Şeir təhlilləri

 

II yazı

 

Abbas Səhhət

 

Tərcümeyi-halım, yaxud hululu.

Eşq zənciri qırıldı, yol açın,

Ey uşaqlar, hululu gəldi, qaçın.

Od saçır ağzı, vucudu alışır,

Od tutar kim ona bir dəm yanaşır.

Məğzi bir saiqə, bir vulkandır,

Könlü niyran, əməli xüsrandır.

Uçurumlar, qayalar məskənidir,

Qanlı, müdhiş qayalar məmənidir.

Daldığı fikri dərin dəryalar,

Düşdüyü eşqi çətin sövdalar,

Qəlbi qan, halı yaman, xanəxərab,

Göz yaşı içdiyisu,bağrı kəbab

Satdığı cinsi böyük niyyətlər,

Aldığı nəfi fəna töhmətlər.

Fikri ali, bədəni xarü zəlil,

Adı Səhhətkən, özü xəstə, əlil.

Qanlı əllərlə tıxanmış nəfəsi,

Bağırır, çıxmayır amma ki, səsi.

Çırpınır, bəlkə qurtarsın özünü,

Dinləyənlər eşidərlər sözünü:

Şişə çəksəz də diriykən ətimi,

Atmaram mən vətənü millətimi.

Məsləkim tərcümeyi-halımdır.

Lütfi-həq qayeyi-amalımdır.

 

XX əsr Azərbaycan romantizminin görkəmli nümayəndəsi Abbas Səhhətin bu şeiri yazıldığı dövrün (1912) mühüm bir problemini şeirin mövzusuna çevirmişdir. "Şair və zaman", "şair və mühit", "şair və xalq" münasibətləri, şairin zamanında düzgün anlaşılmaması, mühit, xalq tərəfindən rədd edilməsi romantiklərin yaradıcılığında şair şəxsiyyətini əsərin qəhrəmanına çevirən silsilə şeirlərin ortaya çıxmasına səbəb olmuşdur. Başqa sözlə, şairlər arzuladıqları, mühitə qarşı qoymaq istədikləri romantik qəhrəman olaraq öz şair "mən"lərini təsvir edirdilər. A. Səhhətin haqqında danışacağımız şeiri də bu tipli şeirlərin parlaq örnəyi və XX əsrin əvvələrində "şair-zaman", "şair-mühit", "şair-xalq" qarşıdurmalarını əks etdirən bir əsərdir.

 

Kiçik bir araşdırma

 

Şeirin adına diqqət edək: "Tərcümeyi-halım, yaxud hululu". Əsərin adı oxucuya avtobioqrafik səciyyəli bir məzmun vəd etsə də, burada tərcümeyi-hala məxsus çılpaq sənəd faktları, fəaliyyət məlumatları yoxdur. Tərcumeyi-hal sərlövhəsi altında şair şeirin qəhrəmanının zahiri görkəmini, yaşam məkanını, daxili dünyasını, düşüncələrini ifadə etmişdir. Şeirin başlığındakı "hululu" (bu adı bəzən "hülülü", "hololo" şəklində də oxuyublar) sözü şeirin obyekti haqqında qarışıqlıq yaratsa da, əsərə fərqli bir kompozisiya verməklə bərabər, elə başlanğıcdaca şairlə hululu arasındakı bağlılığa işarə edir. Kompozisiya haqqında bir az sonra danışacağımızı nəzərə alıb, "hululu" sözünün şeirdə nə məqsədlə işlədildiyini araşdırmağa çalışaq. A.Səhhət əsərlərinin tərtibçisi və tədqiqatçısı akademik K. Talıbzadə bu sözün izahatında yazır: "Hululu - "hüluli" sözünün xalq danışıq dilində işlənmiş şəklidir. Hüluliyyə orta əsrlərdə və XIX əsrdə Şərqdə mütərəqqi cəhətləri olan ictimai-fəlsəfi cərəyan olmuşdur". Bu qiymətli məlumata baxmayaraq hörmətli ədəbiyyatşünasımız şeirin qəhrəmanının nədən "hululu" adlandırılmasını izah etməmişdir. Şair nə səbəbdən uşaqları "hululu" ilə qorxutmaq istəmişdir? "Hululu" ilə qorxu arasında hansı bağlılıq olmuşdur? Düşünmək olar ki, şair o dövrdə islam dünyasının sükunətini pozan bu təriqətin adını çəkməklə onun kimi qələm sahiblərinin qaragüruh tərəfindən necə qarşılandığını göstərmək istəmişdir. Bu, sadəcə, bir mülahizə ola bilər. Lakin araşdırma zamanı diqqətimizi çəkən bir fakt başqa şərhə də meydan açır. Belə ki, Doktor Hüseyn Məhəmmədzadə Sədiqin (Düzgün) 2001-ci ildə Tehranda hazırlayıb nəşr etdirdiyi Şeyx Səfiəddin Ərdəbilinin (Şah İsmayıl Xətainin ulu babası) "Qara məcmuə" kitabında "Qaçın" adlı iki misralıq bir şeirinə rast gəldik:

