GƏLƏCƏYİN ŞƏFƏQİ

 

(əvvəli ötən sayımızda)

 

Xeyirxahlığından fərəhlənən Firudin bəy danışdıqca qürur hissi keçirir, ötəri də olsa qulaq asanların üzündəki inam, etibar nişanələri ona daha böyük bir  cəsarətlə danışmağa imkan verirdi. Əli ilə kvadrat şəkilli hasarı göstərib, - bir seminarist icazəsiz bu hasardan bir addım da kənara atmayacaq. Uşağın yemək-içməyi də, gecə-gündüzü də burda keçəcək. Pedaqoji qaydaya görə pansiyonda təhsil alan uşağa həftədə bircə gün şəhərdə gəzməyə, ya da istərsə, ailəsi ilə görüşməyə icazə verilir. Biz bu vaxtı cümə gününə təyin etmişik.  Sinifdən və dərsdənxaric vaxtı uşaq qubernatorluqdan təvəqqə ilə aldığımız yeri əkib-becərməklə məşğul olacaq. Özümüz ətlik və süd üçün mal-qara da saxlayacağıq. Emalatxanamızda onlara çəkməçilik, dülgərlik peşələrini də öyrədəcəyik.

Sizdən, siz ata-analardan bircə təvəqqəmiz var. Balalarınıza tapşırın ki, söz eşidən, dərs oxuyan olsunlar.  Bizim seminariyada oxuyan uşağın başında dərsdən qeyri-məhəbbət olmamalıdır.

Firudun bəy əvvəlcə aşağı ehtiyat sinfinə qəbul olunanların siyahısını oxudu. Sonra yoxlanışdan yaxşı keçənləri dörd əsas sinfə böldü. Onun özü qabağa düşür, uşaqları təmiz və işıqlı otaqlara aparır, yatağını göstərir, qələm-dəftər verilməsinə nəzarət edirdi. Uşaqların bəzilərini çirkli paltarda olduqları üçün dərhal hamama göndərir, hamısının saçını eyni formada qırxdırmağı tapşırırdı. Xüsusi hazırlanmış məktəb paltarını geyinəndə yoxsul uşaqlarda yoxsulluq   mədəniyyətsizlikdən nişanə belə qalmırdı. Çoxları təəccüblə gah öz üst-başlarına, gah da yoldaşının səliqəli geyiminə baxıb gülümsünürdü.

Firudun bəy müəllimlərlə birgə birinci mərtəbəni sahmana salıb, ikinciyə qalxmaq istəyəndə gözü arıq, zəif bir uşağın əlindən tutub taxta pilləkənin yanında dayanan qarıya sataşdı. Yaşının çox olmasına baxmayaraq, onun qəddi-qaməti əyilməmişdi. Qarı Firudun bəyin onlara zəndlə baxdığını görüb ürəkləndi, irəli yeriyib:

-A Firudun bəy, - dedi, - rüsxət ver, bu uşağı da yoxlasınlar, mənim balam.g

Firudun bəy qızdırmadan rəngi solmuş balacaboy oğlan uşağına ötəri baxdı. Ürəyində qarını məzəmmət elədi ki, uşağı öldürmüsən, bir dəri, bir sümük olandan sonra gətirmisən ki, bu da oxusun. Onun cılız bədənində taqət qalıbmı ki, oxuya. Əlini gicgahında gəzdirib ümid dolu baxışlarla ondan cavab gözləyən qarıya baxa-baxa qalmışdı. Bilmirdi ki, cavab versin, necə yox desin.

-Ay arvad, - dedi, - uşaq ayaq üstə dura bilmir, onu illət basıb öldürür, bu zəif bədənlə necə oxuya bilər?..

Qarı yenidən yalvardı:

-Üzüm ayaqlarının altına, mənə yazığın gəlsin. Anadan yetim qalıb, mənim nəvəmdi, bir də ki, kasıblığın üzü qara olsun, yemək-içmək sarıdan o qədər korluq çəkib ki, bu günə düşüb.g

-Yox, qarı, yox, bundan bir şey çıxmaz, qoy qayıtsın, heç olmasa bir il də ətə-qana dolsun, sonra gətir.g

Əslində Firudun bəy xəstəlikdən qorxub ehtiyat edirdi. Təzə açılan seminariyada uşaq müalicə eləməyə, dava-dərman almağa imkan və vaxt da olmayacaqdı. Fikirləşdi ki, görəsən nə xəstəliyi var, uşağın birinə düşdü, indi gəl dərs əvəzinə müalicə ilə məşğul ol.

