QORİDƏN GƏLƏN QATAR

 

(əvvəli ötən saylarımızda)

 

Məşədi İbrahimin vaxtilə seminariyada bağışladığı bina indi də qalır.  Yaxşı olardı ki, nəcib ənənə davam etdirilsin. Yenidən həmin binada seminariya açılsın. Zənnimizcə, məşhur pedaqoqumuz Firudin bəy Köçərli kimi maarif fədaisi gərəkdir ki, belə xeyirxah işə həsr etsin.

 

Hər sözüm gəzəcək ağızda, dildə...

 

Səməd Vurğun

 

 

Məşhur ədəbiyyatşünas Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının "Tatar" (Azərbaycan - Ş.N.) şöbəsini Qazağa köçürüb, orada Qazax müəllimlər seminariyasını təşkil etmişdi. Bu misli görünməmiş tərbiyə-təhsil ocağına ətraf kənd və rayonlardan ayağı çarıqlı, başında quzu dərisindən papaq, əyinləri boz çuxalı kəndli uşaqları axın-axın oxumağa gəlirdilər. Bunların arasında nənəsi Aşanın əlindən yapışan balaca Səməd Yusif oğlu da vardı.

Firudin bəy Köçərli xəstə, arıq, qızdırmadan rəngi solmuş cılız Səmədə baxıb nənəsi Aşaya:

-Arvad, bu uşağı illət basıb öldürür, bu oxuya bilməz, bundan bir şey çıxmaz, - deyə onu qəbul etmək istəmirdi.

Yazıq nənə isə:

-Firudin bəy, mənə yazığın gəlsin, bu uşaq mənim nəvəmdir, anadan yetim qaldığına görə bu günə düşüb, - deyə yalvarırdı.

Qoca qarının yalvarışları nədənsə Firudin bəyə təsir etmirdi.

Səməd sağ əlini sol döşünün üstünə qoyub ürəyinə işarə edərək, çox ahəstə bir səslə:

-Ah! A Firudin bəy, bircə bilsəydin ki, burda, bu ürəkdə nələr var...

Firudin bəy cəld geri döndü. Nənəsinin əlindən tutub dayanan "xəstə uşaq" dik onun üzünə baxırdı. Bu səs onun səsi idi. Səmədin oxumaq, təhsil almaq həsrətilə qəlbindən qopardığı bu "ah" Köçərlini yumşaltdı. Firudin bəy fikrə getdi. Səmədin cürəti onu heyran etmişdi.

İmtahan günü vaxtilə zəif hesab edib məktəbə qəbul etmək istəmədiyi Səməd Vəkilovun zəngin hafizəsinə və çox dürüst tələffüzünə heyran qalan F.Köçərli özünü saxla bilməyib yerindən qalxaraq:

-Bu ki, od parçası imiş, - deyə onu bağrına basmışdır. Elə həmin gündən də seminariyanın direktoru Firudin bəylə tələbə Səməd Vəkilov arasında müəllim-tələbə münasibətilə yanaşı bir də ata-bala münasibəti yaranmışdır.

 

* * *

 

Məhbub Cəfərov, Qazax Seminariyasının məzunu:

"...Səməd Vəkilovu Firudin bəy Köçərli daha artıq sevərdi, ona hörmət bəslərdi.

Səməd Nizami, Füzuli, Firdovsi, Vaqif, Sabir haqqında həmişə kitablar axtarardı və Firudin bəy Köçərli öz şəxsi kitabxanasından mütaliə etmək üçün ona kitablar verərdi. Firudin bəy Köçərlinin təşəbbüsü ilə Darülmüəllimində xor, dram, musiqi dərnəkləri təşkil edildi..."

Firudin bəy Köçərli əlaçı və intizamı möhkəm saxlayan tələbələri çox sevirdi. O, çox vaxt dərsdən kənar tələbələrin vəziyyəti ilə tanış olub, onlara suallar verərdi və cavablar alardı.

Firudin bəy onun məharətlə oxumasına və mütaliəsinə heyrət edərdi.

Firudin bəy: "Ay Səməd, oğlum, sən bizim Darülmüəllimimizin həm Füzulisisən, həm də gələcəkdə məşhur bir ədib olacaqsan, bu mənim yəqinimdir" deyərək sevinərdi.

Firudin bəy çox sadə, alicənab, maarifpərvər, xoşsifət, gülər üzlü bir şəxs idi. 

