"Hər
bir aktyorun daxilində rejissorluq var"
Şahmar Qəribli: "Bu gün
də nağıllara
inanırıq"
Özü demişkən, Şəkidəki
yaradıcılıq mühitini
bəyənməyib Sumqayıt
teatrında işə
qəbul olunanda hamı oraları "Gənclik şəhəri"
kimi tanıyırdı. İndi isə
Sumqayıt "Gənclik
şəhəri" statusunu
təhvil verib, Şahmar Qəribli də artıq 60 yaşına çatıb.
Deməli, aradan xeyli zaman keçib.
Amma arxada qalan illəri müsahibim boşuna yaşamayıb. Hüseyn Ərəblinski adına
Sumqayıt Dövlət
Musiqili Dram Teatrında
bir-birindən maraqlı
obrazlar yaradıb. Doğma teatrın səhnəsində
Cəlil Məmmədquluzadənin
"Ölülər"inə quruluş verib.
Dövlət televiziyasının "Sabah" Yaradıcılıq Birliyində
Yusif Vəzir Çəmənzəminlinin əsərləri
əsasında hazırlanan
"Ağ dünyam"
tamaşasının quruluşçu
rejissoru və baş rolun ifaçısı kimi uğurlu bir işə imza atıb. Müxtəlif telekanallarda hazırlanan
və maraqla baxılan sənədli filmlərin rejissoru olub.
Şahmar
Qəriblinin milli kinomuzda da öz
yeri var. Bu yeri "Qəzəlxan", "Fəryad",
"Yerlə göy arasında", "Cavid ömrü", "Dolu",
"Sübhün səfiri",
"Çölçü" və başqa filmlərdə yaratdığı
rollarla qazanıb.
Səhnədə, teletamaşalarda, bədii filmlərdə, seriallarda tez-tez görməyə adət etdiyimiz Şahmar bəyin şəkilləri olan posterlərə son günlər
paytaxtımızın ən
gur küçələrində
rast gəlmək mümkündü. Müsahibim reklamlara da çəkilməyə vaxt
tapır. Amma bu yazının Şahmar Qəriblinin reklamına heç bir dəxli yoxdu...
- Sizinlə teatr aktyoru və rejissoru, kinematoqrafçı
kimi danışmaq üçün xeyli mövzu var. Başlayaq teatr aktyoru Şahmar
Qəriblidən. Səhnə fəaliyyətiniz
Sumqayıt Dövlət
Musiqili Dram Teatrı ilə sıx bağlıdı. Amma bioqrafiyanızın
bir Şəki mərhələsi də
var. Həmin dövr niyə belə qısa sürdü?
- İncəsənət İnstitutunda görkəmli
pedaqoq və rejissor Adil İsgəndərovun
kursunda oxuya-oxuya televiziyadan, radiodan, kinostudiyadan dəvətlər
alırdım, çəkilirdim,
dublyajda iştirak edirdim. Adil müəllim bizi
kinoaktyoru kimi hazırlayırdı və
kinostudiyada işə
götürmək istəyirdi.
Lakin iş elə gətirdi ki, onu kinostudiyanın
direktoru vəzifəsindən
azad etdilər. Kurs yoldaşlarımın hərəsini
bir yerə göndərdilər. Mənim də
təyinatımı Şəki
Dövlət Dram Teatrına
verdilər. Lakin orada
cəmi 3 ay dözüm
gətirə bildim.
Çünki yaradıcılıq potensialımı tam açmaq
üçün heç
bir şərait yox idi.
- Elə ilk gündən iddianız belə böyük idi?
- Söhbət böyük iddiadan getmir. Diplomu alan
kimi gedib Şəki teatrında dağı dağ üstə qoyan deyildim ki... Sadəcə,
orada yaradıcılıq
üçün geniş
imkan yox idi. Teatr fəaliyyətə tam başlamamışdı, səhər-axşam
məşq edirik, onunla da həyat
başa çatırdı.
Paytaxtda isə mühit tam fərqli idi. Bayaq dediyim kimi, televiziyanın,
radionun, kinostudiyanın
qapılarını artıq
açmağa başlamışdım.
