GƏLƏCƏYİN
ŞƏFƏQİ
Firudin bəy
Köçərli – 150
Bir institutun görə bilmədiyi
işi Firudun bəy Köçərli təkbaşına
görmüşdür.
Mir Cəlal
Firudun bəy ötən əsrin sonlarında yazmağa başladığı "Azərbaycan ədəbiyyatı tarixi materialları"nı 1908-ci ildə bitirmişdi. Aradan 10 ildən çox bir müddət keçirdi, lakin əsər işıq üzü görməmişdi. Özü demişkən, məcmuənin işi dərin quyuya düşmüşdü. Kim onu oradan çıxardacaqdı, bilmirdi. Əsər toz basa-basa qalırdı. "İnsafsız" naşirlər gah azlığını, gah da tapılmayacağını bəhanə edib, əsəri çap etmirdilər. Onun böyük səylə toplayıb yazdığı kitab haqqında Tiflisdə çıxan "Zaqafqazskoqe obozrenie" qəzeti (1908-ci il, 28 oktyabr ¹ 36) yazırdı: "Məşhur müsəlman ədəbiyyatşünası Firudun bəy Köçərli Azərbaycan tatarlarının ədəbiyyatına dair irihəcmli əsərini yazıb qurtarmışdı...gMüəllif bu kitabın üzərində bir neçə il işləmiş və indiyə kimi heç kimə məlum olmayan çoxlu materiallar toplamışdır. Ancaq buna təəssüf edirik ki, cənab Köçərlinin əlində vəsaiti olmadığı üçün bu çox qiymətli əsərin nəşri bəlkə də uzun müddətə təxirə salınacaqdır".
O, ömrünün ən gözəl günlərini, qəlbinin, ürəyinin bütün hiss və həyəcanını bu əsərə vermişdi. Neçə şəhər, kənd və arxivləri gəzib, toza-torpağa bələnə-bələnə adı ədəbiyyat tarixinə bəlli olmayan el şairlərinin haqqında məlumat toplayıb ikicildlik kamil bir əsər yaratmışdır. İllərlə xalqı üçün çəkdiyi zəhmət, əziyyət heç kimə çatmadan məhv olub gedirdi. Yalnız maddi ehtiyac əsəri çap eləməyə imkan vermirdi. Hər dəfə Salahlının qocaman müəllimi Əhmədağanın sözlərini xatırlayanda, kədər və təəssüf hissiylə gülümsünürdü. Müəllimin maddi gəlirinin az-çoxluğundan söz düşəndə, görkəmli pedaqoq demişdi:
-Müəllim əməyi qatır
quyruğudur, nə uzanır, nə güdəlir. Müəllimin
bir şirin söhbəti, bir çayı bol olar. Kitabı
çap elətdirə bilməmək Firudun bəyin ürəyinin
başından bir nisgil kimi qalmışdı. Firudun bəy kitabının çapı
üçün hara əl atdısa, bir faydası olmadı.
Bu barədə Bakıda müəllim işləyən
cavan şair dostu Abdulla Şaiq də çox təşəbbüs
edirdi. Bütün ümidlərini Bakı naşirlərinə
bağlayan Firudun bəy 1914-cü il
noyabrın 12-də yazırdı:
"Əziz və möhtərəm bəradərin Mirzə
Abdulla!
Allah sizi səlamət və xoşbəxt eyləsin ki,
bəndənizi unutmayasınız. Kağız yazmamaqda
qüsur etmişəmsə də, doğruluqla ərz edirəm
ki, xatirimdən sizi çıxarmamışam. Tarixdə misli görünməmiş olan bu
böyük müharibə tamam fikir və xəyalımı
işğal edibdir, gecələr də rahat yata bilmirəm.