O, yaxşı oxuyan tələbələrə daha artıq mehribanlıq edər, onlara bir müdir kimi yox, elə bil ki, bir ata kimi məhəbbət bəslər və lazımi məsləhətlər verərdi.

Müəllimlər arasında öz nəcib və gözəl xasiyyəti ilə seçilən müəllimlərdən biri də Əli Əfəndi (Hüseynov) idi.

Firudin bəyin kitabxanasından kitablar bəzən də onun vasitəsilə əldə edilər və mütaliə üçün tələbələrə, o cümlədən Səmədə də verilərdi.

Bir gün Firudin bəy bir qrup tələbə və müəllimlər ilə birlikdə (Səməd də orada idi) təxminən şəhərdən yarım kilometr aralı olan bir sahəyə getdik.

Firudin bəy köçərli göstərdi ki, bax burada mütləq yeni bir böyük Darülmüəllimin binası tikilməlidir. Burada həm teatrımız, kinomuz, həm də klubumuz olmalıdır.

Firudin bəy bina tikiləcək sahənin uyğun olub-olmaması haqqında həm müəllim və həm də tələbələrlə məsləhətləşdi. O, binanın bünövrəsi qoyulacaq yerə kağız yazıb şüşəyə qoyub yerə basdırdılar, həmin sahədə xeyli vaxt keçdikdən sonra təxminən 1937-38-ci illərdə hazırkı pedməktəbin binası tikilməyə başlandı.

Firudin bəyin ölümü Səməd Vurğuna çox təsir etmişdi. Səmədin həmişə xəlvətdə Firudin bəy üçün bir neçə dəfə ağlamasına təsadüf etdim".

BİR  GÖRÜŞDƏN  XATİRƏ

(Səməd Vəkilovun    Osman Sarıvəllinin seminariya illəri)

Firudin bəy Köçərli  Gürcüstan   menşevik  hökumətindən aldığı Qori  Seminariyasının  Azərbaycan şöbəsinə  aid olan bütün əmlakı, mebeli,  kitabxana  və sair müxəllifatı Poylu vağzalında vaqondan boşaltdırmışdı. Qazax ziyalılarının təşəbbüsü və köməyi sayəsində  seminariyanın bütün əmlakı öküz-kəl arabalarında Qazaxa daşındı. Məşədi İbrahim Mirabı mülkü boşaldılıb seminariya üçün verildi. Halbuki danışığa görə  vaqon  Yevlaxda   boşaldılıb, Ağdama daşınmalı və  seminariya da  burada açılmalı idi.

 

Seyfulla Şamilov (1902-1974 ),

Qazax Seminariyasının məzunu, yazıçı

                                                                       

1976-cı ildə böyük şairimiz Səməd Vurğunun yetmiş illik yubileyi hər yerdə, hər obada təntənə ilə keçirdi. Məktəblərdə, kitabxanalarda tez-tez maraqlı görüşlər təşkil edilirdi. Kitabxanalardan biri "Səməd Vurğun və gənclik" adlı sərgi açmışdı. Məni də vurğunşünas kimi oraya dəvət etmişdilər.

Şairin gənclik dostları haqqında bildiyim faktları, əhvalatları danışdım. Danışdıqca fikrim-zikrim Səməd Vurğunun  iki  misrasının  çevrəsində cövlan edirdi:

 

Gəncliyim bir oddur, yandıqca sönməz,

İnad bir insanam, sözümdən dönməz...

 

Görüş iştirakçılarının nə danışdığını daha eşidə bilmirdim. Xəyalən "Gəncliyim bir oddur"... adlı verilişin səhifələrini vərəqləyirdim. Yubiley münasibətilə    yazacağım  ssenarinin mövzusunu və adını elə bu görüşdən tapmışdım.

Redaksiyaya qayıtdım. Baş redaktor Yusif Kərimov və şöbə müdiri Həqiqət xanımla kimlərin çıxışını vermək barədə birgə plan tutduq. Axtarışlarım zamanı şairin 1933-cü ildə yazdığı "Muradxan":: mənzum oçerkinin qəhrəmanı Muradxan Musa oğlu Hacıyevi tapıb görüşdüm. Çox maraqlı, nurani bir ağsaqqal idi. Onu dinləyəndə, hazırcavablığının şahidi olanda fikirləşirdim ki, Səməd Vurğun  mənzum - poemasına Muradxan kişini qəhrəman seçməkdə heç də səhv etməyib. Sumqayıta gedib onun gənclik dostları barədə söhbətini lentə yazdıq.

