PROYEKTİMİZƏ DAVAM EDİRİK: ALTMIŞINCILAR

 

TANINMIŞ JURNALİST ŞAKİR YAQUBOV – 3

 

"Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir ki, dünyamızın altmışıncı illəri təkcə bizim məmləkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub.

Məsələn, sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR adıya bir dərnək də var. Həmişə könlüm keçib belə bir təşkilat və ya dərnək bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə ayrı. Hər zaman adları ortalıqda hallanan yazan və sənət adamları sonrakı nəsil tərəfindən heç də könül xoşluğu ilə qarşılanmayıb. Bir ucu da gəlib yetmişlərə və səksənlərə çıxan bu yaradıcılar kimlərdir? Mən sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.

- Ömür yolu deyilən bir yol təbii ki, hər bir adam üçün təkrarsız hesab olunur. Keçdiyin ömür yolundan razısanmı?

- Tam səmimi desəm, razı deyiləm, həm də bunu o vaxt deyirəm ki, heç 50 metr qaçmağa da heyim yoxdur. Niyə razı deyiləm? Pulummu yoxdur, vəzifəmmi yoxdur - ona görəmi? Əsla! Bizim ömrümüzün azı 20 ili bir-birimizin gözü qabağında keçib və sənin də, mənim də işimizin adı o olub ki, günə 1 manat qazanıb onu elə həmin gün balalarımıza, ailəmizə xərcləyək. Düşünürəm ki, belədə bizim birdən-birə günə 100 manatımız da olmuş olsaydı, yenə həmin pulu bu qaydada xərcləyərdik. Mərhum bir həmkarımız var - Şirvan Əliyev. Rəhmətlik Tofiq Mütəllibov deyərdi ki, Şirvan səhər evdən çıxanda cibinə bir ovuc tum ("semiçka") tökür, gün ərzində bu əlindən o əlinə, o əlindən bu əlinə 5 min manat pul keçir, amma axşam evə yenə cibində bir ovuc "semiçka" ilə qayıdır. Bu vərdişdir, həyat tərzidir, həyata bir baxışdır. Ayrı cürola bilməz!

Ömür yolumdan narazılığım özümün sadəlövhlüyüm və bundan göz görəsi istifadə edərək özlərinə karyera quran insanların nankorluğu, namərdliyi ilə bağlıdır. Sən o dövrdə İstanbulda, balalarının gələcəyi, ailənin gələcəyi xətrinə özünə yaraşmayan bir kuryer işi görməkdəykən mən - həmin vaxtadək Azərbaycanın mətbuat iyerarxiyasında bütün pillələrdə olmuş yüz faizli peşəkar Şakir Yaqubov düz doqquz ay işsiz olaraq evimdə yatdım. Yatdım deyəndə ki, iş üçün müraciət eləmədiyim insan və instansiya qalmadı. Hər yerdə çiyin çəkdilər, hətta qapısını açıb 1 nömrəli əmri yazmaqla dolayısı olaraq həyat verdiyim, baş redaktorun birinci müavini olduğum keçmiş "Həyat" - indiki "Azərbaycan" qəzetindən "Ona dair işimiz yoxdur" - deyib, qısa müddət ərzində həmin qəzetə bir baş redaktor müavini, bir bölgə müxbiri, iki şöbə müdiri və üç müxbir işə qəbul elədilər; günlərin birində isə çooox yüksək səviyyəli bir məmurun adından köməkçisi zəng edib "filan qəzetə şərhçi" getməyimi istədi. Həmin qəzetin indiki baş redaktoru sovet illərində məhz heç nəyə qabiliyyəti çatmadığına görə mənim çantamı daşımışdı, ancaq mən buna da göz yumub əməkhaqqını soruşdum, əvvəl yekə-yekə "22 şirvan" dedi, "nəəəəəəəə?" - deyə zarıdığımı eşidəndə dediyinə "düzəliş" verdi: "iki yüz iyirmi min manat"! Onda mən siqaret də çəkirdim, dedim ki, gündəlik qəzetlərə, siqaretə və avtobusla gediş-gəlişə hər ay orta hesabla "30 şirvan" xərcləyirəm, ona görə də təklifinizi qəbul edə bilməyəcəyəm... Bax, həmin o vaxtlarımda, hətta indiki hesabla bir manatlıq qəndə də ehtiyacım olan çağlarda dövlət işlərində çalışan keçmiş tələbə-şəyirdlərim də vardı ki, onların heç biri mən növbəti işə düzələnə qədər zəng də eləmədilər. 2005-ci ildə ikinci dəfə "Əməkdar mədəniyyət işçisi" adını alanda birincilər sırasında elmimizin patriarxlarından biri akademik Asəf Nadirov zəng vurub məni təbrik elədi, həmin Nadirov ki, 60 yaşımda da məmnuniyyətlə... iqtisadiyyat üzrə elmi rəhbərim ola biləcəyini istisna etmirdi.