Xahişim var ki, sentyabrın əvvəllərində
bu zavallı əsərlərin çap olunmaq məsələsini
sizin kimi dostların vasitəsilə bir növ düzəldə
idim. Dava araya düşüb. Mane oldu. "Nicat" cəmiyyəti-xeyriyyəsinin
mənim əsərlərimin çap olunması barədə
ishar qıldığı təşəbbüsat və
hüsniyyəti şayani-təqdir və təhsindir. Bu qədər bilsəniz ki, bu əsərin çap
olunmasından mənim niyyətim pul qazanmaq deyil, ancaq ədəbiyyatımıza
cüzi bir xidmət etməkdir. "Nicat"
cəmiyyətinin şərtlərinə mən razı olaram
və ümidvaram ki, mənim zəhmətlərim əvəzində
cəmiyyət məni biçiz və məyus etməsin.
Ancaq bu qədər var ki, kitabları dərc
olunduqdan sonra satmaq mənə müşkül olacaq. Yaxşı olardı ki, bu təklifi "Nicat"
öz öhdəsinə götürərdi. İki min beş yüz cild tələb olunduqdan sonra
"Nicat" rada kitabları satıb, əvvəlcə
öz xərcini götürüb, sonra mənim haqqımı
əda eyləyə bilər. Amma
yaxşısı və insaf ilə tutulası budur ki, kitabın
bir hissəsi tutalım ki, yarısı və ya sülsi
satıldıqdan sonra hasil olan məbləğ iki yerə təksin
olunsun. Bir
hissəsi müsənnifə çatsın və yerdə
qalan hissə çap olunma xərcinə sərf olunsun. Hər halda, bu barədə düzəlişmək
asandır. Təki kitab yaxşı kağıza,
gözəl və aydın hurufat ilə təb olunsun.
"Nicat" cəmiyyəti-xeyriyyəsinin müdirini və
s. üzvlərini yaxşı tanıyırsınız. Yəqin ki, onlar əmin və mötəbər
adamlardır. Türkdə misal var ki: "İlan vuran
ala çatından qorxur". "Nəşr-maarif"
gözümü qorxudubdur. Baqi Allah
amanında olasınız. Badi səbanın, mənim və
Həcərin sizə və həmşirəmiz Rugiyyə
xanıma və bəradərimiz Tağı bəyə
salamımız var. Uşaqların üzündən
öpürük.
Həqiqi dostunuz Firudun Köçərli
Uzun süründürmələrdən sonra mənsəbi
pul, amalı qazanc götürmək olan mətbəə
sahibkarları onun kitabının satılmayacağını,
onlara qazanc gətirməyəcəyindən ehtiyat edərək,
kitabı çap etməkdən imtina etmişdilər.
1915-ci il oktyabrın 22-də Firudun bəy
aldığı bəd xəbəri dostuna bildirirdi.
"Əziz bəradərin Mirzə Abdulla!
...Mənim
əsərimin çapı yenə də təxirə
düşdü. Neçə vaxt bundan müqəddəm
Mehdi bəy Hacıbaba Bəyovdan bir məktub aldım. Yazmışdı ki, bu halda kağız baha qiymətə
satılmağa görə, kitabların çapı davadan
sonraya qaldı. Bu da mənim işlərimin
gətirmədiyindəndir. Nə vaxt dava
qurtaracaq, sülh olunacaq və kağızın qiyməti
ucuzlaşacaqdır? Bunlar düzəldikdən
sonra "Nicat"ın fikri və tədbiri nəyə
mübəddəl olacaq, Allahü-ələm. Zakir
xoş demiş:
Əfsus
ki, islamın işi müşkülə düşdü,
Yox çarə dəxi səbirdən özgə belə
düşdü.
Bari-bəndəni xatirinizdən
çıxarmayasınız və gözəl məktublarınızla
könlünü açasınız.
Müxlisiniz Firudun bəy
Köçərli"
İkinci ir nisgil indi ondan da betər idi. Bu, onu fikirdən-fikrə
salır, rahatlığını əlindən
almışdı. Seminariya ləvazimatı
hələ də Məşədi İbrahimin həyətində
gizli saxlanılırdı. Nə
gürcülər tərəfdən, nə də Qoridən gəlib-gedən,
sorğu-sual edən yox idi. Firudun bəy əvvəlcə
bu il Qazaxda seminariya
açılacağı haqqında Tiflis qəzetlərinin
birində elan vermək istədi, lakin ehtiyat elədi.