Ayağının birini pilləkənə qoydu, ikincisini atmaq istəyəndə səs eşidib geri qıvrıldı. Qarının ətəyindən yapışan uşaq:

-Ah, a Firudun bəy! - Bircə biləydin ki, burda nələr var, - deyib balaca əlini sol döşünün üstündə saxladı.

Firudun bəyin ona diqqətlə baxdığını görüb, yaşına yaraşmayan qürur və vüqar hissiylə: - Sən nə bilirsən ki, bu cılız dediyin ürəkdə nələr var?

Firudun bəyə elə gəldi ki, bu cılız və arıq bədən oxumaq üçün ah-nalə çəkdi, fəryad qopardı. Ayağının biri yerdə, o biri pilləkəndə geriyə dönmüş halda quruyub qalmışdı. Alnına soyuq tər gələn Firudin bəyin qulaqlarında hələ də hüznlü səs vardı. Onsuz da kövrək və zəif olan ürəyinin başı od parçası basılmış kimi közərdi. Onun "xəstə və cılız" sandığı uşaq isə hələ də alıcı tərlan baxışları ilə Firudin bəyin cavabını gözləyirdi. Bu  cəsarətli sözləri bu illət basmış uşaqmı demişdi. Hələ də nə gözlərinə, nə də qulaqlarına inana ilirdi. Ona yaxınlaşan İbrahim əfəndi istədi desin ki, mən yoxlamışam, hafizəli uşaqdı. Amma müdirin ərk fikrə getdiyini görüb dinməyi nəzakətsizlik sandı. Qəmli, qüssəli fikirlərdən ayılan Firudin bəy:

-Qarı, - dedi, - ad, familiyası nədi bu uşağın?

Aşa qarı işin düzələcəyini zənn edib dərhal:

-Nökərinizin adı Səməddi, familyası və Vəkilovdu.

Firudin bəy sağ tərəfə dönüb İbrahim əfəndiyə:

-Məncə biz bir Vəkilov qəbul edik.

-Bunun böyük qardaşıdı. Müftünün Tiflisdə  kasıblar üçün açdığı məktəbi yarımçıq qoyub bizim seminariyaya qəbul olundu.

-Hə, - Firudin bəy duruxdu. - Qarı, gəl razılaş qalsın gələn ilə, iki qardaşı birdən qəbul eləmək düz çıxmaz. Onda başqa ailələr də...g

Uşağa diqqətlə baxıb əlini onun solğun yanağına toxundurdu. Pal-paltarı köhnə və yamaqlı olsa da tər-təmiz yuyulub, çox böyük məharətlə cırıq-sökük yerləri yamanmışdı. Əlini qıvrım-qıvrım olub bir-birinə qarışmış saçlarında gəzdirdi. Saçları aralaıb ötəri dibinə baxdı. Qarı hiss elədi ki, Firudin bəy uşağın təmizliyini yoxlayır.

-Özü iki-üç gündü yuyunub-daranır ki, Qara ilə (Mehdixan) oxumağa mən də gedəcəm.

Firudin bəy qəddini düzəldib üzünü İbrahim əfəndiyə tutdu, yarıkönül:

-Bir yoxla, görək, - dedi.

İbrahim əfəndi:

-Firudin bəy, dünən siz burda yox idiniz, Aşa xala bu uşağı gətirmişdi. Mən yoxladım, çox dərrakəli, hafizəli uşaqdı. Bircə şəriətdən yoxlamamışam. (Seminariyaya qəbul vaxtı Qurandan bir surə əzbər söyləmək tələb olunurdu) - Üzünü uşağa tutub, - Bala, Qurandan bir şey bilirsənmi?

-Bilirəm, - deyə uşaq şəstlə cavab verdi.

-Onda al, "Əmma" surəsini oxu görüm necə oxuyursan?

