SAĞLIĞINDA QİYMƏT VERİN...

 

Sözü diri olan şair

 

Yol boyu bir misra ürəyimdə dolaşmaqda idi. Elə bil o misranı əzbərləmək istəyirdim... elə bil kimsə o misranı mənə diktə edirdi... və elə bil kimsə o misranın gücünü, hökmünü, gerçəkliyini və bir də səmimiyyətini açıb ortaya qoyurdu. Mən də bütün bunların içərisində "Azərbaycan" nəşriyyatından Fəxri Xiyabana doğru gedirdim. Bu da səbəbsiz deyildi. Bu gün Fəxri Xiyabanda ruhların bir araya gəldiyi, bir şeir şölənin toplaşdığı gün idi. Bu gün baharda doğulan şairlərdən birinin, xalq şairi Cabir Novruzun söz mülkünə qədəm qoyduğu doğum tarixi idi...

Adətən yazı stolumun üstündəki təqvimi hər ayın ilk günündə gözdən keçirirəm. Ona görə də tələbə dostum Müşfiq Cabiroğlu mənə telefon açıb hal-xoş edəndə bir az ərklə onun sözünü kəsib dedim:

- Müşfiq, bilirəm, martın 12-si Cabir müəllimin doğum günüdür, 80 yaşı tamam olur. Harda qeyd edəcəyik?

Sualımın cavabında Müşfiq də bildirdi ki, tədbir bir qədər gecikir. Çünki AYB-nin sədri, xalq yazıçısı Anar müəllim ölkədə olmadığından tapşırıq verib ki, özüm qayıdandan sonra AYB-də Cabir müəllimin 80 illiyini yüksək səviyyədə keçirəcəyik. Amma biz martın 13-də Fəxri Xiyabana toplaşacağıq. Saat 2-də vaxtın olsa, sən də gəl...

Təbii ki, söz adamı, özü də Cabir Novruz kimi sevilən bir şairi ziyarət etmək, onun anım törəninə qatılmaq və dəvətlilər arasında olmaq mənim üçün çox böyük şərəf idi. Mən də bu şərəfli məqamı dəyərləndirməyə çalışdım, Fəxri Xiyabana getdim...

Könül dostum, qələmdaşım Qəşəm İsabəyli ilə Fəxri Xiyabana çatanda artıq burda xeyli insan toplaşmışdı, əksəriyyətini də tanıyırdım. Onların arasında müxtəlif peşə, sənət sahibləri də var idi. İfasını böyük məmnuniyyətlə dinlədiyim xalq artisləri Yalçın Rzazadə, Firuz Əliyev, Ağaxan Abdullayev... xalq yazıçısı Çingiz Abdullayev, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili, yazıçı-publisist Elmira Axundova, Azərbaycanın çox dəyərli ədəbiyyat, elm adamı professor Qəzənfər Paşayev, AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, professor Teymur Kərimli və Cabir Novruzu sevən tanınan, tanınmayan sadə adamlar...

Anım məclisini açan Vüqar Əhməd ilk olaraq xatırlatdı ki, mart bayramlar ayıdı. Amma bu ayın bəxtində həm də böyük şairlərimizin dünyaya gəlişi də özünü yaddaşlara hopdurub. Təsadüfi deyil ki, Azərbaycanın xalq şairləri Səməd Vurğun, Süleyman Rüstəm, Cabir Novruz məhz mart ayında doğulublar. Bu bahar novruz sevinclərimizə qatılan daha böyük sevinclərin bir qismidi. Bugünkü mərasimdədə məhz Cabir Novruzu sevənlər, onunla çiyin-çiyinə işləyənlər, onunla dost olanlar toplaşıblar. Həmin dostlardan biri də xalq yazıçısı, AYB-nin katibi Çingiz Abdullayevdir, sözü ona verirəm. Toplaşanlara üz tutan Çingiz Abdullayev özünəməxsus danışıq tərzi ilə Cabir Novruzu sevənlərin yaddaşını bir balaca təzələdi. Bizə elə gəldi ki, onun dedikləri hardasa birbaşa Cabir müəllimin özünə ünvanlanır. Çünki Çingiz Abdullayev o qədər səmimi danışdı ki, onun söylədiyi hər bir məqam, altını çızdığı hər bir işarə bəlağətdən, təmtəraqdan çox uzaq, amma son dərəcə doğma idi. Çingiz müəllim bildirdi ki, Cabir Novruz sözün böyük mənasında xalq şairi idi. Təsəvvür edin ki, ona xalq şairi adı veriləndə Yazıçılar İttifaqına minlərlə teleqramlar, məktublar, telefon zəngləri gəldi. Hamı Cabir müəllimi təbrik edir, hamı o adın ona verilməsini alqışlayır və onun buna layiq olduğunu ifadə edirdi. İnanın ki, Yazıçılar Birliyində işlədiyim bütün illər ərzində mən bu qədər təbrik, minnətdarlıq məktubu görməmişdim. Bizim bütün xalq yazıçılarımız, şairlərimiz bu ada həqiqətən layiqdilər. Ancaq Cabir müəllimə olan xüsusi sevgi tamam fərqli idi. Digər bir məqam...