Müqayisənin məğzini tutursanmı? Budur adamı peşman edən...

- Hər halda ömür yolun yəqin ki, bütünlüklə bundan ibarət deyil...

- Təbii... Mən bütün həyatımı - öncə də sağlamlığımı, ailə xoşbəxtliyimi, ata-ana və bacı-qardaş qarşısındakı borcumu jurnalistikaya qurban verdim: həm bütövlükdə jurnalistikaya, həm də onun həmişə üzdə olan yaramaz nümayəndələrini qəzet səhifələrindən adam görkəmində təqdim eləməyə. Onlar adam olub adamlar sırasına qoşuldular, dövləti vəzifə və hökumət mükafatları aldılar, amma hətta güzgü önündə özlərinə hesabat verəndə də bu mərtəbəyə gəlib çatdıqlarında Şakir Yaqubov adlı bir insanın da xırdaca əməyi olduğunu etiraf eləməyə kişilikləri və qadınlıqları yetmədi!

2000-ci ilin 20 yanvar axşamı Zülfüqar Rüfətoğlu Bi-Bi-Si-də canlı yayımda 90-cı ilin qara yanvarı barədə veriliş aparırdı; o, həmin 90-cı ildə keçmiş "Kommunist"də iş yoldaşım olmuşdu, 25 yanvar tarixli "Səhər" qəzetini hansı müsibətlər, məşəqqətlər bahasına hazırlayıb çap etdirdiyimizdən xəbərdardı. Soruşdu ki, Şakir müəllim, həyatda bir də belə vəziyyətlə üzləşsəniz, o vaxt elədiklərinizi bir də edərdinizmi? Mən birmənalı şəkildə "Yox!" - dedim və səbəbini bu cür göstərdim: "O vaxt o hərəkətləri edərkən sonralar neçə-neçə insanın mənim elədiklərimdən maddi-mənəvi və siyasi dividend götürəcəyini güman eləmirdim". Zülfüqar qayıtdı ki, mən sizi tanıyıram, bu sözləri boğazdan yuxarı söyləyirsiniz, siz heç nəyi düşünmədən yenə ölümə gedən insanlardansınız...

Lap bu yaxınlarda keçmiş iş yoldaşım olan bir qadın gözümün içinə söylədi: "İndiyədək bir neçə müdirim olub, siz yeganə müdir olubsunuz ki, qadın işçiyə qadın kimi yox, məhz işçi kimi baxmısınız. Buna görə sizinlə birgə işimizi ömrümün ən işıqlı illəri sayıram".

Bir şey dəqiqdir: mən KİŞİ kimi yaşamışam, elə yaşamışam ki, qəzetçi və naşir kimi 35 illik həyatım boyu heç kimin yanında gözükölgəli olmayım. Belə bir ömür yolunu yenə məmnuniyyətlə əvvəldən-axıracan gedərdim...

- Azərbaycan publisistikasının altmışıncı illər havasında adın dostlar tərəfindən həmişə hörmətlə çəkilir, yazdığın bir çox publisistik yazılar uzun illərdir unudulmur və məncə, hələ uzun illər də unudulmayacaq. Bu fakt olaraq qalır və şayət, sənin o illərini bir etap kimi götürsək, jurnalistika üçün ən önəmli nəyi hesab edirsən?