Uşaq kitabı alıb göstərilən yeri örtdü. Vərəqləyə-vərəqləyə:

-Mən, - dedi, - bunu üç il əvvəl oxuyub əzbərləmişəm. "Hud" - surəsi, bunu əzbər söyləyimmi, yoxsa... İstəyirsiniz alın, - kitabı İbrahim əfəndiyə qaytarıb: - Siz istəyirsiniz səhifəni açın, ayənin, ya da surənin adını deyin, qalanı mənim boynuma, əzbər söylərəm.

Firudin bəy İbrahim əfəndiyə xoş və razı təbəssümlə baxıb:

-Dediyini elə görək, - dedi.

Kimsə on beş-iyirmi metr aralıda dayanan kişilərə tərəf qışqırıb:

-Ay Yusif ağa, - dedi, - yaxın gəl, gör oğlun nə teatro çıxardır.

Firudin ağa qışqıran adama tərs-tərs baxdı. Onun lağla "teatro çıxardır" deməyi Firudin bəyin xoşuna gəlmədi. Həddindən artıq nəzakət və mədəniyyətlə davranan Firudin bəy uşaq yanında belə danışığı hədyan sayır, mədəniyyətsizlik hesab edirdi.

İbrahim əfəndi:

-Al, -dedi, - oğul, "Ali İmran" surəsi.

Səməd kitabı geri alıb, şəhadət barmağını səhifənin arasında saxladı. Əllərini yanına salıb cılız qamətini daha da düzəltdi. Aramla, həm də avazlı bir səslə:

-Allahın izni ilə mən anadangəlmə korları gözlü edər, cüzam xəstəliyinə tutulanları sağaldar və ölənləri dirildərəm.

Firudin bəy heyrət içində idi. Ətrafdakılar təəccüb və maraq hissilə gah Yusif ağaya, gah da Aşa qarıya:

-Maşallah, - deyirdilər, - boyuna bax, buxununa bax, başına bax.g

Uşaq əzbər dediyi surəni bitirdi.

Firudin bəy aşağı əyilib, uşağın başını sığallaya-sığallaya:

-Bu ki od parçası imiş. Oğlum, - dedi, - harda oxumusan, təhsilini harda ikmal etmisən?

-Əhmədağa dayımın məktəbində, Salahlıda.

İbrahim əfəndi:

-Möhtərəm Firudin bəy, bilirsiniz bu kimin nəvəsidi, siz şeirlərini axtardığınız Gühənsal Mehdixanın. Rəhmətlik Gühənsal ilk zövcəsi Nabatxanım vəfat etdikdən sonra Aşa xalaya evlənib. Bu səbəbdən də Yusif ağanın uşaqları Əhməd ağa müəllimə dayı deyirlər.

-Bərəkallah, mənim balam,- Firudin bəy üzünü yanındakılara tutub: - Müdriklər haqlı deyib ki, uşaqlıqda öyrənilən elm daşa yazılmış yazı kimidir. Hafizən sənə kömək oldu, oğlum, bizi isə məğlub etdi.

Aşa qarı sevincindən bilmirdi neyləsin. Kəlağayısının ucunu gözünə tutub ağlamsınaraq:

-Ciyərparamın balasıdı, heyf kig - deyib ağladı. - Özünü toxdadıb, - Bəy, uşaqkən kənddə mollaya vermişdik. Hacı Mustafa  əfəndinin yanında oxuyub qurban oldüğüm Quranı-şərifdən nə bilirsə orda öyrəndiyidi.

Şadlıqdan kövrələn Yusif ağa Səmədə, Aşa qarıya  lap yaxın gəldi, əlini uşağın çiyninə qoyub üzünü Aşa qarıya tutdu:

-Ay ana, - dedi, - şər vaxtı bizi kövrəltdin.

Firudin bəy:

-Eybi yox, - dedi,- Yusif ağa, təki həmişə övladlarımızın sevincindən kövrələk. Əzizim, Yusif ağa, onu da bil ki, bu gündən Səməd balamız həm mənim, həm də sənin oğlun oldu.

Firudin bəyin sevinc içində çırpınan ürəyində gələcəyin maarif, elm şəfəqi şölələnirdi. Beynində bir fikir ona daha çox fərəh və fəxr gətirirdi. Öz-özünə deyirdi: - Deyəsən ixtiyar çağımda Qoridən elədiyim oğurluq burda möhkəm bina tutacaq.

