Məmməd Oruc: "Səməd Vurğun olmaq istəyirdim"

 

"Yazıçılar arasında baş çıxarda bilmirəm"

 

Yazıçı Məmməd Orucun Kulis.Az-a  müsahibəsi

 

- Söhbətlərinizdən birində demişdiniz ki, sizi ədəbiyyata Səməd Vurğun olmaq istəyi gətirib.

- Nə gizlədim, lap erkən yaşlarımdan içimdə Səməd Vurğun olmaq ehtirası vardı. Jdanov (indiki Beyləqan) rayonunda çap olunan "Yüksəliş" qəzetində şeirlərim görünəndə, orta məktəb müəllimim Fərman Kərimzadə bu ilk qələm təcrübələri mətbuatda tərifləyəndə elə bilirdim ki, yolun yarısını keçmişəm. Yazı-pozuya o qədər də biganə olmayan doğmalarım isə məni Mikayıl Müşfiqin məşhur beyti ilə cırnadırdılar: "Şairəm söyləyir yerindən duran; Adamın üzündə həya gərəkdir!" Təbii ki, hər atılan daşa fikir vermədim, amma universitetin sonuncu kursunda oxuyanda, artıq publisistik yazılarımla mərkəzi qəzetlərə yol tapanda, bir yanvar axşamında qət elədim ki, daha redaksiyalara şeir aparmayım və ümumiyyətlə, şeir yazmayım.

 - Nə baş vermişdi ki?

- Heç nə. Həmin gün "Ədəbiyyat və incəsənət", indiki "Ədəbiyyat  qəzeti"ndə nəhayət ki, ilk şeirim çap olunmuşdu.

 - Axı bu sizi bir qədər ruhlandırmalı idi...

- Məndə əksinə oldu. Bəlkə də əsil şeirin nə olduğunu o gün, o axşam anladım, nə bilim.

- "Oyun havası"ından danışaq. Bu povest necə yazılıb?

- Birnəfəsə yazılıb. Təxminən on gün ərzində. O zaman mən kifayət qədər qələm təcrübəsinə malik idim. Nə isə yazmağa başlayanda özümü necə deyərlər, suda balıq kimi hiss eləyirdim. Hadisə həyat materialı idi və mən yalnız adları və məkanı dəyişdirmək istəyirdim ki, yazı çap olunandan sonra xırda dedi-qodulara səbəb olmasın. Amma bununla belə yenə də prototiplər özlərini tanıdılar, hətta mənə artıq-əskik sözlər də çatdırdılar.

- Bəs povest nəşriyyatlarda necə qarşılandı?

- Əsəri ilk dəfə "Sovet kəndi" qəzetinə apardım. Niyə məhz "Sovet kəndi"nə? Birinci ona görə ki, "Azərbaycan" jurnalında "Göz dağı" povestim çapa hazırlanırdı, "Ulduz" jurnalında hekayələrim getməli idi. "Sovet kəndi"ndə isə heç vaxt çap olunmamışdım. Povest isə sırf kənd həyatı ilə bağlı idi. Vaqif Bəhmənli povesti oxuyandan sonra məni təbrik elədi, amma dedi ki, bu çox gözəl yazıdı, apar "Gənclik" jurnalına, "Sovet kəndi"ni kimdi oxuyan? Ağlıma batdı, həqiqətən də sırf ədəbi jurnal olmasa da "Gənclik" çox populyardı. Amma burda da Səfər Alışarlı povesti bəyənmədi.

- Nə dedi?

- Nə deyəcək, dedi ki, xoşuma gəlmir. Filan-filan surətlər artıqdır.

- O vaxtacan münasibətlərinizdə gərginlik yaşanmışdı?

- Əsla. Onun Moskvadan göndərdiyi ilk hekayələrini oxuyub sevə-sevə baş redaktora - Əkrəm Əylisliyə təqdim etmişdim. "Yazıçı" nəşriyyatında cavan nasirlərin yaradıcılığı ilə bağlı hazırladığım almanaxa onun da hekayələrini salmışdım, haqqında xoş sözlər yazmışdım.

