GETMİSƏN

 

Mərhum şair qardaşım Alim Məhərrəmliyə

Dünya çox incidə bilərdi səni,

Bəlkə düz etmisən, çıxıb getmisən.

Qısa bir ömürlə sınadı səni,

Yoxsa bu dünyanı yıxıb getmisən?

 

O zərif vücuda sığmırdı ürək,

Yükü ağır idi, çəkmirdi ürək.

Sorğudan, sualdan bezmirdi ürək,

Canını dişinə sıxıb getmisən.

 

Yaman tez çəkildi duman dağlara,

Qara baxta sevdalı yox ağlaya.

Yuvan da yox qapısını bağlaya,

Bir oğrun sel kimi axıb getmisən.

 

Havanı çaldılar, düşdün oyuna,

Fələk yaman saldı səni toruna.

Oynayan olmayıb yoxsa toyuna,

Budərd ürəyini sıxıb, getmisən.

 

Ölümün Tanrıya aparan yolmuş,

Çiçək arzuların açmadan solmuş,

Şəklinə baxıram gözləri dolmuş,

Dünya pəncərəymiş, baxıb getmisən.

 

 

QAR YAĞIR

 

Qar yağır.

Naxışlı, dümağ, bəmbəyaz.

Dünyanın ağlığı üzünə çıxır.

Yerlər gözləmiş qar gəlişini,

Alır, qucaqlayır, bağrına sıxır.

 

Qar yağır.

Naxışlı, dümağ, bəmbəyaz.

Torpaq bərəkətə bələnir yatır.

Çılpaq ağacların qol-budaqları

Bir ana hənrinə bələnib yatır.

 

Qar yağır.

Naxışlı, dümağ, bəmbəyaz.

Rəqs edir elə bil hər qar dənəsi.

Gözümün önünə gəlir uşaqlıq, -

Həyatda hər fəslin öz ənənəsig

 

Qar yağır.

Naxışlı, dümağ, bəmbəyaz.

Qara qan ələyir o qanlı Yanvar.

Məsum insanların qanı üstünə

Qərənfil döşəyən tarixlər var.

 

Qar yağır.

Naxışlı, dümağ, bəmbəyaz-

Şəhid Xocalının yarası üstə.

Şuşa nəfəsini öpüb bu qarın

Qoyuram gözümün qarası üstə.

 

Qar yağır.

Naxışlı, dümağ, bəmbəyaz.

Örtük salır şərə, çirkinliklərə.

Bəyaz yaraşığın ərməğan edir

Ruhları oxşayan gözəlliklərə.

 

Qar yağır.

Naxışlı, dümağ, bəmbəyaz.

Min şükür edirəm mən bu ülfətə.

Qar ruzi, bəpəkət, qar təzə ümid,

Yer möhtac imiş bu məhəbbətə.

Qar yağır.

Naxışlı, dümağ, bəmbəyaz.

Yağsın yerə-yurda, çölə-çəmənə.

Kaş insan ömrünə qış tələsməsin.

Yağmasın qar, yağış insan ömrünə.

 

 

KÜSMÜŞƏM

 

İynənin ucu qədər qalan ümid izimdən,

Hərdən heç görünməyən

ümiddən küsmüşəm mən -

Mən səndən küsməmişəm.

Mənimçün dərilməyən çiçəklərdən

küsmüşəm,

Murada yetmədiyim diləklərdən

küsmüşəm -

Mən səndən küsməmişəm.

Gözlərində gizlənən yalanlardan

küsmüşəm,

Ürəyimdə yığılıb qalanlardan

küsmüşəm -

 Mən səndən küsməmişəm.

Əllərim küsüb səndən, daha

yanmaq istəmir

Özgə sığalı ilə alışan əllərinin atəşində,

odundag

O əllər küsüb səndən,

Mən səndən küsməmişəm.

Dilimdə qəhərlənən sözlərim

küsüb səndən,

Neçə yol, neçə cığır, izlərim

küsüb səndən. 

Mən səndən küsməmişəm.

Sevdamızdan dil açan nəğmələr

küsüb səndən,

Xatirəyə çevrilən illərim küsüb səndən -

Mən səndən küsməmişəm.

Küsmüşəm öz baxtımdan,

fələk quran taxtımdan,

Ömrü külək tək qovan zamanımdan,

vaxtımdan -

Mən səndən küsməmişəm.

Mən səndən küsməmişəm.

 

 

GECİKDİN

 

Gecikdin, gecikdin, yaman gecikdin,

Ürəyim min ahla dindi, gəlmisən.

Vaxtsız qapı döyən bir qonaq kimi

Ömrün payızıdı, indi gəlmisən.

 

Saçımın dənində tapacaqsan,

Mən nələr çəkmişəm, bildinmi, söylə.

Mənim ürəyimin öldüyü yerə

Son dəfə baxmağa gəldinmi, söylə.

 

Qoyummu girəsən könül evimə?

Günlərin bir günü yıxıb gedəsən.

deyim - gözümdən çəkib gözünü,

Elə bəri başdan çıxıb gedəsən.

 

Səni yad gözlərdən harda gizləyim?

Dilim qıfıllanıb önündə indi.

Yamanca gecikdin, neyləyim səni,

Ömrümün bu payız günündə indi?..

 

Elə bil yuxusan tərsə yozulan,

Ha yandan gəlirsən heç bilmirəm sən.

Sonuncu dəfədi baxta yazılan,

Göylərin verdiyi cəzasan, nəsən?

 

 

BU DAĞDAN

 

Ay el-obam, o dağ sənsən, bu dağ mən,

Bir kökdənik, ağac sənsən, budaq mən,

Sinəmizə çəkdirilən bu dağdan

Dağ əriyər, heç qalmaz bu dağdan.

 

Yarın küldü, od düşməmiş yarına,

Səbr eylə, qoy yanıqların sarına,

Sığal çəkib dərd könlünün barına,

Bar gözləmə, ta qurumuş budaqdan.

 

Heç bitməzmiş dildə bitən diləklər,

Ələnərək göydə oynar ələklər,

Ocağını söndürübsə fələklər

umursan bəxt deyilən çıraqdan?

 

Son ümidin bada gedər beləcə,

Hamı kimi o da gedər beləcə,

Yar dediyin yada gedər beləcə,

Yada dönüb, boylanarsan qıraqdan.

 

Gün-gün ötən aya, ilə əl eylər,

Əcəl bizə uzaqlardan "gəl" eylər,

Qoca dünya dediyini, bil, eylər,

Ötüb gedər, heç qalmaz o çağdan.

 

 

DÜNYA

 

deyim mən sənə, amansız dünya,

Neynirəm seçilmir qaradan ağım.

Həsrətin əlində ruhum göynəyir,

Tək sənə yetməyir hayım, sorağım.

 

Yormusan,  yamanca yormusan məni,

Sən demə, bitməzmiş zülmün-zillətin.

Arzumun dalınca qaldı gözlərim,

Yolların daşlıdır, yüyürmək çətin.

 

Sən elə beləsən başdan, əzəldən,

Bilirəm heç kəsə qalan deyilsən.

Sonuma gedirəm hey addım-addım,

Bilirəm, mənim olan deyilsən.

 

Yaş olub gözündən düşənə kimi,

Əlindən çəkdim, biləydin barı.

Bir gün üz döndərib, üzündən sənin,

Çıxıb gedəcəyəm göylərə sarı.

 

 

Nəzakət

 

Ədalət.-2013.-6 mart.-S.6.