QORİDƏN GƏLƏN QATAR
Firudin bəy Köçərli – 150
(əvvəli ötən
saylarımızda)
Səyalı xala:
- Eləyərəm, niyə eləmirəm, - dedi. Süleyman əmimin nəvəsi də xoş gəlib, onun dostu da...
Osman müəllim söhbətinə ilk gəncliyindən, Səməd Vurğunla, Möhsüm Poladovla, komissar Şəmistan Əyyubovla (Səməd Vurğunun "Komsomol poeması"nın qəhrəmanı Sarı Şəmistan - Ş.N), Allahverdi Namazovla, Mirqasım Əfəndiyevlə, İbrahim Mirzəyevlə tanışlığından başladı. Seminariyadakı təhsil illərindən maraqlı əhvalatlar danışdıqca mən də qısa qeydlər götürdüm. Dostum Seyfəddin isə şair Osman Sarıvəllinin bolluca fotoşəkillərini çəkdi. Bu nadir fotoşəkillər də 1976-cı ilin sentyabrından bizə yadigar qaldı. Verilişin hazırlanmasından bir həftə əvvəl rəhbərliyə məlumat verdim ki, burada Osman Sarıvəlli də çıxış eləməyə söz verib. Səməd Vurğuna və Osman müəllimə görə sədr Elşad Quliyev bizim verilişə səxavətlə limitdən kinolent verdi. Veriliş efirdə səslənəndən sonra həmin süjetin kinolentini götürdüm. İndi də özümdə həmin verilişi yadigar saxlayıram.
Osman əmi ötən günləri yada saldıqca başını bulayır, yanıqlı-yanıqlı gənclik dostlarından danışırdı. İnqilab illərində, otuz yeddinin acı tufanlarında qətlə yetirilən, günahsız həbs olunanlardan söz düşəndə o, Dağkəsəmənli igid Sarı Şəmistanın vaxtsız ölümünə heyfsləndi. Asta, ağır səslə Səməd Vurğunun bir bənd şerini əzbər dedi:
Biz az döyüşmədik qoca dünyada,
Qorxub çəkinmədik isti qanlardan.
Atımız ölüncə getdik piyada,
Çıxdıq o qarışıq imtahanlardan.
Sonralar o ağır illəri xatırlayan professor Mehdixan Vəkilov yazırdı: "Səməd Vurğunla Osman Sarıvəllinin həyat, mübarizə və yaradıcılıq yolları bu illərdən (1930-cu illər) başlayaraq birləşir. Əlbəttə, mən, seminariya illərini demirəm.Onların arasında yaranan səmimiyyət, fədakarlıq və mənəvi yaxınlıq ömürləri boyu davam etmişdir. Bu iki ədəbi simanın dostluğu, qədim yunan əsatirində söylənən, Homer nəğmələrində oxunan əfsanəvi dostluğu xatırladır".
- Osman əmi, keçmiş müsahibələrimizin birində demisiniz ki, Səməd Vurğun haqqında hələ çox yazılacaq.Səməd Vurğunu öyrənən araşdırıcılar bu günə qədər seminarist Səməd Vəkilovu tədqiq edib oxuculara çatdırmayıblar. Olarmı sizinlə bu günkü, söhbətimizin şah damarı seminariya illəri olsun?
- Olar, niyə olmur . Onda mən istəyirəm, dədə-babalarımız demiş söhbətimizə dib-dəhnədən başlayım. Mənim də, Səmədin də uşaqlığımız Kür qırağında keçib. Bir gün bir dəstə uşaq Kür çayında çimirdik. Bir də gördük budu üç atlı üz tutub sürətlə bizə tərəf gəlir. Elə gəlir deyirsən bəs qovurlar. Fikirləşdik ki, aya, görəsən bu nə qovhaqovdu, kəndə-kəsəyə qaçaq -quldurmu hücum edib?
Ha baxdıq tanıya bilmədik atlıları.Yetirən kimi də sözləri bu oldu ki, gəlmişik sizi aparaq Qazaxa, seminariyada oxuyub savadlanasınız.
