KARVAN DAYANMADI...
(ƏNVƏR MƏMMƏDXANLININ
100 İLLİYİ)
ƏDƏBİ HƏYAT
O, qeyri-adi insan və yazıçı idi. Onu şəxsən tanıyanda mənim 35, onunsa 70 yaşı vardı. "Bakı" qəzetində yubileyi münasibətilə bir məqalə çap etdirmişdim və o məqalədə əsas gücü onun müharibə illərində yazdığı "Buz heykəl" hekayəsinə vermişdim. Ənvər Məmmədxanlı soraqlaşıb məni tapdı, təşəkkürünü bildirdi, amma həm də məzəmmətlə dedi ki, "Buz heykəl" onun zəif hekayəsidir, vurğunu o yazı üzərinə yönəltmək lazım deyildi. Ənvər müəllim doğru deyirdi. Orta məktəbdə kənd kitabxanasında onun hekayələr kitabını alıb oxumuşdum və o kitabdakı lirik üslubda yazdığı hekayələri məni sehirləmişdi. Xüsusilə "Karvan dayandı", "Ay işığında", "Qızıl qönçələr" hekayələri mənim üçün sanki romantik dünyadan gəlmiş əziz qonaqlar idi. Bu hekayələrin dili o qədər cazibədar idi ki, fikirləşirdim yazıçı ancaq bu tövr yazmalıdır. "Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı-bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı" ("Karvan dayandı").
Belə bir yüksək dil mədəniyyətinə malik olan yazıçı eyni zamanda, öz hekayələrində yaddaqalan obrazlar da yaradırdı. Və qeyd edim ki, bu hekayələri heç cür sosializm realizmi nümunələri saymaq olmazdı. Çünki onun bədii yaradıcılığı sosrealizmin tələb və prinsiplərindən yüzə yüz olmasa da, hər halda bir qədər fərqli idi.
Çox sonralar, öncə qeyd etdiyim kimi, bu böyük yazıçı ilə tanış oldum, bir neçə dəfə canlı söhbətlərinin şahidi oldum. Onun estetik dünyasını ötəri də olsa seyr elədim və Ənvər Məmmədxanlı mənə yaşadığımız dünyanın yox, yaşamaq istədiyimiz, amma yaşaya bilmədiyimiz dünyanın adamı təsiri bağışladı. Fikirləşirdim ki, otuzuncu illərin, qırxıncı illərin, əllinci-altmışıncı illərin məlum insan stereotiplərinə qətiyyən oxşamır.
Ənvər Məmmədxanlının bir insan-yazıçı-ziyalı kimi elə bilirəm, iki dövrü olub. Birinci dövrü onu bir yazıçı kimi tanıdıb. O, nəsr və dram əsərlərini yazıb, müharibə illərində publisistik məqalələr qələmə alıb, ta yetmişinci illərə qədər məhsuldar olmasa da, qeyri-məhsuldar yazıçı da olmayıb. Sadəcə olaraq, öz qələminə, ilhamına xəyanət eləməyib, az yazıb. Başqaları xalvar-xalvar romanlar, povestlər yazıb nəşr etdiriblər, o isə susub. Bu susmağı, yəni Görünməmək, haqqı verilməsə belə üzə durmamaq duyğusu onun xasiyyətinin bir hissəsiydi. İnqilabi mövzuda yazdığı "Şərqin səhəri" pyesi SSRİ Dövlət mükafatına təqdim olundu, o pyesin rejissoru, bir neçə aktyoru, rəssamı həmin mükafata layiq görüldülər, bircə əsərin müəllifindən - Ənvər Məmmədxanlıdan başqa...
Ənvər Məmmədxanlının həyatı keşməkeşli olub. 1992-ci ilin dekabr günlərinin birində Ə.Məmmədxanlının 80 illiyi ilə bağlı onun bacısı Həbibə xanımla müsahibə aparanda mümkün qədər Ənvər Məmmədxanlının həyatının gizlinlərini öyrənməyə çalışırdım.
