"KARVAN"
Bu
gün Azərbaycanda ictimai-siyasi vəziyyət öz sabitliyi
ilə diqqəti çəkir. Təbii ki, bu sabitliyin də
qarantı, şəxsən ölkə rəhbəri,
ümummilli liderimizin layiqli varisi cənab İlham Əliyevdir.
Ölkə prezidenti özünün bütün fəaliyyəti
ilə ölkədə elə bir işgüzar mühit
yaradıb ki, həmin mühit də bacarığı,
istedadı, qabiliyyəti olan hər kəsə real vəziyyətdən
yararlanmaq və öz potensialını göstərmək
imkanı veribdi. Yəni Azərbaycan vətəndaşı
indiki sabitlik şəraitində qanunların imkan verdiyi və prezidentin qarant olduğu bir
dövrdə yaradıcılıq meydanı genişlənir,
insanlar kifayət qədər quruculuq, abadlıq işlərinin
həyata keçirilməsi imkanını qazanıblar.
Bu
gün Azərbaycanda öz xeyirxahlığı, ictimai fəallığı,
xüsusilə torpağa, doğulduğu kəndə,
yaşadığı şəhərə,
bütövlükdə aid olduğu məmləkətə
bağlığı ilə seçilən insanlardan biri də
Hacı Ağamirzə Əhmədovdu. Yəqin ki, bu ad
artıq sizə nələrisə
xatırlatdı. İlk öncə yolu Sumqayıta düşənlərə,
Kür qırağına üz tutanlara bu ad daha doğma, daha
tanışdı. Təsadüfi deyil ki, Ucarın Çiyni kəndində
dünyaya gələn Hacı Ağamirzə öz həyatının
bir-birindən rəngarəng, maraqlı və fədakarlıq
tələb edən illərini Sumqayıta bağlamış,
Sumqayıtda özünü təsdiq etmişdi. Adi bir peşə
sahibi olan və sovet dönəminin aparıcı müəssisələrindən
birində çalışan Hacı Ağamirzə həyatının
bütün dönəmlərində iki məqamla həmişə
göz önündə olubdu. Onlardan birincisi sadəliyi, təvazökarlığı,
ikincisi isə insanlara
qayğısı və diqqəti olubdu. Yəni bu adam
gücü, imkanı çatan hər şeyi ətrafındakılara
könül xoşluğu ilə bağışlayıb, əl
tutub, müqabilində isə heç nə ummayıb. İstər
zavoda işlədiyi illərdə, yəni "Boru-prokat"
zavodunda elektrik-mexanik olanda, istər mütəqillik əldə
etdikdən sonra sahibkar kimi fəaliyyətə
başladığı illərdə onun bir məramı olub:
torpaq üçün, xalq üçün,
bütövlükdə insanlar üçün yaxşı nə varsa onların
hamısını etmək lazımdır. Elə bu məramı
da özünün həyat devizinə çevirib.
Bu
günlərdə əlimə bir kitab düşdü. Müəllifi
Qalib Əhmədov olan "Karvan" adlı bu kitab Hacı
Ağamirzə Əhmədovun mənalı ömür yoluna həsr
edilib. Kitabı vərəqlədikcə sadə bir
insanın, amma ürəyi qurub-yaratmaq eşqi ilə dolu bir
insanın necə böyük şövqlə, istəklə
yaşadığı şəhəri, doğulduğu kəndi
abadlaşdırdığını, onu öz həyatının
mənasına çevirdiyini görməmək mümkün
deyil.
Kitab
Ulu öndərin 90 illik yubileyi ilə bağlı olaraq onun əziz
xatirəsinə ithaf olunub. Kitabda Azərbaycan prezidentinin, eləcə
də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili,
Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın sahibkarlıqla, quruculuqla, mədəni
həyatımızla bağlı fikirləri ilə zəngindir.
