Sənətə azadlıq verilməlidir

 

Bugünkü müsahibim bir çox gənc yazarların, şairlərin üzə çıxmasında, yayımlanmasında onlara hər zaman köməklik edən, dəstək olan olduqca işıqlı bir insandır.  O, hər zaman gənclərin və istedadlı insanların dostu olub və olmağa da davam edir. Beləliklə, müsahibim kult.az və ann.az saytlarının baş redaktoru, gözəl şeirləin müəllifi şair Zahir Əzəmətdir.

 

-Zahir bəy,  istəyirəm bir az keçmişdən başlayaq. Yəqin yadınızdadır, əvvəllər "Ədalət" qəzetində ədəbiyyat əlavələri çıxarılırdı. Sizdə həmin vaxtı "Körpü" əlavəsini çıxarırdınız. O dövrü, o günləri necə xatırlayırsınız?

- O günlər ədəbi camiyədə bir canlama dövrü idi. Proseslərin başlandığı dövr idi.  Çox aktiv dönəmi yaşandı. "Ədalət" qəzetinin də bu canlanmada xüsusi çəkisi vardı. Çünki az qala bütün ədəbi tərəfləri öz başına toplayıb onlara meydan, tribuna verdi. Hər kəs öz fikrini, öz ideyalarını ordan paylaşmaq imkanı əldə etdi. Çox yaxşı, çox işıqlı günlər kimi xatırlayıram. O zaman düzdü ədəbi davalar da çox olurdu, amma bununla yanaşı həm də  mətnlərin, nəzəriyyələrin, ideyaların  da müzakirəsi  gedirdi.

- Həmin dövr bugünkü ədəbiyyata nələr qazandırdı?

- Həmin dövr ədəbiyyatın kolxoz bir struktur kimi idarə olunmadığını, təşkilata və ya təşkilatlara sığmadığını göstərdi. Yeni imzaları tanıtdırdı. Yeni nəfəs gəldi ədəbiyyata və bunlar az iş deyildi. Ədəbiyyat bir rənglilikdən qurtuldu. O vaxta qədər cəmiyyət sovet dövründə olan ədəbiyyatı və imzaları tanıyırdı. Müstəqil Azərbaycanın yox, sovet ədəbiyyatının təsiri altındaydı. Amma bu gün artıq müstəqil Azərbaycanın ədəbiyyatı yaranmaqdadı. Bunun da təməli xüsusi ilə həmin illərdə qoyuldu. O proses bu gün də davam edir. Cəmiyyət öz ədəbiyyatını müəyyən etməyə çalışdı və çalışır.

- Sizcə o dövr yazmağa təzə-təzə başlayan gənclər daha radikal fikirli, zəhmətkeş idilər, yoxsa indiki gənclər?

- Bilirsiniz, o zaman ədəbiyyat qəzetlərin, qəzet əlavələrinin çərçivəsində gedirdi. Qəzetin isə internetdən bir üstünlüyü ondadır ki, qəzet daha tez sənətə çevrilə bilir. Tarixi fakt kimi qəzeti qeydə almaq olur. Amma iternetin yayılma imkanları geniş olsa da,  ədəbiyyatda baş verən prosesi internetlə tarixə çevirmək qeyri-mümkündür. Biz kult.az mədəniyyət portalımızda gənclərlə sıx işləyirik. Ədəbiyyat müsabiqələri keçiririk, ordan müəyyən gənclər gəlib keçir. Və mən bu gənclərin böyük qismini nə dərgilərdə, nə portallarda görmürəm. Çünki bunlar Facebook sosial şəbəkəsində daha aktivdilər. Yəqin ki, bir dövrün qızdırma mərhələsi kimi də bu proseslər də keçəcək. Amma imzasında marağım olan müəyyən gənclər var ki, kifayət qədər radikal və fərqlidirlər. Bu gün bəlkə də ədəbi gündəm onları izləmir. Amma beş il sonra onları iləmək məcburiyyətində qalacaqlar. Məsələn, Hacı Səfərov adında bir gənc var. Heç orta məktəbi bitirməyib. Bizim son "Nəsimi" ədəbiyyat müsabiqəsində  diqqətimi çəkən imzalardan biri idi. Mətnə fərqli bir yanaşması var. Düşüncə və üslub baxımından da bir çox gənclərdən radikal fikirlidir.

Hesab edirəm ki, bir neçə il sonra bizim ədəbiyyatımız ondan danışacaq.