- O zaman "Gənclik" jurnalının baş redaktoru gərək ki, Məmməd İsmayıl idi. Bəs şikayət etmədiniz?

- Əsla. Mən bilirdim ki, dostum Məmməd İsmayıl "Gənclik" jurnalının əməkdaşlarını özü seçib və onlarla hesablaşır.

- Bəs nə etdiniz?

- Gözlədim ki, "Göz dağı" povestim "Azərbaycan"da çap olunsun və ora yenidən əsər təqdim edim.

- Bu nə qədər çəkdi?

- Təxminən il yarım. "Azərbaycan" jurnalında da povesti əvvəl İsa İsmayılzadə oxudu, sonra da İntiqam Qasımzadə və dərhal da "Azərbaycan"da "Oyun havası"na yaşıl işıq yandırdılar. Əsərin sonrakı beş nəşrində mənim elə bir xidmətim olmayıb. Sağ olsun naşirləri.

- "Oyun havası"nın növbəti naşirlərindən biri də Əkrəm Əylisli olub. O, "Oyun havası"nı XX əsrdə Azərbaycan ədəbiyyatında iz qoymuş yeddi povestdən biri kimi "Çağdaş Azərbaycan povesti" kitabına daxil edib və sonra da mətbuatda belə bir açıqlama verib: "Mənim hazırladığım, çap elətdirdiyim "Çağdaş Azərbaycan povesti" kitabına Məmməd Orucun "Oyun havası" povestini əlavə etməyim təsadüf deyil". Necə düşünürsünüz, bu haşiyədə Sizin şəxsi münasibətinizin izi var.

- İnanmıram. Mən Əkrəm Əylislinin şəxsi münasibət naminə əsil ədəbiyyata kölgə salacaq bir addım belə atdığını görməmişəm.

- Yaxınlığınız necə başlayıb?

- Tamam təsadüfən. Mən əsgərlikdən gəlmişdim, radioda işləyirdim. Satirik, yumoristik verilişlər hazırlayırdım. "Ulduz" jurnalında "Kamal müəllimin mahnısı"ndan sonra daha bir hekayəm çap olunmuşdu: "Qırmızı bantlı qoç". Mərhum İbrahim Göyçaylı qonşu otaqdan qaça-qaça gəldi ki, Məmməd bəs Əkrəm Əylisli səni telefona çağırır. Təbii ki, təəccübləndim. Çünki şəxsi tanışlığımız yox idi. "Qırmızı bantlı qoç"a görə məni təbrik elədi və sonra da zarafatla dedi ki, bu hekayəni yumaq lazımdı... Əlbəttə bu zəng məni sevindirdi, çünki o zaman Əkrəm Əylisli mənim bir nasir kimi qibtə etdiyim iki-üç yazıçıdan biri idi.

- Demək, Əkrəm Əylisli ilə tanışlığınıza səbəb "Qırmızı bantlı qoç" hekayəsi olub?

- Elədi ki, var. Yeri gəlmişkən, o hekayə çap olunandan sonra məni Mövlud Süleymanlı ilə birlikdə Yazıçılar İttifaqına çağırdılar və katiblikdə yaradıcılıq hesabatı istədilər. Düzü, bu tədbirdən qaçmaq istəyirdim, çünki cəmi üç hekayəm çap olunmuşdu və hələ bilmirdim ki, bu yolu davam edə biləcəm, ya yox? O zaman Yazıçılar İttifaqının partkomu olan Nəriman Həsənzadə məni ipək kəlmələri ilə ikinci mərtəbəyə -İmran Qasımovun kabinetinə qaldıra bildi və Mövludla mən bir saat ərzində yaradıcılıq hesabatı verdik. Və o zaman mən hiss elədim ki, orda iştirak eləyən Süleyman Rüstəm də, Hüseyn Abbaszadə də, İshaq İbrahimov da, Xalidə Hasilova da, hətta Əbülhəsən də mənim çap olunmuş üç hekayəmin üçünü də oxuyublar. Sualınızın cavabını ona görə uzatdım ki, o zamanın ədəbi mühiti haqqında təsəvvür yaradım.