Bir az sonra Qafqaz təhsil dairəsinə
yazdığı məktubun cavabı gəldi. Seminariyanın
açılmasına rəsmi icazə verilirdi. Uşaq yığmaq üçün yeganə
ümidi Qori seminariyasınsın keçmiş məzunlarına
gəldi. Kimin harada olduğunu öyrəndi.
Kəndlərə atlı göndərib xəbər
verməkdən başqa çarəsi qalmadı. Salahlı qəriyyəsinin
Əhmədağa Mustafayevə, Şıxlını Əli
Hüseynova, İncə dərəsini Kəmərridə
qız məktəbi açan Əhməd Seyidova, Ağstafa-
Kəsəmən tərəfi Səlim Əfəndiyevə,
Borçalı mahalını Mustafa Məmmədova
tapşırdı.
Dilican nahiyyəsini isə özü götürdü. Hər il
yay aylarını orada istirahət edən, ədəbiyyatımızın
nümunələrindən mühazirələr oxuyan Firudun bəy
oranın əhalisini yaxşı tanıyırdı. Bu nahiyyənin ir neçə kəndində
özünü şəxsi dostları var idi.
Sentyabrın 10-da ilk dəfə bir neçə ailə
gətirib öz uşaqlarını məktbə
yazdırdı. Firudun bəy fikirləşirdi ki, əgər
sentyabrın 20-nə kimi hər gün bu qədər uşaq
qəbula gəlsə, o vaxta qədər ilk zəng
çalınmalıdır.
Qazaxın bir neçə guşəsində elanlar
asıldı.
Sentyabrın 17-də ilk zəng
çalındı. Uzaq dağ kəndlərindən
ayağı kotğu çarıxlı, başı keçə
papaqlı, əyinləri boz çuxalı kəndli
balaları böyük bir ümidlə Məşədi
İbrahimin həyətinə toplaşmışdı. Eyvanın dirəkləri rənglənmiş, divar
isə çöldən yarıya qədər
ağardılmışdı. Tərtəmiz
sulanıb-süpürülmüş həyət
bayramsayağı bəzədilmişdi. Hər
qapının üstünə "hazırlıq sinfi",
"tarix-coğrafiya", "musiqi otağı",
"riyaziyyat sinfi" və başqa sözlər
yazılmışdı. Uşaqların qarşısında təmiz
və səliqəli geyimli müəllimlərdən Əhmədağa
Mustafayev, Əli Hüseynov, Yusif Qasımov, Məhiş
Hüseynov, Süleyman ağa
Qayıbov, Mahmud Yolçiyev, Nacıoğlu, Bəhri Əfəndi,
Məcid bəy Şıxlinski, Mirzə Vəlizadə
dayanmışdı. Aralarında yeganə
qadır Badisəba idi. Təptəzə kostyumda
özünü narahat hiss edən Firudun bəy
gülümsünüb Badisəbaya dedi:
-Mənə
bu təzə paltarı geyindirməsən olmazdı?
Özümü çox pis hiss edirəm. Elə
bilirəm hamı sənə və paltarıma baxır.
Həyəcandan əlim-ayağım əsir.
Belə getsə, mən uşaqlar
qarşısında bir kəlmə də danışa bilməyəcəm.
Deyirəm, Əhmədağaya söz verək
qoy o danışsın. Onun müəllimlik
təcrübəsi də məndən çoxdu, həm də
hamımızın ağsaqqalıdı.
Badisəba səhərdən ərindən
gözünü çəkə bilmirdi. Təzə
kostyum ona doğrudan da gözəl yaraşırdı.
O, otuz il əvvəl ilk dəfə Firudun
bəyi bu rəng kostyumda görüb sevmişdi. Onda Qori
seminariyasında bircə təhsil alan qardaşı
İsmayıl ağa ilə Firudun bəy onlara tətilə gəlmişdi. Şuşa
uzaq olduğundan bəzən yay və qış tətilində
Firudun bəyin evə getmək imanı olmurdu. İsmayıl ağa ilə Salahlıya gəlib
dostugildə qonaq qalardı. Badisəbanın
atası Mustafa ağa şair olmasa da, şairlik, şeirin məftunu
idi. Mirzə Adıgözəlbəyin "Qarabağnaməsi"ni, Vaqifin şeirlərini, demək olar ki, əzbər
bilirdi. Durub-oturub "Qarabağnamə"ni
təriflər, belə əsərlərin misli-bərabəri
olmadığından ağızdolusu söhbət
açardı.