- Zahir bəy, müəyyən bir zaman kəsiyi oldu ki, sizin ədəbi çiyindaşlarınızla, dostlarınızla mübahisələriniz oldu. Bu nə ilə bağlı idi?

- Haqlısınız, ədəbi cameyədə çox radikal toqquşmalarımız olub. Amma bunlar hamısı təşkilat çərçivəsinə baş verib. Lakin yaradıcı və ədəbi müstəvidə bizim fikirlərimiz həmişə üst-üstə düşdü.

- Həmin o mübahisələr vaxtı dost itkiləri ilə rastlaşdınızmı?

- Ümumiyyətlə, mən iyirmi illik bir təcrübədən çıxış edərək deyə bilərəm bir az kobud səslənsə də, ədəbiyyatda dost olmur. Yoldaşlarıq, dostlarıq, amma həm də dost deyilik. Bu gün dostuqsa, sabah baxışlar dəyişəndən, yollar ayrılandan  sonra, çevrələr də dəyişə bilər. Bu normal haldı. Dostlar isə mətnlərdi. Belə deyək də, siz bir insanla dost kimi ayrıla bilərsiniz, amma onun bir yaxşı şeiri ilə həyatda hər zaman dost qalacaqsınız. Ola bilər, tutaq ki, Rasim Qaracayla, Qanturalıyla  aramızda müəyyən soyuqluqlar olub,  amma bu zaman-zaman yoluna qoyulub. Çünki, biz heç birimiz öz marağımız üçün mübahisə etmirdik. Və bunu sonradan anlayacaq qədər düşüncəyə sahib insanlarıq. Biz elə ədəbiyyat davası aparırdıq, bir-birimizə küskünlüyümüz olanda  da, bu elə yenə ədəbi küskünlük idi.

- Sizinlə müsahibədən əvvəl söhbət edəndə sevdiyiniz şairlərin adını soruşmuşdum. İlk adını çəkdiyiniz şair Nazim Hikmət oldu. Nazim Hikmət bir çox ölkələrin xalqları tərəfindən sevilir. Amma bizdə bu istək daha güclüdü. Sizin fikrinizcə Nazim Hikmətin Azərbaycanda bu qədər çox sevilməsinə səbəb nə idi?

- Nazim Hikmət çox böyük şairdi. Dünyanın beş, on ən yaxşı şairindən biridir. Ola bilər ki, biz onu daha çox sevirik, çünki, dil yaxınlığımız, tale yaxınlığımız var. Türk dövləti onun kommunistliyinə görə ondan üz döndərsə də, yenidən ona qayıdır və onun böyüklüyünü etiraf edir. Bilirsinizmi, şairini işi təkcə şeir yazmaqdan ibarət deyil axı. Şairin bir taleyi, həyatda nə qədər yanaraq yazması deyilən bir məsələdə var. Çox şair buludlardan, xəyallardan şeirlər yazır. Lakin Nazim Hikmətin hər şeirində insan taleyi, insan faciəsi, özünün dediyi kimi insan mənzərələri var. Tək özünün yox, ətrafın, cəmiyyətin, dünyadakı insanların talelərini öz şeirlərinə sığdıran bir şairdi. Həm də o, ruh etibarı ilə çox yenilikci bir şair olub. Mən İmaddədin Nəsimini də çox sevirəm. Nəsimi deyəndə, gözlərimiz önünə qoca şair gəlmir. Həmişə gənc birini təsəvvür edirik. Çünki, içindəki gəncliyi, poeziyaya ötürə bilib. Nazim Hikmət də həmçinin belə bir şairdi. Nazim Hikmət adını eşitdikdə həmişə gənc, çılğın, etiraz dolu, ədalət uğrunda savaşan bir obraz gözlərimin qarşısına gəlir. Və bu məsəllərdəndir ki, o həm Azərbaycanda, həm də bütün dünyada sevilir.

- Zahir bəy, siz həm də, Kult.az mədəniyyət portalının və  "Nəsimi" ədəbiyyat müsabiqəsinin yaradıcılarından birisiniz. Bu müsabiqə ədəbiyyata xeyli istedadlı gənclər qazandırdı. Necə yarandı "Nəsimi" ədəbiyyat müsabiqəsi?