 Əkrəm Əylisli "Azərbaycan" jurnalına baş redaktor təyin olunandan sonra məni əməkdaşlığa dəvət elədi və mən aylıq maaşda təxminən yüz əlli manat itirməyimə baxmayaraq imtina etmədim. Çünki sabahımı bu aləmdə görürdüm.

- Peşman deyilsiniz ki?

- Əsla. Tanımadığın insanlar sənin kitabını sənin xəbərin olmadan, dünyanın bu vaxtında çap edib yayırlarsa, hansı peşmançılıqdan söhbət gedə bilər?

- Sizin 1991-ci ildə milli zəmində mövcud münaqişənin daha gərgin olduğu, simlərin tarıma çəkildiyi bir zamanda yazdığınız və "Azərbaycan" jurnalında çap etdirdiyiniz "Əzrayılla görüş" povestində ermənilərə qarşı rəğbət var. Bu əsərə görə sizə bir söz demədilər, amma Əkrəm Əylisli "Daş yuxular" əsərinə görə qınandı. Buna səbəb nədir?

- "Əzrayılla görüş"də rəğbətdən yox, rəhmdən söhbət gedə bilər. Mövcud hadisələrin qurbanı qarışıq nikah və bu nikahdan törəyən uşaqlardı. Xəlil üç uşağının anası olan erməni arvadını aparıb hardasa gizlətmək istəyir ki, qonum-qonşunun tənəsindən xilas olsun. Amma harda? Hara gedirsə daş qayaya rast gəlir. Bax, budur "Əzrayılla görüş"də qələmə aldığım faciə. Yeri gəlmişkən, 1992-ci ildə bu povestlə bağlı C. Cabbarlı adına "Azərfilm"dən sifariş də aldıq. İntiqam Qasımzadə ilə birlikdə ssenarini hazırlayıb kinostudiyaya təqdim etdik. Ssenari bədii şuradan da keçdi. Müəyyən qədər qonorar da aldıq, amma film hələ də çəkilməyib.

- "Əzrayılla görüş" də həyat materialı əsasında yazılıb?

- Əlbəttə. Atamın da bir əmisi oğlunun, anamın da bir əmisi oğlunun, hətta anamın bir dayısının da arvadı erməni idi. Demək prototiplər göz qabağında idi və necə ola bilərdi ki, mən bu faciəni yazmayım? Yeri gəlmişkən bütün qohum-əqrəba anamın o dayısı arvadının başına and içirdi. Kənddən gələn gecələmək üçün onun evinə qaçırdı. Mən adları və mənanı başqa cür yazmışdım, amma yenə də prototiplər özlərini tanıdılar, məndən incidilər. İngilis-fransız müharibələri yüz illərlə davam edib. Bu gün eyni bulaqdan su içirlər.

Kimsə, hansı qrupsa, hansı tayfasa səni qınasa, qorxulu deyil, amma xalqın qınaq yeri olmaq fəlakətdir.

- Vaxtilə Vasili Belovun, Andrey Zoşşenkonun hekayə və povestlərini tərcümə etmisiniz. Bəs indi?

- İndi əsasən, rus dilli Azərbaycan yazıçılarının - Samid Ağayevin, Gülşən Lətifxanın, Natiq Rəsulzadənin, Asim Cəlilovun və s.

- 60 illiyinizdə sizi xeyli tərifləyiblər, hətta Əsəd Cahangir o tədbirdəki çıxışında deyib ki, "Oyun havası" XX əsrdə Azərbaycan ədəbiyyatında yaranmış ən bitkin beş povestdən biridir və bəlkə də birincisidir. Amma "bəlkə də birincisidir" ifadəsini "Ədəbiyyat qəzeti"ndə ixtisar ediblər. O zaman bunun səbəbi ilə maraqlandınız?

