"SƏN
SEVİNC... MƏN KƏDƏR"
Şair dostum Əli
Hacının 50 yaşına
Adətən
yuvarlaq rəqəmlərlə diqqəti çəkən
doğum günləri dotsları, doğmaları bir yerə
yığmağa yaxşı bəhanə olur. Hətta
dünyaya gələn, yəni doğum günü bəlli
olan səbəbkar nə qədər yaxasını kənara
çəksə də, dostların əlindən qurtara
bilmir. Təbii ki, bu da həm istəkdən, həm diqqətdən,
həm də dostların bir arada olmasından irəli gəlir.
Yəni adam dostu ilə, doğması ilə, lap birbaşa desəm,
öz aurasında olan insanla bir yerdə olanda içini də,
çölünü də rahat hiss edir. Onun
üçün kəsilən bir tikə çörək,
şərəfə qaldırılan 100 qramlıq badə sadəcə
bir təmas nöqtəsi olur. Çünki burada mədə
doldurmaq, qidalanmaq yox, duyğuları kökləmək, ruha sərbəstlik
vermək, bütün mənalarda özün olmaq
üçün bir fürsət qazanırsan...
Mən
duyğularıma doğma olan, necə deyərlər, həmişə
gözümün önündə yox, könlünün
önündə, ürəyimin içində olan dostları
özüm üçün güvənc yeri, arxa-dayaq
sayıram. Belə olduğuna görə də onlardan
heç nəyi gizləmirəm, heç nəyi əsirgəmirəm.
Çalışıram ki, onlar da məni həmişə
layiq olduğum yerdə görə bilsinlər. Bilmirəm buna
nə qədər nail ola bilmişəm, amma tam səmimiyyətimlə
deyim ki, yaxşı ki, bu dünyada dostlar var. Yoxsa dərd
adamı qurd kimi içindən yeyər, yalquzaq kimi
parçalayardı...
Onu tanımağımın yaşı 25 ilə yaxındır. Yəni həmin müddət ərzində sözünü, imzasını oxumuşam, görmüşəm. Sözünü, imzasını oxuyub gördüyüm bugünkü dostumu mənə dəyərli qələmdaşlarımdan, şəxsiyyətinə böyük sayqı bəslədiyim Rasim Qaraca yaxınlaşdırdı, doğmalaşdırdı. Bir növ Rasim bəy bir körpü saldı aramızda. Bizim bir-birinə doğma olan dünyalarımızı qovuşdurdu, yaxınlaşdırdı. Məhz Rasim bəyin mənə təqdim edtdiyi Əli Hacının şeirlər kitabını bir nəfəsə oxuyandan sonra onu daha yaxından tanıdım. Necə deyərlər, o, gözümün qabağında tam bir formada gəlib dayandı. Əvvəllər ayrı-ayrı şeirlərindən tanıdığım Əli Hacı öz kitabı ilə mənim üçün bütöv insan, bütöv şair oldu...
İllər keçdi. Günlərin birində ancaq telefonla, şeirləri ilə təmas qurduğum Əli bəylə üz-üzə oturub çörək də kəsdik. Məhz o dar məclisdə, yığcam bir guşədə mən böyük bir iş gördüm. Hiss etdim ki, nə təqdimatda, nə də seçimdə yanılmamışam. Sözü mənə doğma olan insan özü də mənə doğmadı. Üstəlik sözü doğma olan bu insan həm də mənim və hamımızın dərdi və qayğıları ilə qol-boyundu. Deməli, biz elə əslində eyni dünyada, eyni mühitdə, eyni qayğıların içərisində eyni cür düşünə-düşünə ayrı-ayrılıqda yanıb yaşayırıq. Ona görə də Əli bəy "Durum gedim" şeirini oxuyanda heç nəyə təəccüb etmədim. Çünki artıq ondan duyduğumu bütünlüklə ala bilmişdim. Elə onun misraları mənim üçün içimdən gələn pıçıltılardan biri idi:
Döyməyə qapı qalmadı
Ürək açmağa adam.
Bizi sabahlara aparan
Gedənlər də gəlmədi-
Durum gedim...
Bəli,
əgər döyməyə
qapı qalmayıbsa, əgər ürəyini açıb göstərməyə
adam yoxdusa,
üstəlik də sənə ümid verəcək, sənə
əl uzadacaq, sənin üçün mayak olacaq bəndələr
də gedər-gəlməzdən
qayıtmırlarsa, onda:
Gəzdiyim yollarım,
Əl üzdüyüm yollarım...