Çöldə, bayırda qoyun-quzu otarsaq da seminariya sözünü eşitmişdik.O vaxtlardan da xeyli qabaq bizim Şıxlıda 1885-ci ildə ilk məktəb açan İsa bəy Abakarovun məktəbində oxumuşdum.İsa bəy Qazax və onun kəndlərindən hazırlaşdırdığı yetim uşaqları öz xərci ilə Qori şəhərinə aparıb seminariyaya qəbul elətdirərdi. Yəqin ki, eşitmisən, bilirsən, məşhur yazıçı, "Can yanğısı "romanının müəllifi Abdulla bəy Divanbəy -oğlunu da İsabəy aparıb oxutdurub.Qocalarımız danışırdı ki, İsa bəyin apardığı uşağı seminariyaya imtahansız qəbul edərdilər.
Nə isə, uzun sözün qısası, bu atlılar bizi götürüb gətirdilər kəndə, ata-analarımızdan rusxət alıb, doldurdular arabalara, oradan da bir başa Qazaxa - seminariyaya gətirdilər. Payızın ilk günləri idi. Əynimizdə yamaqlı boz köynək,ayaqlarımızda kotğu çarığı, başımızda da quzu dərisindən papaq. Əvvəlcə bizi tibbi müayinədən keçirdilər. Sonra hamama aparıb, yaxşıca çimizdirdilər. Çıxanda hamımıza məktəbli üçün xüsusi tikilmiş göy mahuddan təmiz paltar verdilər. Kirli və yoxsul paltarlardan çıxan uşaqlar bir-birini az qala tanımırdılar.
Seminariya binasında Əli əfəndi Hüseynov bizə təmiz, işıqlı otaqları göstərdi. Zəngin kitabxana və laboratoriyalarla tanış elədi. Bu zənginliyi bircə adamın - Firudin bəy Köçərlinin yaratdığını xüsusi qeyd elədi. Sonralar bildik ki,bunların hamsını Qori şəhərindən Firudin bəy özü gətirib. Zəngin, çox zəngin kitabxanamız vardı. Otuz yeddinci ildə Qazaxın NKVD-si Xoren Qriqoryan keçmişin qalığı - deyib hamsını yandırdı.
Tətil vaxtı bu geyimdə, bu səliqədə kəndə qayıdanda az qala ata-anamız da bizi tanımırdılar. Onların fərəhi, sevinci yerə-göyə sığmırdı.
Seminariyada tələbələr Firudun bəyin rəhbərliyi ilə çox maraqlı "Tələbə əfkarı" divar qəzəti buraxırdılar. Hələ balacalıqda mənim saza, sözə həvəsim vardı. Hərdən bir özümdən söz qoşmağım da olurdu.
Osman əmi, Seminariyanın direktoru Firudun bəy Köçərlini necə xatırlayırsınız?
-Mən aşağı sinifdə oxuduğuma görə Firudin bəy hələ bizə dərs demirdi. Mehdi Hüseynovun atası Əli əfəndi ədəbiyyat, Alay bəy Şıxlinski riyaziyyat, Borçalıdan Mahmud Bayramov təbiət müəllimimiz idi. Elmi ilahiyyat müəllimimiz İbrahim Əfəndi Qayıbovu bu gün də hörmətlə yad edirəm. Biz tələbələr ona "İbrahim əfəndi" - deyə müraciət edərdik.
Firudin bəy bizə yuxarı siniflərdə dərs deyəcəkdi. Bizim sinif o günü səbirsizliklə gözləyirdi. Təəssüf ki, qismət olmadı. O, 1920-ci ildə həbs olunub güllələndi. Firudin bəy mənə dərs deməsə də dövrün görkəmli şəxsiyyəti, çox savadlı adamı kimi ona dərin hörmət və məhəbbət bəsləyirdim. Görkəmli, yerişi, duruşu indi də gözlərimin qabağındadır. Çuxalı, papaqlı, arxalıqlı gördüyüm bu adam bütün ziyalıların ümid yeri, arxası, dayağı idi. Onun açdığı Qazax seminariyası bizə təkcə bilik yox, məlumat yox, əsl həyat və tükənməz yaradıcılıq eşqi verdi. Biz şagirdləri böyük arzulara səfərbər elədi.
- Osman əmi, Səməd Vurğunla necə tanış oldunuz. Seminariyaya gəlməmişdən qabaq onunla tanışlığınız vardımı?
-Yox, tanımırdım. Tanışlığımız divar qəzeti vasitəsilə oldu. O vaxt Səməd Vəkilovun "Tələbə əfkarı" qəzetində çıxan şeirlərini, kiçik ədəbi parçalarını maraqla oxuyurdum.