- O vaxtı biz ədəbi qəzetlərdə yazırdıq, çıxış edirdik. Amma həm də görürdük ki, artıq yeni bir dövr, internet dövrü başlayıb. Altı il bundan əvvəl, internet hələ bu qədər sürətlə yayılmamışdı. Biz Türkiyədə, Rusiyada yeni ədəbi saytların  yarandığını görürdük. Fikirləşdik ki, bizdə də belə dir sayt olsun. Bakıda, əyalətdə yaşamağından asılı olmayaraq, hər kəs burada rahat çap oluna bilsin.  Bunun ən rahat yolunu da internetdə gördük və bu saytı yaratdıq. Sonrakı mərhələdə isə düşündüm ki, gənclərlə bağlı bir ədəbiyyat müsabiqəsi də olsun. Pul kimi mükafatlar verə bilməsək də, heç olmasa, sağlam bir seçim prosesi aparılsın. Gənclərə dəstək olaq. Bu işə Lit.az saytı ilə birgə başladıq. Sonradan lit.az müəyyən səbəblərdən öz fəaliyyətini dondurdu. Biz müstəqil bu işi davam etdirmək qərarına gəldik. Artıq dörd dəfə bu müsabiqəni keçirtmişik. Bu kifayət qədər yaxşı rəqəmdir. Çünki,  maddi sıxıntılara baxmadan bu müsabiqəni davam elətdirdik. Artıq bu il beşincisini keçirtməyi də planlaşdırırıq.

- Zahir bəy, hal-hazırda xeyli məşhur olan istedadlı gənc yazıçıların, şairlərin yayımlanmasına, tanınmasına kömək etmisiniz, mənəvi dəstək olmusunuz. İndi həmin gənclərdən, onların öz üzərlərində işləmələrindən razısınızmı?

- Mən uzağa getmirəm, elə özümü götürürəm. İlk dəfə mən ucqar əyalətdən Bakıya gələndə, gördüm ki, ədəbiyyat heç də uzaqdan göründüyü kimi deyil. Belə olan halda mən və mənim kimi düşünən insanlar istedadlı uşaqları kəşf etməyə, bir yerə toplamağa başladıq. Öz imkanlarımız daxilində başladıq onlarla birlikdə özümüzə yol açmağa. Biz təmənnasız çalışdıq ki, gənclər çap olunsun, üzə çıxsın. Bu baxımdan demək olar ki, bu gündə ədəbiyyatda olan onlarla imzanın ilk dəfə çap olunmasında, yayımlanmasında mən və nəşrində iştirak etdiyim qəzetlər, dərgilər rol oynayıb. Həmin gənclərdən də razıyam. Çünki, yenə də deyirəm, biz bu işi heç bir təmənna güdmədən etmişik. Və o vaxtı biz düşünmürdük ki, bu imzaların hamısı ədəbiyyatda qalacaq. Bilmək olmaz ki, bu gün üzdə olan imza, on ildən sonra nə yazacaq. Amma hər halda qapılar açılmalıdı ki, onlar meydana gəlsin. Onlardan daha dözümlüsü, daha istedadlısı axıra qalsın. İndi baxın görün, il ərzində nə qədər kitab çap olunur. Amma on il bundan əvvəl belə deyildi. Bəzən kitabların çoxluğundan gileylənirlər. Amma biz əslində o qədər kitabsız dönəm yaşamışıq ki, elə  bilirik ki, bu kitablaın sayı çoxdur. Əslində isə bizdə oxuyan azdı, ona görə kitablar gözümüzə çox görünür.

- Sizcə, kitab oxuyanların sayı niyə azdı?

- Bu tək ədəbiyyatla bağlı problem deyil. Televiziyada ədəbiyyatla bağlı təbliğat getmir. Təhsil sistemimiz zəifdi. Mən özüm uzaq əyalətin kənd məktəbində oxumuşam. Mənim ədəbiyyat müəllimim bir qədər məni cəmiyyətə hazırlamışdı. Baxmayaraq ki, rəsmi dərsliklərdə Ramiz Rövşənin, Rüstəm Behrudinin, Vaqif Bayatlının şeirləri yox idi. Amma ucqar dağ kəndindəki ədəbiyyat müəllimim onlardan əzbər şeirlər deyirdi. Dərsliklərdə olmasa da, əlavə oxu saatlarında bizə onlardan danışırdı və bizi hazırlayırdı. Amma bugünkü təhsil sistemimizdə bu proseslər getmir. Mən özüm dəfələrlə televiziya verilişlərində, universitetlərdə olan görüşlərdə müəllimlərə sual vermişəm ki, çağdaş Azərbaycan ədəbiyyatından kimləri tanıyırsınız? Onların çəkdikləri adların artıq çoxdan yetmiş beş yaşı olub. O insanlar hələ də elə bilirlər ki, həmin şairlər hələ Azərbaycanın ədəbiyyatının gənclərini təmsil edirlər. Təbliğat çox aşağı səviyyədədi. Heç bir telekanalımızda təzə çıxan kitablarla  bağlı heç olmasa, on beş dəqiqəlik veriliş getmir. İş adamlarımız kitaba sərmayə qoymalıdırlar. Yəqin ki, bu proseslər də geçəcək. Dünyanın normal ölkələrinin getdiyi bir yol var.  Əvvəl-axır biz də o yola düşməliyik. Çünki, başqa yol yoxdur.