Məlum oldu ki, onların atası Qafar kişi Müsavat Partiyasının üzvü olub, buna görə dörd il həbsdə yatıb. 1937-ci ildə onu təzədən tutacaqdılar, amma bunu bilib aradan çıxdı, üz tutdu Gürcüstana və orada da vəfat etdi. Ənvər soraqlaşa-soraqlaşa gedib onun məzarını tapdı, atamın meyitini çıxardı, Mirzə Fətəli Axundov dəfn olunan yerə gətirdi, son borcunu yerinə yetirdi.
Ənvər Sovet Ordusu sıralarında Təbrizdə olub, "Vətən yolu" qəzetində çalışıb.
Çox qürurlu və romantik olan Ənvər Məmmədxanlının qəribə və özünəməxsus dünyası vardı. Həbibə xanım deyirdi ki, biz hər il yayda dincəlmək üçün İsmayıllının Quşencə kəndinə gedərdik. O kəndin təbiəti də gözəl idi, adamları da. Ənvər saatlarla o kəndin meşələrinə çəkilir, xəyallara dalardı.
Ən yaxın dostlarından biri də Əvəz Sadıq idi. O deyirdi ki, Ənvər Təbrizdə olanda gördük ki, bir cüzamlı kişini danışdırır. Çox işarə etdik, adətən, belə xəstələr xəbis olur, adamın üzünə tüpürür, xəstələndirirlər. Amma Ənvər söhbətini qurtarmamış o kişidən əl çəkmədi. Cəfər Xəndan deyirdi ki, Stalinqradda, döyüş xəttinin lap yaxınlığındaydıq. Birdən həyəcan siqnalı eşidildi. Hamı təbii ki, qaçıb gizləndi, bircə Ənvərdən başqa. O, həyətdə heç nə olmamış kimi gəzir, o baş-bu başa gedirdi. Həbibə xanım deyirdi ki, Ənvərin bir xasiyyəti də haqsızlığa dözməməyiydi. Dağıstanın tanınmış şairi Rəsul Həmzətov o zamanlar Bakıya gələndə tez-tez Rəsul Rzagilə gəlirdi, amma özünü çox nəlayiq aparırdı. Bir gün yenə içib Azərbaycan qadınlarını təhqir edən bir söz eşitdi. Onda Ənvər Rəsul Həmzətovun üstünə yeridi, ona bir sillə çəkdi, Anar orada olmasaydı, lap döyəcəkdi onu (Rəsul Rza ilə Ənvər Məmmədxanlı həm xalaoğlu, həm də əmioğlu idilər).
Həbibə xanım bir də onu deyirdi ki, Ənvər Məmmədxanlı bizimlə özü arasında əbədi bir mehr körpüsü salmışdı, bizim uşaqlarımızı, nəvələrimizi o qədər sevirdi ki, saatlarla o uşaqlarla əylənərdi. Bircə köynəyini, dəsmalını yumağımıza imkan verməzdi, bunu özü edərdi.
Ömrünün
son illərində mədəsi incidirdi onu. Tək yaşamaq,
nə gəldi bişirib yemək, kimsəni əziyyətə
salmamaq xətrinə öz-özünə qulluq eləmək...
xəstəliyin səbəbləri bunlar idi. 90-cı ilin
qışı idi, onun xəstələnməsini eşitdik,
xəstəxanaya apardıq, cəmi dörd gün yatdı.
Axırıncı gecə dedi ki, sən get, sabah yemək yox,
mənə qəzet gətir oxuyum. Səhərisi isə o,
dünyada yox idi.
Həmişə
sənətə yüksək meyarla yanaşan,
sözünü kəsərdən salmayan Ə.Məmmədxanlı
müharibə illərində də az yazdı. Amma müharibə
dövrünün psixologiyası bu əsərlərdə
bariz nəzərə çarpırdı. "Analar və
yollar", "Qərb cəbhəsindən məktub",
"Silahlı dağlar", "Ulduz", "Bəxtiyar".
