Qəbələdə beynəlxalq konfrans

 

Dünən Qəbələ şəhərində "Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması" mövzusunda beynəlxalq konfrans başlayıb.

APA-nın məlumatına görə, Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə keçirilən konfransda Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv və təşkilatlarla əməkdaşlıq edən bir sıra dövlətlərin fövqəladə halların idarə olunması üzrə məsul dövlət qurumlarının rəhbərləri iştirak ediblər.

Konfransa Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleibi ilə yanaşı, 54 ölkədən nümayəndə heyətləri qatılıb.

Tədbirdə mülki müdafiə və fövqəladə hallardan müdafiə sahəsində əhalinin hazırlığında qurumlararası koordinasiyanın təşkili və digər məsələlər müzakirə olunub.

Konfransda əvvəlcə Azərbaycan FHN-in fəaliyyətini əks etdirən video rolik nümayiş etdirilib. Daha sonra mülki müdafiə sahəsində əhalinin hazırlığı, fövqəladə halların qarşısının alınması və əhalinin həyat təminatının təşkili sahələri üzrə konfrans iştirakçılarının məlumatları dinlənilib. Azərbaycan FHN tərəfindən təqdimat keçirilib.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib ki, son illər dünyada baş verən təbii fəlakətlərdə yüz minlərlə insan həlak olub, dövlətlərə böyük zərər dəyib: "Son illər artan risklər şəraitində əhalinin həyat təhlükəsizliyini təmin etmək vacib şərtlərdəndir".

Nazir qeyd edib ki, Azərbaycan və Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında əlaqələrin qurulmasından 20 il ötürbu dövrdə tərəflər arasında sıx əməkdaşlıq yaranıb.

"Azərbaycan fövqəladə hallar riskinin yüksək olduğu zonada yerləşir. Burada təbii risklərlə yanaşı, potensial təhlükə yaradan obyektlər də mövcuddur", - deyə nazir vurğulayıb.

Nazir deyib ki, FHN bir çox nüfuzlu beynəlxalq təşkilat və xarici ölkələrin analoji qurumları ilə əməkdaşlıq edir: "Beynəlxalq xilasetmə əməliyyatlarda iştirak etmək üçün ən müasir avadanlıqlarla, təyyarə və helikopterlərlə təchiz olunmuş xüsusi xilasetmə dəstələri yaradılıb. Bu dəstələr bir sıra xarici ölkədə baş vermiş xilasetmə əməliyyatlarında iştirak edib. Hazırda həmin dəstənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq qurumlarla məsləhətləşmələr davam etdirilir".

Konfransda müxtəlif ölkələrin müvafiq qurumlarının əməkdaşları tərəfindən təqdimatlar keçirilib.

Konfransın sonunda Qırğızıstanın fövqəladə hallar naziri Kubatbek Boronov, Qazaxıstanın fövqəladə hallar naziri Vladimir Boşko, Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleibi çıxış ediblər.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleibi isə çıxışında konfransın Azərbaycanda təşkilində roluna görə prezident İlham Əliyev və fövqəladə hallar naziri K. Heydərova minnətdarlığını bildirib.

Baş katib onu da qeyd edib ki, konfransda 155-dən artıq nümayəndə iştirak edirbu konfrans təşkilatın tarixində dönüş nöqtəsi olacaq, üzv dövlətlərin səylərinin birləşdirilməsinə öz töhfəsini verəcək.

Sonda Qəbələ Bəyannaməsi qəbul olunub.

"Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması" mövzusunda Qəbələ şəhərində keçirilən beynəlxalq konfrans başa çatıb.

Qeyd edək ki, konfrans çərçivəsində bu gün Bakı şəhərində FHN-in qüvvə və vasitələrinin cəlb olunması ilə xüsusi taktiki təlim keçiriləcək.

 

 

Ədalət.-2013.-13 mart.-S.5.