Şəkidə bunların heç
biri olmadığından
darıxırdım. Ona görə
də 3 aydan sonra qayıdası oldum.
- Hətta Vaqif Abbasov kimi istedadlı
rejissorun Şəkidə
çalışması da
sizi oralara bağlaya bilmədi?
- Rəhmətlik Vaqif
müəllim özü
də bir müddət sonra Şəki teatrından ayrıldı. Görünür elə mən
düzgün qərar
vermişəm. Nə isə,
o zaman Sumqayıt teatrının baş rejissoru Vaqif Şərifov məni işə çağırdı,
hətta yataqxanada yerlə təmin etdi və oldum
sumqayıtlı. 1991-ci
ilə kimi bu teatrda aktyor
kimi çalışdım.
"Komsomol poeması"nda
Şahsuvar, "Adamın
adamı"nda Fağır
Bağır, "Müfəttiş"də
Qumarbaz, "Dəyirman"da
Kərim müəllim,
"Bütün Şərq
bilsin"də Jandarm
və başqa rollar oynadım. Özü də səhnəyə çıxan gündən
qarşıma prinsip qoymuşdum. Heç kimə
bənzəməmək, heç
kimi təkrarlamamaq və ən epizodik rolu belə
yaddaqalan etmək.
Sonra getdim Moskvaya, ali
rejissorluq kursunda təhsil aldım. 9 aydan sonra imtahan verib təhsilimi
vaxtından əvvəl
başa vurdum.
- Tələsməyin, yaradıcılığınızda
yeni mərhələ
başladı. Rejissor Şahmar
Qəribli barədə
ətraflı danışaq.
Aktyor kimi tanınmaq sizi qane etmədiyindən
rejissor olmaq qərarına gəldiniz?
- Bu, bir-iki günə verilmiş qərar deyildi. Səhnədə çalışdığım illərdə bu prosesin getdiyini hiss edirdim. Satira janrında iki
tamaşa da hazırlamışdım və
müsbət fikirlər
də eşidirdim.
Əslində burda qəribə
bir şey də yox idi.
Çünki hər bir aktyorun daxilində rejissorluq var. Bu dəfə
də Tanrı məni güclü müəllimlə görüşdürdü.
Leonid Xeyfetsin emalatxanasında
ali rejissorluq
kursunda oxudum. Həmin il
çox böyük seçim olmasına baxmayaraq, bu görkəmli rejissor mən də daxil olmaqla cəmi
3 nəfəri həmin
kursa qəbul etdi.
- Cəlil Məmmədquluzadənin
"Ölülər" pyesinə
verdiyiniz quruluşun yaratdığı əks-sədadan
belə başa düşdüm ki, aktyor kimi heç
kimi təkrarlamayan Şahmar Qəribli rejissorluqda da bu prinsipə sadiq qalıb...
- Başqa cür ola da bilməz. Sənin əsərə yozumun
digər rejissorun baxışından fərqlənmirsə
o tamaşanı niyə
hazırlayırsan? Sumqayıt teatrı
"Ölülər"i Bakıda tamaşaçılara
təqdim edəndə
görkəmli sənətkarlarımız
Məlik Dadaşov və Həsənağa Turabov müsbət fikirlər səsləndirdilər.
Tamaşanın özü və
xüsusi ilə rəhmətlik Məzahir Ağayevin ifasındakı
Şeyx Nəsrulla onların çox xoşuna gəlmişdi.
Bizim tamaşada Şeyx Nəsrulla əsərin qəhrəmanı idi.
Mən bir quruluşçu rejissor kimi heç
bir əllaməçilik
etməmişdim, bu klassik əsərə müdaxilə-filan da deyildi. Mirzə Cəlilin öz
mətnindən istifadə
edərək belə bir yozum vermişdim.
Şeyx Nəsrulla hara gedirsə hadisəni özü qurur, özü də idarə edir. O, bizim nağılsevər millət olduğumuzu yaxşı bildiyindən maraqlı nağıllar uydurur. Camaat da Kefli İsgəndərə yox,
ona inanır. Təəssüf ki, bu gün də nağıllara inanmaqda davam edirik.
