"da dərc olunur...
Təsəvvür elə, son on ildə Azərbaycan mətbuatı tarixinə dair azı iki yeni dərslik çap olunub, dövriyyəyə buraxılıb və həmin dərsliklərin heç birində ət siyahısı kimi bir siyahıda olsa belə, bizim adımız-soyadımız yoxdur: sanki tirajı 647 min nüsxə olan "Azərbaycan gəncləri" qəzetində, 540 min nüsxə tirajla nəşr edilmiş "Kommunist" qəzetində həlledici vəzifələrdən birini biz tutmamışıq, "Gənclər"də məşhur "Subaylar və təzə evlənənlər üçün" səhifəsini, "Ömrün dolaylarında" rubrikasını biz yaratmamışıq, "Kommunist"də "Böyüyün böyük yeri..." və "Üzündə göz izi var" adlı bütün respublikada ciddi müzakirə və mübahisələrə səbəb olan oçerkləri biz yazmamışıq... Belə olduğu halda sən hansı "altmışıncılar"dan soruşursan?..
- Mənə
elə gəlir ki, sən bir az qapalı həyat
yaşayırsan. Ədəbi camiə məclislərində
az-az görünürsən. Nədir bu özünə
qapanış? Bir incikliyinmi var? Dostlardanmı xəyanət
görmüsən, yoxsa?..
- Əslində, verdiyin sualın cavabı elə özündədir. Belə bir məsəl var: çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə. Doğrudur, məni çox yerə dəvət eləmirlər, amma dəvət olunduğum yerlərin də hamısına gedə bilmirəm. Bunun da iki səbəbi var: lap birincisi odur ki, fiziki sağlamlığım buna imkan vermir; ikincisi də odur ki, məclislərin 99 faizi mədhiyyəçilik yarışından ibarət olur ki, o da mənə əl vermir. Yeri gəlmişkən, bu mədhiyyəçilik o dərəcədə həyatımızın normasına çevrilib ki, xırda bir şey barədə ən elementar irad da süngüylə qarşılanır, halbuki şəxsən mənim söyləyə biləcəyim iradların mütləq əksəriyyəti problemli, tarixi əhəmiyyət kəsb edən məsələlərlə bağlı ola bilir. Son aylarda orta hesabla həftədə bir dəfə yolum Bakı kitab klubundan düşür. Hər dəfə təxminən iki saatadək burada oturub təzə çıxmış kitabları vərəqləyirəm. Xudaya, bizdə nə qədər savadsız, tarixi faktların dolaşıq salınmasına, müəlliflərin real, faktiki bioqrafiyalarının bəzədilməsinə xidmət edən kitablar nəşr olunur! Heç birinin də redaktoru yoxdur, ən yaxşı halda isə formal olaraq mətbəə sahibinin adı redaktor kimi göstərilir. Digər tərəfdən, redaktorun olmasından nə hacət? Əgər bir kitabda rəyçi kimi beş elmlər doktorunun, elmi redaktor kimi isə iki elmlər doktorunun soyadı göstərilirsə və onların da heç biri kitabın məzmununa deyil, müəllifin ("tələbə qız"ın) zahiri gözəlliyinə hayıl-mayıl olursa, belədə nəyi qoyub nədən danışasan?! Bilirsənmi redaktor nə üçündür? Sən 20 ildir ki, ən müxtəlif mənbələrdə - qəzet-jurnallarda, saytlarda vaxtilə Bəşir Səfəroğlu barədə "Günlər Bəşirsiz keçir" adlı kitab yazdığını qeyd elətdirirsən, halbuki sənin kitabının adı, sadəcə olaraq, "Bəşir Səfəroğlu"dur! Redaktor bu düzəlişi təmin edir - həm də sənin xətrinə yox, tarixi həqiqətin xətrinə, gələcək nəsillər üçün hansısa daha bir problemi saxlamamaq xətrinə!..
Təxminən
on il qabağın söhbətidir. Prezident təqaüdçüsü,
"Şöhrət" ordenli professor jurnalist Cahangir Məmmədlini
əməli bir işdən ötrü keçmiş iş yerimə dəvət
eləmişdim. Xoş-beş, on beşdən sonra aramızda
belə bir dialoq getdi. Dedim a müəllim, 22 iyul günü ərəfəsində
və ya məhz həmin gün səni televizorla azı
beş təşkilatın "yeyib-içmək məclisi"ndə
görürəm. Sən özün bir dəfə həmin məclislərin
təşkilatçılarından Şakir Yaqubovu niyə dəvət
etmədiklərini soruşubsanmı və onlar nə cavab
veriblər? Professor müəllim sidq-ürəkdən
qayıtdı ki, soruşmayıb və belə bir şey heç ağlına
da gəlməyib... İndi səndən soruşmaq istəyirəm:
bu halda mənim "ədəbi camiə məclisləri"ndə
görünməyim nə dərəcədə real ola bilər
və belə olan təqdirdə mən nəinki həmin məclislərin
təşkilatçılarından, hətta dost dediyin kəslərdən
niyə də inciməməli, onların gecikmiş təkliflərini
"üç nöqtə şəhəri"nə niyə
göndərməməliyəm?! Hərçənd bir daha təkrar
edirəm ki, fiziki sağlamlığım uzaqbaşı
maşınla çayxanaya gedib-gəlməyə imkan verir.
Yoxsa ki, həqiqi dostların mənimlə içmək
üçün Azərbaycanın ən gözəl guşələrindən
gətirdikləri məcunlar aylarla yol gözləməz(di)...
- Çox işlənmiş sual olsa
da, bilmək istərdim: jurnalistikanı seçməyində
bir təkan olubmu, yoxsa Allaha təvəkkül deyib, o
zamanın ən gözəl fakültələrindən biri
olan jurnalistikaya daxil olmuşdun?