Daha sonra maarifçi Mirqasım Əfəndiyevin, professor Yusif Yusifovun və şairin ən sadiq gənclik dostlarından biri - əziz şairimiz Osman Sarıvəllinin çıxışını verməyi nəzərdə tutduq. Elə həmin anda zəng edib Osman müəllimə fikrimi bildirdim. Daha doğrusu, bu mövzuda bizim verilişdə çıxış eləməsini xahiş etdim. Telefonda ani olaraq susan Osman müəllim:

- Ay yoldaş, adınız necə oldu? - deyə soruşdu.

- Şəmistan, - dedim.

- Bəs familyan?

- Nəzirli - deyə, cavab verdim.

-  Vaxtınız varsa, durun gəlin bizə, oturaq bir əməlli-başlı söhbət edək. Görək hardan başlayıb, harda qurtaracağıq. Belə sanballı mövzunu telefonda həll etmək olmaz, - dedi.

Həmin günü Osman muəllimin görüşünə getdim. O illərdə televiziyada kinolentin qıtlığı ərşə qalxmışdı. Moskvanın şovinist   rəhbərləri   bizim   respublikaya kinolenti cirə ilə verirdi. Ondan da o vaxtın ən mühüm partiya və sovet tədbirlərində istifadə olunurdu. Hər verilişə çəkiliş üçün lent verilmədiyindən əksəriyyətində fotoşəkildən istifadə edirdik. Bu da ən yaxşı ssenarini belə keyfiyyətcə yarıbayarı aşağı salırdı. Kinolent veriləcəyinə ümidim yox idi. Fotoqraf dostum Seyfəddin Məmmədvəliyevdən Osman müəllimin görüşünə birgə getməyi xahiş elədim.

Osman müəllim hər ikimizlə ehtiramla görüşüb "xoş gəldin" elədi. Yazı masasının yanında ayaq üstə dayanıb ikimizə də diqtətlə baxa-baxa:

- İkiniz də bir-birinizə oxşayırsınız; əsl sovet uşaqlarısınız, elə bil nə çörək yemisiniz, nə də su içmisiniz. Əyə, nə yaman arıqsınız - deyib bizi zarafatla qarşıladı. Asta, ağır addımlarla yaxınlaşıb əlini ərklə mənim çiynimə qoydu-İncimədiniz ki?..

-   Yox, - dedim, - niyə incəyək ki? Olanı deyirsiniz.

- Yaxşı, mənnən telefonda danışan hansınız idi?

- Mən idim, Osman müəllim.

- Demək Şəmistan Nəzirli də sənsən?

- Bəli, mənəm.

- Lap yaxşı, lap yaxşı, - diqqətlə, fikirli-fikirli mənə başdan-ayağa kimi baxdı. - De görüm, sən bizim hansı Şıxlıdansan?

- Mənim babalarım Şıxlıdandı, vaxtilə köçüb Körpülüdə məskən salıblar. Şıxlıdan bir az yuxarıda...

Osman müəllim bığaltı gülümsünüb, sol çiyni üstə döndü.

- Ağız, a Səyalı, bəri çıx, qohumun gəlib, - deyə həyat yoldaşını çağırdı. Sol tərəfdəki qapının pərdəsi titrəyib aralandı. Səyalı xala görünən kimi:

- Durma, mərcimi gətir, mən uddum. Buyur, bu da sənin Körpülü qohumun - deyib, məni göstərdi.

Səyalı xala canıyananlıqla:

- Boy, - dedi, - onda bu, Süleyman əminin nəvəsidir.

- Bəli, bəli Süleyman katdanın... Sənə demədimmi bu, sənin Nəzirli qohumlarından olacaq. Üzünü bizə tutub: - Əyləşin, ay uşaqlar, siz gələnə kimi Səyalı xalanızla əməlli-başlı  mübahisəmiz oldu. - Zarafatla: - Allaha şükür ki, heç olmasa, bir dəfə Nəzirli tayfasının hesabına mən də muştuluq yeyəcəm. Sən də, a  Səyalı,   gör  orda   nəyin   var,   təzə qohumuyun hesabına bizə bir görüm-baxım elə...

 

(ardı gələn sayımızda)

 

 

Şəmistan Nəzirli,

istefada olan polkovnik-leytenant

 

Ədalət.-2013.-5 mart.-S.7.