 

Eşq zəncirini üzdü, yol açın,

Ey uşaqlar! Ululu gəldi, qaçın!

 

Kitabın sonunda verilən lüğətdə Ululunun "al arvadı, hululu" olduğu bildirilir. Şeyx Səfiəddinin bu şeiri ilə Səhhətin tanış olub-olmadığı barədə əlimizdə məlumat yoxdur. Ancaq "Tərcümeyi-halım..." şerinin ilk iki misrası ilə Şeyx Səfiəddinin beyti arasındakı eynilik göz qabağındadır. Səhhətin şerində də "hululu"nun məhz "al arvadı" olduğu daha ağlabatandır. Analar övladlarını Al (Hal) arvadı ilə qorxudardılar. Çünki xalq inancına görə Al (Hal) arvadı həm də yeni doğulmuş uşaqların ciyəri ilə bəslənirmiş. Al arvadı görkəmcə qorxunc, gözləri qanlı, uzun dırnaqlı, uzun boylu imiş. Türk xalqlarının inancında Al pisliyi, yandırmağı, aldatmağı, hiyləni ifadə edən anlayışdır. Al sözündə atəş anlamının olduğunu da nəzərə alsaq, Səhhətin təsvir etdiyi Hululu ilə Al arvadının arasındakı bənzəyişləri görə bilərik.

 

Od saçır ağzı, vucudu alışır,

Od tutar kim ona bir dəm yanaşır.

Məğzi bir saiqə, bir vulkandır...

Şeirin mövzusu və ideyası

 

Şeirdə qəhrəmanın həm zahiri görünüşü, həm də daxili dünyası təsvir edilmişdir. İlk iki misra qəhrəmanın varlığı, gəlişi ilə bağlı xəbərdarlıqdır. "Eşq zəncirinin qırılması" təsəvvürdə "məcnun" (dəli) obrazı ilə assosiasiya olunur. Eşq zəncirini qıranın dəli olması artıq bizə klassik eşq poeziyasından bəllidir. İkinci misrada "hülulu" adının çəkilməsi vəziyyəti daha da dramatikləşdirir, qorxu hissini daha da artırır. Gələnin qorxulu bir varlıq olması yığcam şəkildə təqdim edilmişdir. Sonrakı iki misra şeirin obyektinin zahiri təsviri ilə bağlıdır. Şairin təsvirində qəhrəmanın (hululunun) görkəmi belədir: ağzından od saçılır, bədəni alovlanır. Zahiri görkəm qorxuncdur. "Hululu"nun zahiri görünüşünün - bədheybət olmasının, ətrafa dəhşət saçmasının təsviri Səhhətin izləmək istədiyi məqsədə, vermək istədiyi mənaya tam uyğundur. Məqsəd isə təbii ki, heç də uşaqları qorxutmaq yox, mühitin, zamanın, xalqın şairə münasibətini ifadə etmək, qəhrəmanın öz dövründə necə qəbul edilməsini göstərməkdir.