- Belə bir misal var ki, hər bir güclü kişinin arxasında bir güclü qadın dayanır. Sizin arxanızda dayanan qadın necə güclüdürmü?

- Təbii ki, güclüdür. Amma bunu bir az tərsinə də demək olar. Bir qadının azadlığı onun kişisi qədərdi, bir kişinin azadlığı da onun yanındakı qadın qədərdi. Hal-hazırkı cəmiyyətdə belə deyil. Mən öz ailəmdən, öz qadınımdan kifayət qədər razıyam. Biz o mental ənənələrdən qopmağa çalışırıq. Müəyyən qədər də buna nail olmuşuq. Amma tam da buna nail ola bilmirik və ola da bilmərik. Çünki, biz bir şərq ölkəsiyik. Özümüzü bütün hallarda aparıb bir qərblinin yerinə qoya bilmərik, qərbli kimi düşünə bilmərik. Amma hələ ki, bizdə azadlıq konteksində heç bir mübahisə olmayıb. Heç vaxtı nə Sevincin mənə, nə mənim Sevincə azadlığı əngəlləmə faktı qeydə alınmayıb (gülür). Amma bir-birimizdən güc alırıq. Mən şəxsən ondan yetərincə güc alıram.

- Əsrin əvvəllərində ədəbiyyatımızda Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir olub. Və o cür çətin zamanlarda, cahilliyin səngimədiyi bir dövrdə onlar öz istədiklərini deyə biliblər, yaza biliblər. Bəs indiki informasiya bolluğunun içərisində niyə Mirzə Cəlillər, Axundovlar, Sabirlər yaranmır?

- Bu fikirdə mən bir az sizinlə razı deyiləm. Mirzə Cəlil zəmanəsinin ən varlı kişilərindən birinin qızını almışdı. Həmin pulla o, iyirmi beş il "Molla Nəsrəddin" jurnalını dərc elətdirib. Mirzə Fətəli Axundov da kifayət qədər imkanlı adam olub. Amma onlarla yanaşı yüzlərlə adam yazırdı, onlar qalmayıb, bunlar qalıb. Həm də onlar öz dövrlərində o qədər də məşhur deyildilər. Sovet dövrü onlar təbliğ olundular. İndi biz bu təbliğatın üzərindən baxanda elə bilirik ki, o zaman da Mirzə Fətəli Axundovu bütün cəmiyyət tanıyırdı. Əslində isə beş, on nəfər tanıyırdı. Sadəcə olaraq indi onlar artıq bütün cəmiyyət tanıyır və klassikə çevirib. Bu gündə Rasim Qaraca, Seymur Baycan, Aqşin Yenisey və başqaları yazır. Kim bilir ki, yüz il sonra xalq onları hansı səviyyədə qəbul edəcək.

- Sizcə indi Axundov qədər cəsarətlə yazan bilən bir yazıçı var?

- Niyə yoxdu? Cəhalətlə mübarizə  konteksindən yanaşanda, Ağalar Məmməov Axundovdan daha cəsarətlidir. Əgər Axundovun sistemin içində qalıb ondan imtina etmək cəsarəti yoxuydusa, yazılarında üstüörtülü toxunurdusa, amma indi bizim bir çox yazıçılarımız olduqca cəsarətlidirlər. Bunlar faktdılr. Biz bunlardan imtina edə bilmərik. Mən hesab edirəm ki, hal-hazırda bizim ədəbiyyatımız intibah dövrünü yaşayır.

- Gənclərdən kimləri oxuyursunuz?