- Bu gün hansı klassik əsərə quruluş verməklə tamaşaçını təəssübləndirə
bilərsiniz?
- Qismət olsa, Mirzə Cəlilin "Dəli yığıncağı"
və Cəfər Cabbarlının "Aydın"
pyeslərini hazırlamaq
istəyirəm. Hər ikisi
bu günümüzlə
çox səsləşir.
Bu gün Azərbaycanda
çox adam
dramaturq olmaq istəyir, amma az adam bunu
bacarır.
- İstərdim söhbətin
bu yerində kinonun qazandığı Şahmar Qəriblidən danışaq...
- Bayaq dediyim kimi,
Adil İsgəndərovun
sayəsində tələbə
vaxtlarından kino aləmindəyəm. Kinoda ilk rola
1986-cı ildə Tofiq
İsmayılovun "Yay
gününün xəzan
yarpaqları" filmində
çəkilmişəm. O vaxtdan bu günə
kimi mütəmadi dəvətlər alıram.
Ssenarini bəyənmədiyim, yaxud
maddi şərtləri
məni qane etməyən və geri çevirdiyim təkliflər də olub. Hər filmə də çəkilmək olmur axı...
- Hər bir bədii
film böyük bir yaradıcı və texniki heyətin birgə əməyi sayəsində ekrana çıxır. Alınan
uğurlu nəticədən
filmdə əməyi
olan hər kəsə pay düşür.
"Dolu" filminin qazandığı böyük
uğur münasibəti
ilə sizi də təbrik etmək olar...
- Kinonun içində olan, bu sahədə
yaxşını pisdən
ayırmağı bacaran
adam kimi
deyə bilərəm
ki, "Dolu" son illərdə milli kinomuzun qazandığı
ən böyük uğurlardan biridir. İstedadlı yazıçı Aqil Abbasın eyniadlı əsəri əsasında Elxan Cəfərovun çəkdiyi
filmdə Mühasib rolunu oynamışam.
Məni filmə dəvət edən hər bir rejissora deyirəm
ki, tapşırılan
rola vicdanla və məsuliyyətlə
yanaşacam. Film ekrana
çıxanda mənim
roluma görə heç kim
sizi tənqid etməyəcək. İnanıram ki, "Dolu"dakı oyunuma görə də Elxan Cəfərovu
tənqid edən olmayıb. İlk dəfə idi
ki, Elxanın filmində çəkilirdim.
Aktyorla işi çox gözəl bacarır, konkretliyi sevir.
- 1995-ci ildə "Sabah" Yaradıcılıq
Birliyində "Ağ
dünyam" televiziya
tamaşasına quruluş
vermisiniz. Baş rolu - Dəli Səmədi oynadığınız
həmin tamaşa bu gün də
maraqla baxılır.
Bu arada müxtəlif
telekanallarda Cəlil Məmmədquluzadə, Süleyman
Rüstəm, Tahir Salahov, Hacı Xanməmədov, Ədalət
Vəzirov haqqında çəkilən sənədli
filmlərdə quruluş
rejissor kimi çalışmısınız. Bədii film çəkmək fikriniz yoxdu?
- İki ssenarim
var. Təkliflərimi "Azərbaycanfilm"ə
təqdim etmişəm.
- 60 illik yubileyinizi səs-küysüz qeyd etdiniz. Deyəsən başqa planlarınız vardı...
- Mədəniyyət və Turizm
Nazirliyinin, Teatr Xadimləri
İttifaqının rəhbərliyi yubiley
münasibəti ilə təbriklərini
çatdırdılar, pul mükafatı
verdilər. Bunun özü
yaradıcı adama diqqətdi. Əlavə
təmtərağa nə ehtiyac? Valideynlərimdən
və sənət müəllimlərimdən təvazökar
həyat sürməyi öyrənmişəm. İnsan çalışdığı sahədə
uğur qazana bilirsə,
deməli əbəs yerə yaşamır...
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2013.-2 mart.-S.10.