"YOLUM
ÜZÜ TANRIYA..."
ƏDƏBİ
HƏYAT
(Fəridə
Hacıyevanın şeirləri haqqında)
Əvvəl də
sən, axır da sən,
Uzaq da sən, yaxın da sən,
İman da sən, qorxum da sən,
Ya Rəbb, sənə
sığınıram.
Şairin Tanrı ilə mənəvi, ruhi
bağlılığı şeirimizdə zaman-zaman səslənməkdədir. Klassik
poeziyadan gələn bu ənənə müasir şeirimizdə
də davam etməkdədir. Anar Vaqif Səmədoğlunun
"Mən burdayam, ilahi..." şeirlər kitabına
yazdığı "Allahla söhbət" müqəddiməsində
deyir: "Vaqif Səmədoğlunun bu yeni və ən
sanballı kitabı "Mən burdayam, ilahi" adlanır. Təbii ki, bu kitab dini kitab deyil, mərsiyələr,
sözün hərfi mənasında dualar toplusu deyil. Amma kitabın bütün ruhunu, mənasını
varlığın bəlkə də ən mühüm
mövzusu, ən vacib mətləbi - insanla Allahın
münasibətləri təşkil edir. İndi
ateist sovet rejimi çökəndən sonra hamı bir
günün içində yaman allahpərəst, dinçi,
dindar oldu. Vaqifin Allaha inamı, Allaha üz
tutması, Allahdan cavab, izah, təsəlli istəməsi bu
gün yox, onun poeziya aləminə gəldiyi ilk addımdan
başlayıb".
Müstəqillik təkcə ölkəmizin ictimai,
siyasi həyatında, quruculuq fəaliyyətində deyil, həm
də mənəviyyat aləmində, ədəbiyyat və
incəsənətdə də bir sıra yeni meyl və
tendensiyaların yaranmasına səbəb oldu. Bir vaxtlar
qadağan olunan mövzulara üz tutuldu. O mövzulardan
biri də dini dəyərlərin qiymətləndirilməsi,
Tanrıya müraciətlər oldu. Beləliklə,
Allah müqəddəs bir obraz kimi yenidən bədii ədəbiyyata
qayıtdı. Bu qayıdış
yetmiş illik ateizm dövrünün süqutunu da sona
çatdırdı.
Fəridə Hacıyevanın şeirlərində də
Tanrıya sığınmaq arzusu, Tanrıya hədsiz məhəbbətlər
izhar olunur. Bu, otuz ildən artıq şeir aləmində öz
sözünü deyən bir şairin mənəvi
dünyasının çırpıntılarıdır.
O öz şeirlərində xalqdan gələn sufi
düşüncəsini də ifadə edir. Təsadüfi
deyil ki, Fəridə xanımın bir silsilə şeirləri
Mevlanaya sevgilər ruhunda qələmə alınıb.
"Hu Meydan Hu" şeirlər kitabına yazdığı
ön sözdə Fəridə xanım deyir ki: "Hz.Mevlana
elə bir varlıq, elə bir parlaq günəşdir ki, onun
yaydığı qızılı tellər min-min
könüllərə sevgi adlı gözəllik bəxş
edir. Onun əsərlərinin sehri insanların həyat
məktəbinə çevrilir. Hər birini düz yolun
yolçusu olmağa kömək edir... Hz.
Mevlananın əsərlərində, əsasən də
"Məsnəvi-Şərif"də insan tərbiyəsinin,
əxlaqın, könül paklığının
ucalığından söz açılır. İnsan qəlbinin incəliyi o qədər özəlliklə
təhlil olunur ki, bu məktəbi öyrənənləri
sevgiyə bəhrələndirir. Hz.
Mevlananın əsərlərinin böyüklüyü
ondadır ki, onun tilsiminə düşən kəs,
Tanrıya ucalan gözəlliklərdən, alilikdən əl
çəkə bilməz. Məhz bu
hünərinə görə Hz. Mevlana Böyük Türk
İslam sufisi, məna ərlərinin öndəri, aşiqlərin
sərvəti və könüllər sultanı
adlandırılmışdır".
Əlbəttə, Mevlana Ruminin eşq fəlsəfəsinə
vaqif olmaq, bu fəlsəfənin mahiyyətinə
dürüstlüklə bələd olmaq o qədər də
asan deyil. Burada ən əsası Mevlana dünyasına sevgi
başlıca rol oynayır. Əgər bu sevgi varsa, o
zaman sənin şeirlərində də Mevlana ruhunun zərrələri
öz əksini tapacaq:
Dərgahına
gəlmişəm,
Könlüm gözəllik arar.