Firudun bəyin
klassik ədəbiyyatdan araşdırmalarını dinlədikcə
Mustafa ağa tez-tez onun söhbətlərinə müdaxilə
edib:
-Yaz,
oğul, bunların hamısını yazmaq lazımdır, -
deyərdi. - Rəhmətlik Sədi deyib ki, elmə
yiyələnən, lakin onu tətbiq etməyən yeri
şumlayan, lakin onu əkməyənə bənzəyir.
Bu gün bizə çatmasa da gələcək
nəslimiz var, qoy onlara hədiyyə olsun.
Xəyalən ilk gənclik illərinə qayıdan Badisəbanın
gözündə indi iyirmi iki yaşlı Firudun bəy təzə
geyimdə necə də şən və gümrah idi. Eynilə
bugünkü kimi. Ağsaqqal qohumları
burda olmasaydı özü onun qalstukunu düzəldər,
çiyinlərinə qonan nazik tozu silərdi.
-Yaxana
yarpaq düşüb, onu götür. Əhmədağaya
da özün desən yaxşıdı, məncə razı
olmaz.
Əhmədağa
qocaldığından bir az ağır
eşidirdi. Firudun bəy yaxınlaşıb üzünü
qulağına tutub xeyli bərkdən:
-Ağa,
deyirəm, uşaqlara "xoş gəlmisiniz"i siz desəniz
yaxşı olardı.
-Yox, yox,
Firudun bəy, nə danışırsan, bu bir namlı-nişanlı gün
olub Azərbaycan tarixində qızılı hərflərlə
yazılacaq. Bu əvəzsiz xidmət sənindi, söz demək
də sənin
borcundur.
Firudun bəyi Qazax camaatı kürəkən kimi yox,
doğma oğlu, həmkəndlisi kimi sevirdi. Ötən əsrin
80-ci illərindən tez-tez gəlib-getməyə bu oba ona
doğulduğunu Şuşası, Qarabağı qədər
əziz idi.
Hələ
1909-cu ildə Şıxlı və Salahlı camaatı Qoriyə
gedib ərizə ilə ona müraciət etmişdilər ki,
dədə-babadan mal-qara otardıqları Qarayazı meşəsini
knyaz Qolitsin özü üçün ov qoruğuna çevirib. Mal-qaramızı
saxlamağa yerimiz, örüşümüz yoxdu. Həmin ilin martında Firudun bəy "Tərəqqi"
qəzetində "Dinmə, ver!" adlı kəskin məqalə
ilə çıxış edib camaatın başına
açılan bu oyunun müqəssiri knyaz Qolitsini ifşa
etmişdi. Xalq Firudun bəyin yuxarı dairədəki
hörmətini, sözünü kəsərini yaxşı
bilirdi. Bu müraciət təsadüfi
deyildi.
Firudun bəy irəli yeriyib şiş papaqlı valideynlərə,
onların pambığı çıxmış
sırıqlılarına ürək ağrısı ilə
baxdı. Qarabağın, Göyçə və
Borçalı mahalının bəyləri, bəyzadələri
isə eyş-işrət məclisinə təşrif
buyurmuşlar kimi yerli ağalarla bərli-bəzəkli
ayrıca dayanmışdılar. Firudun bəy çənəsinə
ağ kəpənək kimi qonmuş nazik
saqqalına ötəri əl gəzdirdi. Bir
anlıq nə danışacağını unutmuş kimi
yenidən qalın qaşları altından hamıya nəzər
saldı. "Sadə, çox sadə dildə
danışmaq lazımdı", - deyə fikirləşdi. -
Qoy dağların qoynundan enib gəlmiş rəiyyət də,
çoban da məktəbin nə olduğunu başa
düşsün. Kəndə qayıdanda
qonşusunun, - nə eşitdin, nə gördün? - sualına ətraflı cavab verə bilsin.
