MƏNƏVİYYAT MƏBƏDGAHI

 

2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illiyi tamam olur. Bu nüfuzlu ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi dövr ərzində zəngin inkişaf yolu keçmişdir və hazırda geniş ixtisas şəbəkəsinə malikdir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2013-cü il.

 

Azərbaycan xalqının dünya sivilzasiyasına, bəşər mədəniyyətinə bəxş etdiyi ən qədim və nadir töhfələrdən biri də şübhəsiz ki, Qobustanın qayaüstü kitabələri, daş yaddaşlarda əbədiyyət qazanmış misilsiz sənət inciləridir. Buradakı Böyükdaş, Cingirdağ, Yazılıtəpə qayaları üzərində təcəssümünü tapan qız qaçırılması, öküz döyüşü, ov mərasimi, süvarilərin silah oynatması, kollektiv rəqs səhnələri ulu əcdadlarımızın rəssamlıq, ideomatik yazı istedadını isbatlamaqdan, məişət mədəniyyətini və mifik düşüncə miqyasını büruzə verməkdən əlavə həm də mənim qənaətimə görə tarixi on - on iki min il əvvələ gedib çıxan mövsüm, mərasim tamaşalarının, xalq oyunlarının daşlarda yaşayan ilk eskizləri, ibtidai "ssenari"ləridir. Yaranışın və yaradıcılığın sübh çağına silinməz imza atan, min illərin qovğasından, qasırğasından bərkiyib çıxan, tarixi təkamül yolu keçən Azərbaycanın xüsusilə son iki əsirdə birinciliklərin bayraqdarına çevrilməsi milli mədəniyyətimizin təəssübkeşləri üçün qüruriftixar hissi doğurur. Şərqdə ilk professional teatrın fəaliyyətə başlaması, ilk kinonun çəkilməsi, ilk operanın səhnələşdirilməsi, ilk Demokratik Cümhuriyyətin yaradılması kimi cahanşümul və əlamətdar yeniliklər silsiləsinə ilk teatr məktəbinin açılması hadisəsini də əlavə etmək zəruridir.

Doxsan il əvvəl - Azərbaycan professional teatrının 50 illik bayramı ərəfəsində Yubiley komissiyasına daxil olan təkliflərdən biri də Bakıda teatr məktəbi açmaq məsələsi idi. Həqiqətdə isə ideya Moskvadan qaynaqlanırdı. Hələ 1922-ci ildə Rusiyanın paytaxtında işıq üzü görən "İncəsənət işçilərinin xəbərləri" ("Vestnik rabotnikov iskusstva") jurnalının 2-ci (13-cü) sayında yazılırdı: "Azərbaycanda İncəsənət İdarəsinin tabeliyi altında Opera, DramSatir-agit teatrı fəaliyyət göstərir. Qarşıdakı mövsümdə isə İncəsənət İdarəsinin nəzarəti ilə türklər (azərbaycanlılar-A.R) üçün konservatoriya, musiqi məktəbi, rəssamlıq məktəbi və teatr məktəbi açılacaqdır."

Rəsmi mənbələrə əsaslanan jurnalın məlumatı özünü çox gözlətmədi. "Kommunist" qəzetinin 25 noyabr 1922-ci il tarixli sayında bildirilirdi ki, Azərbaycan Xalq Maarif Komissarlığının kollegiyası Bakıda "Türk Aktyor Məktəbi"nin açılması haqqında qərar qəbul etmişdir. Həmin mətbuat orqanının 21 mart 1923-cü il tarixi Novruz bayramına həsr etdiyi nömrəsində teatrsevərlərə Bahar müjdəsi olaraq Dövlət Teatr Məktəbinə sənədlərin qəbulunun mart ayının 24-dən Əli Bayramov adına Qadınlar Klubunda başlanacağı xəbər verilirdi.

Beləliklə, Azərbaycan İctimai Şura Cümhuriyyəti Xalq Maarif Komissarlığı 90 il əvvəl - 1923-cü ilin may ayının 8-də bugünkü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sələfi sayılan "Türk Teatr Texnikumu" haqqında qanun qəbul etdi  Milanda, Kiyevdə musiqi təhsili alan opera müğənnisi Şövkət Məmmədova məktəbin müdiri təyin olundu. Ötən müddət ərzində bu təhsil ocağının adı və statusu dəfələrlə dəyişsə də xalqa, millətə xidmət göstərmək məramı, milli incəsənətimizi inkişaf etdirmək qayəsi, amalı ən çətin, böhranlı, təhlükəli dövrlərdə də sabit olaraq qalmışdır.