- Əlbəttə, yox, amma qulağım çaldı ki, o daşı mənim "bostanıma" Aydınxan adlı birisi atıb. Nə olsun, yəqin onun da öz məntiqi var...

- Tənqidlərə münasibətiniz necədi?

- Çox istəyirəm ki, məni tənqid etsinlər. Amma əksinə tərifləyirlər. Başımın altına yastıq qoyurlar.

- Xalq şairi Fikrət Qoca ilə yaxın qohumsunuz. Bu qohumluqdan necə, bəhrələnə bilirsinizmi?

- Düzü, son vaxtlar bu sualı mənə tez-tez verirlər. 60 yaşımın tamamında Anarın mənə "əməkdar incəsənət xadimi" fəxri adının verilməsi haqqında yazdığı məktub küçənin o tayına yəni Mədəniyyət Nazirliyinə çatmırsa, yolda itirsə, hansı bəhrədən söhbət gedə bilər? Amma böyük nüfuz sahibi olan Fikrət Qocanın bütün qohum-əqrəbanın üstünə kölgəsi düşür, o cümlədən də mənim. Hətta bəziləri mənə salam verəndə bilirəm ki, bu Fikrət Qocaya görədi. Bu dünyadı, belə gəlib, belə də gedəcək. Vəzifəsiz adama kimdi salam verən?

- Mövlud Süleymanlının sizin haqqınızda olan bir yazısından məlum olur atanız məşhur sınıqçı olub.

- Atam çox istəyirdi ki, mən həkim olum. Amma peşman deyiləm. Mən heç yazıçıların arasında baş çıxarda bilmirəm, indi həkimlərin arasında nə edərdim?

- Cavanların yaradıcılığını necə, izləyə bilirsinizmi?

- Qismən. Artıq demək olar ki, Etimad Başkeçidin, Alpay Azərin, Elnur Kəramətoğlunun, rəhmətlik Zakir Sadatlının, Kəramət Böyükçölün, Qan Turalının, Cavidin, Qorxmaz Şıxəlioğlunun, Alıq Nağıoğlunun oxucusuyam. Onların imzasına rast gələndə biganə qala bilmirəm.

- Ötən əsrin 83-cü-86-cı illəri arasında sizin Lənkəran, Mingəçevir və Naxçıvan Dövlət Dram teatrlarında üç pyesiniz tamaşaya qoyulub. İndi niyə bu janra müraciət etmirsiniz?

- Çünki indi meyarlar dəyişib. Yeri gəlmişkən Akademik Milli Dram teatra üç ildir ki, bir pyes təqdim etmişəm. Daha doğrusu bu pyesi, teatrın direktoru İsrafil İsrafilovun sifarişi ilə hazırlamışam. Rusca adı "Şaab" idi, amma bu adı dəyişdim: "Cənnətdə çevriliş" qoydum. Baş rolun ifaçısı da məlumdur: xalq artisti Şükufə Usobova. Amma pyes qalıb ortalıqda. Guya rejissor yoxdur. Yaxşı, bu rejissor haçan olacaq? Məşədi İbadın sözü olmasın, bəs mənim bir abbasım? Belə çıxır ki, gərək pyes yazandan sonra bir sponsor da tapasan. Ay bərəkallah!

- Müxtəlif illərdə əsərləriniz təltiflənib: 1991-ci ildə Sizə M. F. Axundov mükafatı ("Köçürülmə" romanına görə), 2004-cü ildə İsi Məlikzadə mükafatı (silsilə hekayələrinizə görə), 2007-ci ildə Rəsul Rza mükafatı (yenə də "Köçürülmə" romanına görə), 2009-cu ildə Qızıl Kəlmə mükafatı (Gülşən Lətifxanın "Azər və Aida" romanının tərcüməsinə görə). İndi nə istəyirsiz?

- Heç nə. Can sağlığı. Can sağlığı olsun ki, yarımçıq qalmış yazılarımı tamamlayım. Onlar mənsiz qalmasın.

 

 

Ağa CƏFƏRLİ

 

Ədalət.-2013.-5 mart.-S.8.