Qəhrəmanın yaşadığı məkan da qorxunc və təhlükəlidir: uçurumlar, qayalar, qanlı və müdhiş quyular! Məkanın qorxunc varlıqlara məxsusluğu oxucunu gərginlik içərisində saxlayır, şairin ideya və məqsədinin daha aydın qavranılmasına xidmət edir: şairlə mühit arasında böyük uçurum vardır! Şeirin sonrakı misraları qəhrəmanın daxili dünyası, düşüncələri ilə bağlıdır. Qəhrəmanın bağlı olduğu niyyətlər, dəyərlər bunlardır: vətən, millət, inanılan, qəbul edilən məsləyə sədaqət! Niyyətin paklığı, ideyanın aliliyi ilə görkəmin, ona münasibətin arasındakı təzad qəhrəmanın düşdüyü faciəvi vəziyyəti gözəl bir şəkildə əks etdirə bilmişdir. Şairin yaşadığı mühitdə təmiz niyyət, xalqa xidmət ideyası qorxunc səslənir. Səhhətin qəhrəmanı uca dəyərlər uğrunda özünü fəda etməyi bacaran bir qəhrəmandır:

 

Şişə çəksəz də diriykən ətimi,

Atmaram mən vətənü millətimi.

Şeirin sənətkarlığı

 

Şeir kompozisiya baxımından mürəkkəb şəkildə qurulmuşdur və müəyyən bir qarışıqlıq nəzərə çarpır. "Tərcümeyi halım" ifadəsi birinci şəxsin təkindən danışılacağı təsəvvürü yaratsa da, şeirin əvvəlində Səhhət sanki tamam başqa bir şəxs-üçüncü şəxsin təki ("hululu") haqqında danışır. "O"nun görkəmini, yaşadığı məkanı təsvir edir. Onun gəlişi xəbərdarlığı və görkəminin təsviri ilə ətrafdakıları qorxudur. Bundan sonrakı (9-15-ci) misralar oxucuda çaşqınlıq yaradır. Bu misralarda ifadə edilən məzmun və mənaların Hululuya aid edilməsi çətindir. Yalnız on altıncı - "Adı Səhhətkən, özü xəstə, əlil" misrası bu qəhrəmanın kimliyini bəlli edir. Bəlli olur ki, bu qəhrəman şairin özü imiş. O, öz tərcümeyi-halından söhbət açırmış: vətəndaşlıq duyğuları onun qəlbindən vulkan kimi püskürməyə hazırmış, böyük, ali niyyətlərlə yaşayır, zəmanə isə onu faciəli hallara məhkum etmişdir. Şeirin son dörd misrasında üçüncü şəxsin dilindən deyilən sözlər brinci şəxsin dilindən, əslində şairin öz dilindən deyilən fikirlər kimi səslənir. Üçüncü şəxsin birinci şəxsə transformasiyası, çevrilməsi təbii bir yolla baş verir. Şeirin son dörd misrasında romantizmə məxsus subyektivizm şairi öz adından, birinci şəxsin təkinə mənsub mövqedən çıxış etməyə məcbur edir. Şeirin əvvəlində təsvir üsuluna yer verən şair sonda xitaba keçir, mühitə, insanlara səslənir:

 

Şişə çəksəz də diriykən ətimi,

Atmaram mən vətənü millətimi.

Məsləkim tərcümeyi-halımdır.

Lütfi-həq qayeyi-amalımdır.

 

Bu misralarla Səhhət bir tərəfdən ətrafını bürümüş zülmət mühitə üsyan edirsə, meydan oxuyursa, digər tərəfdən də özünün amal və məsləyini elan etmiş olur.