 

***

 

Əmirxan yaxşı bilirdi ki, bu yeni vəzifə onun üçün çox ağır olacaq. oNun ən çox qorxduğu ziyalılar idi. Qoridə, Tiflisdə, Kiyev və Peterburqda təhsil almış onlarca ziyalısı olan Qazaxda işləməyi o, özlüyündə zülm sayırdı. Gündə bir kənddə ixtişaş, üsyan olurdu.  O, əvvəllər qulluqla əlaqədar Qıxlıda olmuşdu. İlk baxışdan çox yoxsul görünən bu kənddə olanda eşitdiyinə təəccüb elədi.

Xanın savadsız zənn etdiyi kəndxuda nəql edirdi ki, 1844-cü ilin sentyabrında min nəfərə yaxın kəndli vergi verməkdən imtina edib, bir nçə ağanı, rus məmrlarını, bəyi kənddən silah gücünə qovmuşdu. Qafqaz canişin üsyanın başçısı mayor Mustafa ağa Arifi Sibirə sürgün eləmişdi. Ömrün qürbətdə başa vuran şair Mustafa ağanın Vətən həsrətli qoşmaları indi də el aşıqlarının dilindən düşmürdü. Bu, Qafqazda çara qarşı demək olar ki, ilk açıq üsyanlardan biri idi.

Elə iki il əvvəl, 1917-ci ildə Şıxlı kənd icmasına daxil olan səkkiz kəndin yoxsulları hərbi məqsədlə at müsadirə etmək üçün gəlmiş şura komissarına və onun polis dəstəsinə silahlı müqavimət göstərmişdilər. İki gün davam edən qanlı döyüşdə hər iki tərəfdən ölən və yaralanan olmşudu. Kəndlilərin inadlı müqavimətinə davam gətirməyən hökumət nümayəndələri  kor-peşman çıxıb getmişdilər.

İndi dildə canla-başla quluq göstərəcəm deyən Əmirxan Xoyski bunları düşünəndə onun üçün çox çətin olacağına heç də şübhə etmirdi. Üstəlik  seminariyanın köçürülüb gətirilməsi onun eç xoşuna gəlmədi. "Bircə çıxış yolum var, -deyə o, fikirləşdi, - ziyalıları  ələ almalıyam, onlarla möhkəm dostluq etməliyəm".

Əmirxan üsyan və ixtişaşları onların köməyi ilə yatıra biləcəyinə çox ümid edir, bel bağlayırdı. Ümid  edirdi ki, Azərbaycanın "qırmızı Petroqradı" deyilən Qazaxda xalqın hörmətini qazanacaq. Bir tərəfdən də Petroqraddan ayaq açıb iri addımlarla Qafqaza yaxınlaşan "fəlaət" üçün bərk narahat idi.

Fətəlixan Xoyskinin əmrilə bəy, xan balalarından ibarət beş yüz nəfərli seçmə qoşun hazırlanırdı. Onlar Kəncəbasar tərəflərdəki üsyanı yatırmaq üçün göndəriləcəkdi. Bu qoşun gələnə qədər Əmirxan Xoyski, birinci növbədə, Səmədağa Ağamalıoğlunu, Müseyib Əliyevi, Məşədi Abbas Poladovu, Həmid Sültanovu və başqalarını aradan götürmək haqda yeni yollar, tələlər fikirləşirdi.

Yuxarı dairədə Qazax qırmızılarından söz düşəndə Əmirxan öyünüb deyərdi ki, Qaçaq Cahangirin boğazına kəndir saldıran, Əmiraslan Süleyman oğlunu (Turetski) aradan götürən mənim tədbirlərim olmadımı?

Əlbəttə, bunları deməkdə az-çox Əmirxanın haqqı vardı. Ona görə ki, Cahangirin dəstəsinə göndərilən cəsusu Əmirxan tapmışdı. Turetskini öldürənə pulu o, öz əlilə vermişdi. Bunlar Əmirxanın Qazax qırmızılarından aldığı ilk intiqam idi. Bu intiqamın birincisi 1916-cı ilin sonlarında, digəri isə 1918-gi ildə alınmışdı.

 

(ardı gələn sayımızda)

 

 

Şəmistan Nəzirli,

istefada olan polkovnik-leytenant

 

Ədalət.-2013.-14 mart.-S.6.