-Hər
millətin özünəməxsus ana dili var ki, onun məxsusi
malıdır. Ana dili milətin mənəvi
diriliyidir, həyatının mayəsi mənziləsindədir.
Ananın südü bədənin mayəsi olduğu kimi,
ananın dili də ruhun qidasıdır, hər kəs öz
anasını və Vətənini sevdiyi kimi, ana dilini də
sevir.
Bu da bir həqiqətdir
ki, uşağın dilini açan anadırsa, ona təkan verən,
millət və xalq üçün gərəkli edən məktəbir...
Əvvəlcə həyəcanla, tələsə-tələsə
danışan Firudun bəyin danışığı get-gedə
nəsihətamiz şəkil aldı. İndiyədək Sədidən,
Hafizdən, məşhur rus pedaqoqu Uşinskidən oxuduğu,
bildiyi müdrik, ağıllı kəlamları yadına
salıb, yaxın-uzaq obalardan enib gəlmiş kəndliləri
heyrətdə qoymaq istədi. Ani olaraq
duruxub fikrini dəyişdi.
-Niyə
uzağa gedirəm, - deyə fikirləşdi. Elə
Üzeyir bəyin maarif haqqında dediyi kəlamlar daha
anlaşıqlıdır. Bizim
seminariyanın keçmiş məzunu Üzeyir bəy
Hacıbəyov yazır ki, o yerdə ki, elm və maarif olmadı,
orda zülm və istibdad hökm-fərman olar. Sizə baxarkən mən Azərbaycan xalqının
günəşli gələcəyini təmin edəcək
xoşbəxtlər nəslini görürəm. Oxuyun,
balalarım, xalqın nicat yollarında ona dayaq durun!
Sonra müəllimlərdən Əli Hüseynov, Yusif
Qasımov və Alay bəy Şıxlinskiyə söz verildi. Məktəbdə
nizam-intizamın, təlim-tərbiyənin vacibliyindən
danışan çıxışçılar qeyd etdilər
ki, mütaliə və əxlaq normalarına hər şagird
vicdanla əməl etsə, seminariyamız nümunəvi olar.
Camaat
içindən uca boylu, sarışın bir kişi
üzünü Firudun bəyə tutub:
-Bəy,
- dedi, - qurbanın olum, bircə məni başa sal
görüm, bu uşaqları ki, siz oxudacaqsınız, bunlar nə yeyəcəklər?
Hərçəndi, biz evdən bir az
pendir, yumurta, çörək götürmüşük. Bu iki-üç günə ancaq çatar. Bir də ki, siz heç oxutmaq pulu da
almırsınız. Bəs onda necə
olacaq? Axı, mən hər gün Əskiparadan bura
çörək gətirə bilməyəcəm?..
Firudun bəy ani olaraq duruxdu. Aram, bir qədər də kədərqarışıq
səslə:
-Rəhmətliyin
nəvəsi, - dedi, - sən deyinən, kaş bizə dəyib-toxunan
olmasın. Yemək-içmək məsələsinə
gələndə isə fikir eləməyə dəyməz.
Boynumuza götürmüşük, demək nəyəsə
arxalanmışıq. Əvvəla onu
deyim ki, Qafqaz təhil komitəsi Popeçitelinin əmrilə
Qoridə Azərbaycan şöbəsinə ayrılan vəsait
öz qüvvəsində qalır. İkincisi
də Müsavat hökumətinə məktublda müraciət
edəcəyik seminariyaya yardım versinlər. Burası
da sizə yaxşı məlumdur ki, dövlətin
ayırdığı bu vəsait ancaq kasıblar
üçündür. Demək, seminariyamıza qəbula gələn
varlı balalarından təhsil haqqı alınacaq.
(ardı gələn
sayımızda)
Şəmistan Nəzirli,
istefada olan polkovnik-leytenant
Ədalət.-2013.-13
mart.-S.6.