- "Altmışıncılar" söhbətini qurtardıq... Bir daha 60-cı illərdə dəyərli publisistikanın olduğunu qəbul etmirəm və şübhəsiz ki, mən də orada yoxam. Sualın mahiyyət məzmununa gələndə... Mən əvvəldə dedim ki, bütün həyatımı - öncə də sağlamlığımı, ailə xoşbəxtliyimi, ata-ana və bacı-qardaş qarşısındakı borcumu jurnalistikaya qurban verdim: həm bütövlükdə jurnalistikaya, həm də onun həmişə üzdə olan yaramaz nümayəndələrini adam görkəmində qəzet səhifələrindən təqdim eləməyə. Bu fəaliyyətimdə başqa bir məqam da var və mən onu adi bir iş, vəzifə borcu hesab edirəm: bəli, mən təkcə yarıtmaz yaramazlara deyil, həm də istedadlı, Sözü olan, Söz deyə bilən insanlara məmnuniyyətlə havadarlıq eləmişəm, dərc olunmalarına birbaşa yardım göstərmişəm. Məsələn, "Gənclər"də Əliqismət Lalayevi, Əlisəmid Kürü, İlyas Ərnəfəsi ilk dəfə mən çap eləmişəm - sıravi, səlahiyyətsiz işçi olduğum halda. İndi gərək ki, elmlər doktoru olan Rahid Uluselin Rəsul Rza yaradıcılığı barədə, səhv eləmirəmsə, Masallıda kənd müəllimi işləyərkən yazdığı geniş essesinin, Xəlil Rza Ulutürkün tərcüməsində Robert Rojdestvenskinin "İki yüz on addım" poemasının çap olunmasına səs verən, yəni siyasi məsuliyyətini boynuna götürən üç nəfərdən biri olmuşam. Azərbaycan mətbuatında "Ocaq" üfunətinə yeganə mətbu cavabı - "Ocaq siqləti" adıyla şair Məstan Günərə mən yazdırıb, çapına mən rəsmi icazə vermişəm. Görün, həmin iki "padvallıq" yazıda erməni xislətini şair-publisist necə incəliklə vermişdi: ikinci dünya müharibəsi illərində Tovuzda bunların da evində acından ölən bir erməni ailəsi yerləşdirilir. Bir gün məhlədə cavanlar güləşərkən bunların evindəki erməni dığası o biri küçədən olan azərbaycanlı güləşçinin dabanını qıdıqlayırmış ki, rəqibi üstünlük qazansın... Yaxud sorağı hətta Azərbaycan KP MK-nın plenumunda birinci katibin məruzəsinə düşən "Köklər, qaynaqlar" rubrikasının materiallarını, ABŞ prezidentinin məruzələrini bir erməni jurnalistin yazması barədə jurnalist-alim Akif Rüstəmovun məqaləsini çapa, istisnasız olaraq, mən imzalamışam - redaktorlar ya bilə-bilə məsuliyyətdən yayındıqlarına görə, ya da mənə etibar elədiklərinə görə... "Gənclər"də Hidayət Elvüsalın "Odla su arasında" yazısına redaktor rəsmi qaydada "Yox!" - demişdi, yazı mənim vizamla dərc olunandan sonra redaksiyaya 11 mindən çox (!!!) məktub gəlmişdi. Unudulmaz Adil Qaçayoğlunun "Dilemma" yazısını da mən yazdırıb mən çap etmişdim və o rəhmətlik ömrünün son gününəcən həmin yazıyla haqlı olaraq fəxr edirdi.

Bu yazıların, müəlliflərin hamısı qəzetə, bütövlükdə jurnalistikaya yeni nəfəs gətirirdi və məncə, bu işdə mənim də hətta müəlliflərin unutduğu, vecinə almadığı əməyim olub. Başqa, zahirən daha xırda əməllərim də olub. Məsələn, Azərbaycan mətbuatında "İstambul" sözünü "Kommunist"də "İstanbul" kimi, "Hikmet Çetin"i "Həyat" qəzetində "Hikmət Çətin" kimi, "AzərTAC"-ı "Səhər" qəzetində "AzərTAc" kimi ilk dəfə mən işlətmiş, həmin sözlərin indiki variantda həyat vəsiqəsi qazanmasına nail olmuşam.

Bunlar bədahətən yadıma düşənlərdir, digərləri də olub ki, onları balıq bilməsə də xaliq bilir...

 

(Davam edəcək)

 

 

Tofiq Abdin

abdin41@mail.ru

www.tofigabdin.com

 

Ədalət.-2013.-8 mart.-S.15.