Mədəniyyət və mənəviyyat məbədgahının keçdiyi tarixi və şərəfli yol haqqında müxtəlif zamanlarda çoxsaylı əsərlər, monoqrafiyalar yazılsa da bu qəbildən olan kitablar sırasında ən mükəmməli və əhatəlisi əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin yenicə işıq üzü görən "Mədəniyyət və incəsənətimizin məbədgahı" (Bakı, ADMİU, 2013, 252 səh. Redaktoru - professor Aqşin Babayev, buraxılışa məsul - dosent Xəzər Zeynalov) kitabıdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr edilən əsərin strukturu geniş müqəddimədən və səkkiz fəsildən ibarətdir. Müəllif kitab üzərində işləyərkən zəngin arxiv materiallarından, geniş oxucu auditoriyasına bəlli olmayan faktlardan, sənədlərdən, nadir fotoşəkillərdən zəruri məqamlarda, yerli-yerində bəhrələnmişdir.

Azərbaycanın ictimai, iqtisadi durumunun mürəkkəb, böhranlı dövründə, milli istiqlal hərəkatı üzvlərinin kütləvi həbs edilib Solovkiyə - "Buzlu cəhənnəm"ə (Əmin Abid) göndərildiyi, respublikada milli valyutanın dəyərdən düşdüyü, "Kommunist" qəzetinin bir nömrəsinin iki milyon manata (Bax: "Kommunist" qəzeti, 1923, 1 fevral) ekvivalent olduğu böhranlı bir zamanda Moskvanın (bolşevik hökumətinin) milli mədəniyyətimizə, incəsənətimizə göstərdiyi "fövqəladə qayğı" hansı ciddi amillərlə şərtlənir? Xalq Cümhuriyyətini devirmiş işğalçı sovet rejimi Türk Teatr Məktəbinin açılışından və onun fəaliyyətindən nələr gözləyirdi?...

Şübhəsiz ki, bu suallara dövrün kontekstində obyektiv cavab vermək üçün bir neçə məqama diqqət yetirmək zəruridir. Əvvəla, prof. T.Əfəndiyevin də qeyd etdiyi kimi Bakı Teatr Məktəbi "quru yerdə" yaranmırdı, mənsub olduğu xalqa yarım əsr vicdanla xidmət göstərən professional Azərbaycan teatrı özü bir təcrübə məktəbi idi və fəaliyyət göstərdiyi müddətdə kifayət qədər qüdrətli sənətkarlar - müqtədir aktyorlar, rejissorlar yetişdirmişdi. Lakin bu milli sənətkarların sovet rejimini təmin etməyən keyfiyyətləri onların milli ruhlu, istiqlal məfkurəli olmaları idi. Onlar tez-rez tamaşaçılar qarşısında müstəqillik, azadlıq əhvali-ruhiyyəli şeirlər deyir, monoloqlar söyləyir, yeni rejimi qınaq obyektinə çevirən satirik nümunələri böyük həvəslə ifa edirdilər. Belə sənətkarlardan biri də - gənc və istedadlı aktyor, hələ 1914-cü ildən Tağıyev Teatrında Şuriyə ("Dəmirçi Gavə"), Qoca ("Yezid ibn Müaviyyə") rolları ilə səhnə həyatına atılan, sonralar Şapur ("Ənuşirəvani-Adil"), Kərim ("Dağılan tifaq"), Xəlil ("Keçmişdə qaçaqlar"), Qalib ("Ədirnənin fəthi"), Cinner ("Trablis müharibəsi və yaxud Ulduz"), Keyxosrov ("Ağa Məhəmməd şah Qacar"), Məcid Əfəndi ("Şeyda"), Elxan ("İblis"), Şaqqulu ("Oqtay Eloğlu"), Əsgər bəy ("Hacı Qara") kimi yaddaqalan obrazlar yaradan, "Qız qalası" (1923) filmində Vəzir rolunu ifa edən İbrahim Atakişiyev idi. Ona həm şifahi, həm də mətbuat vasitəsilə dəfələrlə xəbərdarlıq edilsə də xalq arasında milli-istiqlal ideyalarını təbliğ edir, mövqeyindən geri çəkilmirdi. Nəhayət, 1924-cü ildə Siyasi İdarə tərəfindən həbs olunur, 10 il müddətinə Kareliyada, dənizdə yerləşən Solovki ölüm düşərgəsinə göndərilir. Azərbaycan teatrının görkəmli xadimlərindən Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə, Aleksandr Tuqanov və digər 51 nəfərin imzası ilə Mərkəzi İcraiyyə Komitəsinin sədri S.Ağamalıoğluya ünvanlanan zaminə verilməsi üçün xahiş məktubu da bu gənc və istedadlı aktyoru "Buzlu cəhənnəm"dən  xilas edə bilməmişdi. Sonrakı illərdə də İbrahim Atakişiyev kimi milli ruha malik istedadlı sənətkarların amansız repressiya prosesi dayandırılmadı...