"Yeddinci yol" və s. əsərlərdə Ə.Məmmədxanlı müharibəni təkcə
döyüş, vuruş, əsir almaq, hücuma keçmək,
"dil" ələ keçirmək, bayraq sancmaq kimi təsvir
etmirdi, daha çox bu çətin və ağır günlərdə
yaşayan insanın daxili dünyasını ön plana
çəkirdi. Onun publisistik qeydlərində də lirika
aparıcı xətti təşkil edirdi. Ənvər Məmmədxanlı
ədəbiyyata nasir kimi gəlmiş, "Burulğan"
adlı ilk əsərini 1934-cü ildə çap
etdirmişdir. Bu povest göstərdi ki, nəsrə öz
üslubu və nəfəsi olan istedadlı bir sənətkar
gəlib. Səksən il əvvəl qələmə
alınmış "Burulğan" povesti 30-cu illər
üçün xarakterik olan fəhlə həyatı mövzusunda
yazılmışdı. Lakin yazıçı istehsalat səhnələrindən
sərf-nəzər edib diqqəti daha artıq obrazların
daxili aləminə, psixologiyasına yönəldir.
Ə.Məmmədxanlı
nəsri öz tematikasına görə çoxcəhətlidir,
onu bir nasir kimi daha çox lirik-romantik duyğulu insanın əsl
şəxsiyyət kimi formalaşması, mənəvi
yetkinliyə can atması maraqlandırır, cəlb edirdi. Bu
baxımdan onun qəhrəmanlarını "axtaran qəhrəmanlar"
kimi səciyyələndirmək olar. Siz onun "Bakı gecələri"
povestini oxuyun. Başdan-ayağa
lirik bir nəğməni xatırladan bu povestdə
ağrı da var, kədər də, sevinc də var, ümid də,
inam da. O dövrün ədəbiyyatında mühüm yer
tutan qadın azadlığı mövzusu bu əsərdə
lirik-romantik səpgidə öz bədii həllini
tapırdı. "Ulduz" hekayəsinin qəhrəmanı
müharibənin ağır günlərində, tibb
institutunu yarımçıq buraxıb cəbhəyə yola
düşür. Onu bu qəti hərəkətə
sövq edən sevdiyi Azad idi.
Lakin cəbhə həyatı onun şəxsi, intim
dünyasına bütün ziddiyyətləri və təzadları
ilə daxil olur. Ulduz daha böyük amallar naminə
yaşadığını dərk edir. "Qızıl
qönçələr" hekayəsinin qəhrəmanının
diliylə desək: "Günəş doğacaq.
Qönçələr açılacaqdır". Bu, Ə.Məmmədxanlının
özünün də, qəhrəmanlarının da həyat
devizini müəyyənləşdirən söz idi.
Ənvər
Məmmədxanlı nəsrinə xas olan orijinal xüsusiyyətlər
onun dramaturgiyasında da aydın nəzərə
çarpır. Gərgin, koloritli səhnələr, parlaq və
realist xarakterlər, obrazların daxili aləminin təsirli
lövhələrlə təqdimi onun dram əsərlərinin
başlıca xüsusiyyətləridir. 1947-ci ildə
yazılmış "Şərqin səhəri"
dramı tarixi mövzudadır, əsərdə 1919-1920-ci illər
Azərbaycanın müxtəlif sinif və təbəqələrinin
baş verən ictimai-siyasi hadisələrə münasibəti
ilə qarşılaşırıq.
Pyesdə ən qüvvətli xarakter Bakı milyonçusu Ağalarovdur.
Onun Bakı ilə, sahibi olduğu, indisə, əlindən
çıxdığı neft buruqları ilə
vidalaşması necə də təbiidir. Ağalarov öz
sinfinin ağıllı, qabağı görən nümayəndəsidir,
qırmızı inqilab tufanının
yaxınlaşdığını hiss edib, başqalarından
fərqli şəkildə düşünür, yol
axtarır. Elə buna görə də o, xırda məqsədləri,
kiçik "döyüş" üsullarını rədd
edir. Diqqət yetirsək, görərik ki, Azərbaycanın o
zamankı taleyini, sonrakı aqibətini Ağalarov necə də
həssaslıqla hiss edirmiş... Onun ingilis generalı Tomsona
söylədiklərinə diqqət yetirin: "General həzrətləri,
hökumət dəli dərviş kimi dağa-daşa
düşə bilər, amma neft Bakıdadır, neft mədənlərini
Gəncəyə, Şuşaya, Şəkiyə
köçürmək olmaz. Neft hər gün sağmal inək
kimi sağılmalıdır, ara verilsə, qara inək
süddən düşər. Quyular zay olub gedər. Amma
bütün anbarlar neft ilə dolub, biz neft içində
boğuluruq. Çıxarılan nefti ixrac eləmək
lazımdır və Bakı nefti ki, qara cövhərdir, ən
əla neftdir, dünya bazarlarında müştəriləri
çoxdur".