Varlığımdı
inancım,
Məni məndən ayırar.
Tanrım,
şükürlər olsun,
Qulun, kölən olmuşam.
Nurun
düşüb üzümə,
Mən özümü bulmuşam.
Əfəndi
babam haqqı,
İçimdə zikr edirəm.
Mərifət,
əxlaq haqqım,
Diz çöküb, fikr edirəm.
Nəfsinin
köləsi yox,
Ərənlərin içində.
İlahilər
oxunur,
İlahilər içimdə.
Öz
dünyamı tapmışam,
Dünyam
nura boyanıb
Əfəndilər,
xanımlar,
ALLAH! Deyə boylanıb.
Dərgahına
baş əyib,
Tanrıma şükr edirəm.
Ey...qəlbimə
dəyməyin,
Dərviş olub, gedirəm.
Fəridə xanımın mənəvi saflıq təbliğ
edən Mevlana ruhlu şeirləri haqqında mətbuatda
maraqlı fikirlər söylənmişdir. Tanınmış ədəbiyyatşünas
Maarifə Hacıyeva yazır: "Fəridə xanımın
XIII əsr Türk dünyasının böyük mütəsəvvifi,
Tanrı aşiqi və insan dostu olan Həzrət Mevlana Cəlaləddin
Rumiyə olan mənəvi borcunu ifadə edən bir çox
şeirləri onun "Hu, Mevlam, Hu" kitabında
toplanmışdır. "Hu" ərəbcə
"O" mənasını ifadə edən Allahın
ismidir. Arif sufilər, sufi
böyükləri, "Allah" kəlməsini ululuq mərtəbəsində
"Hu" şəklində ifadə etmişlər. Sufi dərvişlər zikr əsnasında Allahı
"Ya hu" şəklində də zikr edərlər.
Azərbaycan dilində bu ifadə "Ya
Allah", "Ey Allah" şəklində söylənilir.
Fəridə xanımın poetik süzgəcindən
süzülərək şeirə keçən "Hu"
kəlməsi dərin poetik bir ifadə dərsi, gözəl
bir ahəng və intonasiya ilə şeirlərində səslənir:
"Dağ başında zikr edən mən, Neyə
dönüb "Hu" deyəcəm. Xoş səs
könlümə düşəcək, İlahidi bu... deyəcəm".
Əlbəttə,
müasir Azərbaycan şeirinin bir zərif nümayəndəsinin
sufi poeziyasına meyli maraqlı hadisədir
və biz bu yazıda geniş izahat vermək, həmin şeirlərin
təhlili üzərində ətraflı dayanmaq fikrində
deyilik.
Fəridə Hacıyeva müasir qadın yazarları
sırasında özünəməxsus deyim və ifadə tərzi
ilə seçilir. Onun mövzu aləmi ilk baxışda həmkarlarından-qadın
yazarların yaradıcılığından seçilmir, yəni
Tanrıya, Mevlanaya sevgiləri istisna olmaqla, yazdıqları
hamıya tanışdır: qadın qəlbinin hiss-həyəcanları,
real həyatla bağlı yaşantılar, yurd sevgisi, Vətən
məhəbbəti, Azərbaycan təbiətinin əsrarəngiz
gözəlliklərinin vəsfi, sevgi duyğuları... Amma Fəridə
Hacıyeva bu tanış mövzularda
öz sözünü deməyə çalışır.O,
sərbəstdə də, hecada da eyni uğurla istəyinə
nail ola bilir. Professor Tofiq Hüseynoğlu yazır ki: "Fəridə
Hacıyevanın şeirlərində getdikcə
acılı-şirinli xatirələr bir mövzu kimi daha
geniş yer almağa başlayır. Belə şeirlərilə
o özü həm sevincli-sevgili, həm də
qayğılı-düşüncəli bir həyat yolu
keçmiş, həyat təcrübəsi olan bir adam, daha
çox bir qadın-ana kimi bir növ obrazlaşır, onun
poetik ifadəsinə muvəffəq olduğu arzuları, həsrətləri,
düşüncələri, uğur və məhrumiyyətlərlə
bağlı ömür yolu ümumiləşmiş bir səciyyə
daşıyır, insan xisləti ilə əlaqədar bir məna
və mahiyyət kəsb edir".