- təkcə şair üçün yox, elə hamımz
üçün sevincli,
kədərli. Acılı-şirinli xatirələrdən başqa
heç nəyi xatırlatmır.
Doğrudan da sözün içindən yaşaya-yaşaya,
sözün bütün
bənd-bərəsini vərəqləyə-vərəqləyə
oturub fikirləşəndə
adama elə gəlir ki, dünya nə qədər coğrafi baxımdan böyük olsa da, zaman,
an baxımından çox kiçikdi. Çünki doğulan söz
sənin qələmindən
kağıza, dilindən
dinləyiciyə çatan
kimi onun özündə əks etdirdiyi bütün mənalar böyük dünyanın damarına hopur. Və ha çalışırsan dünyanın
damarına, qanına işləmiş sözü,
təbii ki, halal və işıqlı
sözü qorumaq, ona nə isə
əlavə etmək mümkün olmur. Çünki halal və işıqlı söz artıq dünyanın, bəşəriyyətin mülkünə
çevrilir. Ancaq o sözü
yaradanın ömrünün
bir anını ifadə edən həmin söz sonrakı sözlər üçün həm də bir yol
açır. Bu yol sevincdən də keçir, kədərdən də.
Sən sevinc
Mən kədər
Kimi gəlmişəm
Boynunda yer almağa
Sən olum
Mən ölüm
Gəlmişəm sən olmağa!
Bəli, dünyaya kədər kimi gəlmək o qədər də böyük faciə, o qədər də böyük bədbəxtlik
deyil. Çünki bütün qaranlıqların
sonu işıqdı.
Deməli, kədərin də
sonu mütləq və mütləq sevincə calanacaq. Hətta sən ona "çıx get!" - desən belə.
Bu gün çağır hamını
Boynu bükük sevgiləri
Yaşatmağa.
Çıx get, sən Allah çıx get
Çaylar dənizə qovuşan
tək
Qovuşa
bilmədik
Çıx get!
Hə, bax, şair həm əsəbi, həm də duyğulu bir şəkildə "çıx
get!" - desə də, o gedənin arxasınca özü də gedir. Çünki o gedən əslində
onun ruhudu, özüdü, bütöv
dünyasıdı. Və
ou dünyanın da bir sahibi
var: o da məhz o "çıx
get!" deyəndi. İnanmırsınızsa,
bu misralara fikri verin:
Gülərsən mən öləndə
Deyərsən
Dünyaya gülmüşdü bu.
Və yaxud:
Gözlərinlə göyü oxşarsan
Əllərinlə
Əlin
çatan daşı
Deyərsən
Dərd
adamı, qəm yoldaşı
Diriykən ölmüşdü bu...
İndi
inandınızmı, ruhun
mayası söz olan, dünyası söz olan, yalnız sevgisi ülvi və pak duyğulardan ibarət doğulan şairlər, o cümlədən
də Əli Hacı heç kimə "çıx
get!" deyə bilməz.
Çünki o gedənlərin hamısı onu özü ilə aparmaq gücündədi.
Onun isə bir gedəsi yeri var: o da
sözün və qələmin yanıdı.
Mən könül
dostum Əli Hacının aprelin ilk günlərində tamam olacaq yazdığım bu sözləri heç kimdən borc almadım, heç bir kitabdan, qəzetdən köçürmədim. Bu sözləri mənə Əli bəyin şeirlər pıçıldadı...
bu sözləri mənə Əli bəyin ürəyi söylədi... bu sözləri mənə ikimizin bir olan
dünyamız işıq
kimi göstərdi.
Mən də gücüm çatandan seçib sözü bənövşə
qomu kimi bağladım. Bilmirəm,
bu bənövşə
qomunun ətri nə dərəcədə
duyulacaq, amma mən onu ürəklə
sevə-sevə topladım
və qomladım. Ad günün mübarək,
Əli bəy!
Yazımın sonunda özümün
"Mənim kimi sevə bilsən" şeirlər kitabımda yer
almış Əli bəyə ünvanlanan şeirimi də çap etmək istədim. Sonra düşündüm ki, o şeiri Əli bəyə doğum günündə,
50 yaşında hədiyyə
edərəm, yəni
onun məclisinə əliboş getmərəm.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.-2013.-12 mart.-S.5.