MƏNƏVİYYAT
MƏBƏDGAHI
ADMİU – 90
(əvvəli
ötən sayımızda)
C.Cabbarlı "onu
(Teatr Məktəbini-A.R.) açanlar"
- deyəndə şübhəsiz ki,
Moskvanı nəzərdə tuturdu. Çünki, bir
istedadlı aktyorunu əsassız repressiyadan xilas edə bilməyən
Azərbaycan hökumətinin (MİK) müstəqil qərarlar
qəbul etmək səlahiyyətləri sıfıra bərabər
idi.
Səhnə
"dahilər"i ifadəsinin alt qatında isə ideoloji təbliğat
"korifey"lərinin hazırlanması sahəsindəki
ümidlərin boşa çıxdığına,
özünü doğrultmadığına, mərkəzin
başlıca məqsədinə çata bilmədiyinə
işarə edilmiş, məktəbi "qapamaq
lazımdır" - deyənlərə, teatr çocuğunu
qundaqdaca boğmaq istəyənlərə müəllif tələsməməyi,
təmkinli olmağı məsləhət bilmişdir.
Professor
Timuçin Əfəndiyevin "Mədəniyyət və
incəsənətimizin məbədgahı" əsəri
oxucusunu Türk Teatr Məktəbinin keçdiyi mürəkkəb,
ziddiyyətli, mübarizələrlə dolu, eyni zamanda şərəfli,
iftixar və qürur hissləri yaşadan məqamlarla zəngin
unikal mənzərələrlə, ədəbi-mədəni
hadisələrlə tanış edir.
Teatr
Məktəbinin ilk buraxılışı Azərbaycanın
mədəni həyatında şübhəsiz ki, müstəsna
əhəmiyyətə malik böyük hadisə idi. Hələ,
1925-ci ilin dekabrında "Kommunist" qəzeti
yazırdı ki, Teatr Məktəbinin son kurs tələbələrindən
12 nəfər təcrübə üçün Moskvaya gedəcəkdir.
Onlar məktəbin müdir müavini Ağakərim Şərifzadənin
rəhbərliyi altında Moskva teatrlarında bir neçə
tamaşaya baxacaqlar. Məqsəd ilk məzunları
buraxılış imtahanına uğurla hazırlamaq idi.
Beləliklə,
1926-cı ilın mayın 2-də Dövlət Türk Akademik
Dram Teatrosunda A.Tuqanovun rəhbərliyi ilə M.F.Axundzadənin
"Hacı Qara" əsəri Teatr məktəbinin ilk məzunlarının
diplom işi kimi debüt tamaşası müvəffəqiyyətlə
ictimaiyyətə təqdim olundu. Məktəbin birinci
buraxılışında "ilk qaranquşlar"
adını qazanan, dövrün mədəni həyatının
tanınmış simalarına çevrilən on iki nəfər
məzun bunlar idi: Rza Əfqanlı, Hacıməmməd
Qafqazlı, Fatma Qədri, Mollağa Bəbirli, Şüa
Şeyxov, Akif Kazımov, Əjdər Nijdət, Əkbər
Şəfi, Fazil Dadaşov, Soltan Fikrət, Musa Hacızadə
və Ələsgər Şərifov.
Əməkdar
artist Hacıməmməd Qafqazlıya Türk Teatr Texnikumunun 1
oktyabr 1926-cı ildə verilmiş "Şəhadətnamə"sinə
əsasən (Bu "Şəhadətnamə"ni mənə
təqdim edən böyük aktyorumuzun qızı, həmkarım,
filologiya üzrə fəlsəfə doktoru Nəzakət
Hacıməmməd qızı Qafqazlıya təşəkkür
edirəm - A.R.) təhsil ocağında səhnə sənəti,
səhnə işinin təşkili, əlbisə (geyim) tarixi,
səhnə danışığının təşkili, səhnə
rəqsləri, ritm və plastika, qrim, musiqi tərbiyəsi,
ictimaiyyətşünaslıq, üslub tarixi, tetr və ədəbiyyat
tarixi, türk ədəbiyyatı tarixi və gimnastika fənnləri
tədris edilmişdir.
Professor
T.Əfəndiyev Teatr məktəbini birinci bitirənlərdən
Fatma Qədrinin yaradıcılıq fəaliyyətinə
kitabında geniş yer ayırmış, gənc aktyor
kadrların yetişdirilməsində xidmətlərini
xüsusi vurğulamışdır. Müəllıf F.Qədri
barədə yazırdı: "Səhnə fəaliyyətinə
tələbəlik illərindən başlayan Fatma Qədrini
1926-cı ildə Bakı Türk İşçi Teatrına
dəvət etmişdilər... Onun "Sevil"
tamaşasında oynadığı Gülüş rolu əlamətdar
hadisə kimi qarşılanmışdır...