Əlbəttə, bu mövzuların içində Vətən
məhəbbəti ilə bağlı şeirlər daha
çox maraq doğurur. Hər bir şairin həyatında Vətən
onun tərcümeyi-halının böyük bir hissəsidir.
Bütün fərdi yaşantıların, ruhi
həyəcanların kökündə də Vətənlə
bağlı duyğular önəm kəsb edir. Əslən
Laçınlı olan Fəridə xanım şeirlərinin
birində yazır:
Toy-büsatlı
şənliklərim,
Körpəliyim,
şəkillərim,
Torpaq
üstə çəkdiklərim,
Laçında qaldı, Laçında.
"Xocalı
gedən gündən" şeirindəki ağrı-acı
da bizə tanışdır:
Hayana
üz tutmuşam,
Talan olmuş yurdmuşam.
Tanrımı
unutmuşam,
Xocalı gedən gündən.
"Canım
Vətən" şeirində isə Vətənə məhəbbət
daha ümumi və bəşəri məna kəsb edir:
Vətənin
adını
bayraq
tutanlar,
Onun
ağrısından
Vallah, xəbərsiz.
Torpaq yad əllərdə,
Torpaq əsirdi,
Yoxsa
oğullarım
hələ xəbərsiz?
Vətən,
varlığımsan,
Hanımsan
Vətən!
Adın
yazılacaq
axan
qanımda!
Fəridə Hacıyeva təbiəti duyan və bu
duyğuları şeirlərində əbədiləşdirməyə
çalışan şairlərdəndir. Onun şeirlərində
təbiətin bütün dörd fəsli öz poetik təcəssümünü
tapır. "Bu payız", "Bu payız başqa
payızdı", "Yayda yağış",
"Yazın gəlişi", "Payız", "Bu
payız gecəsi", "Bu bahar" və s. onlarla
şeirlərində Fəridə xanım sözlə təbiətin
şəklini çəkməyə cəhd edir və
çox zaman buna nail olur.
Ancaq bu şeirlərin heç də hamısı peyzaj
xarakterli deyildir. Bir çox şeirlərində şairin hiss və
duyğuları ilə təbiət arasında bir
bağlılıq görürsən. Məsələn,
payızlı şeirlərində şair, ömrünün
xəzan tökümü başlandığından söz
açır, payız gecəsinin ruhuna yaxın olduğunu
xatırlayır.
Ürəyim
yamanca kövrəlib yenə,
Payız varlığımı alıb qoparır.
Yarpaqlar
birbəbir xəzələ dönür,
Elə bil özüylə məni aparır.
Çən-duman
içində batıb qalmışam,
Elə bil göylərdən süzülür qəmimi.
Yaşamaq
zor gəlir mənə, ay Allah!
Daha bu dünyadan üzülür əlim.
Ömrümün
payızı qışa sarıdı,
Ürəyim kövrəlib, bir himə bənddi.
O
keçən günlərin həsrətindəyəm,
Nə olar yox edin, bərəni-bəndi.
Fəridə Hacıyeva axtarışı sevən
şairlərdəndir. Onun orijinal dördlükləri, bayatıları, ikilikləri
də bunu sübut edir: "Sinəmdə dağdı
Şuşam, Ölməyib, sağdı Şuşam, Xarı
bülbül yol azıb, Viranə bağdı
Şuşam".
Bu yazının sonunda oxuculara bir xatırlatma vermək
istəyirəm. Fəridə Hacıyevanın bu
ayların birində 60 yaşı tamam olur. O, Azərbaycanda
tanınan kitabşünaslardan biridir və M.F.Axundov adına Dövlət Kitabxanasında Dövri Mətbuat
bölməsinə rəhbərlik edir. Fəridə
xanım görkəmli rumın şairi Mixay Emineskunun
şeirlərini tərcümə etmiş və
"Ulduzlardan pay istərəm" kitabını Azərbaycan
oxucularına çatdırmışdır. Rumıniyanın Konstansiya şəhərində həmin
kitabın təqdimatı keçirilmişdir. Fəridə xanım Türkiyənin Konya şəhərində
Mevlana və Mevləvilik simpoziumunun iştirakçısı
olub. Türkiyədə şeirləri dəfələrlə
çap olunub.
Fəridə xanımı 60 yaşına görə təbrik
edir, onu cansağlığı və yaradıcılıq
uğurları arzulayırıq.
Vaqif YUSİFLİ
Ədalət.-2013.-8 mart.-S.13.