- Cavid Zeynallını, Mirmehdi Ağaoğlunu, Sahilə İbrahimovanı yaxşı nəsr yazanlardan hesab edirəm. Şeirdə isə imza bolluğu yetərincədir. Aqşin Yenisey, Aqşin Evren, Elmin Piri və s. Burada bir az da zaman məsələsi əsas rol oynayır. Gəncləri beş il keçəndən sonra  yenidən dəyərləndirməyə ehtiyac olur.  Çünki, hər beş ildən bir istedadlı saydıqlarımızın səksən faizi prosesdən uzaqlaşır. Ələnmə  gedir. Amma istedadlı uşaqlar çoxdur.

- Azərbaycan ədəbiyyatının ən məhsuldar dövrü kimi hansı dövrü qiymətləndirərdiniz?

- Yüz il əvvəlki dövrü, altmışıncı illəri, bir də elə indiki dövrü. Yəni, bu üç dövrü ən məhsuldar və ən maraqlı dövr hesab edirəm. Həmin dövrlərdə gedən proseslər ədəbiyyata yetərincə yeni imzalar qazandırıb. Bu gün söhbətimizdə də biz ötən əsrin əvvəllərindən, altmışıncılardan danışdıq. Hesab edirəm ki, bir müddət keçəndən sonra bu dövrdən də danışacaqlar. 

- Siz, bir vaxtlar "Kino+" qəzetinin də baş redaktoru olmusunuz. Azərbaycan kinosunun vəziyyəti  hal-hazırda necədir?

- Ədəbiyyatla demək olar ki, eyni problemləri paylaşan bir sahədir. Dövlətdən asılılıq çoxdur. İş adamları yatırım qoymurlar. Amma bu barədə də bədbin deyiləm. Kino prosesində  kifayət qədər istedadlı gənclər var. Onlar artıq yeni sistemin içində oturuşmağa başlayıblar. Onlardan biri Farizdi. Onun çəkdiyi film qırxa yaxın festivalda mükafatlar aldı. Bundan başqa Tələbə filmlər festivalı neçə illərdi davam edir. Bizim ölkədə onun əsasını qoyanlardan biri olmuşam. Bu gün bizim gənc dostumuz Fehruz Şamiyev  o işi davam elətdirir. Bu baxımdan dünya kinosundan geri qalmayan, yaxşı filmlər çəkilir. Sadəcə olaraq, sənətə azadlıq verilməlidir. Hətta İran kimi qapalı bir ölkədə film prosesinə dövlət çalışır ki, müdaxilə etməsin. İranda elə filmlər çəkilir ki, onlar ölkə daxilində göstərilmir, amma festivallara göndərilir, dəstək verilir. Ona görə də İran kinematoqrafiyası inkişaf edir, dünyaya səs sala bilir. Yəni bir daha təkrar edirəm sənətə azalıq hüququ verilməlidir ki, sənət həmişə ağrılı nöqtələrdən basa bilsin. Çünki, sənətin vəzifəsi budur.

- Nə vaxtsa, internetin, kitabı üstələyəcəyinə necə inanırsınız?

- Ola bilər ki, formaları dəyişsin. Amma bunu dəqiq demək bir az çətindir. Hər halda dünyada bu tendensiya hiss olunur. Kitab ola bilər ki, formasın dəyişsin. Necə ki, əvvəllər yazı dəridə, papirusda, sonra kağızda çap olundu. Ola bilər ki, yüz ildən sonra da hansısa forma dəyişikliyi baş versin. Amma kitab anlayışı qalacaq. Çünki məqsəd kitab deyil, məqsəd kitabın oxunmasıdır.

- Çox gözəl şeirləriniz var. Yəqin oxucular üçün maraqlı olar. O şeirlərin ardı gəlir?..

- Mən heç vaxt məhsuldar olmamışam. Axırıncı kitabım 2006-cı ildə nəşr olunub. O kitabda iyirmi illik bir dövrün məhsulu idi. Bu gün hiss edirəm ki, cəmiyyət hələ şeir istəyində deyil. Beş il on il əvvəl başqa idi, indi başqadır. O vaxtı oxucular daha çox şeir oxuyurdular. Bu gün isə bir nəsr tələbatı var. Ona görə də hesab edirəm ki, şeir kitabı buraxmağın hələ vaxtı deyil.   Ola bilər ki, on il sonra, bəlkə də bir il sonra kitab çıxartdım. Ancaq şeirlər əlbəttə yazıram. Bəziləri yayımlanır, bəzilərini saxlayıram. Ancaq yazıram.

 

 

 Samirə Əşrəf

 

Ədalət.-2013.-12 mart.-S.8.