- Bu, tam bir özünütəsdiq
forması olub mənim üçün. Rəhmətlik Məhərrəm
kişi kimi, rəhmətlik Hənifə kişi də ibtidai
təsilli kənd adamı, əsil kolxozçu idi və
jurnalistikadan-zaddan o qədər
də başı çıxan adam deyildi. Eyni zamanda, daxili bir
fəhmlə bunun nəsə sırf ziyalı peşəsi,
intellektual bir fəaliyyət sahəsi olduğunu başa
düşürdü, ona görə də orta məktəbi
bitirib ali məktəbə sənəd vermək
üçün mənimlə Bakıya gələndə
Dövlət Universitetinə gedəcəyimizi yüzdə-yüz
bilirdi. Deyim ki, mənim ilk mətbu təcrübəm 1961-ci il
aprelin 20-də "Azərbaycan pioneri" (indi
"Savalan") qəzetində dərc olunmuş "Mən
də Yuri kimi olacağam" adlı məktub olub - on
yaşlı oğlan uşağının heç kimə gənəşmədən,
birbaşa özünün oturub yazdığı və zərfə qoyub qəzetin
"Bakı şəhəri, Kommunist küçəsi, 11/13,
5-ci mərtəbə" ünvanına göndərdiyi məktub.
Əgər bu jurnalistikadırsa, demək olar ki, mənim
jurnalistliyim belə başlanıb və həmin vaxtdan etibarən
orta hesabla hər ay "Pioner" qəzetində, bunun
ardınca isə "Pioner" (indi "Günəş")
jurnalında məktublarım dərc olunub, tədricən
sorağım 4-5 kənddən ibarət sovetliyə, daha sonra
rayona yayılıb. Məsələ burasındadır ki, mərhum
qohumum Əhəd Muxtarı çıxmaq şərtilə,
həmin vaxtadək bizim Talış zonasında bir ədəbiyyat
adamı, jurnalist olmayıb, buna görə də mənə
yaşımdan çox-çox öncə hörmət-ehtiram
göstərilib. Təsəvvür elə, indi hansı səviyyəli
olmasını xatırlamadığım deputat qız evimizə
gəlib, bacı-qardaşlarımı otaqdan bayıra
çıxarıb və guya təklikdə dərdini mənə
danışıb - kolxoz sədrinin ona "girişməyini",
bunun üçün də məndən - yaşca
özündən ən azı iki dəfə kiçik
oğlandan məsləhət istəyib ki, bu məsələni
nə cür həll eləsin... Bunun davamı kimi, təqribən
üç ilə yaxın müddət ərzində də
"Sovet Astarası" qəzetinin ştatdankənar
müxbiri oldum, əsasən istehsalat məsələləri barədə
qəzetə yazılar yazdım.
- Belə
demək olar ki, sən Bakıya sanki jurnalistika fakültəsinin
tələbəsi olaraq gəlmişdin...
- Amma Bakıda jurnalistika fakültəsinə
nəinki daxil olmadım, heç ora sənəd də vermədim
- universitetin əsas binasının həndəvərində
rəhmətlik atamla gəzişib dərdləşdiyimiz vaxt
bir nəfər məşhur jurnalist - ad-soyadını
özü söylədi - bizə
yaxınlaşdı, istəyimizə qulaq asdı və
özünü təqdim edərək "işi düzəltmək"
üçün 5 min manat gətirməyimizi istədi. Mən
atamın o qədər pulunun heç vaxt olmadığını
və olmayacağını
bildiyim üçün dərhal bu sövdəyə
"yox" - dedim və... 25 yerə təxminən 750 nəfərin,
o cümlədən 18 medalçının sənəd
verdiyi tarix fakültəsinə sənəd verdim. Təbii ki,
4 imtahandan 18 balla bu "dəyirmanın ağzı"ndan
salamat çıxmaq olmazdı və mən
çıxmadım da. Cibimdə həm də səkkizillik təhsil
barədə başdan-başa "5" olan şəhadətnaməm
vardı, onu plan-uçot texnikumuna verib imtahansız qəbul
olundum və Bakı mühitinə, deməli, həm də qəzet
mühitinə, jurnalistika mühitinə düşdüm... Təbii
ki, texnikum dərhal əsgərliyə getməmək
üçündü, ona görə ertəsi il ən
sorğu-sualsız fakültəyə -
kitabxanaçılıq fakültəsinə sənəd
verib ora qəbul olundum, elə həmin illərdə -
60-cı illərin sonunda intensiv jurnalistika fəaliyyətim
başladı: "Azərbaycan gəncləri", "Bakinski
raboçi", "Molodyoj Azerbaydjana", "Bakı" -
"Baku" qəzetləri oylağım oldu, Universutetin
"Lenin tərbiyəsi uğrunda" qəzetində tarix
fakültəsini bitirən Fəzail Ağamalıyevi - indiki
ictimai xadimi ştatlı müxbir vəzifəsində əvəzlədim.
Bu proses orduda davam elədi və mən düz iki il
Almaniyadakı Sovet Qoşunları Qrupunun orqanı olan
"Leninskoye znamya" qəzetində ştatdankənar
müxbirlik elədim. Təbii ki, bunların heç biri indiki
anlamda əsil jurnalistika - publisistika deyildi, hərçənd
həmin illərdə "Gənclər"də
çıxmış bir neçə oçerkimi bu gün də
yaxşı yazı nümunəsi hesab edirəm...
(Davam edəcək)
Tofiq Abdin
abdin41@mail.ru
Ədalət.-2013.-2 mart.-S.15.