Kitabın
ən maraqlı məqamlarından biri Hacı Ağamirzənin
özünü məmnuniyyətlə həsr etdiyi quruculuq
işləri ilə bağlıdır. Bu insan dünyaya sanki qurub-yaratmaq, abadlaşdırmaq
üçün gəlib. Onun doğulduğu Ucar
rayonundakı Çiyin kəndi indi az qala böyük şəhərlərlə
müqayisə olunacaq bir görkəmdədi. Kəndin abad
yolları, suyu, qazı, işığı, məktəbi,
şəhidlər kompleksi, eləcə də bayraq meydanı
və digər bir-birindən mənzərəli obyektləri
Hacı Ağamirzənin zəhmətinin və maliyyə dəstəyinin
nümunələridir. Bu kənddə hər kəs
üzünü hansı səmtə tutursa, orda Hacı
Ağamirzənin əməyinin
nişanələrini görür. Maraqlıdır ki,
Hacı Ağamirzə həm də yaşadığı
Sumqayıt şəhərində, eləcə də Corat qəsəbəsində
öz xeyirxah əməllərini heç kimdən məsləhət
və tapşırıq almadan ürək
açıqlığı ilə yerinə yetirir. Onun
stolüstü yaddaş kitabçasında həmişə təzələnən
və davamlı olaraq yerinə yetirilən bir təqvim
xarakterli cədvəl var. Orada göstərilir ki, Ramazan
bayramında, Novruz bayramında, 20 Yanvar, Xocalı faciəsi
günlərində, eləcə də digər möhtəbər
təqvimlərdə mütləq şəhid və
imkansız ailələrə
baş çəkilməli, qapıları döyülüb
bayram sovqatları verilməlidir.
Kitabdan
onu da öyrənirik ki, Hacı Ağamirzə Sumqayıtda bir
neçə məktəb və uşaq
bağçasının təmiri, digər sosial tələbləri
üçün də böyük səxavətlə maliyyə
ayırır. O, həmçinin hərbi hissələrə,
Dövlət Müdafiə Fonduna da diqqət göstərməyi
unutmur.
Qalib
Əhmədovun yazdığı bu kitabda maraqlı paralellər
də aparılıb. Müəllif göstərib ki, Azərbaycanda
böyük ənənəsi olan xeyriyyəçiliyin
Hacı Ağamirzə tərəfindən davam etdirilməsi
heç də təsadüf deyil. Çünki bu xalqın
böyük potensialı var ki, o da milli-mənəvi dəyərlər
üzərində bərqərar olubdu. Məhz bu kitabda istər
XIX, istər XX əsrdə öz xeyriyyəçilik fəaliyyətləri
ilə xalqın sevgisini və qəlblərdə yaşamaq
hüququnu qazanmış insanların barəsində də
maraqlı fikirlər öz əksini tapıb. Kitabı oxuduqca
birmənalı şəkildə aydın olur ki, Hacı
Ağamirzə kin-küdurətdən, qeybətdən uzaq bir
insandı. O, yalnız bir şeyi ətrafındakılara
xüsusi olaraq çatdırır ki, sağ əlin verdiyini
sol əl bilməməlidir. İnsan etdiyi xeyirxahlıqla
qürrələnməməlidir. Bar gətirmiş ağac
kimi o, başını aşağı salıb bu gün
dünənkindən daha çox iş görməli, daha
çox savab qazanmalıdır.
Bəli,
700 səhifəyə yaxın olan bu kitabda Hacı Ağamirzə
Əhmədovun təkcə Azərbaycanda deyil, dünyanın
bütün guşələrində görüb şahidi
olduğu, bir-birindən maraqlı detalları öz
yaddaşına köçürüb onun fəaliyyətinə
tətbiq etməsinin, həmçinin işgüzar
görüşlərinin, müsahibələrinin də diqqəti
çəkən anları ilə
qarşılaşırıq. Birmənalı olaraq aydın
olur ki, 15 fəsildən ibarət olan bu kitab bir xeyriyyəçinin
həyat yolunun bir növ xronologiyasıdır. Burada Hacı
Ağamirzənin valideynləri də, övladları da, nəvələri
də, bütövlükdə bir nəsil oxucu ilə həmsöhbət
olub. Söhbətlərin də məğzi halallıq,
quruculuq, bir də dövlətə, torpağa
bağlılıqdır. Obrazlı desək, bu nəsil
karvanı təkcə Sumqayıtda, Ucarın Çiyinli kəndində
deyil, bütün Azərbaycanda uğurlu bir yol getməkdədir.
O
karvanın sarvanı isə təbii ki, Hacı Ağamirzə
Əhmədovdur.
Ceyhun RÜSTƏMOV
Ədalət.-2013.-13 mart.-S.5.