Şeirdə qəhrəmanın daxili aləmini, üzüntülərini, düşdüyü faciəvi vəziyyəti aydın şəkildə göstərmək üçün təzadlardan istifadə edilmişdir: "adı Səhhətkən, özü xəstə, əlil", "könlü niyran, əməli xüsran", "fikri ali, bədəni xarü zəlil", "böyük niyyətlər" qarşısında "fəna töhmətlər"... Məlumdur ki, şairin təxəllüsünün-Səhhət sözünün mənası "sağlamlıq" deməkdir. Adın mənası ilə fiziki durumun bir-birinə tam əks olması (qəhrəmanının xəstəliyi, əlilliyi) bir tərəfdən qəhrəmanın daxili aləmini açırsa, digər tərəfdən vəziyyətin ziddiyyətinə işarə edir. "Göz yaşı içdiyi su, bağrı kəbab" ifadəsi özündə daha böyük məzmun ifadə edir. İnsan susuzlayarkən təmiz və şirin su axtarar. Qəhrəmanın faciəsi bundadır ki, o ürək yanğısını söndürmək üçün təmiz su (niyyətlərinə, arzularına dəstək) tapmadığından duzlu göz yaşlarını su əvəzinə içməli olur. Bu isə susuzluğu daha da artırır. Lakin şeirdəki "bağrı kəbab" ifadəsi daha bir qata işıq saçır. Məlumdur ki, kabab bişirilərkən közün alovlanıb əti yandırmaması üçün onun üzərinə duzlu su çiləyərlər. Şair bu detaldan ustalıqla istifadə etmişdir. Gördükləri, cəmiyyət tərəfindən anlaşılmamazlığı, tuş olduğu töhmətlər, bəlalar onun bağrını kabab kimi bişirmişdir. O, duzlu göz yaşlarını bağrının alovu üzərinə çiləyərək alovunu söndürməyə çalışır.

Şeir həyəcanlı, sərt bir üslubda yazılmışdır. İlk misradan başlayaraq şair durumun gərginliyinə, obyektin vahiməli olmasına diqqət çəkir. Bu da hər şeydən əvvəl mücərrəd deyil, real bənzətmələr, gerçək detallar hesabına baş verir. Şeirin son dörd misrasına qədər oxucuda belə bir fikir oyanır ki, bu qəhrəman çarəsiz, üzülmüş, ümidsiz, mühitə küskün və təslim olmuş durumdadır. Son misralar isə gələcəyə, tutduğu yola dərin inam, dönməzlik və nikbinlik ruhundadır.

"Tərcümeyi halım..." Səhhətin texnika baxımından ən kamil şeirlərindən biri hesab oluna bilər. Dili bir çox başqa şeirlərinə nisbətən sadədir, aydındır. Ərəb-fars kəlmələri azlıq təşkil edir, daha çox xalq danışıq dilinə yaxınlaşma cəhdləri görünməkdədir. Məsnəvi şəklində qafiyələnməsi fikrin yayınmadan birbaşa ifadəsinə imkan vermişdir. Bir neçə misra istisna olunmaqla hər misra bir fikir ifadə edir ki, bu da deyilişə, ahəngə bir qətilik verir. Şeirin qafiyə sistemi /açın-qaçın, xanəxərab-kəbab, ətimi-millətimi, əlil-zəlil və s./ mükəmməldir. Yalnızca iki qafiyə zəif qafiyə hesab oluna bilər: alışır-yanaşır; dəryalar-sövdalar. Şeirdə ş, s, ç, c, q, k, d samitlərinin təkrarlanması və bir-birini izləməsi gözəl bir ahəng yaratmışdır.

"Tərcümeyi-halım, yaxud hululu" şeri yalnızca A.Səhhətin deyil, həm də Azərbaycan romantizminin demokratik mahiyyətinin, vətəndaşlıq ruhunun örnəyi, romantik lirikanın xalq dilinə və ruhuna daha yaxın olmaq istəyini əyani şəkildə əks etdirən bir əsərdir.

 

 

VURĞUN ƏYYUB,

Filologiya üzrə fəlsəfə doktoru

 

Ədalət.-2013.-8 mart.-S.6.