Fatma
Qədri Bakı Teatr Məktəbi ilə yanaşı, Azərbaycan
Dövlət Konservatoriyasında da aktyor sənətindən dərs
demişdi. O, Xalq artisti fəxri adına layiq
görülmüş, xidmətlərinə görə orden
və medallarla təltif olunmuşdur" (səh.27-28).
"Mədəniyyət
və incəsənətimizin məbədgahı"
kitabı yeni məlumat, təhlil və faktlarla yüklü
bir əsərdir. Mədəniyyətimizin tədris tarixi ilə
bağlı elə bir problem məsələ, unudulmuş sahə
yoxdur ki, müəllif ona toxunmasın, münasibət bildirməsin,
həlli yolları ilə bağlı düşüncələrini
oxucularla bölüşməsin. Professor T.Əfəndiyevin əsəri
bir təhsil ocağının orta ixtisas məktəbindən
dövlət universitetinədək keçdiyi inkişaf mərhələlərindən,
sosial-mənəvi ehtiyaclardan, tarixi əhəmiyyətindən
bəhs edən mükəmməl monoqrafiyadır.
İctimai-siyasi xronologiyanın tələblər
baxımından yanaşdıqda mövzunu iki əsas mərhələyə
ayırmaq olar: birinci mərhələ 1923-1990-cı illəri
özündə birləşdirən sovet dövrünü,
ikinci mərhələ isə Azərbaycanın dövlət
müstəqilliyini bərpasından sonrakı - 1991-ci ildən
bu günümüzə qədərki zamanı əhatə
edir.
Türk
Teatr Məktəbi 1945-ci ildən Azərbaycan Dövlət
Teatr İnstitutu, 1968-ci ildən Azərbaycan Dövlət
İncəsənət İnstitutu, 1991-ci ildən isə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti adını daşıyır və statusunu
genişləndirərək "bu gün burada 7 fakültə,
31 kafedra fəaliyyət göstərir, 40-dan çox ixtisas və
ixtisaslaşmalar üzrə kadr hazırlanır."
ADMİU-nun
unikal təhsil ocağı kimi intibah dövrü şübhəsiz
ki, xalqımızın dövlət müstəqilliyini bərpa
etməsindən sonrakı illərlə üst-üstə
düşür. Təhsilin keyfiyyətinin yüksəldilməsi,
elmi-pedaqoji kadrların və professor-müəllim heyətinin
dərslik və dərs vəsaiti üzərində
araşdırmalarının stimullaşdırılması,
incəsənətin müxtəlif sahələrini əhatə
edən Müdafiə Şurasının yaradılması,
Boloniya sisteminə keçid, xarici ölkələrin
çoxsaylı ali məktəbləri ilə səmərəli
əməkdaşlıq universitetin uğurları olmaqla
yanaşı əsrin dörddə birindən çox bu mədəniyyət
və mənəviyyat məbədgahına rəhbərlik edən
Əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyevin
təşkilatçılıq bacarığının,
quruculuq istedadının və təşəbbüskarlıq
səriştəsinin nəticəsi kimi dəyərləndirilməyə
layiqdir.
T.Əfəndiyevin
"Mədəniyyət və incəsənətimizin məbədgahı"
kitabını nəzərdən keçirdikcə bu gün
ADMİU-da çalışan görkəmli mədəniyyət
və incəsənət xadimlərinin, tanınmış
professorların, elm fədailərinin yaradıcılıq
imkanlarına, fərdi tədris üslubuna, şəxsi insani
keyfiyyətlərinə yaxından bələd olmaq fürsəti
qazanırsan, əminliklə belə bir qənaətə gəlirsən
ki, təhsil məbədgahımızın taleyi bu gün cəmiyyət
arasında nüfuz qazanmış yaradıcı, xeyirxah, mətin
insanların əllərindədir.
Mübaliğəsiz
vurğulamaq olar ki, professor Timuçin Əfəndiyevin "Mədəniyyət
və incəsənətimizin məbədgahı" əsəri
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin 90 illik təlatümlü, kəşməkəşli
və eyni zamanda şərəfli həyat yoluna işıq
salan, əlahiddə aktuallıq kəsb edən mükəmməl
dərs vəsaiti, milli-mənəvi dəyərlər
arsenalımızı zənginləşdirən mötəbər
monoqrafiyadır.
Asif RÜSTƏMLİ,
filologiya elmləri doktoru,
professor
Ədalət.-2013.-8
mart.-S.12.