"Babək"
Ə.Məmmədxanlının ilk və son romanı idi. Romanın I hissəsi
tamamlanmayıb. "Babək" bədii filminin ssenarisi isə
birinci hissənin davamı olaraq romana əlavə edilib. Əsəri
çapa hazırlayan Anarın fikrincə,
"yazıçının içəri
dünyasında" gördüyü Babək obrazı, onun ətrafı-dostlar
və düşmənlər-əsərlərin
personajları elə dəqiq,
dürüst düşünülüb-duyulub ki, birinci hissədə-roman
səhifələrində
canlanan fərdlər öz mahiyyətini, səciyyələrini,
sifətlərini ikinci hissədə-ssenaridə də hiss
edirik. Hiss olunur ki, "Babək" romanı Babək
dövrünün dini-fəlsəfi mahiyyətini dərinliyilə
duyan, tarixi hadisələrin arxasında sürünməyib bu
hadisələrə tamam yeni bir
aspektdə diqqət yetirən bir yazıçı tərəfindən
qələmə alınmışdır. Əsərdə
tarixi məlumatlar yetərincədir, bu məlumatlar "Babək"
dövrünün ictimai-siyasi, dini-fəlsəfi, hətta
coğrafi mənzərəsini bütün genişliyilə
gözlərimiz qarşısında canlandırır.
Romanın yazılış tərzi də nəsr
üçün yenidir, orta əsr Şərq nəsrinin
üslubuna yaxındır.
Anar romana
yazdığı müqəddimədə xatırladır ki,
"Azadlıq yanğısı" Ə.Məmmədxanlının
ən çox sevdiyi ifadə idi və yazıçı
hamını sıxan mənəvi əsarət dövründə
bu əsəri məhz azadlıq eşqinə və azadlıq
eşqilə yaratmışdı.
"Babək
dedi:
- Ey kor
yapalaq, siz heç vaxt dərk etməyəcəksiniz ki,
azadlıq yanğısı nə deməkdir. O dəhşətli
yanğı ki, ürəyi yandırıb külə döndərir.
Azadlıq! İstər o şirin olsun, istər
acı-yalnız o idi mənim səcdəgahım! Və bu
müstəbid ki, məni öldürür, o da heç vaxt
anlamayacaq ki, ölümü ilə azadlıq fədaisi
büsbütün məhv olmur".
"Babək"
romanı tarixi nəsrimizlə bağlı bir sıra
sualları da aydınlaşdırdı. Öncə "Babək"
romanı tarixi şəxsiyyətin məlum obrazına bədii
bir möhtəşəmlik, əzəmilik bəxş etdi.
Salnaməçilərin, təzkirəçilərin,
tarixçilərin şərhindəki Babək bədii
sözün qüdrətilə əbədiləşdi. İkincisi, Ə.Məmmədxanlı
lüzumsuz məlumatfüruşluğa ehtiyac duymadı, burada
sanki ustad bir memar işi duyulur.
Tarixi hadisələr, faktlar, mənbə və
qaynaqlardakı məlumatlar əsərdə elə səliqə
ilə yerləşdirilib ki, heyrətlənməyə bilmirsən.
Üçüncüsü, bu əsər bir daha sübut etdi
ki, əgər yazıçı sadəcə
özünü salnaməçi hesab etməyib, tarixi hadisələri bu günün elmi-fəlsəfi
meyarları ilə mənalandırırsa, deməli, tarixi
yenidən "oxuya" və oxutdura bilir.
Ənvər
Məmmədxanlının "Ayrıldılar" hekayəsində
personajlardan biri belə deyir: "Köhlən atları
köhnə kişilər minib o dünyaya getdilər".
İndi Ənvər
Məmmədxanlı kimi köhnə kişilər qalmayıb
daha... Bu faciəmi, dərdmi, deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, o
köhnə kişilərin açdığı yollar
olmasaydı, biz yolsuz qalardıq.
Vaqif
YUSİFLİ
Ədalət.-2013.-2 mart.-S.13.