 

Bir gün Cabir müəllim mənim kabinetimə gəlib əlindəki açarları stolumun üstünə qoydu. Təəccüblə üzünə baxıb soruşdum:

- Cabir müəllim, bu nə açarlardı?

Cabir müəllim də həmişəki səmimiyyəti ilə dedi:

- Çingiz müəllim, mənə verdiyiniz evin açarlarıdı. Qardaş, mənim də, övladlarımın da evi var. Götürün bu açarları kimin evi yoxdusa, ona verin.

Doğrusu, çaşıb qalmışdım. Ona dedim ki, sizə verilən ev şəhərin mərkəzində, Gömrük Komitəsinin yanında, çox görkəmli bir yerdədi. Bu evi sizə prezidentimiz bağışlayıb. Götürün, yaşamasanız da pulundan istifadə edərsiniz. O isə:

- Mən prezidentimizə də minnətdaram, mənə dəyər verən sizlərə də. Ancaq mən şairəm. Evim də var. Götürün açarı, kimin evi yoxdu, ona verin.

Bəli, Cabir Novruz belə bir şair idi, belə bir insan idi. Mən onun haqqında saatlarla danışa bilərəm. Ancaq burda iştirak edənlərin hamısının ürəyi dolu olduğundan bir sözlə fikrimi tamamlamaq istəyirəm. Cabir müəllim deyirdi ki, "sağlığında qiymət verin insanlara". Amma biz hamımız şahidik ki, o, sağlığında qiymətini alan şairlərdən biri oldu.

Yol boyu ürəyimdə təkrarladığım misranın burada yenidən dilə gətirilməsi mənim Cabir müəllimlə bağlı xatirələrimə işıq saldı. Ancaq söz yazıçı-publisist, millət vəkili Elmira Axundovaya verildiyindən mən Cabir müəllimlə birlikdə işləmiş xanım millət vəkilimizi sayqı diqqətlə dinləməyə başladım. Onun dediklərindən bir daha öyrəndim ki, Cabir müəllim üçün dünyada ən gözəl, ən maraqlı hədiyyə kitab imiş.

Təsəvvür edin ki, - deyə Elmira xanım vurğuladı: "Müxtəlif nəşrlərin abunəsi başlayanda, xüsusilə dünya ədəbiyyatı ilə bağlı abunələr olanda Cabir müəllim uşaq kimi sevinirdi. Özünəməxsus təbəssümlə mənim adımı birinci yazın deyirdi. Bu adam o qədər səbirli idi ki, yanına gələn hər kəsi kimliyindən asılı olmadan axıra qədər dinləyirdi. Amma elə xoş münasibətlə yola salırdı ki, onun yanına böyük iddialarla, hay-küylə gələnlər başını aşağı salıb razı şəkildə çıxıb gedirdilər.

Şair, millət vəkili, ictimai xadim Sabir Rüstəmxanlı Cabir müəllimlə bağlı fikirlərini söyləyərkən öncə hər kəsi bu Novruz günləri münasibəti ilə təbrik etdi bildirdi ki, ilk dəfə Cabir müəllim haqqında, daha doğrusu, onun kitabı barəsində "Bakı" qəzetinə məqalə yazmışdım. Doğrudur, o məqalə vaxtında işıq üzü görmədi, ancaq bir Cabir müəllimin hər təzə kitabını, hər təzə şeirini böyük maraqla oxuyurduq, müzakirə edirdik. Görürdük ki, Cabir müəllimin bütün yaradıcılığı xalqla, torpaqla bağlıdır, xalqın ürəyindən gəlir. Təsəvvür edin ki, 200-dən artıq mahnının sözlərinin müəllifi olan Cabir müəllimin hər bir nəğməsi bu gün öz təravəti, öz orijinallığı, öz gözəlliyi ilə hər birimizin könlünü oxşayır. Bir Cabir müəllim Fəxri Xiyabanda dəfn olunan böyük sənətkarlarımızdan biridir. Ona görə ki, bu xiyabanda onunla yanaşı, Azərbaycanın çox qüdrətli şəxsiyyətləri - xüsusilə Heydər Əliyevlə Əbülfəz Elçibəy uyuyur. Mən Cabir müəllimlə birlikdə parlamentdə təmsil olunmuşam, onunla yanaşı əyləşmişəm. Son dərəcə sadə insan olan Cabir müəllim həm son dərəcə prinsipial idi. O, millətlə bağlı məsələdə heç vaxt güzəştə getmirdi. Bir ki, şair kitabının sayı ilə deyil, sözünün qüdrəti ilə yaşayır. Bir məqamı xatırladım ki, ötən il Gəncədə Nizamini yad edərkən xaricdən gəlmiş bir şair Nizamiyə həsr etdiyi şeirini oxudu. Həmin şeirin mənası belə idi ki, siz, yəni Nizami ev sahibidi, bizlər isə onun qonağı. Əslində bu, çox böyük həqiqətdir. 800 yaşı olan Nizami bu gün yaşayır. Elə Cabir Novruz da bu gün yaşayır, diridi. Biz, onun qonağıyıq. Cabir müəllim sözü diri olan şair idi! Onun doğum günü mübarək!

AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, professor Teymur Kərimli Cabir Novruz haqqında danışarkən öncə onun adının mənasını açıqladı bildirdi ki, Cabir sözünün mənası Allahın dərgahına yaxın məkan deməkdir. Biz bu gün məhz belə bir şairin ad gününə toplaşmışıq. Mən onunla böyük Füzulinin qəbrini ziyarət edəndə keçirdiyi hissləri müşahidə etmişəm. Onda Cabir Novruzun gözlərindən tökülən xoşbəxtliyi yığıb-yığışdırmaq olmurdu. Bu insan son dərəcə sadə son dərəcə sözə, ədəbiyyata bağlı idi. Onun ürəyində kinə, küdurətə yer yox idi. Anım tədbirində hər kəsin yaxından tanıdığı professor Qəzənfər Paşayevə söz verildi. Qəzənfər müəllim özünəməxsus təmkinli çıxışı ilə mənə sanki xatirələri çözən, onu rəsm əsəri kimi sərgiləyən bir yaradıcı təsiri bağışladı. Məhz o təsir altında onun söylədiklərini yaddaşıma köçürdüm:

- Cabir Novruzla ilk dəfə 1958-ci ildə "Bakı" qəzetində görüşdüm. Moskvada təhsilini başa vurub gəlmişdi. Qəzetdə poeziya şöbəsinə rəhbərlik edirdi. Beləcə, başladı tanışlığımız, dostluğumuz. Ondakı təmkin, ondakı daxili enerji məni həmişə özünə çəkirdi. Onunla həmsöhbət olmaq, yoldaşlıq etmək adama könül rahatlığı gətirirdi. Bu gün Cabir Novruz hər birimizə həmin o könül xoşluğunu bir daha bəxş edir. Çünki o, Azərbaycanın ən böyük, ən nəhəng iki qüdrətli şəxsiyyəti ilə bir xiyabanda uyuyur. Onlardan biri Səməd Vurğun, digəri isə Üzeyir Hacıbəyovdur. Burdakılar yəqin ki, bilirlər. Səməd Vurğunun Üzeyir bəyin məzarı başında oxuduğu bir şeir var. O şeirin bir bəndi belədir:

 

Ölüm sevinməsin qoy,

Ömürün vermir bada.

Xalq qədrini canından,

Daha əziz bilənlər,

Sevilərək yaşayıb,

Sevilərək ölənlər!

 

Bəli, Cabir Novruz sağlığında sevilən, ölümündən sonra da sevilə-sevilə yaşayan xalq şairimizdir. Allah ona rəhmət eləsin!

... Sonra xalqa artisti Yalçın Rzazadə digər söz, sənət adamları Cabir Novruzla bağlı ürək sözlərini söylədilər. Cabir müəllimin ad gününə toplaşanlar qarşısında çıxış edən oğlu Müşfiq hər kəsə öz ailələri adında minnətdarlığını bildirdi. Söylədi ki, Cabir Novruz övladı olmaq həm xoşbəxtlikdir, həm məsuliyyətdir. Sağ olun ki, atama, sizin xalqımın şairinə ehtiram göstərdiniz.

Bəli, Fəxri Xiyabana gedərkən ürəyimdən gəlib keçən misraları oradan ayrılanda dostum Qəşəm İsabəyliyə pıçıldadım. Səmimi etiraf edim ki, bir incikliyimi də gizlətmədim. O da Cabir müəllimin doğum gününə gələnlərin daha çox onunla bağlı olan, onun doğulduğu əraziyə aid olan insanların çoxluğu ilə bağlı idi. Mənim gözüm gələnlər arasında Azərbaycan coğrafiyasını göstərə biləcək Qarabağdan, Şəkidən, Şirvandan, Lənkərandan, Şimal bölgəmizdən, Naxçıvandan söz, sənət adamlarının dəvət edilməməsi idi. Qəşəm İsabəyli bildirdi ki, bəlkə anımı təşkil edənlər əziyyət vermək istəməyiblər və yaxud da daha böyük məclisə onları dəvət edəcəklər...

Hər halda, mən burda, yəni Cabir Novruzun doğum günündə Azərbaycan ədəbiyyatını yaradanların, təmsil edənlərin hamısını görmək istərdim.

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.-2013.-14 mart.-S.7.