Buya digər faktlar təsdiqləyir ki, yeni rejimin ideoloji-siyasi qəliblərinə mövcud milli kadrlar uyğun gəlmirdi. Moskva Bakıda Türk Teatr Məktəbini açmaqla ilk növbədə özünün potensial təbliğatçılarını hazırlamaq, kütlələr arasında ideoloji ruporlarını yetişdirmək, dayaqlarını möhkəmlətmək, bununla Şərq ölkələrinə "nümunə" göstərilə biləcək Azərbaycanın mədəni həyatında təbəddülatlar yaratmaq, eyni zamanda milli düşüncəyə malik istedadlı sənətkarları səhnədən, kütləvi tədbirlərdən uzaqlaşdırmaq, müxtəlif əsassız bəhanələrlə cəzalandırmaq, repressiv tədbirlər həyata keçirmək, beləliklə də xalqın mənəviyyat qatına şəriksiz sahib çıxmaq  məqsədi güdürdü.

Prof.T.Əfəndiyev "Mədəniyyət və incəsənətimizin məbədgahı"nda haqlı olaraq bir məqamı xüsusilə vurğulamışdı: "Teatr Məktəbinin əsasnaməsində dərslərin Azərbaycan dilində aparılması nəzərdə tutulsa da yüksək ixtisaslı mütəxəssislərin çatışmaması səbəbindən bir sıra fənlər rus dilində tədris edilirdi". (səh.26-27).

Etiraf edilməlidir ki, ayrı-ayrı istisnalar nəzərə alınmazsa Türk Teatr Məktəbində türk (Azərbaycan) dilində fənnlər tədris olunmurdu. Bədayei-nəfisə (İncəsənət-A.R) şöbəsinə Odessadan dəvət edilmiş (1923) və professor elmi adı verilmiş, opera rejissoru Nikolay Nikolayeviç Boqolyubov (1870-1951) müdir təyin olunmuşdu. Rejissorluq şöbəsi isə N.A.Sokolova və V.A.Uğruyumiyə (V.A.Kasabov) tapşırılmışdır. Nəzərə alsaq ki, burada müxtəlif fənləri V.İ.İvanov, B.A.Fiss, B.V.Karaqiçyev, A.A.Tuqanov, A.Mudrov, V.Zummer, V.Sladkopevtsov və digər qeyri-türklər tədris edirdi, onda milli mədəniyyətimizin taleyi, ilk teatr məktəbimizin sabahı narahatçılıq doğurmaya bilməzdi. Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov, Abbas Mirzə Şərifzadə, Cəlil Məmmədquluzadə, Nəcəf Bəy Vəzirov, Hacağa Abbasov, Mirzağa Əliyev və b. milli mütəxəssislərin, səhnə bilicilərinin ilk gündən Türk Teatr Məktəbinə dəvət olunmaması, Cəfər Cabbarlının isə bu məktəbə dinləyici qəbul edilməsi və bir həftədən sonra - 1923-cü ilin oktyabr ayının 5-də əsassız bəhanələrlə "Azçeka" (Azərbaycan Fövqəladə Komissiyası -A.R.) tərəfindən həbs olunması ciddi düşünməyə əsas verən faktlar idi.

Üç ildən sonra - 1926-cı ildə 12 nəfərlik ilk məzunlarını geniş səhnələrə yola salan Türk Teatr Məktəbi sözün geniş mənasında ümidləri doğrultmamışdı. Dövrün mətbuat orqanlarında, o cümlədən məbədgahın yaradılmasında mühüm rol oynayan "Kommunist" qəzetində də Teatr Məktəbi ilə bağlı tənqidlər səsləndirilir, hətta bu təhsil ocağının qapanması təklifi də irəli sürülürdü.  Cəfər Cabbarlı 1925-ci ildə çap etdirdiyi "Türk Teatr Məktəbi" silsilə məqaləsində yazırdı: "Həyat Teatr Məktəbindən gələcək üçün bacarıqlı, bilikli, geniş xalq kütlələri və teatr şəbəkələri üçün sadə sıra işçiləri bəkləyərkən onu açanlar həyata yeni başlamış məktəbdən səhnə "dahilər"i tələb edirlərdi. Fəqət məktəbdə təbii olaraq belə "dahilər" heç də görünməyirdi. Halbuki, Akademik Teatrımızda məktəbin gənc müdavimlərindən daha qüvvətli adamlar vardır. Beləliklə, madam ki, məktəb gözlənilən nəticəni vermədi, o halda "qapamaq lazımdır" - deyə təklif edənlər də oldu" ("Kommunist" qəz., 1925, 15 aprel).

 

(Ardı var)

 

 

Asif RÜSTƏMLİ,

filologiya elmləri doktoru,professor

 

Ədalət.-2013.-7 mart.-S.6.