Kənddən gələn biz uşaqlar yaman utancaq idik. Bir simsar tapmırdım ki, soruşam, bu Səməd Vəkilov kimdi. Yazıb-oxumağı əməlli-başlı öyrənmişdim. Artıq ikinci sinfə keçmişdim. Başıma, beynimə nə gəlirdisə bir dəftərim vardı ora köçürürdüm. Onu da deyim ki, seminariyada dəftər-qələmi bizə pulsuz verirdilər. Bir gün divar qəzetində mənim də yazım çıxmışdı.Tənəffüsdə uşaqlar oxuyurdular. Mən də orada idim. Bu vaxt bizdən iki sinif yuxarıda oxuyan qıvrım saçlı bir oğlan da gəldi. Mən onu üzdən tanısam da, adını bilmirdim. Mənim yazımı oxuyub: Ə,bu Qurbanzadə kimdi? - deyə soruşdu.Tələbələr məni göstərdilər,dedilər ki, Qurbanzadə Osman budu, a Səməd. Düzü, mən də ona çox diqqətlə baxdım.Qarşımda qarabuğdayı, xoş sifətli, qaynar gözlü bir oğlan dayanmışdı.Boyda mənim bərabərimdə olardı, amma hərəkətimdən, danışığından da hiss olunurdu ki, heç özünə görəsi deyil. " Əyə,sən də yazırsan ?" -yekəxana sual verməyi toxundu mənə. Dedim, nə bilim, az-az uydururam dana, hərdən. Dedi: Əyə, pis döyül, filanı yaxşı deyibsən, amma, yaxçı olardı ki, filanı bax belə deyərdin. Bundan sonra Səmədlə dostlaşdıq. Bu dostluğumuz, qardaşlığımız ömrünün son gününə, son saatına qədər davam etdi.
Osman əmi fikrə getmişdi. Xeyli sükutla dayandı. Hiss olunurdu ki, ötən
günlər - daha
doğrusu, Səmədli və
seminariyalı günlər onu bərk tərpətmişdi. Handan-hana:
- A Şəmistan,
a bala, -dedi - sən Səmədin haqqında çox çalışırsan, bir
neçə kitab da yazdın. Çox sağ
ol. Getdin Rusyetdə kimlərlə
görüşmədin. Mixail Şoloxov, Boris Polevoy, Nikolay Tixonov, Konstantin Simonov...
Seminariyada oxuyanda Səmədin
1923-cü ildə çəkilmiş
bir foto şəkli var. Yaxasında
da ərəb əlifbası ilə yazılmış
bir bənd şeiri. Oxumusanmı, o şeiri yadında
varmı?
-Yox Osman əmi, yadımda deyil.
-İndiyə kimi heç kimi diqqətini cəlb etməyən bir
bənd şeirdə Səməd yazıb:
Bilsin bütün aləm,
Ki, mən
bir pərişan haləm.
Düşün ki, dilsizəm, laləm,
Kəsibsən dilimi dilbəra.
İnsanın gəncliyində dəli-dolu
vaxtı olur. Səməd bu
şeiri ilk sevgisi Dürrə Mustafayevaya yazıb. Səməd ilk gəncliyində dərin iztirablar, həyəcanlar keçirirdi.
Kədərli motivlər o zaman
qıvrımsaçlı, qarayanız gənc Səmədin poeziyasında
daha güclü idi. Elə mən özüm
də Səyalı xalana vurulanda dünya gözümdə
heç nə idi, xəyalım, huşum daima buludlarla əlləşirdi.
-Osman əmi, Səməd Vəkilovun onda şair kimi təxəllüsü
vardımı?
-Vardı, gah Səməd Vəkil,gah Şahin, gah da Səməd Məsrur (sevincli) təxəllüsü ilə
Tiflisdəki, "Yeni
fikir" və
"Dan yıldızı" qəzetlərində çıxış
edərdi.1922-ci ildə Dürrə
Bakıya oxumağa Darülmüəllimata keçəndən
sonra Səmədin təxəllüsü "Vurğun"
oldu.
(ardı
gələn sayımızda)
Şəmistan Nəzirli,
istefada olan polkovnik-leytenant
Ədalət.-2013.-6 mart.-S.7.